Modern.az

“İstiqlalçı deputatlar” dövləti təhlükəyə qarşı sinələrini qabağa verə bilərmi? - “Artıq yorulmuşam”

“İstiqlalçı deputatlar” dövləti təhlükəyə qarşı sinələrini qabağa verə bilərmi? - “Artıq yorulmuşam”

18 Yanvar 2016, 17:09

Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rol oynamış, bəzi məsələlərə zaman-zaman öz töhfəsini vermiş insanlar çoxdur. Onların bir qismi Azərbaycan siyasi tarixinə “istiqlalçı deputatlar” adı ilə də daxil olub. Vaxtilə Azərbaycanın müstəqillik əldə etməsi naminə iradə nümayiş etdirən “istiqlalçılar” dövlətçiliyə yeni təhlükə yaranarsa, bunu  dəf etmək  üçün sinələri qabağa verməyə gedərlərmi?

Modern.az saytı mövzu ilə bağlı “istiqlalçı deputatlar”a müraciət edib.

Milli Məclis üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, dövlət və dövlətçilik üçün hər hansısa təhlükə olarsa, hər zaman sinəsini önə verməyə hazırdır:

“Dövlətimiz üçün təhlükə yaranarsa, yenə də sinəmi önə verməyə hazıram. Bu gün mənim 60 yaşım var. Bu yaşda da vətənim üçün şəhidliyə belə, gedərəm. Biz bu dövləti qurmuşuq, istiqlalçıyıq. O zaman 360 deputatdan cəmi 43 nəfər canımızı qoyduq, əlləşib-vuruşduq, dövlət qurduq. Bizim dövlətin bir daşına başqa dövlətlər qurban olsun.  Ölərik, amma vətənimizin təhlükəsizliyinə görə ayaqda qalmağa çalışarıq. Xaricdən də, daxildən də  müəyyən qüvvələr var ki, suyu bulandırırlar. İstəyirlər ki, buranı da Suriyanın, İraqın, Liviyanın halına salsınlar, küçələrdə bombalar partlasın. Biz qətiyyətlə bu fitnəkarlığın qarşısındayıq, canımızı verməyə hazırıq. Milli Məclisin deputatı və millətin seçdiyi vəkil kimi nə lazımdısa, ona hazıram. Azərbaycanın suverenliyi, dövlət müstəqilliyi mübahisə predmeti ola bilməz. Fövqəladə və hərbi vəziyyət elan edilərsə,hər cür xidmətə hazıram. Biz xalqımızın arxasında, ortasında yox, önündə olmalıyıq”.

Tahir Kərimli bu gün müxalifətçil arasında haqq-ədaləti deyənlərin olduğunu, lakin haqqın hər şeyi həll edə bilmədiyini söyləyib :

“Təbii ki, müxalifətə haqqı-ədaləti deyənlər az deyil. Amma insanlar başa düşmür ki, həqiqəti söyləmək hər şeyi həll etmir. Həqiqəti dünyanı idarə edənlər qəbul etmir. İnsanların haqq sözlərindən, narazılığından istifadə edib dünyanı qarışdırırlar, xaosa sürükləyirlər. Nəticə də ağır olur. Biz də təkliflər vermək, canını qoymaq, dövlətimizi sarsıdan prosesləri zəiflətmək üçün hazırıq”.

T.Kərimli nə iqtidarda, nə də müxalifətdə prezident İlham Əliyevi əvəz edəcək liderin olmadığını düşünür:

“Bunu mən iraq olsun, yaltaqlanmaq üçün demirəm . Başa düşmək lazımdır ki, bu gün prezident İlham Əliyevin alternativi yoxdur. Elə bir qüvvə, elə partiya və elə bir kəs yoxdur ki, Azərbaycanda sabitliyi təmin eləsin. Demokratiya arzusunda olan çoxdur. Amma elə içi mən qarışıq imkan verilsə, bu dövləti xarabaya çevirərlər. Bu insan tarixi şərait nəticəsində müəyyən ciddi diplomatik əlaqələr qazanıb. Ölkədə də situasiyaya nəzarət edə bilən yeganə adamdır. Belə ikinci bir adam nə iqtidarda, nə də müxalifətdə var. Bunu anlamaq lazımdır. Həqiqət belədir. Ona görə də acıqla yox, səbirlə iş görmək lazımdır”.

Sabir “MTN-çi”, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər  dövlətçiliyə yaranan təhlükələrə dair dəfələrlə hökumətə təkliflər verdiyini deyib:

“Mən artıq bu barədə təkliflər verməkdən yorulmuşam. Uzun müddətdir ki, Azərbaycan hökumətinə öz təkliflərimi verməkdə davam edirəm. Milli təhlükəsizlik sahəsində, iqtisadi sahədə təkliflər təqdim etmişəm. Eyni zamanda Azad Demokratlar Partiyası ötən il ərzində 5 istiqamətdə təkliflər paketi qəbul edib və cəmiyyətə verib. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətində heç bir partiya və partiya sədri bu qədər təkliflər verməyib. Əsas məsələ odur ki, bu təkliflər nə dərəcədə nəzərə alınır. Yeganə nəzərə alınan təkliflərimiz milli təhlükəsizliklə bağlıdır”.

Sülhəddin Əkbər dövlətçiliyə hər hansı təhlükə yaranarsa, istənilən zaman buna qarşı mübarizə aparmağa hazır olduğunu bəyan edib:

“Təbii ki, ölkəmizdə dövlətçilik hər hansı bir təhlükə, təhdid altında qalarsa, hər bir Azərbaycan vətəndaşı kimi, bizim də borcumuzdur ki, sinəmizi qabağa verək və problemlərin həllində yaxından iştirak edək. İkincisi, biz siyasətlə məşğul oluruqsa, bu, bizim siyasətçi kimi də  borcumuzdur. Digər tərəfdən, Azərbaycanın müstəqilliyində iştirak etmiş “istiqlalçı deputat”, keçmiş millət vəkili olaraq dövlətin milli maraqları üçün mübarizə aparmışıq və bundan sonra da aparacağıq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri,  sabiq deputat Sabir Rüstəmxanlı əgər dövlətçiliyə təhlükə yaranarsa, hər zaman xalqın yanında olacağını və mübarizə aparacağını deyib:

“Biz vətəndaşıqsa, vətənimizin, dövlətimizin dar günündə də, xoş günündə də qolumuzu çırmayıb işə girişməliyik. Axı biz sinəmizi geri çəkə bilmərik... Deputat və ya nazir oldun, olmadın, bu vətən bizimdir. Yaxşı günündə də, pis günündə də onun yanında olmalıyıq. Heç bir kəs arzu etməz ki, ölkəmizdə xaos, qarışıqlıq olsun. 1990-cı illərdəki proseslər təbii ki, başqa istiqamətdə idi. O zaman biz sovetlərdən qopmaq üçün mübarizə aparırdıq. Onun ayrı pafosu, ayrı məntiqi var idi. İndi isə bizim müstəqil dövlətimiz var. İndiki halda isə ölkənin xaosa sürüklənməsinə yol vermədən, xalqın gələcəyini təhlükə altına atmadan xoşbəxt gələcək naminə, daha normal və ədalətli sistem qurulması üçün əlimizdən gələni etməliyik. Mən buna hər zaman çalışmışam. Biz Vətəndaş Həmrəyliyi Partiyası olaraq vətəndaşların birliyinə, həmrəyliyinə xidmət edirik”.

Ağa  AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı