Modern.az

Bakının məşhur qonaqları: Orxan Pamuk bakılı yazıçıyla şərt kəsdi...

Bakının məşhur qonaqları: Orxan Pamuk bakılı yazıçıyla şərt kəsdi...

Reportaj

31 Yanvar 2016, 10:52



Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən azərbaycanlılar qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının keçmişində, insanların xatirələrində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə “Qar” romanı ilə Nobel mükafatına layiq görülmüş məşhur türkiyəli yazçıcı Orxan Pamuk haqqında yazacağıq.

Orхan Pamuk 1952-ci ilin 7 iyun tarixində İstanbulda doğulub. Türk ədəbiyyatının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir.

Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çoх nüfuzlu ədəbi mükafat qazanıb. Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri mükafatlar var. Dünyanın 100-dən çoх ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsхəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatıb. "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə, Pamuk dünyanın 100 ən görkəmli şəхsiyyəti sırasına daхildir.

Orхan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açıb. Təhsilini şəhərin elitar məktəblərindən sayılan Robert Kollecdə alıb. İstanbul universiteti yanındakı Jurnalistika institutunu bitirib. Yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıхıb və dərhal da diqqəti çəkərək Yəhya Kamal roman mükafatını alıb.

Şərq və Qərb mədəniyyətlərinin üz-üzə gəldiyi mistik ХVI əsr İstanbulunun bitib-tükənmək bilməyən əsrarlarından söz açan "Mənim adım qırmızı" romanı ilə Orхan Pamuk dünya ədəbiyyatının tanınan simalarından birinə çevrilib. Təkcə bir il ərzində bu əsər 24 dilə tərcümə olunub. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanın ən yaхşı nümunələrindən biri sayılmaqdadır.
Orхan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Хatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir.
"Qar" romanında müəllif Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilib. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin 10 ən mühüm bədii nailiyyətləri sırasında özünə yer alıb.

Türkiyədə həyatına hər an təhlükə gözlədiyini iddia edən Orхan Pamuk 2007-ci ilin fevral ayından ABŞ-da yaşayır. Amerikan telekanallarından birinə verdiyi müsahibədə o, deyib: "İndi Türkiyədə vəziyyət çoх gərgindir. Ziyalıların başı üzərində həmişə məhkəmə təqibləri, hətta ölüm təhlükəsi var. Mənim yazıçı, jurnalist dostlarımdan çoхu ya məhbəsdə, ya da istintaq altındadırlar".

Orxan Pamukun Azərbaycana səfəri hələ Nobel mükafatı almazdan öncə reallaşıb. 2004-cü ildə Azərbaycan Yazılar Birliyinin (AYB) XI Qurultayına qatılan yazıçı iki gün Bakıda qalıb və AYB-nin fəxri üzvi olub.


Yazıçı Anar xatirələrində qeyd edib ki, Azərbaycan yazıçılarının XI qurultayına başqa qonaqların sırasında Orxan Pamuk da dəvət olunmuşdu.

“O, dəvətimizi məmnuniyyətlə qəbul etdi və məşhur jurnalist, rəhmətlik İrfan Ülkü ilə birlikdə ilk dəfə Azərbaycana gəldi. O zaman Orxan hələ Nobel laureatı deyildi, lakin bundan qabaq da Türkiyədə onu çoxları sevmirdi. Mükafat aldıqdan sonra onların sayı təbii ki, artdı. Şöhrətin bədəli budur”.

Anar qeyd edir ki, o zaman “Azərbaycan” mehmanxanasının lüks otağında yerləşdirilən Orxan Pamuk ömründə belə təmtəraqlı nömrədə yaşamadığını deyib.

Həmin dönəmi yaxşı xatırlayan yazıçı-kulturoloq Aydınxan Əbilov bildirir ki, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin XI qurultayına gələn Orxan Pamuku Bakıda o, müşayiət edib.

“Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən Orxan Pamuku qarşılamaq və müşayiət etmək mənə tapşırılanda çox sevindim. Oxuduğum kitablarından ruhən dostluq etdiyim bu böyük sənətkarın Azərbaycana gəlişi, doğrudan da çox əlamətdar, ədəbi-mədəni həyatımızda mühüm hadisə idi.

Rəsmi vəzifəm hörmətli qonağı qurultaya gətirmək və şəhəri gəzdirmək idi: qeyri-rəsmi işim isə bambaşqaydı. Məndə olan məlumata görə, Orxan Pamuk Azərbaycan səfərindən sonra Böyük Britaniyaya - İngilis Yazarlar Birliyinin toplantısına dəvət almışdı. Ölkəmizə iki günlüyə gəlmiş sənətkara bu qısa səfəri ərzində, heç olmasa, köhnə, indi isə gün-gündən yeniləşən - bir qədər dəyişdirilən, bir qədər dağıdılan, bir qədər gözəlləşən, bir o qədər də eybəcərləşdirilən Bakımızı sevdirməliydim. Orxan bəyi təkrarən Azərbaycana qaytarmaq istəyirdim və boynuma alım ki, "öhdəliyimi" uğurla yerinə yetirdim”. 

Müsahibizin sözlərinə görə, Orxan Pamuk hər bir daşında tarixin zərrəsi görünən şəhərimizdə çoxlu şəkillər çəkirdi.

“Orxan Pamuk Bakını gəzərkən paytaxtımızın müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu da vurğulayırdı. Mən isə elə ilk andaca onun “gözünün odunu aldım” ki, gecə sizi Yazıçılar Birliyində hamı tərifləyəcək, çünki bizlərdə qonağı heç vaxt tənqid etməzlər. Fəqət, mən bir kulturoloq-tənqidçi olaraq, missiyamı yerinə yetirməyə çalışacağam: bütün günü tərif enerjisini toplayın, gecə isə sizi tənqid atəşinə tutacağam. O isə sözümü kəsib “Aydın bəy, izn ver, Bakı ilə başbaşa durum” dedi”.

A.Əbilovun sözlərinə görə, Bakıda Orxan Pamuku ziyafətlər, yəni bir neçə saat davam edən və ayrı-ayrı şəxslər tərəfindən verilən təmtəraqlı qonaqlıqlar, köhnə binaların fasad və eyvanları, qədimi və yeni neft buruqları, İçərişəhər, Qız qalası və Qaraşəhər, köhnə Sovetski küçəsindəki (çox təəssüf ki, indi onlar yoxdu) və Nəsimi rayonundakı qır damlı kiçik evlər çox təəccübləndirmişdi. 

“Bundan əlavə yazıçının romanlarını rusca tərcümədə oxuyan tələbələrimiz və dediyinə görə, mənim bic-bic suallarım da onu təəccübləndirmişdi”.



Qurultaydan bir gün sonra, yəni mayın 19-da Yazıçılar Birliyinin Natəvan klubunda Orxan Pamukla ölkəmizdə fəaliyyət göstərən çoxsaylı elektron və yazılı KİV nümayəndələrinin görüşü - jurnalistlərin təbirincə desək, mətbuat konfransı keçirilib. Tədbiri Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açıb. Orxan Pamuk kimi dəyərli türk yazarını Bakıda gördüyündən məmnun qaldığını söyləyən Anar bildirib ki, AYB İdarə Heyətinin yekdil qərarı ilə tanınmış türk romançı Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Orxan Pamuk AYB-nin qurultayında çıxış edərkən deyib:

"Dəyərli yazarlar, Bakıda olmaq mənim üçün çox böyük bir şərəfdir. Mənim bir çox kitablarım dünyada işıq üzü görüb. Son 6-7 ildə əksər dillərə çevrilən kitablarıma görə mən çox səyahət edirəm. Səyahət etdiyim yerlərdə, qonaq olduğum ölkələrdə özümü doğma sayıram. Lakin burada, bu şəhərdə - Türkiyə ilə bağlı olan məkanda özümü evdəki kimi hiss edirəm. Musafir olduğum yerlərdə hər tərəfə qıraqdan baxır, oraları hiss etməyə çalışıram. Özümü evdə hiss etdiyim yerlər var.
İki milyon türk yaşayan Almaniya, ümumiyyətlə isə Türkiyənin izi olan ölkələr - Ukrayna və İrandakı kimi Azərbaycanda - Bakıda da özümü çox rahat hiss edirəm. Bu hisslər məni elə hava limanındaca bürüdü. Toplantınıza qoşularaq buranın yazarlarının ədəbi-mədəni fikirlərini dinləmək istərdim. Hamımızı birləşdirən şey Türk dünyasıdır. Anadoluda eşitmişəm: millət Türkiyədən və ya Azərbaycandan bəhs etməyə başladığı andan etibarən ədəbiyyatı sevir. Yazmaq istəyən əgər yazar, şair olacaqsa, belə bir şeyi hiss edirsə, həmən deyər ki, türk dilim var. Türk dilinin qədim keçmişinə, dünyada yayılmasına rəğmən, indi durum başqadır. Bütün zamanlarda özünü qəbul etdirən, keçmişi zəngin olan, sevilən bu dil indi seçim qarşısındadır. Türk dünyasının hər yerində, istər İstanbul, istər Bakı, istərsə də Orta Asiya cümhuriyyətlərində yaşayan yazar bu dildə - türkcədə yazarkən, öncə bunu düşünür: məni kim oxuyacaq, işim çətinliyə düşməyəcək?..
Əfəndim, bizləri kim oxuyur, kim bizi tanıyar, kim dinlər...
Türkcə yazanlar, öncə, çox zəngin olan öz mədəniyyətlərinə güvənməlidirlər. Bütün dünyaya öz varlığını, mədəniyyətini sübut etmək lazımdır. Dünyadakıları öyrənməklə, öz mədəniyyətimizi zənginləşdirmək və modern vasitələrlə onu tanıtmaq, yaymaq gərəkdir. "Dünyanın hansı problemləri millətimiz üçün daha aktualdır" sualını da unutmamalıyıq ki, türk yazarının da deməyə sözü olsun.
Burada, Bakıda olduğuma görə çox şadam".



Aydınxan Əbilovun sözlərinə görə, yazarların tədbirində iştirakı və onun şərəfinə verilən ziyafətlərdən sonra ədəbi-mədəni mühitimizin bir çox maraqlı tərəflərini bəyəndiyini söyləyən Orxan Pamuk o vaxt Bakı ilə ətraflı tanış ola bilmədiyinə görə təəssüfləndiyini dilinə gətirib.

“Orxan bəy İçərişəhəri, Qız qalasını, Şirvanşahlar sarayını, dənizkənarı Milli Parkı, XIX əsrə aid binaları, italyan və Avropasayağı qədim tikililəri, bənzərsiz miniatür kitab muzeyini, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyini, S.Vurğunun ev muzeyini, Yazıçılar Birliyinin binasını, Fəvvarələr meydanını, qədim karvansaraları, Muğam Teatrını, paytaxt metrosunu, dolanbac küçələrimizi, şəhərkənarı gecəqonduları, neft buruqlarını, modern restoranları, daha nələri ilə Bakımızı sevdi. İnsanlarımızın, xüsusən də yazarlarımızın, ədəbiyyatsevərlərimizin ehtiram və hörmətini duyandan sonra Azərbaycan türklərinə qəlbdən vurulduğunu söyləməyi də unutmadı”.

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin altındakı Bakı oxucularının sevimli yeri sayılan "Akademiya" kitab mağazasında “qonaq dəftəri”nə ürək sözlərini yazıb imza atan Orxan Pamuk səhifənin qırağında bir rəsm əsəri də cızıb, daha sonra saysız-hesabsız fotoşəkillər çəkdirib..

A.Əbilov deyir ki, Orxan Pamukun gəlişi ədəbiyyatsevər xalqımız üçün əsl hadisəyə çevrilmişdi.

“Ciddi söz sənətinin - böyük türk yazarının yaratdığı gözəl ovqatı ancaq bayrama - maraqlı ədəbi-bədii söz hadisəsinə oxşatmaq olardı. Tanınmış şair Rüstəm Behrudi demişkən, "Orxan Pamuk Türk dünyasını həm cahanda, həm də bizim qəlbimizdə bir daha ucalda bildi.

Orxan Pamuk səfərinin son günü mənə və "Gənclik" nəşriyyatının direktoru Əlican Əliyevə boyun oldu ki, Azərbaycanda əsərlərinin nəşrinə razıdır: "Bircə şərtlə, heç bir maddi marağım yoxdur, para istəmirəm, təkcə bədii çevirmələrin səviyyəsi çox yüksək olsun. Aydın bəyə isə çevirmələrin bədii redaktorluğunu tapşırıram. Əgər kitablarımı buraxsanız, təqdimatına mütləq gələcəyəm, həm də bütün Azərbaycanı gəzəcəyəm”,- deyə Aydınxan Əbilov keçmiş günləri xatırlayıb.

Beləliklə, iki günlük səfəri zamanı Bakıdan böyük təəssüratlarla ayrılan, yazdığı “Qar” romanına görə geniş tənqidlərə məruz qalan böyük türk yazıçıcı sonralar Nobel mükafatına layiq görülüb.






Aytən ZƏHRA

***

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ
//modern.az/articles/42791/1/


Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
//modern.az/articles/38993/1/


Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/


Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi – LAYİHƏ
//modern.az/articles/84688/1/

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” – LAYİHƏ
//modern.az/articles/85561/1/

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş - LAYİHƏ
//modern.az/articles/86485/1/

Bakının məşhur qonaqları - General Şarl de Qollun Azərbaycanda nə işi vardı? - LAYİHƏ
//modern.az/articles/87046/1/

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi – LAYİHƏ
//modern.az/articles/88189/1/


Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı - FOTOLAR
//modern.az/articles/88791/1/

Bakının məşhur qonaqları - Çingiz Aytmatovu Azərbaycanla bağlı nə qorxutmuşdu?..
//modern.az/articles/89838/1/

Bakının məşhur qonaqları: “KQB”nin izlətdiyi Nazim Hikmət Bakıda niyə ağlamışdı.. - LAYİHƏ
//modern.az/articles/92522/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir