Modern.az

Tanrının və Çingiz Abdullayevin vəzifəsi - Deputatdan ŞOK yazı

Tanrının və Çingiz Abdullayevin vəzifəsi - Deputatdan ŞOK yazı

Parlament

5 Fevral 2016, 15:17

Deputat Zahid Oruc xalq yazıçısı Çingiz Abdullayev barədə rezonansa səbəb olacaq məqalə ilə çıxış edib.

 Modern.az Zahid Orucun məqaləsini təqdim edir:

"Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Hərdən o qədər də xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, "Pen-klub"da da, "Neftçi"də də, "Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu"nda da..."

Möhtəşəm yazıçımız  Çingiz Abdullayevin yuxarıdakı təsirli yanğısını sön dövr Azərbaycan sosial reallığına verilən adekvat qiymət saymaqda səhv etdiyini düşünmürük. İş yeri itkisi gerçəkdən də bütün formasiyalarda ölüm hökmünə yaxın tutulub.Məgər yoxsulluq məngəsinə atılan insanların mənəvi və fiziki məşəqqətləri təkcə yazıçılarınmı baş qayğısıdır?

Viktor Hüqonun qəhrəmanlarını hərdən çevrəmizdə gördükcə heç bir ədəbi keyfiyyəti daşımadan onların psixoloji halına və öləziyən ruhuna yanmaya bilmirsən. Kapitalist cəmiyyəti üçün Marksın təsvir etdiklərini indi solçular hər addımda liberal iqtisadiyyatı tərənnüm edənlərin gözünə pərçim etməyə çalışır. Lenin həmin ümidsiz və qollarında yoxsulluq zənciri gəzdirənlərlə  çarizmi taxtdan salmışdı.

Hər halda fəhlə-kəndli sinfinin balası olan görkəmli bir qələm adamımızın lümpenlərə rəhm və himayəçilik göstərməsi az qala “Çingizin siyahısı” adlana bilərdi. Axı adam vaxtilə  Polşada  gettolarda  aclıqdan və səfalətdən kütləvi məhv edilən yəhudilərin bir qismini xilas edən Oskar Şindler qədər öz xalqını müxtəlif çətinliklərdən  qorumağa çalışırdı. Sovet yaddaşımızda dərin izlər buraxan bir qəhrəmanın indiki davamçısı faşizm təhlükəsi olmasa da kapitalizm adlı canavarın sərt caynaqlarından öz soydaşlarını ala bilirsə, bunu yalnız alqışlamaq lazımdır.

Amma deyəsən, bütün siyasi detektivləri kimi yazıçı öz personajlarını konkret sadaladığı qurumlardan deyil, içərisində yaşadığı cəmiyyətdən götürüb. Gəlin razılaşaq ki, hörmətli qələm adamımız axırıncı hayqırtısı ilə başqa vəzifə sahiblərini insan taleləri ilə ehtiyatla davranmağa çağırarkən sadəcə ədəbi priyom işlədib. Çünki elə olmasaydı, ”Neftçi”dən verilən bəyənatda deyildiyi kimi, orada kimisə ixtisara salmağa səlahiyyəti çatmadığından, Yazıçılar Birlyində hörmətli Anar müəllimin öz müdrik və tarazlayıcı rəhbərliyini uğurla davam etdirməsindən, Pen-klubdakı tənhalıq vəziyyətindən və digər ictimai vəzifələrdən məmurlara görk edəcək heç bir imkanı olmayıb. Daha sadə dillə desək, sən demə, Çingiz müəllimin özü də “işsiz imiş”.

Bütün bunlara rəğmən ona sevgimizi izhar edən bir çıxışla siyasi məclisimizdə çağırışda bulunmuşduq: qoy məmurlar və xalq təmsilçiləri də prezidentin dövlət və özəl şirkətlərə müraciətinə qoşularaq iş yerlərini ixtisara salmaqdan daşınsınlar,yaxud, yeni fürsətləri tanıyaraq əlavə zəbt etdikləri ştatları boşaltmaqda tərəddüd göstərməsinlər.

Stalinli müharibə keçmişimizin nümunəvi tarixçəsini indi xatırlamaqda pis nə ola bilərdi ki?! Məsələn, birinizin iki geyimi varsa, gəlin onu ehtiyacı olan başqası ilə bölüşək. ”Şərikli çörək” şirin olmazmı?  

İndi sizə çıxışımın videostenoqramını təqdim edirəm. Orada əsas ağırlıq mərkəzinin məhz həmkarlarıma və məmurlara yönəldiyini görməmək mümkün deyil. Çingiz Abdullayevi “ünlü simamı”mız adlandıraraq onun əsərlərinin külliyatı üzərində bir millətin neft və qazdan savayı dünyaya həqiqi ədəbiyyat çıxardığını deməkdə cinayətmi etmişik? Yaxud da qazandığı oxucu rəğbətini vurğulayarkən hansı məkrli planı cızmağa çalışmışıq?

Tanınmış yazıçımızı ictimai hərəkatın önünə çıxarmaq istəyərkən bir penniyə dəyməyən klubun qəzəbli açıqlaması qəzəb saçan çinovnik naturası ilə qarşımıza çıxdı. Əfqanıstandan BMT-nin Baş Məclisinə qədər geniş bir coğrafiyada yol qət edən adamın-Çingiz Abdullayevin içərisində ədəbi dünyadan daha çox kütlələrə inzibati rəhbərlik etmək istəyi də yetərincə çox imiş. Sən demə “məmurlar və deputatlar 2-3 cü vəzifələrindən kənarlaşıb parlamenti peşəkarlar məclisinə çevirsinlər” çağırışı cəmiyyət tərfindən də müdafiə olunmurmuş. Elə isə rektorlarımızı yerlərindən niyə tərpədirdik ki? Böyük Heydər Əliyev ensiklopedik şəxsiyyətimiz Azad Mirzəcanzadəni yanına çağırıb vəzifə adamlarının elmi adlara doğru başlayan yarışını durdurmağı tapşırması indi bir daha əsl uzaqgörənlik nümunəsi qənaətini möhkəmləndirir.. Halbuki bir nazirin və ya millət vəkilinin əlində saxladığı əlavə kafedra müdirliyi yerini tutmağa layiq olan o qədər gənclərimiz  təhsil müəssisələrində  növbələrini gözləməkdən yorulublar ki.

 Hər halda Sezar Romasının senatorları bir neçə kreslo tutmaları ilə öyünmürdülər. Bəs yazıçılarımız necə, titullar üçün çoxmu “ictimai vəzifələr”lə yüklənmək istəyəcəklər?

“Komissar Kattani”liyə iddialı olan bir vəkil prokuror üslubu ilə məni dövlətin məkrli planını yazıçımıza qarşı həyata keçirməkdə qınamışdı. Sən demə “məmurlara üsyan qaldıran inqilabçı yazarı” susdurmaq üçün belə bir plan hazırlanıb. Onun virtual divarında-sosial mediada  ünvanıma hər cür təhqiri yağdırmışdılar. Lakin oradakı çamur şparqalkaları bizdən daha çox asıldğı divarı gözdən salırdı. Çingiz Abdullayevin əsərlərini oxuyanların niyə elə söyüşcül və kor nifrətə büründüklərini təyin eləmək çox çətin idi. Axı ədəbiyyatın funksiyası həm də insanları tərbiyə etməkdir.

Çingiz Abdullayevin işığının cazibəsinə toplaşanların belə kobud üslubu kimin nüfuzuna daha çox zərbə vurur?     

İndi müstəvinin belə ustalıqla dəyişdiyi şəraitdə-yəni,bizim xoş məramımızla hökumətə müraciət edib min iş yerinin yaratmaq üçün olan gözəl fürsəti qaçırdıq və istəmədən Çingiz müəllimlə üz-üzə qaldıq. Halbuki yazıçı özünü bəşəri və milli ideyalar naminə qurban verərək ilk cığıraçan rolunda tərəddüd göstərməməliydi. Onsuz da keçmiş prezident İlion İliyesko kimi hakimiyyət iddiasına malik olmayan bir adamın ən azı 4 vəzifəsi onun dünyəvi şöhrəti və kütləvi sevgi ünvanı olmasının yanında heç nədir. Bəs onda başqa bir ÇA-nın-türk dünyasının nəhəngi Çingiz Aytmatovun döş nişanları və tutullarının həsrətini çəkmək kimə gərəkdir?

Görkəmli qırğız yazıçısının 5 dəfə SSRİ Millətlər Sovetinin üzvü seçilməsi, 9 dəfə eyni uğuru Frunze-1 May seçki dairəsində yaşaması, Kompartiyanın üzvü olması, Prezident Şurasında təmsilçiliyi, İssıq-kul hərəkatının təşəbbüskarına çevrilməsi,”Xarici ədəbiyyat” jurnalına baş redaktorluğu və daha onlarla ictimai missiyası bir “Köşək gözü”nün (əsərin adı-Z.O.) ədəbi yükü ilə eyni çəkiyə gəlməz. Hər halda Tolstoy həyatının sonunu Yasnaya Polyanada keçirəndə və bütün varını kəndlilərə paylayanda əsərlərinin fikir dəyəri dünyəvi ölçüdə hesablanırdı və qoca yazıçı akademiyaları,yaxud nobelləri düşünmürdü.Yaxud. Qabriel Qarsianın həyatı boyu bir qəzetin köşə yazarlığına sığınması onu ədəbi patriarxa çevrilməyə mane olmadı və yüz ilin tənhalığından qorudu.

Lakin biz yazıçını yoxsul deyil, varlı görmək istəyirik. Ona görə də hörmətli Çingiz müəllim, sizi ideallaşdırarkən öz yaratdığınız qəhrmanlara bənzəməyinizi arzulayanda heç bir günah işlətmədiyimizi düşünmüşdük. Məgər Dronqo da sizi kimi “mətbuat xidməti” vasitəsilə danışardı?

Hər halda siz  “Qorbaçovu xilas edərkən, Rusiyada itən nüvə silahlarını ələ keçirməyə yardımçı olarkən, yaxud Siciliya mafiyasına öldürücü zərbələr vurarkən” oxucunun qəlbində qoyduğunuz dərin izləri belə asanlıqla silə bilməzsiniz .Dronqo cəsur, tədbirli bir xəfiyyə gücü ilə hətta ən məxfi əməliyyatları açarkən xeyirxahlığından  da bir an  geri çəkilmirdi. Elə isə öz qəhrəmanına bənzəməyən yazıçını görməkdən acı heç nə yoxdur.

Biz ki siyasi detektivlik edib neft pullarından müşahidə şurasına düşən qəlpələrin son ünvanına necə getdiyini aydınlaşdırmağa və oradakı ikili müsahibatlığa baş vurmağa cəhd göstərməmişdik. Yaxud, Yazıçılar Birlyində iki sürücü və iki katibəyə malik olan adamların da peşində deyildik. Bunlar yalnız sizin növbəti gözəl romanlarınızın süjeti kimi maraqlıdır. Ona görə Dronqo Çingiz Abdullayevə qalib gəldi və mənim gözümdə bir daha yüksəldi. Sizin qəhrəmanınız mənim çıxışımın orijinalına baxmadan sarkastik ruhda hərəkət etməzdi.


“Detektiv krallığı” çox yaxşı vəzifədir və bütün rütbələrdən yuxarıdadır. Dronqo hər halda Züqanov kimi danışıb Abramoviç kimi yaşamaq istəməzdi. Məgər Nizami Gəncəvi "Neftçi"nin Müşahidə Şurasına can atardı? Əlbəttə, brend olan bir ismin hətta idman simamızın üstündə olmasından yalnız fəxarət hissi keçiririk. Lakin Məhəmməd Fizuli siyasi detektivlik edib gedib hörmətli Artur müəllimdən 200 min manatlıq layihə istəməzdi.

Ona görə sizə olan böyük sevgimizə qəzəblə və ironiya ilə cavab vermək şəxsinizə yaraşmadı. Çevrənizə əsl xalq adamlarının yığıldığını onda biləcəksiz ki, onlar peyğəmbərlərin həvariləri kimi hər kəsi hörmət və ehtiramla cavablandırmaq istəsinlər. Yoxsa, kitablarınızla adamları döyməyə qalxanda, əsərlərinizin çəkisini vətəndaşın fakturasından yuxarıda tutanda ədəbiyyat müqəddəsliyini itirir. 

Məgər daşıdığınız 18 vəzifənin şöhrətindən və cazibəsindən bir ilahinin verdiyi qələmin mükafatı böyük deyilmi? Sizə ehtiramımız gerçəkdən də böyükdür. 

Lakin unutmayın, Allahın təkcə bir vəzifəsi var- o da bəşəriyyətin və ya insanlığın qorunması! 

Hə, doğrudur,Tanrı da ictimai əsaslarla işləyir! 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?