Modern.az

“Zəlimxan Yaqub axirət dünyasına gözü-könlü tox getdi” - REPORTAJ

“Zəlimxan Yaqub axirət dünyasına gözü-könlü tox getdi” - REPORTAJ

Reportaj

11 Yanvar 2016, 19:12


Yanvarın 11-də Azərbaycannın görkəmli şairi, saz, söz, aşıq sənətinin tanınmış ustadı Zəlimxan Yaqub son mənzilə - axirət dünyasına yola salındı...

Xalq sevimli şairi, el oğlunu, söz ustadını əbədiyyətə yola salmaq üçün izdiham toplanmışdı. Sanki Zəlimxan Yaqub itkisini heç kim qəbul edə bilmirdi. Amma gerçəklik bu idi ki, Zəlimxan Yaqub uzun illərdir təbiətinə, gözəlliyinə, əzəmətinə şeirlər qoşduğu Azərbaycanla həmişəlik sağollaşırdı…

Böyük şairin dəfninə, son məzilə yola salınmasına onun yaxınları və əzizləri ilə yanaşı Azərbaycanın tanınmış simaları, dövlət və ictimai xadimləri, elm və mədəniyyət işçiləri, sadə vətəndaşlar da qatılmışdı.



Dəfn mərasimində iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov mərhum Zəlimxan Yaqubla bağlı xatirələrini Modern.az saytı ilə bölüşdü: “Xalqımızın böyük şairi Zəlimxan Yaqubun yaradıcılığı çox təmiz, səmimi və saf idi. O eyni zamanda görkəmli ictimai-siyasi xadim idi. Zəlimxan bizimlə birlikdə müstəqil Azərbaycanın parlamentində millət vəkili kimi öz şəxsi töfhəsini verib. Onun parlaq çıxışları, gənclərimizin, cəmiyyətimizin saflaşması , müstəqiliyimizin qorunmasına yönəlik nitqləri, xüsusilə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevə həsr etdiyi poema yaddaşlardan silinməyəcək. Nə etmək olar... Amansız ölüm Zəlimxanı aramızdan apardı.  Ancaq onun parlaq siması xalqımızın qəlbində daim yaşayacaqdır. Onun yazdığı şeirlər həmişə dillər əzbəri olacaq. Allah rəhmət eləsin...”.



Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov isə Zəlimxan Yaqubun şairliklə yanaşı, vaxtıilə deputatı kimi böyük xidmətlər göstərdiyini bildirdi: “Zəlimxan Yaqub Azərbaycan aşıq ədəbiyyatının və poeziyasının böyük simalarından idi. Nə qədər ki, Azərbaycan ədəbiyyatı var Zəlimxan Yaqub da olacaq və yaşayacaq. Eyni zamanda, Zəlimxan Yaqub iki çağırış Azərbaycan Milli Məclisinin deputatı olub. Deputat kimi də həqiqətən onun ibrətamiz fəaliyyəti var idi. Hərtərəfli insan idi. Həm söz, saz ustadı idi, həm də gözəl millət vəkili idi. Allah rəhmət eləsin...”.


Böyük şairin son mənzilə yola salınmasında iştirak edənlərin arasında Zəlimxan Yaqubun yaxın dostu, muğam ustadı, xanəndə Canəli Əkbərov da var idi. Canəli Əkbərov Zəlimxan Yaqubla bağlı xatirələrindən danışarkən göz yaşlarını saxlaya bilmədi:
“Bu gün söz dünyamızın işığı azaldı. Bu itki Azərbaycan şairlik mədəniyyətinə böyük zərbə oldu. Zəlimxan Yaqub... Bu adın tərkibində millətin dil mədəniyyəti, zəkası, ədəb-ərkanı, özünü idarəeətmə forması sığışırdı. Zəlimxan Yaqubla mən çox yaxın olmuşam. Dəfələrlə mənim evimin qonağı olub. Mən onun evinin qonağı olmuşam. Hətta bizim istiqanlılığımız o qədər ucaldı ki, Zəlimxan Yaqub 2000-ci ildə Opera və Balet Teatrında mənim 60 illik yubileyimi idarə elədi. Bütün alimlər, akademiklər oturmuşdular teatrda. Amma mən və o - ikimiz yanbayan əyləşmişdik...
Zəlimxan Yaqub həqiqətən müdrik adam idi. Yadımdadır Səməd Vurğun öləndə mənim hələ 17 yaşım olmamışdı. Amma o ki var ağladım. Zəlimxan Yaqub dəyərli insan idi. Bu gün isə onun üçün ağlayıram.  Əsl ailəyə buraxılası kişi idi. Onun dünyadan köçməsi Azərbaycan ədəbiyyatına bir müsibət yaşatdı. Milləti görürürsünüz... Dünən mən getdim evlərinə. Həyətlərindəki gözəllik matəm içərisinə qərq olmuşdu. İnanın Allaha, heç özümə gələ bilmirəm. Neçə illərdir heyranlıqda gördüyüm həyəti matəm içində gördüm. Millətin göz yaşı Zəlimxan Yaqubun qazancıdır”.



Şair Musa Yaqub da Zəlimxan Yaqub itkisinə kədərlənənlər arasındaydı: “Zəlimxan ədəbiyyatımızın görkəmli nümayəndəsi kimi bizdən cismən ayrıldı, amma ruhən qalır. Ürəyində nə varsa dedi. Axır vaxtlar xeyli əziyyət çəkdi. Biz onunla görüşürdük. Söhbətimiz həmişə şeirdən, sənətdən olub. Heyf ki, biz onu belə tez itirdik. Zəlimxan söz dünyasında, söz aləmində xalqına xidmət etdi və könlü, qəlbi rahat getdi bu dünyadan”.



Şairin oğlu Bəhlul Yaqubov atasının bu dünyadan gözü-kölnü tox getdiyini söylədi: “Allah yerini behişt eləsin. Zəlimxan Yaqub dünyadan gözü- könlü tox getdi. Ona görə ki, xalq tərəfindən sevildi, ömrü boyu da sevdi. Yazdığı əsərlərini də sevə-sevə yaratdı. Bu izdiham, xalq məhəbbəti onun illərdir qazandığı, tökdüyün tərin, əlinin qabarıdır. Bəsirət gözü açıqdır. Baxmayaraq ki, o dünyadadır. O hər şeyi görür. Bu onun əməlinin nəticəsidir”.



İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şəhbaz bildirdi ki, Zəlimxan Yaqubun ölümüylə Allah özünün Türk dünyası payını itirdi: “Allahın Azərbaycan və böyük Türk dünyasına bəxş etdiyi böyük Zəlimxan bu gün son mənzilə yola salındı. Hər bir Türk dünyasında bunu eşidənin ürəyi dağlıdır. Bunu mən eşidən kimi İrandakı Azərbaycan səfiri cənab Cavanşir Axundova müraciət etdim. Dedim ki, Zəlimxan şair dünyasını dəyişdi. Elə bil mənim də aləmim dəyişdi. Dedim sabah mən orada olmalıyam. Cənab səfir mənə dedi ki, “gecəylə sənə viza verəcəm”. O bizim xalqımızın istəkli oğludur. Oradan çıxıb bura gəlincə gördüm ki, Türk dünyası Allah payını itirdi. Bura yığıçan insanların ürəyində Zəlimxanın xüsusi yeri var. İnanın, viza problemi olmasaydı, cənubdan bütün türklər gələcəkdi bura. Bütün cənublu qardaşlarımızın adından ailəsinə, yaxınlarına, Azərbaycan xalqına başsağlığı verirəm”.

Nə etmək olar, əcəl ağına-bozuna baxmadan xalqın sevimli, istəkli insanlarını da vaxtı, zamanı gələndə fani dünyada alıb aparır. Zəlimxan Yaqub I Fəxri Xiyabanda torpağa tapşırıldı. Başın sağ olsun Azərbaycan...












Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı