Modern.az

İlham Əliyev Astananın “astarını” çevirdi: “Ermənilər uşaq qatilləridir”

İlham Əliyev Astananın “astarını” çevirdi: “Ermənilər uşaq qatilləridir”

1 Dekabr 2010, 17:13

Azərbaycan prezidenti: “Ermənistan status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir” 


“Ermənistanla Azərbaycan arasında hərbi münaqişə yenə də beynəlxalq və regional təhlükəsizlik üçün böyük təhlükə törətməkdədir. Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər 7 rayonunu da işğal altında saxlamaqda davam edir”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib.(APA)

Dövlət başçısı Ermənistanın Xocalıda hərbi cinayətlər və soyqırımı həyata keçirdiyini xatırladıb: “Ermənistan şəhərlərimizi və kəndlərimizi, evlərimizi, müqəddəs yerlərimizi, əcdadlarımızın məzarlarını, məscidləri məhv edib. Onlar Xocalıda hərbi cinayətlər törədib və soyqırımı həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır”.

Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu vurğulayıb: “Bu gün Ermənistan işğal etdiyi ərazilərə nəzarəti əlində saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasını əngəlləmək üçün əvvəlki kimi güc tətbiq etməkdədir. Bununla belə Azərbaycan əvvəlki tək sülh danışıqlarına sadiqdir və danışıqların nəticə verəcəyinə ümid edir. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarlarına, Avropa Parlamentinin, Avropa Şurasının və digər təşkilatların qətnamələrinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə konfliktin eskalasiyası yolu ilə getməyə üstünlük verir, atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirir, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir. Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyə can atmır, əksinə status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir. Danışıqlar 20 ildir aparılır, amma nəticə yoxdur. Biz danışıqları davam etdirməyə, ən qısa müddətdə başa çatdırmağa, beynəlxalq hüquq norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəticə əldə etməyə hazırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır