Modern.az

Qulamhüseyn Əlibəyli: “Görünür hakimiyyət mənim kimi deputata ehtiyac görmədi”

Qulamhüseyn Əlibəyli: “Görünür hakimiyyət mənim kimi deputata ehtiyac görmədi”

7 Dekabr 2010, 15:47

Partiya sədri: “Mən də deyə bilərəm ki, filankəs hakimiyyətin əlaltısıdır…”


Aydınlar Partiyası parlament seçkilərində iştirak etsə də, mandat qazana bilmədi. Partiyada hesab edirlər ki, müxalifətçi mövqe üzündən parlamentə düşə bilməyiblər. Partiyanın sədri Qulamhüseyn Əlibəylinin fikrincə, onların ümidlərinin doğrulmasına hakimiyyət imkan vermədi…
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Modern.az saytına müsahibə verib.

- Bu ilki parlament seçkiləri ilə bağlı mövqeyinizi bilmək istəyirik. Siz uzun müddət Azərbaycanda siyasi münasibətlərin seçki yolu ilə dəyişdirilməsinin tərəfdarı kimi çıxış etmisiniz. Bəs builki parlament seçkiləri sizin üçün hansı gözlənilməzlikləri ilə yadda qaldı və ümumi siyasi mənzərə sizə hansı təsviri verir?

- Mənim üçün bu ilki seçkilərdə ciddi bir gözlənizməzlik olmadı. Hələ seçkilərdən xeyli əvvəl demişdik ki, seçkilərin taleyini seçicilər, siyasi qüvvələr yox, hakimiyyət özü müəyyənləşdirəcək. Kimi istəsə, parlamentə buraxacaq, kimi istəməsə, buraxmayacaq. Seçkinin nəticəsi də bunu göstərdi ki, hakimiyət öz barmağını kimin üstünə qoydu, həmin adamlar seçildi,  kimlərdən xoşu gəlmədi, həmin adamlar seçilmədi. Real desək vəziyyət bundan ibarətdir. Bu mənada mən gözlənilməzlik görmürəm.

- Sizin opponentləriniz hər yerdə deyirdilər ki, hökümətin “barmaq qoyduğu” adamlardan biri də sizsiniz. Onlar əminliklə deyirdilər ki, Qulamüseyn bəy hökmən deputat olacaq…

- Prinsip etibarı ilə istənilən adam barədə bunu demək olar, sözdü də, deyilir….

- Bütövlükdə müxalifət kəsiminin parlamentdən kənarda qalması özlüyündə hansı səhnəni ortaya qoya bildi?

-  Azərbaycan Respublikasının Milli Məclisi kimi bir qurum doğurdan da cəmiyyətin təmsilçilik funksiyasından kənarlaşıb, iqtidarın əli altında olan bir quruma çevrilib. Parlamentdə  prinsip etibarı ilə siyasi qüvvələrin fikir toqquşması, siyasi qüvvələrin fikirlərinin qabardılması prosesi olmayacaq. Milli Məclis çox partiyalılıq olmayan bir qurum kimi formalaşıb.

- Siz Aydınlar Partiyasını yaradarkən yeni konstruktiv  siyasi münasibətlərə söykənəcəyini bəyan etmişdiniz. Seçkilərdən sonra partiyanın bəyan etdiyi xəttlə bağlı potensialının olmadığı ortaya çıxdı? Yoxsa Aydınlar Partiyasının yeni tezisi özünü doğrulda bilmədi siysi məkanda?

- Parlament seçkilərində Aydınlar Partiyasının kifayərt qədər namizədləri var idi. Həmin namizədlərin müəyyən hissəsi qeydiyyatdan keçmədi. Amma namizəd olanlar seçki prosesində aktiv fəaliyyət göstərdilər. Partiyanın ümudləri var idi  ki, əhali seçkilərdə iştrak etməklə partya namizədləri səs toplayacaq. Belə bir ümidimiz var idi. Sadəcə olaraq, bu ümidləri doğrultmağa hökümət imkan vermədi.

-  Bir çoxları hesab edirdilər ki, sizin AXCP Məclisinin sədri kimi yüksək postdan istefa verməyiniz və yeni partiya yaratmağınız güya, növbəti parlament seçkilərində hakimiyyətin sizə “stavka”nın bir təsdiqi idi. Kuluarlarda danışırdılar ki, builki parlament seçkilərində sizinlə bərabər bir neçə nəfər də mandat qazanmalı idi. Bunlar baş vermədi …

- Mən hesab edirəm ki, belə dedi-qodu ilə məşğul olan adamlar oturub fikirləşməlidirlər ki, niyə dedikləri sözlər yalan çıxır… Deməli bunlar bu dedi-qodulardan əl çəkməlidirlər. Amma belə görünür əl də çəkə bilmirlər. Mən o vaxt  da fikrimi bildirmişəm.  İndi də deyirəm, mən kiməsə hesabat verməli deyiləm ki, bu partiyanı niyə yaratmışam, nə üçün yaratmışam…
Mən öz fikrimi o zaman bildirdim ki, mən AXCP-nin dəsti-xətti ilə razı deyiləm və Aydınlar Partiyasını yaratmışam. Partiyam da normal fəaliyyət göstərir. Partiyamızın hakimiyyətə özünün ayrıca yanaşması var. İndi kim nə deyirsə desin. İstənilən adamla bağlı dedi-qodu salmaq olar. Nə var ki orda? Mən də deyə bilərəm ki, filankəs də hakimiyyətin əlaltısıdır, hakimiyət onu seçməli idi, niyə onu seçmir? Bunların hamısı sözdü də deyirlər…
Arxasında bir fikir, real bir ifadə  dayanmır. İstənilən sözü demək olar. Çox təəssüf ki, Azərbaycanın builki siyasi həyatında bu cür dedi-qodular əhəmiyyətli rol oynayır.

-İndiki halda müxalifət düşərigəsinin siyasi prespektivini necə görürsünüz?

- Mən hesab edirəm ki, seçkilərin nəticələrindən sonra müxalifət düşərigəsində hərəkətlənmə xeyli zəifliyib. Seçki saxtakarlığının nəticələrini aradan qaldırmaq üçün birgə mübarizə aparılmasında və yaxud parlament seçkilərində kifayət qədər səs toplayan, amma hakimiyyət saxtalaşdırması nəticəsində mandat ala bilməyən insanların bir araya gəlməsi üçün işlər görülməıli idi. Bu istiqamətdə müəyyən işlər görülə bilərdi.  Çox təəssüf ki, bir- iki addımdan sonra proses faktiki olaraq dayandırıldı. Müxalifət düşərgəsində xeyli zəifləmə var və yaxın zamanlara qədər bu zəifləmələr hələ davam edəcək.

- Siyasi böhran bu seçkilərdən sonra başlanıb, yoxsa kökləri dərindir?

- Müxalifət düşərgəsində olan bu siyasi böhran çoxdan başlanıb. Dedi-qoduların artmasının bir səbəbi də bu siyasi böhranın təzahürüdür.

- Uzun  müddət siyasi təcrübəsi olan partiya sədri kimi bu böhranın kökündə hansı amilləri sadalaya bilərsiniz?

- Dedi-qodular bunun təzahur formasıdı. Onların kökləri müxtəlif ola bilər. Birinci, Azərbaycanda siyasi proseslər  bir çox hallarda qanuna əsaslanan mübarizə formasında getmir.  Birtərəfli olaraq zora arxalanan sabitlik əsasında davam edir. Azərbaycanda siyasi qüvvələrə münasibətdə ayrı-seçkilik mövcüddür. Xüsusən də müxalifət qüvvələrinə münasibətdə olan təziqlər vaxtaşırı olaraq meydana çıxır. Ayrı-ayrı müxalifət qüvvələri daxilində bir-birinə olan inamsızlıqlar da buna şərait yaradır. Bu baxımdan bir tərəfdən müxalifətin qanuni fəaliyyət dairəsi məhdudlaşdırılır, onun daxilində olan o ayrı-seçkiliklər, bir-birinə münasibətdə olan o inamsızlıqlar, dedi-qodular gətirib ora çıxardır ki, faktiki olaraq müxalifət düşərigələri böhran vəziyyətindədi.

- Müxalifət düşərgəsinin böhrandan çıxmağını AXCP və Müsavat partiyalarının birliyində görürlər.  Siz bu iki partiyanın birləşmə prespektivinə necə baxırsınız?

- Əslində bu iki partiya bir araya gəlib birləşə bilər. Partiyaların son dövrlərdə fəaliyyət formaları, məqsədləri eynidi.  Bu partiyalar birgə fəaliyyət göstərmək imkanına malikdirlər və hesab edirəm ki, AXCP-Müsavatın birləşməsi ilk növbədə partiyaların özləri üçün vacibdir.  
Heç olmasa dedi-qoduların müəyyən hissəsi aradan çıxır. Fikrimcə, bunların bir araya gəlməsinin müəyyən prespektivi var və bu bütövlükdə yenidən müxalifət düşərigəsinin canlanmasına gətirib çıxara bilər. Əslində dedi-qoduların çoxu bu iki partiya arasında gedirdi.. Hər-halda dedi-qoduların müəyyən bir hissəsi aradan çıxacaq.

- Birliyin əlehinə olanlar deyirlər ki, AXCP–nin rəhbərliyində 90-cı illərin əvvəlində olan  həmin insanlar deyil.  Odur ki, insanların bu baxımdan birləşmə zamanı diskomfortun yaşanacağı qaçılmazdır. Sizin bu barədə qənaətiniz necədir?

- Belə götürsək, onda istənilən təşkilata bu arqumentlə yanaşa bilərik. Zaman keçdikcə insanlar da dəyişirlər, onların hadisələrə münasibəti də mövcüd vəziyyətdə adevkat olur. Nə AXCP, nə də Müsavat  20 il bundan əvvəlki dövrün partiyasıdır.  Bu baxımdan partiyaların tərkibində, strukturunda,  fəaliyyət müəyyən dəyişikliklərin olması təbiidir. Amma partiyaların məramları bir-birinə yaxın olan məramlardır. Mən başa düşürəm, partiya funksionerləri arasında müəyyən diskomfort var. Onların bir-birini qəbul eləməmək fikri var, bu realdı.  Partiya funksionerləri arasında dəfələrlə bunu demişəm, indi də bunu gizlətmək lazım deyil. Hesab edirəm ki,  partiyalar doğurdan da bir araya gəlmək istəyirlərsə, bu diskomfortdan bir az kənara çəkilməlidirlər.  Bir-birinə münasibətdə  olan inamsızlıqdan geri çəkməlidirlər. Əks halda, bu partiyaların bir araya gəlməsi mümkün olmayacaq.

- Aydınlar Partiyasının indiki siyasi müstəvidə yeri hardadı? Siz müxalifət partiyaları ilə məsafə saxlayırsınız, konstruktiv müxalifətlə də ciddi təmaslarınız gözə dəymir…

-Konstruktiv müxalifət kimləri nəzərdə tutursunuz?

-Parlamentdə təmsil olunan siyasi partiyaları və onların rəhbərlərini…Qüdrət Həsənquliyevi, Fazil Mustafa və digərlərini….

- Bizim partiyanın hakimyyətə münasibəti, qurultayın qərarı ilə müəyyənləşir. Qurultayda elan olunub ki, partiya hazırkı hakimiyyətə müxalif mövqeyində durur. Ondan sonrakı dövrdə də müxtəlif partiyalara, özünün partiyalarda olan hadisələrə münasibəti olub. Heç vaxt hakimiyyəti dəstəkləmək mövqeyindən çıxış eləməmişik, həmişə müxalif mövqedə olmuşuq. Hazırkı hakimiyyətin siyasətinin əksər hissəsinə qarşı çıxış edirik. Bu baxımdan biz mövqeyimizi dəyişməmişik.

- Aydınlar Partiyasının hal-hazırkı hədəfləri nədən ibarətdir?

-  Biz təşkilatçılıq işini davam etdirəcəyik. Bir sıra rayonlarda olan strukturlarımıza bir də baxacağıq, bir neçə rayonda strukturumuz yoxdur, onları formalaşdırmağa çalışacayıq. Seçkilərdə iştrak etməmək fikrindən də əl çəkməmişik. Seçki bir də 5 ildən sonra olacaq.
Hələki seçkidə iştirakdan imtina etmək fikrimiz yoxdu. Növbəti seçkilər ərəfəsində artıq seçkiyə münasibətimizi müəyyənləşdirə bilərik. Yaxın gələcək üçün seçki saxtakarlığına qarşı birgə mübarizə prosesində iştrak edəcəyik. Hazırda bizim əməkdaşlıq etdiyimiz qüvvələr daha çox Demokratiya Uğrunda İttifaqdadır. Qarabağ məsələsi ilə bağlı əməkdaşlıq edirik. Gələcəkdə ola bilsin digər partiyalarla da əməkdaşlıq prosesini davam elətdirək.

- Maraqlıdır, hakimiyyət nümayəndələrinin sizə xüsusi loyal munasibət var idi. Deputat olarkən qanun yaradıcılığında bir peşəkar, işini əla bilən deputat, yaxşı bir hüquqşünas kimi fəaliyyətiniz hakim partiya üzvləri, hətta spiker səviyyəsində belə etiraf edilib. Odur ki, sizin parlamentdən kənarda qalmağınız bir az muəmmalı qaldı. Özünüzün hansı qənaətləriniz var bununla bağlı?

- Görünür hakimiyyət mənim kimi deputatlara və yaxud da bizim partiyaya ehtiyac görmür ki,   parlamentdə təmsil olunsun. Hesab edir ki, orda təmsil olunmuş adamların qanun yaradıcılığı, Milli Məclisin fəaliyyəti üçün kifayət edir. Bu baxımdan da saxtakarlıq var. Mən hesab edirəm ki, hazırkı hakimiyyət parlamentdə müxalif fikrin səslənməsini eşitmək istəmir. Bizim partiya yeni yaranmış partiyadır, təbii ki partiyaya müəyyən iradlar ola bilər, təşkilatin strukturlarda müəyyən iradlar ola bilər. Amma bütun namizədlərimiz, məsələn Nizami Quliyev, Qulamhüseyin Əlibəyli, Qorxmaz İbrahimli bunlar kifayət qədər siyasi fəaliyyətlə məşğul olan adamlardı. Bu baxımdan hesab edirəm ki, bizim partiyanın Milli Məclisdə təmsil olunmaması sadəcə partiyanın kursu ilə, fəaliyyəti ilə bağlı olan bir prosesdir.  Başqa cür mən bunu qiymətləndirə bilmirəm.

- Seçkilərdən sonra hansısa tədbirlərdə iştirak edərkən bu mövzuda üz-üzə gəldiyiniz hökümət nümayəndələri ilə müzakirə aparmısınızmı?

- Mən seçkilərdən sonra bu məsələni heç kimlə müzakirə eləməmişəm. Sözün düzü, seçkilərdən sonra heç kimlə rastlaşmamışam və nəsə soruşmaq fikrim də yoxdu.
Hakimiyyət digər siyasi qüvvələr kimi bizim partiyaya qarşı da saxtakarlığa yol veribsə, bu aydındı da.. Daha bunun nəyini soruşasan?

- Avropa qurumlarının seçkilərlə bağlı rəyi birmənalı qarşlanmayıb. Sizi beynəlxalq təşkilatların rəyi qane edirmi?

- Beynəlxalq qurumlar həmişə müəyyən dövrlərdə fikirlərini birmənalı şəkildə ifadə eləmirlər. Daha çox istəyirlər ki, diplomatik fikirlər söyləsinlər.  Fikrimcə, proseslərə qiymət verilərkən bir qədər normal mövqedən çıxış edən qiymətlər verirlər. Beynəlxalq təşkilatlar baş vermiş proseslərə həqiqətən də faktiki qiymət verdilər. Çünki seçki günündə zahiri olaraq təşkilatı işlər yaxşı idi. Bu rəylərdə seçkilərin saxtalaşdırılması ilə bağlı kifayət qədər qeydlər əksini tapıb. Ondan əvvəlki proseslərdə, hakimiyyətin müxalifətə olan münasibəti də hesabatda öz əksini tapdı. O baxımdan beynəlxalq təşkilatların fəaliyyətini normal qiymətləndirirəm. Beynəlxalq təşkilatların içərisində subyektiv fikirləri olan təşkilatlar da var idi.
Hesab edirəm ki, onların ümumi əhval-ruhiyyəsi şəxsi fikir olsa da, ümumi mövqeyə çox ciddi təsir eləmədi. Mənim fikrimcə, ATƏT-in verdiyi qiymət çox normal qiymət idi.

- Seçkilərdən sonra Aydınlar Partiyasında sizə qarşı “parlamentdən niyə kənarda qaldıq” ittihamı ilə  “qiyam” olmadı?

- Yox, biz partiyanın Siyasi Şurasında seçkiləri müzakirə etmişik və qiymət vermişik. Seçkinin ertəsi günü artıq bizim partiyanın mövqeyi açıqlandı. Eyni zamanda “Qarabağ” blokunda da vahid mövqedən çıxış eləmişik. Partiya öz fəaliyyətini qurub. Bilirdik ki, hakimiyyətə müxalif mövqedə duranlar parlamentdən kənarda qala bilər, ona görə də partiya daxilində nə qiyam, nə narazılıq, etiraz səsi eşitməmişəm.

- İki çağırış Milli Məclisin üzvü olmusunuz. Bu 10 il edir. Keçmiş deputat həmkarlarınızla əlaqə saxlıyırsınızmı?

- Yox, o qədər də əlaqəmiz yoxdu. Düzdü, rastlaşanda görüşürük. Təsadüfən küçədə, müəyən tədbirlərdə rastlaşırıq. Görüşüb salamlaşırıq, bir-birimizin kefini soruşuruq. Amma məxsusi olaraq bir birimizlə əlaqəmiz yoxdu.                 

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı