Modern.az

Eldar Quliyev nardaranlıların məsələsini Aydın Əliyevdən xahiş etdi

Eldar Quliyev nardaranlıların məsələsini Aydın Əliyevdən xahiş etdi

21 Yanvar 2016, 13:31

“Nardaran qəsəbəsində qaz, işıq, su ilə bağlı hər hansı problem yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Sabunçu rayonundan deputat Eldar Quliyev deyib. O qeyd edib ki, Prezidentin tapşırığı əsasında ötən bazar günü Sabunçudakı Polis bölməsinin akt zalında daxişi işlər naziri, icra başçısı, şəhər polis idarəsi rəisinin iştirakı ilə Nardaran ictimaiyyətinin görüşü keçirilib.

“Görüşdə keçmiş hadisələr müzakirə olundu. Cinayətkarlarırın Nardaran camaatının arasına girməyi, yerli sakinlərin də bəzilərinin onlara dəstək verməyi təəssüflə qeyd edildi. Bu hadisələrə görə 50-ə yaxın insan tutuldu. Onların bəziləri tədricən buraxılır. Son olaraq ağsaqqal Natiq Kərimovun həbsi ev dustaqlığı ilə əvəz edildi”.

E.Quliyevqəsəbədə böyük işlərin aparıldığını vurğulayıb:.

“Nardaranda Polis bölməsi açıldı və indi fəaliyyət göstərir. Bəzi məsələlərin həlli üçün camaat Polis bölməsinə müraciət edir. Küçələrdə genişlənmə, abadalaşma həyata keçirilir. Köhnə dükanlar sökülür. Yeni marketlərin tikilməsi planlaşdırılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla bizdən 5 gün qabaq sakinlərlə görüşüb. Hazırda qəsəbədəki məscidlər, Nardaran piri bağlıdır. Qanuna uyğun olaraq tapşırılıb ki, məscidlərin 51 nəfərlik dini icması yaradılsın, onlar dövlətə müraciət etsin  və buna müvafiq olaraq həmin yerlər açılsın, ibadətlərə davam edilsin”.

Deputat Nardaranda təhsillə bağlı işlərin də aparıldığını vurğulayıb. Onun sözlərinə görə, burada texniki peşə məktəbinin açılması istiqamətində işlər gedir. E.Quliyev deyirb ki, Nardarandakı iki məktəbin direktoru dərsə davamiyyətin əvvəlkindən yaxşı olduğunu bildiriblər.

“Tarixi binaların təmiri də həyata keçirilir. Qəsəbədə Fövqəladə Hallar Nazirliyinin, “Azəriqaz”, “Azərişiq” ASC-lərin nümayəndəsi olacaq. Sonuncu görüşümüzdə sakinlər bildirdilər ki, kənd təsərrüfatı məhsulları Azərbaycandan çıxarılarkən Rusiya gömrüyündə onlara maneələr qoyulur. Birinci gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdüm və problemi onun diqqətinə çatdırdım. Soruşdum ki, Rusiya tərəfi ilə malların maneəsiz keçirilməsi üçün danışıqlar aparıla bilərmi? O da dedi ki, çalışarlar bu məsələ həll olunsun. Çox təəssüf ki, indi də bəzən evlərdən silah tapılır. Daxili işlər naziri Ramil Usubovun xahişi oldu ki, insanlar evlərindəki silahı gətirib könüllü təhvil versinlər və buna görə onları heç kim incitməyəcək”.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi