Modern.az

Ərəbistanın Bakıdakı səfiri: “İrandakı azərbaycanıların hüquqlarından danışsaq, onda..” - MÜSAHİBƏ

Ərəbistanın Bakıdakı səfiri: “İrandakı azərbaycanıların hüquqlarından danışsaq, onda..” - MÜSAHİBƏ

11 Yanvar 2016, 16:42

“Ölkəmdəki şiələrin hüquqları İrandakı şiələrin hüquqlarından çoxdur”

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim ölkəsi ilə İran arasında yaşanan siyasi gərginliklə bağlı Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

-Şiə ruhanisi Nimr ən-Nimrin edamından sonra Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan siyasi-diplomatik gərginlik hələ də davam edir. İran belə bir ərəfədə Həcc ziyarətindən imtina etdiyini açıqladı. Cənab səfir, bu, Səudiyyə Ərəbistanının iqtisadiyyatına təsir edəcəkmi?

-Hər şeydən öncə, hörmətli oxucularımız gərək bu hadisələrin əsasında nələrin durduğunu bilsinlər ki, deyilənlər haqqında geniş anlayışa malik olsunlar. Məsələ ondan başladı ki, Səudiyyə Ərəbistanı Krallığında 47 nəfər barəsində verilən edam hökmünə İran aqressiv bəyanatlarla münasibət bildirdi.

Onlar dedilər ki, bunu kəskin şəkildə pisləyirlər. Gərək hamı bilsin ki, barəsində edam hökmü çıxarılanlar Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Onlar barəsindəki edam qərarı çıxarılmazdan qabaq məhkəmə prosesləri 5 il davam etmişdi. Məsələyə ədalətli və şəffaf surətdə baxılması ilə bağlı proseslər bütün instansiyalardan keçmişdi.

Həmin terrorçuların törətdiyi əməllər nəticəsində Səudiyyə Ərəbistanında bir çox günahsız vətəndaşlar həlak olmuşdu. Rəhmətə gedənlər arasında xarici, yerli vətəndaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşları var idi. Ardınca olan hadisələrdən də xəbəriniz var. Bizim ölkənin Tehrandakı səfirliyinə və Məşhəddəki baş konsulluğumuza basqınlar təşkil edildi.

İran rejimi diplomatik nümayəndəliklərin qorunması ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmir. Səudiyyə Ərəbistanı İranla əlaqələrini ona görə kəsdi ki, bu ölkə mehriban qonşuluq prinsiplərinə, daxili işlərə müdaxilə etməmək prinsiplərinə, həmçinin diplomatik nümayəndəliklərin qorunması ilə bağlı öhdəliklərə əməl etmir.

Sizin sualınıza gəldikdə isə deyə bilərəm ki, bu əlaqələrin qırılması bizə iqtisadi cəhətdən heç bir zərər verməyəcək. Əksinə, İran rejimi bundan əziyyət çəkəcək. Çünki həm bizimlə, həm də başqa dövlətlərlə əlaqələri kəsiləcək. Buna görə də İran rejimi daha çox əziyyət çəkəcək. İranın Həcc və Ümrə ziyarətlərindən imtina etməyi onların daxili işidir. Ancaq bizim Xarici İşlər Nazirliyi açıqladı ki, Səudiyyə Ərəbistanı Allah evinin ziyarətçilərinə həmişə qucaq açmağa hazırdır.

İran təkcə Səudiyyə Ərəbistanının yox, İraq, Suriya, Yəmən, Bəhreyn və s. kimi ölkələrin də daxili işlərinə qarışır.



-İranla ölkənizin əlaqələrinin kəskin şəkildə pisləşdiyi bir zamanda dünya bazarlarında neftin qiyməti bir az da ucuzlaşdı. Bu tendensiyaya görə Səudiyyə Ərəbistanını da qınayırlar. Sizcə, İranla gərginlikdən sonra neftin qiymətinin bir az da enməsinin səbəbkarı kimdir?

-Bunlar hamısı kütləvi informasiya vasitələrində yayılan iddialardır. Səudiyyə Ərəbistanı dünyada neft qiymətlərinin ədalətli olmasının tərəfdarıdır. İndiki qiymətlər dünya bazarında tələb və təklifin nisbətindən irəli gəlir.

Əgər Səudiyyə Ərəbistanı və OPEK üzvlərinin hər hansı biri neftin qiymətini dəyişmək istəsə, bu, gərək birgə qərarla olsun. Onu da nəzərə almaq lazımdır ki, OPEK dünya neft istehsalının 30 faizini təşkil edir. OPEK üzvlərindən başqa böyük neft istehsalçıları da var.

Rusiya, Amerika və s. Qeyd etdiyim kimi, dünya bazarında tələb və təkliflər, əlavə gələn dəyərlər neftin qiymətinin aşağı düşməsinə səbəb olur. Səudiyyə Ərəbistanının neftin qiyməti ilə bağlı siyasəti həmişə açıq-aşkar olub. Neftin qiyməti o dərəcədə ədalətli olmalıdır ki, bu, həm neft ixrac edən, həm də nefti idxal edən ölkələr üçün xeyirli olsun.

Neftin qiyməti 100 dollardan çox olanda da Səudiyyə Ərəbistanı bunu qəbul etmirdi. Deyirdi ki, qiymətlər ədalətli olmalıdır. O vaxtı Ər-Riyad şəhərində Energetika Forumu deyilən bir təşkilat yaradılmışdı. Həmin təşkilatda neft istehsal və neft istehlak edən ölkələrin nümayəndələri var idi. Onlar neftin ədalətli qiyməti ilə bağlı qərarlar qəbul edirdilər.

-Növbəti sualım belə olacaq: Azərbaycan həm Səudiyyə Ərəbistanı, həm də İranla iqtisadi-siyasi əlaqələri malikdir. Ölkənizlə İranın gərginliyi Azərbaycana da təsir edə bilərmi?

-Azərbaycanın İranla əlaqələri bizə aid deyil. Mən öz dövlətim haqqında deyə bilərəm ki, Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızın genişlənməsinə çalışırıq. Ötən ilin dekabr ayında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev böyük bir nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında oldu. O nümayəndə heyəti həm iş adamları, həm də hökumət üzvlərindən ibarət idi. Onlar Səudiyyə Ərəbistanından olan həmkarları ilə müzakirələr apardılar. İnvestisiya, turizm, təhsil sahəsində olan əlaqələrin genişləndirilməsini müzakirə etdilər. Eyni zamanda, Müştərək Komissiyanın da iclası oldu. Qərar qəbul edildi ki, onlar neft-kimya sahəsində birgə layihələr həyata keçirsinlər.

-İranın Azərbaycandakı səfiri Möhsün Pakayin müsahiblərinin birində dedi ki, Səudiyyə Ərəbistanında şiə məzhəbindən olanların hüquqları pozulur, onlara qarşı təzyiqlər olur. Səfirin bu iddiasına cavabınız necə olacaq?

-Onlar həmişə boş iddia irəli sürməkdə mahirdirlər. Özlərini həmişə dünyadakı şiələrin başında gedən hesab edirlər. Biz Səudiyyə Ərəbistanında şiə və sünni vətəndaşları bir-birindən ayırmırıq. Onlar bütün hüquqlardan istifadə edirlər, bütün hüquqlara da malikdirlər. Ölkəmdəki şiələrin hüquqları İrandakı şiələrin hüquqlarından qat-qat artıqdır. İran gərək bu hüquqlardan danışmasın. Çünki biz İranda azlıqların, azərbaycanlıların, Əhvazda yaşayan ərəblərin sadə, mədəni hüquqlarından danışsaq, bu zaman deyə bilərik ki, həmin ölkənin anın bu barədə bir söz deməyə heç bir haqqı yoxdur. İran həmişə məzhəbçiliyə çağırır və bununla da İslam aləmini parçalamağa çalışırlar.

-Vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm!

-Sağ olun!



Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub