Modern.az

Azərbaycan terror təşkilatlarının siyahısını tərtib etməlidir - Deputatdan AÇIQLAMA

Azərbaycan terror təşkilatlarının siyahısını tərtib etməlidir - Deputatdan AÇIQLAMA

3 Fevral 2016, 16:40

Çağdaş dövrdə terrorçuluq regional müstəvidən dünya miqyasına qədər xərçəng şişi kimi böyüməkdə davam edir.

Müxtəlif ideoloji mənbələrdən qaynaqlanan şüarlarla mübarizə aparan, təbliğatlarına cürbəcür dini etiketlərlə don geyindirən terror təşkilatlarının bir çoxunun fəaliyyəti, hədəfləri barədə fərqli yanaşmalar mövcuddur.  

Terrora münasibətdə modellər

İdeoloji silahları əlində qalxan edib, vəhşilik törədən qruplara fərqli baxış bucaqlarından dolayı rəsmi münasibətdə ikitirəlilik yaranır. İranın hərbi-siyasi dəstəyini qazanan,

Yaxın Şərqdəki proseslərə müəyyən qədər təsir etmə gücündə olan “Hizbullah” təşkilatını ABŞ və İsrail terror qurumu kimi tanıyır. İran isə hər vəchlə “Hizbullah”ın maddi dəstəkçisi, maliyyə ruporu olmaqda israrlıdır.  

Məlumat üçün bildirək ki, İranın müttəfiqi Rusiya da adıçəkilən təşkilatı nəinki terror qrupu kimi tanımır, əksinə ona silah yardımı da edir. Buna paralel olaraq beynəlxalq aləmin bəzi terror şəbəkələri ilə bağlı vahid mövqeyi var.  

Məsələn, “İslam dövləti” (İŞİD) kimi qlobal virusa qarşı bütün dövlətlər eyni məntiqdən çıxış edir. Lakin, İŞİD-i məhv etmək üçün strategiyaya yanaşmada yekdil mövqe yoxdur.   Terror təşkilatlarının Azərbaycanda da bir sıra əməlləri təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunub və vaxtında zərərsizləşdirilib. Ölkənin hüquq-mühafizə orqanları müxtəlif radikal dini sektalara qarşı zaman-zaman əməliyyatlar keçirib.  

Həmin təşkilatların fəaliyyətində terrorizmin elementləri olması faktı normal düşüncədə olan insanların heç birində şübhə doğurmur. Amma bu günə qədər Azərbaycanda terror təşkilatlarının rəsmi səviyyədə siyahısı hazırlanmayıb.   Təsadüfi deyil ki, bir neçə dəfə Azərbaycanın PKK-nı rəsmi şəkildə terror təşkilatı kimi tanımaması tənqidlərə yol açıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına bildirib ki, dünya üçün terrorun qlobal təhlükə olduğunu qəbul etməyən çox az siyasi dairə mövcuddur.

“Terror bütün hallarda pisdir və lənətlənməlidir.  Ola bilər ki, terror ermənilər üçün dövləti məqsədlərə nail olmaq üçündür. İkincilər üçün cihad, üçüncülər üçün öz maraq dairələrini genişləndirməkdir. Fərq etməz. Nəticə birdir”.  

Zahid Oruc qeyd edib ki, Azərbaycan beynəlxalq cəmiyyətin tərkib hissəsi olaraq terrorizmlə bağlı qanunvericilik aktlarının xeyli hissəsini təkmilləşdirib.  

Komitə üzvü anti-terror fəaliyyəti ilə bağlı konvensiyaların ratifikasiya olunduğunu, MDB məkanı formatında qanunvericilik aktlarının işləndiyini, hüquqi sənədlərin ərsəyə gətirildiyini xatırladıb.

Hüquqi vakuum

Parlamentari bununla belə, Azərbaycanın terror təşkilatlarını rəsmi tanımaması məsələsini şərh edərkən bildirib ki, bu, sırf spesifik hüquq predmetidir. “Doğru yanaşma bundan ibarət olmalıdır ki, Azərbaycanda terror əleyhinə mübarizə ilə bağlı milli qanunvericilik hazırlansın.  

Həmin qanunvericilikdə müddəalardan biri bundan ibarət olmalıdır ki, biz dünya dövlətləri kimi beynəlxalq aləm və ölkəmiz üçün təhlükə doğuran qruplarının adlarını tanıyaq.

Bəziləri düşünür ki, biz onları rəsmi olaraq dilə gətirəndə, özümüz hədəfə çevrilə bilərik. Azərbaycanı heç bir dairə terror qrupları ilə əlaqələndirə bilməyib. Azərbaycan dövləti hətta Qarabağ uğrunda savaşı belə, terror vasitəsi ilə aparmamağı ortaya qoyub. Bu mənada bizi ən sülhpərvər xalq saymaq olar”.  


Deputat vurğulayıb ki, ölkədə terror təşkilatlarının siyahısı rəsmi səviyyədə tərtib edilməli və bu, qanunvericilik aktlarının tərkib hissəsinə çevrilməlidir. “Bunun əsasında da hər bir şəxs – iş adamları, məmurlar, müxtəlif korporasiyalar bilməlidir ki, terror qrupları ilə əlaqə cinayətdir”.  

Dünya təcrübəsindən

Qeyd edək ki, dünyanın bir çox ölkəsi terrorçu təşkilatların siyahısını tərtib edib.

Nümunə üçün: Avstraliya 2002-ci ildə qəbul etdiyi “Terrorizm haqqında” qanunda terror qruplaşmalarının sayını göstərib.  

Kanadanın Cəza Qanununda hökumətə icazə verilir ki, terror qurumlarının siyahısını hazırlasın.  

ABŞ Dövlət Departamentinin də terrorçu siyahısı mövcuddur. ABŞ xarici siyasət idarəsinin saytında kiçik araşdırma aparmaq kifayətdir ki, rəsmi Vaşinqtonun hansı silahlı dəstələri terrorçu kimi xarakter etməsini görmək olsun  

Böyük Britaniya isə qəbul etdiyi “Terrorizm haqqında” qanunla ölkədə fəaliyyəti qadağan edilənlərin adlarını açıqlayıb. Qonşu Türkiyə də bir sıra şəbəkələrin fəaliyyətini terror kimi tanıyır.  

Məsələn, Türkiyə, illərdir ərazi bütövlüyü üçün böyük təhdid yaradan PKK-nı hələ də terrorçu siyahısında saxlamaqda davam edir.

Aqşin KƏRİMOV


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI