Modern.az

Müsavatdakı istefaların əsl səbəbi açıqlandı

Müsavatdakı istefaların əsl səbəbi açıqlandı

Ölkə

30 Noyabr 2010, 20:18

Müsavatın AXCP ilə birləşməyə “yox” deməsi partiya funksionerlərinin istefası ilə nəticələnib


Müsavat Partiyası sıralarını tərk edən Sülhəddin Əkbər və İbrahim İbrahimli birgə bəyanatla çıxış ediblər. “Turan”ın məlumatına görə, bəyanatda deyilir ki, ölkədə keçirilən son parlament seçkisi, müxalifətsiz parlamentin formalaşdırılması Azərbaycanda demokratiya oyununun başa çatdığını göstərməklə bərabər sərt avtoritar rejimin formalaşdırılması prosesinin də əsasən başa çatdığını göstərir: “Bu seçkilər xalqın demokratiyaya, hakimiyyətin dinc, demokratik yolla dəyişilməsinin mümkünlüyünə, eyni zamanda demokratik dəyərlərin daşıyıcıları olan siyasi qüvvələrə inamını sarsıdan ciddi zərbə oldu. Hətta "inadkar optimistlər" belə bu hakim qüvvənin ölkəmizdə tədricən də olsa siyasi islahatlar aparacağına, müxalifətlə dialoqa girib milli məsələlərin həlli yollarını birgə arayacağına şübhə ilə yanaşmağa başlayıblar.

Deyəsən, beynəlxalq birlik və təşkilatlar da, nəhayət ki, bu hakimiyyətin demokratik islahatlar aparmaq fikrində belə olmadığını dərk edir və Azərbaycanın demokratiya istiqamətində irəliyə deyil, geriyə getdiyini dilə gətirirlər”.

Daha sonra bəyanatda qeyd olunub ki, ərazisinin böyük bir hissəsi işğal altında olan, milyonlarla əhalisi işsizlik və yoxsulluq ucbatından vətənini tərk edən, rüşvət və korrupsiyanın, inhisarçılıq və zorakılığın dözülməz hala gəldiyi, soydaşlarımızın yoxsulluq və imkansızlıq altında əzildiyi, nəhayət, mənəvi deqradasiyanın ürküdücü səviyyəyə çatdığı ölkəmizdə demokratik qüvvələrin birliyi siyasi imperativə çevrilməkdədir.

"Artıq hər kəs anlayır ki, potensialı tükənməkdə olan demokratik qüvvələr bir araya gəlməli, ölkədə yaranmış siyasi böhrandan birgə çıxış yolları tapmalı və bu istiqamətdə bütün səyləri birləşdirməlidirlər.

Biz ölkəmizdə yaranmış böhranlı vəziyyətdən çıxış yolunu azadlıq uğrunda xalq hərəkatının yaranmasında, zorakı avtoritar rejimə qarşı xalq müqavimətinin təşkilində görür və bu baxışlarımızı hər fürsətdə cəmiyyətimizə çatdırmağa çalışırıq. Mövcud şərtlərdə xalq hərəkatını yarada və onun hərəkətverici qüvvəsi rolunu oynaya biləcək siyasi qüvvə kimi isə ölkəmizin aparıcı demokratik siyasi partiyaları olan Müsavat və AXCP-nin birliyindən - vahid bir partiyada birləşməsindən yarana biləcək böyük partiyanı görürük. İnanırıq ki, bu birləşmədən yaranacaq partiya ölkəmizin demokratikləşməsini və bu rejimdən qurtulmasını istəyən bütün qüvvələrin - siyasi partiyaların, ictimai təşkilatların, media mənsublarının, ziyalı və intellektualların, ən başlıcası isə mübariz gənclərin cazibə mərkəzinə çevriləcək. Və beləliklə, yeni xalq hərəkatı üçün siyasi-ictimai zəmin hazırlanacaq.

Müsavat Partiyası başqanının bu istiqamətdəki məlum çağırışları və AXCP-nin ölkədə yaranmış vəziyyətə adekvat qiymət verərək bu çağırışa müsbət reaksiya verməsi, partiya qurultayının heç bir ön şərt irəli sürmədən Müsavatla birləşmə haqqında qərar verməsi çoxları kimi bizi də sevindirdi. Düşünürdük ki, son seçkilərin ağır nəticələri tərəfləri vaxt itirmədən müzakirələrə başlamağa, birlik istiqamətində konkret addımlar atmağa sövq edəcək və cəmiyyətin gözləntiləri adekvat qarşılanacaq. Azərbaycan xalqı, nəhayət ki, demokratik qüvvələrin bir ad və tək bayraq altında birləşməsini görəcək.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu sevincimiz çox çəkmədi. Müsavat Partiyasında gedən rəsmi və qeyri-rəsmi müzakirələr, nəhayət, partiya Divanının son iclasında aparılan müzakirələr və qəbul olunan qərarlar bizimlə partiya rəhbərliyi arasında Azərbaycanın, demokratik qüvvələrin və Müsavat Partiyasının siyasi inkişaf perspektivi ilə bağlı dərin, strateji fikir ayrılığının olduğunu ortaya çıxardı. Bu, artıq taktiki deyil, qeyd etdiyimiz kimi, strateji xarakterli fikir ayrılığıdır.

Biz qeyd olunan ümumi maraqların inkişaf perspektivi baxımından ağır, düzəldilməsi mümkün olmayan nəticələri olacaq bu yanlış qərarın, AXCP ilə vahid bir təşkilatda birləşməyə faktiki olaraq rədd cavabı verilməsinin məsuliyyətini şəxsi maraqları əsas götürən və siyasi qısqanclıqla hərəkət edənlərlə bölüşmək niyyətində deyilik. Bura sözün, eyni zamanda birgə yolun bitdiyi yerdir. Bu səbəbdən biz, nə qədər ağır və acı olsa da, Müsavat Partiyası üzvlüyündən istefa verdiyimizi bəyan edirik.

Biz seçdiyimiz yolun doğruluğuna əminik. Azərbaycanda azadlıq və demokratiya uğrunda xalq hərəkatının, gec və çətin olsa da, yaranacağına inanırıq və bu inamla da öz yolumuza bu yola inananlarla birgə davam edəcəyik. Biz günün birində bu rejimin devriləcəyinə və bizim ölkəmizdə də azadlığın qalib gələcəyinə inanırıq. Və bu günün tezləşməsi üçün də hər gün sizinlə - bu günün çox da uzaq olmayan perspektivdə gələcəyinə inananlarla birgə çalışmaqda davam edəcəyik”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir