Modern.az

“Qarabağ həqiqətləri”nin təqdimatı olub

“Qarabağ həqiqətləri”nin təqdimatı olub

Mədəni̇yyət

30 Noyabr 2010, 17:50


Yazıçılar Birliyində Yayım Assosiasiyası “Yeni nəşrlər” kataloq-jurnalının  “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışını oxuculara təqdim edib. Təqdimat mərasimini giriş sözü ilə Assosiasiyanın prezidenti və “Yeni nəşrlər” kataloq-jurnalın baş redaktoru Yaşar Zeynalov “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışın QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşrlərin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində hazırlandığını bildirib. Onun sözlərinə görə kataloq-jurnal Azərbaycan və ingilis dillərində 500 tirajla nəşr olunub və əsasən xarici ölkə səfirlikləri, diplomatik nümayəndəliklər və diaspor təşkilatları arasında paylanılacaq.  

Xüsusi buraxılışda 128 kitab haqqında məlumatlar toplanılıb. Həmin nəşrdə Qarabağ və Qarabağ probleminin tarixi, Xocalı soyqırımı, Laçın və digər rayonlarda baş verən erməni təcavüzü, Azərbaycan Respublikasının dövlət qurumlarının münaqişənin həlli istiqamətindəki fəaliyyəti və erməni təcavüzü haqqında digər faktlara toxunulub.  

Təqdim olunan nəşrlərin ümumi həcmi 32 500 səhifəyə, 100 000 nüsxəyə yaxındır.

Y.Zeynalov bildirib ki, layihə çərçivəsində aparılan monitorinq nəticəsində Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü ilə bağlı 4000-ə yaxın kitab nəşr olunub. “Bundan sonra da fəaliyyətimiz dövründə mütəmadi olaraq bu nəşrlər haqqında informasiyaların oxuculara çatdırılması nəzərdə tutulur”.

Təqdimat mərasimində çıxış edən yazıçı publisist Məhəmməd Nərimanoğlu bu münaqişə ilə bağlı nəşrlərin təbliğatı sahəsində geniş fəaliyyət göstərilməsinə ehtiyac olduğunu bildirib. Həmçinin müəllifin fikrincə, bu sahədə elektron resursların yaradılmasına da böyük ehtiyac var.

Tədbirdə yazıçı jurnalist Rauf Allahverdiyev, Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova, AYB-nin məsləhətçisi Gülxani Pənah, Köçərli adına Respublika Uşaq kitabxanasının nümayəndəsi Zahirə Dadaşova, yazıçı-jurnalist Zərəngiz Dəmirçi, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova, yazıçılardan Sevinc Nuruqızı,  Mərkəz Qacar, Əlisahib Əroğul və digərləri çıxış edib. Çıxışlarda ziyalıların dövlət və qeyri dövlət təşkilatları ilə bu kimi nəşrlərin dünya ictimaiyyətinə çatdırması, gənc nəsillərin bu nəşrlərin təsiri altında vətənpərvərlik ruhunda tərbiyə edilməsi və s. məsələlərə toxunulub.    

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!