Modern.az

İranın Bakıdakı səfiri: “Bu, İsrail üçün ən acı məğlubiyyət idi” - MÜSAHİBƏ

İranın Bakıdakı səfiri: “Bu, İsrail üçün ən acı məğlubiyyət idi” - MÜSAHİBƏ

27 Yanvar 2016, 15:14

Möhsün Pakayin: “İran və Azərbaycan Rusiya bazarlarına birgə çıxış əldə etməlidir”

İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) arasında rəsmi Tehranın nüvə proqramına dair razılaşma əldə olunduqdan bir neçə ay sonra Azərbaycanın cənub qonşusunun üzərindən sanksiyalar götürüldü.

İndi beynəlxalq gündəmin əsas mövzularından biri də, İranın dünya bazarlarında əlavə imkanlara yiyələnməsindən sonra iqtisadi və siyasi səhnədə hansı yeni tendensiyaların yaranacağı ilə bağlıdır.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin mövzu ilə əlaqədar

Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

-Cənab səfir, “altılıq” ölkələri ilə razılıq əldə edildikdən sonra Avropa İttifaqı, Amerika, Yaponiya İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırdı. Sizcə, bundan sonra rəsmi Tehranın beynəlxalq əlaqələrində hansı yeni üfüqlər açılacaq? 

- Allahın adı ilə... Sizin də qeyd etdiyiniz kimi, İranla “altılıq” ölkələri arasında razılaşma əldə olundu. İranın nüvə proqramı rəsmi şəkildə qəbul edildi. İrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildi. Bu, razılaşma ona səbəb oldu ki, İrana qarşı irəli sürülən ittihamlar aradan qaldırıldı. İranın nüvə proqramının dinc məqsədli olmaması və hərbiləşməsinə dair iddialar aradan götürüldü.

Yenə də bəlli oldu ki, son 12 ildə İrana qarşı tətbiq edilən sanksiyaların heç bir səbəbi, əsası yox imiş. Sanksiyaların ləğvi İranla dünya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı bir fürsətin yaranmasına gətirib çıxarır.

Düzdür, embarqolar dövründə də bizim dünya ölkələri ilə əlaqələrimiz tam kəsilməmişdi. Amma bəzi səbəblərdən, xüsusilə bank əməliyyatlarında sanksiyalara məruz qaldığımız üçün dünya ölkələri ilə ticari-iqtisadi əlaqələr qurmaqda çətinlik çəkirdik. Beləliklə, İran bundan sonra dünya dövlətlərilə adi və normal iqtisadi münasibətlər qura bilər. Biz dövlət və milli mənafeyimizə uyğun olaraq iqtisadi partnyorlarımızı özümüz seçəcəyik. Sanksiyaların bu yaxınlarda ləğv olunmasına baxmayaraq, görürsünüz ki, çox böyük dəyişikliklər və hadisələr baş verir.

Dünyanın aparıcı şirkətlərinin nümayəndələri artıq İrana gəlməkdədirlər. Qısa zaman ərzində Çin rəhbəri İrana səfər etdi. İranın Çinlə ticarət dövriyyəsinin həcmi 30 milyard dollardır. Biz bunu 50 milyard dollara çatdırmaq istəyirik. Ötən gün İranın prezidenti, cənab Həsən Ruhani İtaliyaya səfər etdi. Bu səfər çərçivəsində 22 milyardlıq bir müqavilə imzalandı.

-İndi gündəmdə duran əsas iqtisadi amillərdən biri də neftin qiyməti ilə bağlıdır. Ekspertlər deyir ki, İran dünya bazarlarına girdikdən sonra, neftin qiyməti bir az da ucuzlaşacaq. İran neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?

-Biz də neft ölkəsi olaraq öz neftimizi satmalıyıq. Neft bazarlarına daxil olmaqdan başqa çarəmiz yoxdur.  Lakin İranın neft bazarında iştirakının neftin qiymətinə heç bir təsiri yoxdur. Bildiyiniz kimi, neftin qiyməti bir neçə ay bundan əvvəl ucuzlaşmağa başladı. İran neft bazarına daxil olmazdan qabaq bu proses başlanmışdı. Neftin dəyərdən düşməsinin bir səbəbi budur ki, bəzi region ölkələri İran və Rusiyaya qarşı təzyiqlər göstərmək üçün özlərinin neft hasilatlarını artırıblar. Bu isə bütün neft bazarına öz təsirini göstərir...



-Heç şübhəsiz ki, söhbət Səudiyyə Ərəbistanından gedir.

-Konkret olaraq bəli! Biz iqtisadi məsələləri siyasiləşdirməkdən çəkinməliyik. Siyasi məqsədlər naminə neftin qiymətinin ucuzlaşdırılmasını və ya bahalaşdırılmasının mənası yoxdur. Bundan Səudiyyə Ərəbistanı özü də zərər görür. Bu kimi ölkələr ictimai rəyi çaşdırmaq üçün elan edirlər ki, İran neft bazarına daxil olduğu üçün qiymətlər enir.

-İranın Ermənistan üzərindən Gürcüstana qaz nəqli həyata keçirəcəyi də gündəmdədir. Sizcə, İran belə bir addım atacaqmı?

-Bunlar daha çox medianın öz ehtimallarıdır. Bu barədə konkret bir layihə yoxdur.

-İranın regiondakı əsas iqtisadi tərəfdaşlarından biri də Azərbaycandır. Sanksiyaların ləğvindən sonra İranın Azərbaycanla iqtisadi əlaqələrində hansı yeniliklər gözlənilir?

-Sanksiyaların ləğvindən və bank əməliyyatlarının normallaşmasından sonra bizim ticarət dövriyyəmiz artacaq.

Hal-hazırda Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollardır. Düşünürəm ki, sanksiyaların aradan qaldırılmasından sonra bu rəqəm 1 milyard dollara çatacaq.

İran və Azərbaycan yalnız öz bazarlarına diqqət etməməlidirlər. Onlar birlikdə üçüncü ölkələrin bazarlarına - məsələn, Rusiya bazarlarına da birgə çıxış əldə etməlidirlər. Hal-hazırda İranla Azərbaycan tranzit sahəsində böyük sərmayələr və investisiyalar yatırır. Belə ki, Astara-Astara və Rəşt-Astara dəmir yol xətlərinin birləşdirilməsi üçün hər iki ölkənin investisiya layihələri var. Bu layihə sona çatsa, çox gəlirli sahə olacaq.

Turizm sahəsi də çox gəlirli mənbələrdən biridir. Əgər Azərbaycan və İran vizanın verilməsini sadələşdirsə və ya viza rejimini götürsələr, bu, turizmdən böyük gəlirlərin əldə olunmasına səbəb olacaq.

Biz düşünürük ki, iki ölkə yaxın vaxtlarda enerji və qaz sahəsində investisiya layihələri həyata keçirəcək. Düşünürəm ki, belə müştərək investisiya layihələrindən sonra iki ölkənin iqtisadi münasibətləri daha da möhkəmlənəcək.

- Qərb mətbuatı, analitik dairələr belə bir iddia irəli sürürlər ki, Rusiya və ABŞ Suriya məsələsində razılıq əldə edib. Bu fikirlərin dövriyyəyə buraxılmasından sonra Amerikanın Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına başlayacağı rəsmi şəkildə elan olunub. İranın reaksiyası maraqlıdır.

- Suriyada qanuni dövlət, hakimiyyət var. Bu ölkənin başında prezident Bəşər Əsəd dayanır. Suriyada hər hansı bir əməliyyatın keçirilməsi, bu ölkənin rəhbərliyinin icazəsi ilə olmalıdır. Əsas məsələ bundan ibarətdir ki, insanların rəyinə və seçim hüququna hörmət göstərilməlidir. İkinci prinsipial məsələ budur ki, Suriyanın ərazi bütövlüyü qorunmalıdır. Suriya ərazisində terrorizmlə mübarizə adı ilə hər hansı əməliyyatın keçirilməsi bu ölkənin qanuni hakimiyyəti ilə razılaşdırılmalıdır.

-İranın Qərblə münasibətlərində yeni səhifənin açılmasından sonra belə düşünmək olarmı ki, ölkənizlə Rusiya arasındakı münasibətlərdə soyuqlaşma baş verə bilər?

- Rusiya ilə əməkdaşlığımız strateji xarakterlidir. Qərblə əlaqələrimizin genişlənməsi Rusiya ilə münasibətlərə heç bir təsir göstərməyəcək.

-

- İranın İŞİD-lə mübarizə üçün xüsusi bir strategiyası varmı?

-Biz terrorizmə qarşıyıq və bununla mübarizə aparırıq. Bu xüsusda, terror əleyhinə mübarizə aparan ölkələrə də mənəvi və məşvərət dəstəkləri veririk. Biz İraqda və Suriyada terrorla mübarizə aparanlara dəstəyimizi göstəririk.

-Rusiya Suriyada İŞİD mövqelərini bombalayır. Maraqlıdır, İran niyə Rusiyanın hava əməliyyatlarına dəstək vermir?

-Terrora qarşı mübarizə aparan ölkələr əgər bizdən birbaşa müdaxilə etmək barədə yardım istəsələr, İran kömək etməyə hazırdır. Düşünürük ki, Rusiya təkbaşına terrorun məhv edilməsinin öhdəsindən gələ bilər. Lazım olsa, biz də, bu proseslərdə Rusiyaya kömək edə bilərik.

-İŞİD Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz üçün də təhlükəli amilə çevrilməkdədir. İran İŞİD-in ona qonşu olan ölkələrə gəlməməsi üçün konkret olaraq hansı addımlar atır?

-Biz öz sərhədlərimiz lazımi qaydada qoruyuruq. İŞİD terroçuları bizim sərhədlərə yaxınlaşmaq istəsə, təbii ki, buna reaksiya verəcəyik. Biz də bu fikirdəyik ki, İŞİD region və Qafqaz ölkələri üçün ciddi təhlükədir.

Region ölkələri ilə İŞİD-ə qarşı mübarizə üçün əməkdaşlıq etməyə hazırıq. İŞİD-lə mübarizə aparmaqda ciddi olan ölkələr ilk növbədə terror təşkilatlarına maddi dəstəklərini dayandırmalıdırlar. Səudiyyə Ərəbistanı və onun neft pulları İŞİD və “Əl-Qaidə”nin ən böyük dəstəkçisidir. Bu köməklər kəsilməlidir. İŞİD-lə mübarizə aparmaq üçün hər hansı bir koalisiyaya ehtiyac yoxdur. İŞİD-ə dəstək kəsilsə, bu terror təşkilatı öz-özünə məhv olacaq.

-İsrail İranla Qərb arasındakı razılaşmaya görə, sərt bəyanatlarla çıxış edir. İsrailin İranla əlaqələri onsuz da çox pisdir. Amma bununla paralel olaraq, rəsmi Təl-Əvivin nüvə sazişinə görə, Amerika ilə də münasibətlərində gərginləşmə müşahidə olunur. Bu tendensiya regionda yeni bir təhlükəli oyuna gətirib çıxara bilərmi?

- İranın Qərblə əldə etdiyi razılaşma İsrail üçün ən acı məğlubiyyət idi. İsrail gündən-günə zəifləməyə doğru gedir. Həm siyasi, həm də hərbi sahədə zəifləyib. İsrailin öz müttəfiqləri ilə əlaqələri və münasibətləri zəifləyir. Düzdür, hələ də Amerika ilə İsrail arasındakı əlaqələr rəsmi səviyyədə güclüdür. Amma Amerika əhalisi bu gün İsraili qabaqkı kimi dəstəkləmir.

-Dediyinizdən belə anladım ki, İsrail yanaşmasından irəli gələn səbəblər dolayısında bölgədə konfliktlərin daha da çoxalmasına zəmin yarada bilər. Düzmü düşünürəm?

-Regionda hər hansı bir qarşıdurmanın yaranması İsrailin öz ziyanına olacaq.



Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir