Modern.az

Prezident Administrasiyasına ən çox şikayət bu rayonlardan daxil olub - SİYAHI

Prezident Administrasiyasına ən çox şikayət bu rayonlardan daxil olub - SİYAHI

12 Fevral 2016, 10:20


“Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artmışdır. Bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar.
Müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır”.

Modern.az saytı xəbər verir ki. bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" - adlı məqaləsində bildirib.

“Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin sayı öyrənilərkən, bir qayda olaraq, hər 1000 nəfərə düşən müraciətlərin sayı maraq doğurur. Çünki bu göstərici real mənzərəni daha yaxşı əks etdirir. Bu baxımdan əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olmuşdur”, deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

O, bildirib ki, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin öyrənilməsi göstərir ki, 2014-cü illə müqayisədə müraciətlərin sayı azalsa da, ölkə vətəndaşları öz problemlərini mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr, mərkəzi dövlət orqanlarının yerli qurumları, eləcə də özəl qurumların rəhbərləri və nümayəndələri vasitəsilə həll edə bilmədikdə, bir çox məqamlarda bilavasitə Azərbaycan Respublikasının Prezidentinə, onun Administrasiyasına müraciət etməyə üstünlük verirlər.

Müraciətlərin növlər üzrə təsnifatı göstərir ki, ümumiyyətlə, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil edib.

Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzuları çox müxtəlifdir. Müəyyən edilmiş təsnifat üzrə aparılan təhlillər göstərir ki, 2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artıb. Bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalıb. Ekoloji problemlərlə də  bağlı müraciətlərin sayının xeyli azaldığı bildirilir.

2015-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,8 və 56,2 faiz təşkil edib.

“Qeyd etmək lazımdır ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Ağdaş, Astara, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Masallı, Neftçala, Şabran, Tovuz, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub.

Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində daxil olmuş müraciətlərin 27,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 72,9 faizi isə bilavasitə vətəndaşlardan daxil olub. Vətəndaşlardan bilavasitə daxil olan müraciətlərin sayı Mərkəzi Bank, “Azərişıq”, “Azərenerji”, “Azneftkimyamaş” ASC-lərdə, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında daha az olub.

S. İsmayılov bildirib ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq şəhər və rayonun kənd və qəsəbələrini nə dərəcədə əhatə etməsi, yəni, bu müraciətlərin coğrafiyası da az əhəmiyyət daşımır. Bəzi rayonların qəsəbə və kəndlərinin bir çoxundan Prezident Administrasiyasına müraciət daxil olur. Məsələn, Yevlax, Ağdaş, Ağstafa, Beyləqan, Cəlilabad, Daşkəsən, Göygöl, İmişli, Qazax, Neftçala, Samux, Şəmkir, Zaqatala, başqa şəhər və rayonları misal göstərmək olar.

Təkrar müraciətlər isə Bakı şəhəri və onun bəzi rayonlarından, eləcə də Şəki, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Göyçay, Kəlbəcər, Laçın, Masallı, Saatlı, Şəmkir, Ucar, digər şəhər və rayonlardan daha çox olub.

Təkrar müraciətlərin sayı Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından, həmçinin Pirallahı, Naftalan, Xızı, Xocavənd, Qax, Qobustan, Qusar, Neftçala, Oğuz, Samux, Şuşa, Zəngilan, digər şəhər və rayonlardan daha az olub.

"Vətəndaşların təkrar müraciətlərinin olmasının əsas səbəbi odur ki, vətəndaşlar eyni məsələ ilə əlaqədar müxtəlif dövlət orqanlarına yazdıqları müraciətlərə qaneedici cavablar ala bilmir və buna görə yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar",-deyə PA rəsmisi qeyd edib.

S.İsmayılov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan şikayətlərin də sayı az deyil. Şikayətlər, əslində, vətəndaşın narahatlığı, bəzi yerlərdə onun bürokratiya və səhlənkarlıqla, laqeydliklə üzləşməsindən, yaxud qaldırdığı məsələnin həllinə nail ola bilməməsindən, habelə digər səbəblərdən irəli gəlir. Vətəndaşların bu narahatlığı, sözsüz ki, ilk növbədə, məmurları narahat etməlidir, vətəndaşlarla iş elə qurulmalıdır ki, onlar şikayət yazmağa məcbur olmasınlar.

2015-ci ildə respublikanın şəhər və rayonlarından daxil olan şikayətlərin öyrənilməsi göstərir ki, hələ də onların bəzilərində şikayətlərin sayı müxtəlif mövzular üzrə kifayət qədər çoxdur və bu da müəyyən narahatlıq doğurmaya bilməz. Ayrı-ayrı şəhər və rayonlar üzrə şikayətlərin sayının əvvəlki ilə nisbətən yüksək olduğu diqqəti cəlb edir. Məsələn, Bakı şəhərinin ayrı-ayrı rayonlarında, Ağcabədi, Ağstafa, Bərdə, Göyçay, Göygöl, Qazax, Neftçala, Saatlı, Şamaxı, Tovuz, Yardımlı və digər rayonlarda belə artım müşahidə olunur.

Şikayətlərin ümumi sayının azalması isə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Ağdaş, Babək, Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qubadlı, Qusar, Lerik, Oğuz, Ordubad, Sədərək, Şahbuz, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə özünü göstərmişdir.

"Nəzərə almaq lazımdır ki, şikayətlər o zaman azalır ki, ilk növbədə, onların yaranma səbəbləri aradan qaldırılır. Bu baxımdan Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan “ASAN xidmət”in fəaliyyətini qeyd etmək lazımdır".

2015-ci ildə ictimai-siyasi, mənzil, şəhərsalma və tikinti, əmlak, mədəniyyət və turizm, kənd təsərrüfatı, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, ekologiya və təbii sərvətlər, evlərin, mənzillərin, torpaq və bağ sahələrinin sənədləşdirilməsi, sahibkarlıq üçün torpaq sahələrinin ayrılması, prokurorluq və polis orqanlarının fəaliyyəti, ictimai asayişin qorunması, meliorasiya və su təsərrüfatı, yolların və yol qovşaqlarının tikintisi, yaşıllıqların və meşələrin mühafizəsi, hərbi qulluqçuların sosial müdafiəsi, qaz və istilik təchizatı, sayğacların quraşdırılması, kommersiya-istehsalat obyektlərinin, fərdi evlərin tikintisinə icazə verilməsi, yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması mövzularına dair şikayətlər azalıb.

Bəzi mövzular üzrə isə şikayətlərin sayı artıb. Bunlardan bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri qeyd etmək olar.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı