Modern.az

“Bütün İngiltərə onun ayaqları altında idi...”

“Bütün İngiltərə onun ayaqları altında idi...”

29 Yanvar 2016, 11:36

Bu gün dünya şöhrətli futbol hakimimiz Tofiq Bəhram oğlu Bəhramovun doğum günüdür. Yaşasaydı, 91 yaşını qeyd edəcəkdi... Mən bir futbol hakimi olaraq, belə bir gündə Azərbaycanın unudulmaz şəxsiyyət haqqında yazmağı özümə borc bilirəm. Bəlkə də çoxlarımız onun Azərbaycan üçün nə qədər dəyərli bir sima olduğunun fərqində deyilik. Ötən yay bir neçə tədbirdə iştirak etdim. Tədbir əsnasında təxminən yüzə yaxın iştirakçıdan Tofiq Bəhramov haqqında eşıdıb-eşıtmədiklərini soruşdum. Onu da qeyd edim ki, respodentlərin əksəriyyəti gənclər idi. Aldığım cavablar məni çox məyus etdi. Sən demə, dünya şöhrətli hakimimizi çox az adam tanıyırmış. Bəziləri “Stadionu deyirsiz” deyə soruşdular. Onlar Şvartseneggeri, Stalloneni, Norrisi, Beyonsu, Şakiranı, Hadisəni, daha nə bilim yüzlərlə əcnəbini çox gözəl tanıyırlar. Amma dünya şöhrətli həmyerlimizi tanımırlar, o ki qaldı onun başında durduğu əsas hadisədən xəbərdar olalar. İstəsən, içi Hadisə qarışıq bəzilərinin tərcümeyi-halını sənə danışarlar. Di gəl ki özümüzkünün... Özü də sıradan bir özümüzkünün yox ha...


Nə isə... Bu yazını oxuyanların arasında elələri ola bilər ki, Tofiq Bəhramovun kimliyindən xəbardar olmasın. Məqsədim heç də portallardan sitat gətirmək, faktları sadalamaq deyil, sadəcə bu əlamətdar gündə oxucularımızla mülahizələrimi bölüşmək istərdim. Bəli, internetdə onun haqqında kifayət qədər informasiya var. Onunla bağlı maraqlı faktlar yetərincədir. Özü də ki, bu elə faktlardır ki, bunları oxuduqca özünü azərbaycanlı, bu torpağın övladı sayan kəs qürur hissi keçirməyə bilməz... Bu elə bir nailiyyətlərdir ki,bunu nəinki hansısa həmyerlimiz, heç yer kürəsində yaşamış hansısa bəşər övladı qazana bilməyib. Tofiq Bəhramov xüsusi, fenomenal bir şəxsiyyətdir. Tofiq Bəhram oğlu Bəhramova verdiyi ani qərarla bütün Böyük Britaniyanı sevincə qərq eləmiş və növbəti gün bütün dünya qəzetlərinin manşetlərini bəzəmişdi. Bu qərar 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatının finalına təsadüf etmişdi. Həmin oyunda İngiltərə yığması Almaniya Federativ Respublikası yığmasıyla qarşılaşırdı. Bəhramov da yan xətt hakimi (sonralar bu işin icraçıları hakim köməkçisi adlandırıldı), isveçrəli Qotfrid Dinsin yardımçısı idi. Oyunun əsas vaxtı 2:2 hesabıyla başa çatır. Əlavə vaxtda ingilis futbolçu Ceffri Herstin zərbəsindən sonra top əvvəlcə qapı tirinə, ardınca tirin altındakı qapı xəttinə dəyərək meydançaya sıçrayır... İngiltərə futbolçuları topun qapı xəttini keçdiyini zənn edərək, ”qol” qışqırırlar. Çaşqın vəziyyətdə qalan Dinst qərar vermək üçün Bəhramova yaxınlaşır. O da qətiyyətli bir jestlə topun qapıdan keçdiyini bildirir. Bir anda almanların çevrəsində qalaraq, etirazlara, təzyiqlərə və təhqirlərə məruz qalsa da, dediyindən dönmür. Bəli, təhqirlərə məruz qalsa da... Çünki almanlar üçün bu matçın hansı əhəmiyyət kəsb etdiyini və həyatlarının ən vacib qarşılaşmasına çıxdıqlarını onların özləri çox gözəl dərk edirdilər. Üstəlik, bu qərarı verən hakimin sovet vətəndaşı olması onların qəzəbini daha da alovlandırırdı. Baş hakim də öz növbəsində mərkəzi göstərir... Final fitinə az qalmış elə həmin o Herst komandasının dördüncü qolunu vuraraq, İngiltərə yığmasının tarixində ilk dəfə (50 il ötməsinə baxmayaraq son dəfə) dünya çempionluğunu rəsmiləşdirir. Oyundan sonra hakimlər briqadası tam heyətlə (!) “Qızıl fit”lə təltif olunurlar. Halbuki, o vaxtadək yalnız final oyununun baş hakimi bu şərəfə layiq görülürdü.  Üstəlik, ”Qızıl İlahə”nin (Dünya Kubokunun) surətini Bəhramova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası İİ Yelizaveta şəxsən təqdim edir... 
          
Sual yaranır: FİFA hansı məntiqlə sovet hakimini almanların oyununa təyin etmişdi? Axı sonuncu dünya müharibəsindən 20 il ötürdü. Müharibənin vurduğu yaralar heç qaysaq bağlamamışdı... Neytrallıq prinsipi görəsən nəyə qurban verlilirdi? Üstəlik, yarımfinal matçında qərbi almanlar SSRİ yığmasını mübarizədən kənarlaşdırmışdı. Bu amilin özü də Bəhramova təsir göstərməyə bilməzdi. Bütün bunları bilərək, FİFA həmyerlimizi belə vacib oyuna təyin edir... Olmaya dünya futbol qurumu Bəhramovun mübahisəli məqamlarda ingilislərin lehinə qərar verəcəyinə ümid bəsləyirdi? Maraqlıdır, o ərəfədə almanlar buna etiraz etməmişdilərmi? Yoxsa,onlar üçün fərqi yox idi? Sualın içindən sual doğur,cavablar isə qeyri-müəyyəndir.

Elə bu günlərdə İngiltərənin “Sky Sports” telekanalı İngiltərə yığmasının dünya çempionluğunun 50 illiyinə həsr olunmuş 50 saatlıq (!) layihəni təqdim edib. Müasir texnologiyanın köməyilə topun qapı xəttini keçib-keçmədiyi müəyyənləşdirilib. Kanalın daimi ekspertləri Ceymi Karrager və Ed Çemberlen epizodu dəqiqliyinə qədər təhlil ediblər. Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovu haqlı çıxarıb. Taleyin gərdişindən bu unudulmaz hakimimizin doğum gününün ərəfəsində baş verdi. Yəqin ki,şanlı referimizin ruhu şad olar... O dünyada da rahat buraxarlar. Bundan sonra almanlar yəqin ki,bir az sakitləşərlər. Bir də ki, niyə də sakitləşməsinlər-aktivlərində dördqat dünya çempionluğu var. Bu zavallı ingilislərin 86 ildə vur-tut 1 çempionluğu var, onu da 50 ildir ki,dilə-dişə salıblar...



Bəhramovun qərarı necə qətiyyətlə verdiyini xüsusi vurğulamağa və həmin anı dəfələrlə izləməyə dəyər. Bax,bu qətiyyət – hakim üçün olduqca vacib xüsusiyyətdir. Hətta səhv olsan və içində verəcəyin qərara şübhələrin qalsa belə, qətiyyət nümayiş etdirirsənsə, bu çox müsbət keyfiyyətdir. Yoxsa Miroslav Stupar kimi. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında SSRİ-ni hakim kimi təmsil etmək ona həvalə olunmuşdu. O da beynəlxalq arenada Tofiq Bəhramov kimi hakimin sayəsində sovet futbol hakimlik məktəbinin qazandığı nüfuza, yumşaq desək, zərbə vurdu. Fransa-Küveyt matçına təyinat alan Stupar fransızların qolunu sayır. Ardından Küveyt şahzadəsi meydançaya daxil olaraq küveytli futbolçulara meydançadan kənara çıxmaq göstərişi verir. Həmçinin də qərarın dəyişməyəcəyi təqdirdə oyuna çıxmayacaqlarını bildirir. Vəziyyətin belə olduğunu görən ukraynalı referi qərarını dəyişməyə məcbur olur. Ola bilsin, ona FİFA futbol funksionerlərindən kimsə təsir göstərib.Amma fakt faktlığında qalır ; sovet hakimi Miroslav Stupar qolu saydı,sonra qərarını dəyişdi. Bu da heç də hakimə başucalığı gətirmir... Onu da qeyd edim ki, fransızların vurduğu qol o vaxtın qaydalarına uyğun vurulmuşdu. Düzdür, məntiqlə yanaşanda qolun sayılması düzgün olmazdı,lakin qaydalar buna imkan verirdi. Bax belə... Bu misalı gətirməkdə məqsədim qətiyyətin,verilən qərarın dəyişməməyin nə qədər önəmli olduğunu və ən əsası Bəhramovun fərqini göstərmək idi.

11 ildir ki,mərkəzi arenamız Tofiq Bəhramovun adını daşıyır.Dünyada hakimlər içərisində ilki dəfə onun adına abidə ucaldılıb. 1992-ci ildə Bakıya səfəri zamanı “dəmir ledi” Marqaret Tetçer 1992-ci ildə Bakıya səfəri zamanı şəxsən Bəhramovla görüşmüş, 26 il əvvəlki qüsursuz hakimliyinə görə ona minnətdarlığını bildirmişdi.

Onun haqqında çəkilən sənədli filmdə oğlu Bəhram Bəhramov deyir: “Futbol hakiminə xas bütün keyfiyyətləri özündə cəmləşdirməsəydi, rus həmkarlarından qat-qat üstün olmasaydı, sovet futbol funksionerləri əsla onu FİFA referiliyinə təqdimat verməzdi”.
Göründüyü kimi, onun azərbaycanlı olması heç də hakimlik karyerasında irəliləmək üçün köməkçi vasitə olmayıb. Əgər yüksək şəxsi keyfiyyətləri olmasaydı, heç dünya çümpionatına da getməyəcəkdi, üstündən 50 il ötməsinə baxmayaraq onun qərarı müzakirə obyekti olmayacaqdı...

Təəssüf ki, o, az yaşadı-cəmi 68 il. Həyatının son 18 iini ali məktəblərin birində pedaqoji fəaliyyətə həsr elədi. Düşünürəm ki, onun xatirəsini əbədiləşdirmək üçün daha çox işlər görmək olardı. Bakıda, rayonlarda küçələrə, lap elə prospektlərə onun adını qoymaq olar. Bəlkə də paytaxtda var, amma rastıma çıxmayıb. Rusiyada Azərbaycanla müştərək Tofiq Bəhramovun xatirəsinə həsr olunan futbol turniri keçirilir. Bizdə də belə ənənəvi turnir təşkil olunsaydı, onun ruhuna böyük bir töhvə vermiş olardıq. Çünki o bunlara,bunlardan da çoxuna layidir...

İngilis yazıçısı Artur Hopkraft Tofiq Bəhramov haqqında yazdığı “Futbol adamı” kitabından sitat gətirmək istəyirəm. Şəxsən bu sətirləri oxuyarkən, bir azərbaycanlı kimi çox böyük qürur hissi keçirirəm və qeyri-ixtiyari kövrəlirəm:
“Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".

Ruhun şad olsun, DAHİ HAKİM ! Şəxsən məndə bu peşəyə daha çox maraq yaratdığına, ən əsası Azərbaycan üçün etdiklərinə görə... Arzumuz budur ki,xələflərin başını aşağı etməsin,nüfuzuna zərbə vurmasın, ən azından Avropa futbolunda söz sahibi olsun, Azərbaycanın adını uca tutsunlar. Nə etməli,sənin fəth etdiyin zirvəyə çıxmaq yaxın gələcəkdə mümkünsüz görünür...

Ağahüseyn Əzizov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub