Modern.az

Elgiz Əkbər: “Axı “Toy olsun” verilişində nə var ki...?”

Elgiz Əkbər: “Axı “Toy olsun” verilişində nə var ki...?”

Müsahibə

1 Dekabr 2010, 17:50

“Həmin telekanal bizim verilişin layihəsini oğurlayıb, üstəlik hər bir hərəkətimizi təkrarlayırlar da...”

Modern.az saytının ötən günlərdə dərc etdiyi “Telekanalların “toy sevgisi” və ya xarici verlişlərin “kseroks”u” adlı yazıda həm siyasətçilər həm də sadə insanlar ANS-in “Toy olsun”, ATV-nin “Onun yarısı” kimi verilişləri barədə fikirlərini bildirmişdilər. Müsahiblərimiz hesab edirdilər ki, belə verilişlər gənclər arasında pis nümünələr yaradır və azərbaycanlıların adət-ənənələrinə ziddir.
Modern.az ANS-də yayımlanan “Toy olsun” verilişinin aparıcısı Elgiz Əkbərin deyilənlərə bağlı mövqeyini öyrənib.

- Elgiz bəy, necə oldu ki, Azərbaycan efir məkanında belə veriliş yaratmaq qərarına gəldiniz? “Toy olsun” verilişinin ideyası necə formalaşdı?

- Bu xarakterli verlişlər həm Türkiyə, həm də Rusiya kanallarında var və ideya təbii ki, həmin proqramlardan götürülüb. Sadəcə bizim yaratdığımız “Toy olsun” proqramı həmin verlişlərin Azərbaycan variantıdır, sırf azərbaycanlaşdırılımış formasıdır. Məsələn, biz ora toy adət-ənənələrimizi, milli adətlərimizi əlavə etmişik.  Onun ssenarisini elə yazmışıq ki, Azərbaycan tamaşaçısı proqrama baxanda Azərbaycan toyunu, adət-ənənələrini görür.
Hərçənd ki, bu ideyanı bizdən oğurladılar (ATV-ni nəzərdə tutur-A.Ə.). Məsələn, bir çox elementləri – qız toyu, bəy hamamı, xınayaxdı – bunların hamısını biz fikirləşmişik, bizim ideyamız olub. Başqa telekanallar isə bunu bizdən olduğu kimi götürüb özlərində tətbiq ediblər. Hər halda bu düzgün deyil ki, kiminsə ideyasını, fikirlərini oğurlayasan. Hər hansı proyekti fikirləşəndə, gərək öz fikir və ideyalarını ora əlavə edəsən, öz beyninin məhsulu olsun.

- “Toy olsun” tipli verilişlərə cəmiyətdə münasibət birmənalı deyil, siz bu barədə heç düşünmüsünüz?

-  Mən sizinlə razıyam. Əlbəttə ki, cəmiyyətdə bu verlişə münasibət birmənalı deyil. Sözün düzü, əvvəl - əvvəl insanlar anlamadılar, çaşqınlıq içərisində idilər. Amma sonradan gördülər ki, insanları ailə qurmağa sövq etmək, onların toyunu etmək, evləndirmək, onlara cehiz vermək çox gözəl bir missiyadır, bizim ideyamız yaxşı qarşılandı.

- Təkcə cəmiyyət yox, siyasətçilər də qeyd edirlər ki, toy verilişləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərin aşılanmasına gətirib çıxarır, toy adətlərimizi korlayır. Bəs bununla bağlı nə deyə bilərsiz?

- Azərbaycan milli-mənəvi dəyərlərini korlayan elə proqramlar var ki, onlar bizim düşüncə tərzimizə, mədəniyyətimizə, tariximizə, keçmişimizə, gələcəyimizə böyük zərbə vurur. Həmin verilişləri siz də yaxşı bilirsiz. Axı “Toy olsun” verilişində nə var ki..? Bura günü keçmiş, yaşı ötmüş insanların çoxusu gəlir. Başları qarışıb karyera qurmağa, işləməyə və ailə qurmağa bir az gecikiblər. Biz də onlar üçün şərait yaratmışıq ki, gəlib burda evlənsinlər. Biz nəzərə almalıyıq ki, Azərbaycanın elə rayon və kəndləri var ki, orda ümumiyyətlə, gənc yoxdur. Gənclərin çoxu işləmək üçün başqa yerlərə, xüsusilə Rusiyaya gediblər. Məsələn Tovuzun, Qazaxın elə kəndləri var ki, orda evlənmə yaşında olan gənclər yoxdur.  Həmin yerlərdə yalnız xanımlar yaşıyırlar. Bəs onlar neyləsinlər? 
“Toy olsun” verilişində birdə görürsən gəlin olur Bərdədən, bəy isə Gəncədən. Burda heç kim heç kimi təhqir etmir. Heç biz də imkan vermirik ki, insanlar bir – birlərini təhqir etsinlər. Evlənmək istəyən verilişə gəlib, özü, ixtisası, təhsili haqqında məlumat verir. Başqa birisi də ailədə oturub görür, bəyənir və oğlu, övladı üçün elçi düşür və onu alır. Biz də onlar üçün toy edirik. Bunun nəyi pisdir ki..?

- Orta yaşlılardan əlavə, “Toy olsun” verilişinə 18 – 20 yaşında olan gənclər də gəlir. Məgər onların da evlilik vaxtı ötüb, bəs onları proqrama gəlməyə nə vadar edir?

- Çox gözəl sualdı. Mən bunu dəflərələ efir vasitəsilə demişəm ki, bu proyekt evlənməyə geçikən insanlar üçündür. Biz əslində “Toy olsun” proqramını onlar üçün nəzərdə tutmuşduq. Sonradan 21, 22, 23 yaşında çoxlu sayda gənclər bizə gəlib müraciət etdilər. Bununla biz başa düşdük ki, nəinki yaşı ötmüş insanlar, hətta bizim gənclərin də evlənməklə bağlı problemləri var. Bunu nəzərə alıb onlara da icazə verdik ki, “Toy olsun” proqramında iştirak etsinlər.
Onların bu verilişdə evlənməklərinin bir çox səbəbləri var. Məsələn, imkansızlıq – toy eləməyə imkanı yoxdur, pulu yoxdur, cehiz ala bilmir. Ən çox da qızlar cehiz ucbatından evdə qalırlar. Ümumiyyətlə, indi belə bir tendesiya var ki, cehizi olmayan qızı almırlar, bilmirəm səbəbi nəyə görədir. Yəni bu məsələdən irəli gələn problemlərə görə “Toy olsun” proqramına gənclərin axını oldu.
Biz də sırf evlənməyə hazır olan 22, 23 yaşlı gəncləri seçirik. Onun danışıqlarına fikir veiririk, ailəsi, ata, anası ilə görüşürüb, qohumları ilə danışırıq. Əmin oluruq ki, o, yaxşı tərbiyəli, ailəcanlı insandır və artıq evlənməyə hazırdır, onda onları efirə çıxarıb evləndiririk.

- “Toy olsun” proqramında indiyə kimi evlənənlərin yaşayışı ilə maraqlanmısınız? Onların heç bir problemləri yoxdur ki?

- Təbii ki, onlar daim bizim nəzarətimiz altındadır. Biz onları mütəmadi olaraq verilişlərə çağırırıq. Verilişdə bunu da qeyd etmişik ki, evləndikdən sonra da onlarla əlaqə saxlayırıq. Allaha şükürlər olsun ki, evləndirdiymiz insanlar çox xöşbəxtdirlər. Bir- birlərini o qədər məhəbbətlə sevirlər ki, mən düşünmürəm ki, bu cütlüklər gələcəkdə hansısa problem yaşıya bilərlər və istəsəniz nömrələri də verə bilərəm, siz də əlaqə saxlayıb öyrənə bilərsiniz.

- Bu proqrama müraciət edənlərin psixoloji vəziyyətinə, sağlamlığına diqqət yetirisiniz? Onlar müayinədən keçirlər?

- Təbii ki, onların psixoloji durumuna diqqət yetirilir. Yenə qeyd edirəm ki, həmin insanlarla verilişdən əvvəl söhbət edilir, ailələri ilə görüşülür. Şübhələndiyimiz insanlar olanda, biz onlara toy etmirik və verilişin tarixində belə bir premyera da oldu. Adını çəkmək istəmirəm, bizim proqramda belə bir çütlük vardı, hətta biz onların toy gününü təyin eləmişdik, şirin çayları da verilmişdi. Amma sonradan bəydə bəzi problemlər gördük, ona görə o toyu təxirə saldıq, o adamı da layihədən uzaqlaşdırdıq.

- Bir az əvvəl qeyd etdiniz ki, sizin bu layihənin oğurluq variantı da efirdə gedir.  ATV-də gedən eyni missiyalı verilişlə bağlı o kanala müraciət etmisiniz?

- Yox, heç bir müraciət etməmişik. Xalqın gözü tərəzidir, insanlar hər şeyi görür. Ümumiyyətlə, mənim indiyə qədər hazırladığım bütün layihələrin başqa kanallarda təkrarı olub. Məsələn, “Elgizli axşamlar” verilişinin “kopyasını” altı aydan sonra başqa kanalda açdılar (yenə ATV-ni nəzərdə tutur-A.Ə.). “Toy olsun” proqramının oxşarını da üç aydan sonra açdılar. Bu yaxşı hal deyil. 
“Toy olsun” verilişinin ssenarisini biz qurmuşuq. Məsələn, verilişdə xınayaxdı mərasimi keçirilirdi, bəy hamamı olurdu, evlərə gedib söhbətlər edir, bayram gününə hansısa sovqatın aparılmasında yaxından iştirak edirdik. Bütün bunları olduğu kimi o kanalda təkrarlayırlar. Bundan əlavə,  mənim jestlərimi, danışıqlarımı, cümlələrimi, bizim irəli sürdüyümüz fikirləri təkrarlayırlar. Düşünmək lazımdır, fikirləşmək lazımdır, nəsə yeni bir şey etmək lazımdır. Hazır təqdim olunan verilişi eyniylə təkrarlamaq  məncə yaxşı alınmır. Mən şəxsən bunu etməzdim. Düzdür, yenə deyirəm, ideya başqadır, türk kanallarından götürülüb. Mən bununla razıyam, amma sırf Azərbaycan adət-ənənələri əsasında bu proyekti qurmaq bizim ideyamız olub, mən Ulvira xanımla fikirləşmişəm. Üç ay yarım efirdə olmuşuq. Belədə tamaşaçı onlara da baxır, bizə də baxır. Buna görə məndə heç bir qıcıqlandırıcı hal baş vermir. Yəni Allah hər kəsin öz əməyinə görə, zəhmətinə görə, onun bəhrəsini versin. Xalqın gözü tərəzidir. Əgər xalqa onların təqdim etdiyi veriliş xoşdursa, qoy onlara baxsınlar, bizim təqdim etdiyimiz veriliş xoşdursa, qoy bizə baxsınlar, yəni baxmaqda davam etsinlər. Allaha şükür, tamaşaçı sarıdan heç bir korluğum yoxdur. Mən deməzdim o biri veriliş çıxdı, mənim tamaşaçılarım azaldı. Belə bir problem yoxdur. Qiyməti tamaşaçılar verə bilər. Özümün qiymət verməyim düzgün olmazdı.

- “Toy olsun” verilişinə orta yaşlılardan əlavə ağsaqllar, ağbirçəklər də çıxır və cəmiyyətdə bu elə də xoş qarşılanmır. Bununla bağlı nə deyə bilərsiz?

- Mənim o insanlara çox ürəyim ağrıyır. Çox acıyıram onlara. Elə yaşlılar var ki, məsələn 35 ildir həyat yoldaşı rəhmətə gedib. Ailəsi, ümumiyyətlə övladları tərəfindən onlara heç bir qayğı göstərilmir. Bu insan yazıqdır axı, kişi xeylağıdır, bunun yeməyi var, içməyi var, məsələn tək yaşayır, həkimi var, təzyiqini ölçmək məsələsi var və ya  yaşlı xanımdır, qocalıb 65 yaşı var, heç kimi yoxdur, tənhadır, ona da həyan lazımdır, yəni belə insanlara kömək eləmək lazımdır. Biz bunu edirik. Daha çox onların yanında insan olması lazımdır ki, sabah başına iş gələ bilər. Məgər adət-ənənəlirimizdə 60 yaşında insanın evlənməsi yasaqdır?  

- Həm “Toy olsun” kimi şən, həm də “Elgizli axşamlar” kimi kədərli verlişlərə aparıcılıq edirsiniz. Bu iki verliş arasında diskomfort hiss etmirsiniz ki?

- Mənim üçün heç bir problem yoxdur. Ümumiyyətlə, nəinki mən, belə düşünürəm ki, hər bir aparıcı, əgər bu insan aparıcıdırsa, hər cür verilişi aparmalıdır. Bu gün ola bilsin ki, mən, siz dediyiniz kimi kədərli, problemlərlə dolu veriliş aparıram, gələn dəfə bir uşaq verilişi apara bilərəm. O kanalın rəhbərliyindən asılıdır.  Təbii ki, onlar bizə hansı verilişi aparmağı məsləhət bilirlərsə, o verilişə də aparıcı təyin edirlər. Belədə heç bir problem yaşamıram. Hər bir verilişin öz yeri var . Ola bilsin tamaşaçı deyə bilər ki, bir verilişdə problemlər, kədər, digər verilişdə çal-çağır, toy... bu həyatın qanunudur. Hər ikisi həyatdan götürülmüş mövzularla bağlı verlişlərdir.



Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?