Modern.az

Eldar İbrahimov: “Nazirlikləri azaltmağın vaxtıdır” - MÜSAHİBƏ

Eldar İbrahimov: “Nazirlikləri azaltmağın vaxtıdır” - MÜSAHİBƏ

Parlament

19 Yanvar 2016, 15:56

Modern.az saytı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla müsahibəni təqdim edir.

- Eldar müəllim, necə hesab edirsiniz, ölkəmiz yaranmış iqtisadi böhrandan az itkilərlə çıxa biləcəkmi?

- Mən əslində bunu böhran adlandırmazdım. Çünki, böhran o vaxt olardı ki, iqtisadi tənəzzül baş versin. Bizdə isə nəinki iqtisadi tənəzzül baş verməyib, hətta 3 faizlik artım əldə olunub. Bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir. Sadəcə, hazırda bizdə neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıbr. Hesab edirəm ki, dövlətimizin  başçısı, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının yaranmış vəziyyətə çox böyük həssaslıqla yanaşması və verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq, doğma Azərbaycanımız yenə də dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öz yerini daha da möhkəmləndirəcək.

- Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı  keçirilən müşavirədə dövlət başçısı ölkəmizdə görülməli olan işlərin anonsunu verdi. Bu barədə nə deyə bilərsiniz?

- Cənab Prezident bu məsələ ilə əlaqədar müvafiq qurumların rəhbərləri ilə bir neçə müşavirə keçirib və bütün məsələlər hərtərəfli müzakirə olunub. Mən son müşavirədə toxunulan bəzi məsələlər barədə fikrimi bildirmək istərdim. Əvvəla onu qeyd etmək istəyirəm ki, hörmətli Prezidentimiz  ilk konkret tədbir kimi pensiyaların və əmək haqlarının artırılması haqqında sərəncamlar imzaladı. İdxal olunan taxılın əlavə dəyər vergisindən azad olunması isə bu sahədə çalışan sahibkarların unun və çörəyin qiymətini artırmaq istəklərinin qarşısını inzibati yollarla deyil, dövlətin iqtisadi tənzimləmə yolu ilə almasını təmin etdi. Təkcə bu iki fakt ölkə əhalisinin dövlətə və onun rəhbərinə olan rəğbətini və inamını bir daha möhkəmləndirdi. Müşavirədə cənab Prezident ilk növbədə islahatların dərinləşməsini mühüm vəzifə kimi qarşıya qoydu. Bu tamamilə doğru addımdır və hazırda respublikamızda bütün sahələrdə buna ehtiyac var. Xüsusilə dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, onların bir-birini təkrar etməməsi və daha çevik, səmərəli fəaliyyət göstərən qurumların foprmalaşması prosesi getməlidir.   Əlbəttə, müstəqilliyimizin ilk dövrlərində yaradılan, öz funksiyasını başa vuran, səmərəli fəaliyyəti hiss olunmayan qurumlar ya ləğv olunmalı və ya başqaları ilə birləşdirilməlidir. Çoxları qeyd edir ki, bizdə nazirlik və komitələrin, dövlət agentliklərinin və digər qurumların sayı başqa ölkələrə nisbətən çoxdur. Bu həqiqətən də belədir və  onların sayını azaltmağın vaxtıdır. Dövlət Satınalmalar Agentliyinin ləğv edilməsi, Bayraq Meydanının Bakı Bulvar idarəsi ilə birləşdirilməsi  bu istqamətdə işlərin  artıq başladığını göstərir. Ümid edirik ki, verilən tapşırığa əsasən, yaxın vaxtlarda bu proses daha da sürətlənəcək və ölkəmizdə yeni idarəetmə strukturu formalaşacaq. Nəzərə alsaq ki, indi rayon, şəhər İcra hakimiyyətləri iqtisadi-təsərrüfat məsələləri ilə bir o qədər məşğul olmurlar,  onların da birləşdirilməsi büdcə vəsaitlərinə xeyli qənaət etməklə yanaşı yeni, daha səmərəli idarəetmə formasının yaranmasına  imkan verərdi.

Cənab İlham Əliyev biznes mühitini yaxşılaşdırmaq  və iqtisadi canlanmanı sürətləndirmək üçün geniş özəlləşdirmə proqramını həyata keçirməyi, ölkəyə xarici valyuta axınını sürətləndirmək və milli valyutaya inamı bərpa etmək məqsədilə yerli və xarici investorlar üçün əlverişli şərait yaratmaq tapşırığı verib. Bu istiqamətlər üzrə də artıq konkret işlər görülür və bu gün Milli Məclisin müzakirəsinə təqdim olunmuş bəzi qanun layihələri bu məsələlərin həllinə yönəlib.

Müşavirədə hörmətli Prezidentimiz ərzaq təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qeyd etdi ki, “yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək. Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun”.
Hesab edirik ki, bu məsələlər dərindən təhlil edilməli, bitkiçilik və heyvandarlıq məhsullarının, habelə ərzaq mallarının istehsalında  xarici komponentlərin (bitki toxumları, mineral gübrələr, xammal, inqridiyentlər və s.) payı müəyyən olunmalı, onların yerli istehsal hesabına təmin olunması üşün əhatəli işlər görülməlidir.

- Eldar müəllim, Milli Məclisin bu gün keçirilən iclasında yaranmış vəziyyətin aradan qaldırılmasına imkan verən hansı məsələlər müzakirə olundu.

- İlk növbədə onu qeyd edim ki, bu gün müzakirə etdiyimiz bütün məsələlər hörmətli Prezidentimizin hökumət üzvləri ilə keçirdiyi görüşlərdə verdiyi tapşırıqların icrasına yönəlmişdi. Belə ki, bu qanunlar ölkəmizə xarici valyuta axınını sürətləndirmək, milli valyutanı möhkəmləndirmək üçün investorlara əlverişli şərait yaratmağa yönəlmişdi. “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişiklik ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan  sahələrdə fəaliyyət göstərən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan  sənaye, yaxud texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə idxal olunan  texnika, texnoloji avadanlıqlar və qurğulara görə investorlar gömrük rüsumundan azad olunurlar.

”Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən investisiya fəaliyyəti həyata keçirən şəxslər texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə, eyni zamanda əmlak vergisi və mülkiyyətində və istifadəsində olan torpağa görə torpaq vergisini ödəməkdən 7 il müddətinə azad olunurlar. İnvestisiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər həm də əldə etdikləri mənfəətin 50 %-ni 7 il ödəməkdən azad olunurlar.   
           
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!