Modern.az

Spiker: "Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”

Spiker: "Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”

Parlament

19 Yanvar 2016, 13:19


“Camaat sual edir ki, kreditlər niyə manatla - öz milli valyutamızla deyil, dollarla verilir? Bu, qəbuledilməzdir, birbaşa Konstitusiya pozuntusudur”.

Modern.az saytı xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz:

“Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.

Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir:

“Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.

Deputat Zahid Oruc isə bildirib ki, manat sadəcə milli valyuta simvolu deyil. Manatla bağlı tədbirlər bötüvlükdə ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir.

“Dövlət qurumlarının rəhbərləri telefonla danışmalarını fəal şəkildə ekrana çıxarmalıdır. Rusiyanın siyasi xadimləri daim ekrandadırlar. Manat sabit olanda mental olaraq sabit oluruq. İqtisadi qanunlara görə manat üzməlidir. Kəskin devalvasiya ciddi problemlər yaradır. Amma hökumətin üzvləri fəal şəkildə cəmiyyətə çıxmalıdır. Ulu öndər ekran təbliğatını mühüm alətə çevirmişdi, yeni dövlət stukturları formalaşdırdı”.

Zahid Oruc qeyd edib ki, ölkədə bir çox sahələrin özəlləşdirməsi vacibdir.

“Bağçaları, xəstəxanaları, məktəbləri dövlət tikməməlidir və bu həmin sahələrdə rəqabətin artmasına da şərait yaranmalıdır. Bu gün polis, hərbi sistemdə, xəstəxanalarda yeməklər verilir. Bu yeməklər bizim kəndçilərdən alınsın. Daha Meksikadan ət gətirmək lazım deyil”.

Zahid Oruc Energetika Nazirliyinin ləğvinə çağırıb: “Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var. Bu siyahını uzada da bilərik”. 

Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına "sənin gələcək yerin görünür" replikası ilə cavab verib.  

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır