Modern.az

Deputatdan məmurlara qarşı sərt AÇIQLAMA: "Hazır aşın dik qaşıqları”

Deputatdan məmurlara qarşı sərt AÇIQLAMA: "Hazır aşın dik qaşıqları”

Parlament

23 Yanvar 2016, 11:04

Fəzail İbrahimli: “İxtisara düşənlər gedib vəhhabi, nurçu, İŞİD-çi olacaq”

  

Bu gün ölkəmiz çətin iqtisadi durumun öhdəsindən gəlmək üçün müxtəlif variantlar qarşısındadır. Hökumət nümayəndələri, deputatlar, ekspertlər əsas variantlardan biri kimi struktur islahatlarının aparılmasını vacib sayırlar. Burada əsas diqqət bir-birini təkrarlayan nazirlik və komitələrə yönəldilib.

Eyni zamanda nəzərinizə çatdıraq ki, hazırda ölkədə 10 respublika tabeli şəhər, 56 rayon, 14 şəhər tərkibində rayon var. Naxçıvan Muxtar Respublikası üzrə isə 1 Muxtar Respublika tabeli şəhər və 7 rayon var ki, bunların cəminə uyğun olaraq  demək olar ki, ölkədə 88 icra basçısı, 88 polis rəisi, 88 prokuror və 88 müxtəlif idarə və təşkilatlar var. Bütün bunların hamısı isə dövlət büdcəsindən silinən vəsait hesabına saxlanılır. Prezident İlham Əliyevin nazirlərlə birgə keçirilən müşavirədə bəyan etdi ki, bir-birini təkrarlayan qurumlar ləğv edilməlidir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli Modern.az saytına deyib ki, struktur dəyişiklikləri ölkə başçısının da bildirdiyi kimi islahatlar yolu ilə aparılmalıdır:

“Nəzərinizə çatdırım ki, inqilabi islahatlar heç vaxt uğurlu olmur. Bir tarixi yadınıza salım. 1962-ci ildə SSRİ rəhbəri Nikita Xuruşov noyabr plenumunda bir qərar qəbul etdi. SSRİ-də idarəetmə üsulu istehsal kreditləri əsasında idarə olunmağa başladı. O vaxta qədər vahid ərazi, oradakı istehsal bir adama tabe idi.

Qərara əsasən bunlar ayrıldı. İstehsal, idarəetmə, sənaye ayrı-ayrı insanlara həvalə olundu. Elə bir qarışıqlıq yarandı ki, 1963-cü ildə aclıq baş verdi. Sərsəm ideya olduğundan 1964-cü ilin oktyabrında hakimiyyətə gələn Brejnev o sistemi ləğv etdi.

Qeyd etmək istəyirəm ki, dövlətin daxili funksiyası əhalisini yedirdib-içirtmək, yaşatmaq, dolandırmaqdır. Xarici funksiyası isə dövlətin təhlükəsizliyini təmin etməkdir. Bu gün müəyyən oxşar strukturlar, dövlət qurumlarında ixtisarlar aparılanda onlarla, yüzlərlə insan işsiz qalır”.  

İnsanları küçəyə atmaqla aparılan islahat, islahat deyil!

Deputat aparılacaq islahatlar zamanı ədalətlilik prinsipinin göz önündə saxlanmasının tərəfdarı olduğunu vurğulayıb:

“Əminəm ki, bu islahatların ixtiyarı nazirlərə verilsə, bu nazirlər həmin qurumdakı qohum-əqrəbasını saxlayacaq, kənardakıları rədd edəcək. Həmçinin, orada demokratik əhval-ruhiyyədə olan, sözə baxmayan, qanunun aliliyini tələb edən insanların uzaqlaşdırılması vaxtının çatdığını elan edəcəklər.

Ona görə də bu çətin anlarda, struktur islahatları keçirib camaatı küçəyə atmaq olmaz. Axı kimlərə qoşacağıq onları?! İşsiz qalan insanlar hara gedəcək? Biz hansı səbəbdən cəmiyyətdə boşluq yaratmalıyıq?

Onların bir qrupu vəhhabilərə, bir qrupu nurçulara qoşulacaq, bir qrupu İŞİD-ə adam axtaracaq. İnsan ac qalanda ac qılınca çapır. Ona görə də, bunu ağıllı formada həyata keçirmək lazımdır, insanları küçəyə atıb islahat aparmaq islahat deyil. Ölkədə sosial – siyasi vəziyyəti gərginləşdirməkdir.

Sosial problemlərin həlli bunda deyil. Tutaq ki, struktur islahatları aparılır. Bu halda ən yaxşı mütəxəssislərə toxunmaq olmaz. İndi biri işçi yaranıb, biri də nazir. Sən nazir başda oturubsan, oğlun, ailən, qohum-əqrəban...Hər şey sənin üçün əladır. Amma düşünmürsən ki, 5 nəfəri saxlayan ailə başçısını küçəyə atandan sonra onların aqibəti necə olacaq. Bu əxlaq normasıdır, düşünülməlidir bunlar. Əgər ailə üzvlərindən 5 nəfərin 4-ü işləyirsə, birinin kənarda qalması o qədər də təhlükə törətmir. Amma bir nəfər işləyir və sən də onu çıxarıb 5 nəfəri ac qoyursansa, Allahın qəzəbinə gələrsən”.

"Axı nə ehtiyacdır ki, bir nazirin 3-5 müavini var?"

F.İbrahimlinin fikrincə, oliqarxların ixtisara düşməsi əsasdır və bu, onlar üçün faciə deyil: “Mən ölkə başçısı İlham Əliyevin fikirlərinə söykənərək bildirirəm ki, oxşar strukturlar ixtisar edilməlidir. İxtisar zamanı insanların əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Baxın, elektrik, işıqla bağlı nə qədər oxşar qurumlar, nazirliklər var...Hamısı da öz qohum-əqrəbasını ətrafına yığıb. Dövlət başçısı bu tip qurumları nəzərdə tutaraq bildirib ki, islahat aparılsın. O deməyib insanları küçəyə atın, onlar da dövlətin əleyhinə olan ayrı-ayrı təbəqələrə, təriqətlərə qoşulsun.

Onsuz da Azərbaycana kifayət qədər təhlükəli caynaqlar uzanıb. İxtisara düşən həmin insanları onların caynaqlarına verə bilmərik. Biz bu məsələləri kifayət qədər nəzərə almalıyıq. Kor-koranə islahat aparmaq olmaz.

Bir nazirlikdən 500 nəfər atdın küçəyə, düşünmürsənmi o insanın aqibətini? Mənim vicdanlı bir insan kimi ağlım, vicdanım, şüurum ona yönəlib ki, müstəqilliyin bizə verdiyi ən böyük nemət sabitlikdir. Onun pozulmasına doğru atılan bütün addımları mən qəbul etmirəm.

Onlar “hazır aşın dik qaşıqları”dır. Onların hər şeyi var. Onlar nəsilbənəsillərinə, hətta nəvə-nəticələrinə hər şey düzəldiblər. Onların ixtisara düşməsilə faciə baş verməyəcək. Hərəsi bir struktur yaradıb başında durub. Söhbət bundan gedir. Manat devalvasiyaya uğradı. Elan olundu ki, manat “üzən məzənnə” siyasətinə keçir. Axı manat “üzgüçülük forması”nı geyinib suya tullanmalıdır. Manat hələ “paltarını soyunmamış” çörəyi bahalaşdırdılar.  Kimlərdir onlar?!

Onlar dəyirmançı işləməyə layiq insanlardır ki, böyük mənsəb, var-dövlət sahibləri olublar. Prezidentə xəyanət edən kimlərdir?! Elə həmin harınlamış insanlardır! Struktur dəyişiklikləri ona yönəlməlidir. Aylıq 200-300 manat alanları küçəyə atıb, onları ayrı-ayrı dini qruplaşmalara sövq etmək olmaz, Mənim düşüncəm, əxlaqıma görə bu, çox təhlükəlidir”.

Gülşən RAUFQIZI  

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür