Modern.az

İslahatçı gənclər təşkilatının sədri: “Bu elementlərə həssas yanaşmalıyıq...”

İslahatçı gənclər təşkilatının sədri: “Bu elementlərə həssas yanaşmalıyıq...”

2 Dekabr 2010, 12:15

Bir neçə gün öncə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi gerçəkləşdi. Konqresin yekunu olaraq növbəti illər üçün bir sıra strateji hədəflər müəyyənləşdirilib, Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Konqresdə  iştirak etmiş Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynova Modern.az-a bunları deyib.

- Dünya Azərbaycanlı Gənclərin I Konqresi istər siyasi, istərsə də ictimai çəkisinə və irəliyə yönəlmiş  hədəflərinə görə müsbət xarakterizə olunan hadisədir. Düşünürəm ki, Almaniyaya dünyanın hər bir yerindən azərbaycanlı gənclərin toplanması növbəti illər üçün gənclər siyasətinin inkişafı və gənclərimizin dövlətin xarici siyasətdə iştirakçılığın artırılmasına yaradılmış şəraitdir. Bu Konqres bir daha Azərbaycan gəncləri qarşısında ciddi vəzifələr qoymaqla yanaşı, hər bir gəncin özünü təsdiqləməsi üçün yaşıl işıq yandırdı. Bu tədbir “Azərbaycan Gəncliyi Dövlət Proqramına” müvafiq olaraq keçirilib.
Konqresdə bir sıra məsələlər -  Azərbaycan həqiqətlərinin təbliğində və diaspora quruculuğunda gənclərin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası və.s mövzular ətrafında geniş müzakirələr aparıldı və növbəti illər üçün strateji hədəflərimizi müəyyənləşdirdik.
Konqresi gənclərimizin təşkilatlanması baxımından olduqca önəmli addım sayıram.  
- Ümumilikdə diaspora fəaliyyətində gənclərin iştirakçılığı sizi qane edirmi?
- Əgər son 5 illə müqayisə etsək, təbii indi nəticələr daha ürəkaçandır. Ancaq ümumilikdə isə, düşünürəm ki daha  çox iş görmək olar. Nəzərə alsaq ki, gənclik ölkənin dinamik qüvvəsidir və hər bir millətin həyatında ən önəmli hadisələrdə məhz gənclərin də imzası olur, o halda, bizim gənclər bundan da yüksək nəticə  göstərə bilərlər. Buna bizim intellektimiz və potensialımız imkan verir. Lakin bir məqam mənim tərəfimdən heç vaxt qəbul olunmur. Son vaxtlar  bir qisim gənclər arasında bir ziddiyyətli tendensiya müşahidə olunur. Əgər ermənilər bu addımı atırsa,  biz ona müvafiq və ya neytrallaşdıran addımlar atırıq. Təbii ki, bu mənim subyektiv fikrimdir. Halbuki, 2007-ci ildə dövlət başçımız İlham Əliyev bir qrup gənci qəbul edərkən, bizlərə verdiyi tapşırıq hücum siyasətinin həyata keçirilməsi oldu. Yəni ermənilərin etdiyi hər hansı addım bizim üçün əldə bayraq olmamalıdır. Biz özümüz öz strategiyamıza uyğun olaraq  hərəkət etməliyik. Çünki tarix boyu onlar bizdən öyrəniblər biz onlardan yox. Bu gün bizim çox istedadlı gənclərimiz var istər ölkə daxilində, istərsədə ölkədən kənarda, bu gənclərin potensialı nəinki erməniləri, hətta başqa millətləri belə idarə etməyə yetər. Düşünürəm ki, Azərbaycan üçün gəncliyin yazacağı hələ çox tarix var.
-Gənclərin Qarabağla bağlı həqiqətlərin beynəlxalq aləmə yayılmasındakı rolunu necə qiymətləndirmək olar?
- Dağlıq Qarabağ problemi, böyükdən–kiçiyə, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, bu torpağın üzərində qədəm qoyan hər bir Azərbaycan vətəndaşının problemidir. Və hər bir vətəndaş  bu gün öz imkanları çərçivəsində dövlətimizin inkişafına və Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təbliğinə töhfə verməlidir. Çünki başqa imkanımız da yoxdur,  zamanında itirdiyimiz vaxtı bərpa etmək üçün bu gün sürətlə çalışmalıyıq. Bilirsiniz ki, bu gün real dünya ilə yanaşı virtual dünya da həyatımıza yetərincə müdaxilə edir. O mənada virtual aləmin imkanlarından daha geniş yararlanmalıyıq. Konqresin işində dövlət rəsmilərimizin də bizə tövsiyələri məhz texnologiyaların imkanlarından geniş bəhrələnməklə bağlı oldu.  Çünki bu gün internet üzərindən dünyanın istənilən nöqtəsinə mesajlarımızı göndərmək mümkündür. Dağlıq Qarabağ yarasının təbliğində isə düşünürəm ki, yanaşmamız və metodlarımız daha müasir olmalı və bir-birindən fərqlənməlidir. Mən Konqresdə də bu təkliflə çıxış etdim ki, biz Koreya ilə Almaniyaya eyni metodu   tətbiq edə bilmərik və yaxud, Hollandiya ilə İspaniyaya eyni metodu tətbiq edə bilmərik. Çünki burda insanların baxışları, metal dəyərləri böyük rol oynayır. Hollandiya üçün insan hüquqları önəmli olduğu qədər, İspaniyaya dövlət prinsipi və ərazi bütövlüyü daha önəmlidir. Biz təbii ki, Hollandiyaya Qarabağ problemini 1 milyondan artıq məcburi köçkünümüzün kontekstində təbliğ etməliyik, İspaniyaya isə, ərazimizin işğalı ilə bağlı. Bir sözlə, bu elementlərə həssas yanaşmalıyıq ki, gördüyümüz işin nəticəsi olsun.  Biz artıq dünyanın bizi başa düşdüyü, anladığı dildə danışmalıyıq. Mədəniyyətin, musiqinin, incəsənətin, ekologiyanın, sivilizasiyalar arası dialoq, nə bilim, rəsmin içində öz həqiqətlərimizi çatdırmalıyıq. Əks halda    həm nəticəmiz , həm də zamanımız gözlədiyimiz effekti verməz.
Bu gün dövlət başçımızın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi iradəyə söykənən addımlarının şahidiyik. Və mən sizin vasitənizlə bir daha bildirmək istəyirəm ki, ölkə gəncləri həmişə öz prezidentinin arxasında olub və bundan sonra da olacaq. Aparılan siyasi kursu dəstəkləyəcəkdir.  Qarabağın xilası müharibədən keçirsə, biz gənclər ali baş komandanın əmrinə həmişə hazırıq. Necə ki, Milli Qəhrəmanımız Mübariz İbrahimov, şəhid Fərid Əhmədov, bu gün Macarıstanda həbsdə olan Ramil Səfərov gənclərin Vətən üçün nəyə qadir olduqlarını sübut ediblər. 
- Gənclərin ölkədə keçirilən seçkilərdə iştirakı barədə nə deyə bilərsiniz?
- Yalnız parlamentə keçirilən seçkilər deyil, eyni zaman istər prezident seçkiləri, bələdiyyə, referendum bunların hər birində ölkə gəncləri aktivlik sərğiləyiblər.  Bu prosesdə iştirak etmək yalnız namizəd olmaq anlamında başa düşülməməlidir. Ən azı gənclərin bu prosesə təşviq edilməsi, müşahidəçilik də bu prosesdə iştirak deməkdir.  Və mənim fikrimcə bu ildə gənclər parlament seçkilərində yetərincə aktivlik nümayiş etdirdilər .
- Bu il mandat qazanmış namizədlər arasında gənclərin sayı yetərincədirmi?
- Siyasətə say hesabı ilə yanaşmaq düzgün deyil. Bu il 5 gənc mandat alırsa, gələn dəfə 15 ola bilər. Sadəcə bu prosesdə tam şəkildə formalaşmaq daha önəmlidir. Son illərin seçkilərində biz gənclərimizin uğurunu və siyasətdə öz sözlərini deyə bildiklərinin şahidi olmuşuq. 2000–ci il seçkilərində parlamentin gənc deputatları kimi millət vəkili Əli Hüseynov, Gültəkin Hacıbəyliyə xalq etimadı göstərdi və sonrakı illərdə bu etimad həmin şəxslərin fəaliyyətində özünü doğrultdu.
2005-ci ildə bu sırada Fuad Muradov ən gənc millət vəkili kimi mandat qazandı. Qənirə Paşayeva, Əkrəm Abdullayev də həmin sırada yer aldılar.
Bu il isə bu sıraya daha bir neçə gənc- Ceyhun Osmanlı və digərləri xalqın səsini alaraq, millət vəkili statusuna yüksəldilər. Bu gün Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə Elnur Aslanovun gənclərin nümayəndəsi  kimi  layiq görülməsi və digər sahələrdə də gənclərimizə etimad edilərək  irəli çəkilmələri təbii ki sevindiricidir və gənclər siyasətinin dövlətimiz tərəfindən düzgün inkişaf etdirildiyini bir daha təsdiqləyir. Ona görə, mən düşünürəm ki, gələcəkdə gənclərimizin dövlətimizin inkişafına verəcəyi töhfələrin sayı günü-gündən artacaqdır. Çünki irəlidə daha çox gərəcək işimiz var.   

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu