Modern.az

«Bu şəxs nə Türkiyədə tanınır, qəbul edilir, nə də Azərbaycanda...»

«Bu şəxs nə Türkiyədə tanınır, qəbul edilir, nə də Azərbaycanda...»

1 Dekabr 2010, 18:16

«Turqut Ərin kitabından, daha doğrusu, cızmaqaralarından «seçmələrin» bu gün müxalifət mətbuatında dərc olunması təsadüfdir, yoxsa məqsədlidir? Birmənalı şəkildə məqsədlidir». Bu fikirləri jurnalistlərlə söhbətində hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Türkiyə səfirliyinin keçmiş mətbuat attaşesi Turqut Ərin «Azadlıqdan tiranlığa» kitabından müəyyən hissələrin Azərbaycanın bir sıra müxalif mətbuat  orqanlarında yer almasına və sözügedən kitabda Azərbaycan iqtidarı, mərhum dövlət başçısı Heydər Əliyev haqqında səslənən fikirlərə münasibətini açıqlayarkən bildirib.
Komitə sədrinin sözlərinə görə, məsələ burasındadır ki, hələ bir il öncə - 2009-cu ildə T.Ərin «Yeni Azərbaycan»  qəzetində geniş yazısı getmiş və adıçəkilən şəxs həmin yazıda o zaman Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyünə öz kəskin etirazını bildirmişdi:
«Həmin yazıda Turqut Ər Azərbaycan, Azərbaycan iqtidarı, Türkiyə-Azərbaycan dostluğu, o cümlədən, Türkiyə-Azərbaycan arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafı haqqında da çox müsbət fikirlər bəyan etmişdi. Axı, sual oluna bilər, nə baş verdi ki, birdən-birə bu münasibət 180 dərəcə bucaq altında dəyişdi. O yaşca elə də gənc insan deyil ki, mövqeyini tez-tez dəyişsin və bunu gəncliyi ilə izah etsin. Turqut Ər müəyyən qədər həyat təcrübəsi olan bir adamdır və görünür, onun indi birdən-birə mövqeyini dəyişməsi, iftira, böhtan dolu bir kitab yazması heç də təsadüfi deyil».
R.Aslanovanın qeyd etdiyinə görə, T.Ər Azərbaycanda 7 noyabr parlament seçkiləri öncəsi «Yeni Müsavat» qəzetinə müsahibə verib və bu müsahibədə çox aydın şəkildə bildirib ki, onun uzun illər dostluq etdiyi «AXCP-Müsavat» birliyinin nümayəndələri var, onlarla həmişə gözəl münasibətlərdə olub, indi də həmin şəxslərlə münasibətləri çox yüksək səviyyədədir: «O həmin müsahibəsində bu insanların parlamentə gəlməsinin Azərbaycan demokratiyasının inkişafı üçün mühüm addım hesab etdiyini də bildirib. Bu şəxs müsahibəsində daha sonra öz «məsələhət»lərini də verərək qeyd edir ki, Azərbaycanda parlament seçkiləri belə keçməlidir, filan olmalıdır. Turqut Ər həmçinin müsahibəsində konkret adlar da çəkərək bildirir ki, Rauf Arifoğlu və digərləri parlamentə gəlməlidirlər və sair. Seçkilər bitdi, Azərbaycan vətəndaşı öz seçimini etdi, ədalətli, şəffaf seçkilərin nəticələri müəyyənləşdi və məlum oldu ki, Azərbaycan seçicisi müxalifətin - konkret olaraq Turqut Ərin adını çəkdiyi şəxslərə, onun dostlarına etimad göstərmədi, onlara öz inamsızlığını ortaya qoydu. Buna cavab olaraq çox az müddətdən sonra isə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində Turqut Ərin cızmaqaraları işıq üzü görməyə başladı. O cızmaqaralar ki, orada Azərbaycan iqtidarı, Azərbaycan insanı, Azərbaycan dövlətinin siyasəti tənqid olunur və Azərbaycan -Türkiyə münasibətlərini bu gün guya ki, gərgin bir vəziyyətdə olduğu iddia edilir. Eyni zamanda, orada böyük tarixi şəxsiyyətlərin ünvanına - ümumilli lider Heydər Əliyev və Türk dünyasının tanınmış simalarından olan Süleyman Dəmirəlin ünvanına böhtanlar, iftiralar yağdırılır. Bu şəxslər o insanlardır ki, onların varlığı Türk dünyasının varlığı deməkdir. Onların yüksək şəxsiyyəti Azərbaycan və türk xalqının qürur yeri, qürur mənbəyidir. İndi bu insanların ünvanına deyilən iftiralar, böhtanlar bütövlükdə türk xalqının, türk insanının ünvanına deyilən ifadələrdir. Sual edirəm, əgər bu cızmaqaralar var idisə, nəyə görə, seçkilərdən əvvəl bu qəzetlərdə işıq üzü görmürdü? Belə çıxır ki, seçkidə uduzmaqlarını, xalqın etimadsızlığı ilə qarşılanmalarını heç cür qəbul etməyən, əksinə buna hər cür haqq qazandırmağa, don geyindirməyə çalışan müxalifət nümayəndələri bu cızmaqaraları sözügedən qəzetlərə ötürməklə Azərbaycan vətəndaşının nəzərində azacıq da olsa, qalmaq arzusundadırlar».
Komitə sədri hesab edir ki, ancaq bunlar əbəs, boş cəhdlərdir: «Əvvəla, Turqut Ər elə bir böyük qələm əhli deyil ki, onun yazdıqları bu gün ictimai rəyə hansısa bir təsir göstərə bilsin. Bu şəxs nə Türkiyədə tanınır, qəbul edilir, nə də Azərbaycanda. Əksinə, Azərbaycanda uğursuz fəaliyyətinə görə o, çoxdan Türkiyəyə qovulub. Məsələ burasındadır ki, onun yazdıqlarını heç öz ölkəsində də oxumurlar. Amma bu gün onun haqqında məlumatı Azərbaycana gətirmək, Azərbaycan ictimaiyyətinə çatdırmaq üçün canfəşanlıq edən adamlara demək lazımdır ki, Turqut Ərin  cızmaqaraları sənin millətinə, sənin dövlətinə, sənin dövlət rəhbərliyinə ünvanlanmış iftiralar, böhtanlardır. Onları hansı mənəviyyatla Azərbaycan qəzetlərində dərc etdirirsiniz? Bunu heç düşmən də etməz. Axı, necə ola bilər ki, sənin xalqına, sənin ümummilli liderinə, sənin dövlət başçına,Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi olması üçün əlindən gələni edən insanlara qarşı çevrilmiş belə   böhtanlarda haqq qazandırmağa çalışasan? Belə çıxır ki, siz sabah erməni yazarlarının da, Azərbaycan haqqında yazdıqlarını öz qəzetlərimizə canı dildən verə bilərsiniz. Bunu da onlardan gözləmək olar».
R.Aslanova T.Ərin öz yazılarının hansısa faktlara söykənməsi haqda iddialarını da yalan sayır: «Bu şəxs elə bir böyük siyasi çəkiyə malik şəxs deyildi ki, proseslərin içərisində olaydı. O sadəcə, mətbuat xidmətinin rəhbəri idi. Ancaq özünü elə təqdim etməyə  çalışır ki, guya o bütün proseslələrin içərisində olub. O, özü haqda iddialı siyasətçi obrazını yaratmağa çalışır, amma bilsin ki, sadəcə, Azərbaycan müxalifətinin əlində bir oyuncaq imiş və onun sifarişlə yazdığı yalanları Azərbaycan müxalifəti ancaq öz siyasi ambisiyalarını gerçəkləşdirmək üçün istifadə edir. Bizdə çox yaxşı bir atalar məsəli var, dostunun kim olduğunu göstər, sənin kim olduğu söyləyim…».

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar