Modern.az

Onlar necə uzun ömür yaşayıblar? (reportaj+fotosessiya)

Onlar necə uzun ömür yaşayıblar? (reportaj+fotosessiya)

2 Dekabr 2010, 10:30

Lerikdəki Uzunömürlülər muzeyində gördüklərim…


Talış dağlarının zirvəsində yerləşən Lerik rayonunu Azərbaycanın ən səfalı guşələrindən biri adlandırsaq, səhv etmərik. Təbiət Lerik üçün əsrarəngiz gözəllikləri əsirgəməyib. Bənzərsizliyi, nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik həm də uzunömürlülər diyarı kimi məşhurdur.

 

Bu baxımdan dünyada yeganə Uzunömürlülər muzeyinin Lerik rayonunda yerləşməsi təsadüfi deyil. Bu günlərdə Lerikdə olan əməkdaşımız həmin muzeyə baş çəkib.

 

Uzunömürlülər muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Bu il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub.

 

Dağlar qoynunda yerləşən Lerikdə vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini var.

 

Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb.

 

Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva Modern.az saytına müsahibəsində bildirib ki, buradakı 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop həmin əsərləri Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca guşələr yaradılıb.

 

Direktor deyir ki, muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaq.

 

Dilarə xabım deyir ki, Uzunömürlülər muzeyinə Azərbaycanda və xaricdə maraq çox böyükdür. “Xaricdə müxtəlif adda maraqlı muzeylər var. Məsələn, hansısa ölkədə “Tabutlar” adlı muzey haqqında eşitmişdim. Bizim muzey insanları həyata, uzun ömür surməyə, xoş yaşayışa çağırır. Ona görə də bu muzeyin təbliğ olunması daha çox lazımdır”.

 

Lerik rayonunun kəndlərdə ömür sürmüş yaşı 1 əsri adlamış insanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə həmişə çox olub. Planetimizin ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümov Lerikin  Barzavu kəndindəndir. Bu, Lerikin ən yüksək dağ kəndlərindən biridir. Onun atası 110, anası 90 il ömür sürüb. Maraqlıdır ki, Şirəli Müslümov 136 yaşı olanda 57 yaşlı bir qadınla evlənib və onların bir qızı dünyaya gəlib.

 

Dilarə Fətullayeva deyir ki, keçmiş Sovetlər dövründə uzunömürlü insanlarının özlərinin şəxsi həkimləri var idi. Məsələn, 150 yaşlı Mahmud Eyvazovun şəxsi həkimi olub. Balağa adlı həmin həkim Mahmud kişini uzun müddət tədqiq etdikdən sonra uzunömürlülüyə aid “Hər kəs 100 il yaşamasa” adlı bir kitab da yazıb. Həmin kitabda uzun ömür yaşamağın sirlərindən bəhs olunub.

 

Lerikdə ən uzunömürlü qadın 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva olub.

 

Uzunömürlülər muzeyinin direktoru D.Fətullayeva deyir ki, yuxarıda adları çəkilən uzunömürlü azərbaycanlıların adları “Ginnesin rekordlar kitabı”na da düşüb.

 

Uzunömürlülər müzeyində hazırda həyatda olan 1898-ci ildə doğulmuş Məhbubə Fətullayevanın indi 112 yaşı var. Onun haqqında materiallar, ona məxsus olan şəkillər muzeydə saxlanılır. Yaşı 100-u ötmüş Bonkəndil kənd sakini Gülsaray nənə, Mulalan kənd sakini Ağabəyim nənə, Blaband kənd sakini Nəni nənə barədə də məlumatlar muzeydə mühafizə olunmaqdadır.

 

”Uzunömürlülüyün bir çox sirləri var. Burada irsiyyətin rolu daha böyükdür. Blaband kəndində yaşayan Heydərovlar ailəsi uzunömürlü nəsildir” deyən D.Fətullayevanın sözlərinə görə, muzeyə gələn xarici qonaqlar ona uzunömürlüyün sirləri ilə bağlı çoxlu suallar verirlər.

 

“Uzun ömür yaşamağın səbəbini soruşurlar. Biz də onlara cavabımızı bildiririk ki, Lerikdə uzun ömür sürməyin başlıca səbəbi rayonumuzun çox gözəl təbiətə, dağ havasına, təmiz suya  malik olmasıdır. Yaşlı insanlar çay içməyə yox, daha çox su içməyə meyllidirlər. Digər bir səbəb isə insanın daimi hərəkətdə olmasındaddır. Uzun ömür sürmüş bütün adamlar daim səhərdən axşama qədər hərəkətdə olublar. Uzunömürlü insanlar ölümə yaxın 1 həftə yorğan-döşəkdə yatıblar. Onlar ölənədək hərəkətdə olmağı, gəzməyi xoşlayıblar”.

 

Dilarə xanım deyir ki, insanın qəbul etdiyi qidanın da uzunömürlüyüə təsiri çox böyükdür. Dağ adamları əsasən təmiz qida məhsullarına üstünlük verirlər. Məsələn, nehrə yağı, şor, pendir, qatıq, göyərti, təzə meyvə onların gündəlik rasionunda üstünlük təşkil edib. Lerik rayonunun florası çox zəngindir, müalicəvi dərman bitkiləri çoxluq təşkil edir. İnsanlar daim bu bitkilərdən istifadə edirlər.

 

D.Fətullayeva bildirib ki, Uzunömürlülər müzeyində təkcə yaşlı insanların şəkilləri asılmır, burada onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, həm də üzunömürlü insanların kənd təsərüfatında işlətdiyi alətlər, şəxsi əşyaları, əl işləri saxlanılır.

 

”Müzeyimizdə planetimizin ən yaşlı sakini- 168 yaşlı Şirəli Müslümova məxsus papaq, ona xaricdən göndərilən məktublar qorunub saxlanılır. Mahmud Eyvazovun 150 yaşı olanda at belində gəzib. Alimlərin fikrincə, atın insanların sağlamlığına, xüsüsilə kişilərin sağlamlığına çox böyük müsbət təsiri var.

 

145 yaşlı Məcid Ağayevə dünyanın bir çox ölkələrindən, o cümlədən Almaniyadan məktublar göndərilib”.

 

D. Fətullayeva bildirir ki, muzeyə gələn xarici qonaqlara uzunömürlülüyün sübutu kimi yaşlı insanların kimlik sənədləri-pasportlar göstərilir.

 

Direktorun sözlərinə görə, Uzunömürlülər müzeyinə  iki cür giriş var. Güzəştli giriş 20 qəpik, güzəştsiz giriş isə 40 qəpikdir. Məktəblilər müzeyə pulsuz buraxılır. Xarici vətəndaşlar muzeyə güzəştsiz 1 manata,  güzəştlə 50 qəpik ödədikdən sonra buraxılırlar.

 

 

 

 

 

Direktor Dilarə Fətullayeva: "Özbəklər bunu Şirəli babanın 150 yaşı olanda hədiyyə gətirmişdilər".

 

Muzeyin daxili görünüşü.

 

Lerikdə məşhur sınıqçı kimi tanınan Mirzəhüseyn baba 114 yaşında dünyasını dəyişib.

 

130 ildən çox yaşayan Süri nənə də Lerikin ən uzunömürlü qadınlarından olub.

 

O da 1 əsrdən çox yaşayıb...

 

134 yaşlı Kişi Bəndiyev deyir ki, pişiklə təmasda olmaq da ömrü uzadır.. 

İki uzunömürlü. Dünyanın ən yaşlı sakini - 168 yaşlı Şirəli Müslümov (solda).

 

Bulaq suyu, dağ havası onu hələ də yaşadır...

 

Lerikin uzunömürlüləri ölüm gününədək dağda-daşda gəziblər, oturmayıblar.

 

Hər kəs 100 il yaşamasa, günah onun özündədir..

 

Şəkildəki 150 ildən çox yaşamış Mahmud Eyvazovdur.

 

Nəni Əhmədova hələ də yaşayır, 110 ildən çoxdur ömür sürür...

 

Çoxuşaqlı və uzunömürlü lerikli ana.

 

100 ildən çox birgə ömür sürən ər-arvad.

 

Muzeydə dərman bitkilərindən nümunələr.

 

Uzunömürlülüyə görə rekord qıran Mahmud Eyvazov...

Məhbubə nənə 114 yaşında olmasına baxmayaraq, çorab da toxuya bilir.

 

Muzey eksponatları: Nehrə və küpələr.

 

Uzunömürlü və çoxuşaqlı ailə...

 

Eksponatlar... Xurcun, səhənglər, ortada isə qədimdə ağrıyan dişin çəkilməsi üçün dəlləklərin istifadə etdiyi kəlbətin.

 

Uzunömürlülər kimliklərini göstərməklə yaşlarını sübut edirlər.


Mail Ağaxanov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir