Modern.az

Telejurnalist Ceyhun Əsgərov: “Anamla bağlı həmin kadrlar it-bata düşdü...”

Telejurnalist Ceyhun Əsgərov: “Anamla bağlı həmin kadrlar it-bata düşdü...”

9 Dekabr 2010, 13:32

“Milli Qəhrəman Salatın Əsgərovanın oğlu kimi tanınmaq istəyirəm”

Ceyhun Əsgərov deyir ki, Milli qəhrəmanlara aid olan güzəştlərindən istifadə edə bilmir

Onu uzaq 1991-ci ildə, orta məktəbdə oxuyan zaman AzTV-nin efirində görmüşdüm. Anası, Azərbaycanın Milli Qəhərmanı Salatın Əsgərova haqqında efirdə gedən süjetdə... Salatın ermənilər tərəfindən qətlə yetiriləndən sonra AzTV-də onun haqıında veriliş hazırlanmışdı. Oradan yadımda qalıb. Salatın kameraya xitabən, üzündə xoşbəxt bir təbəssüm “Xahiş edirəm məni yox, oğlumu çəkin, oğlumu...” deyərək qucağında olan uşağı oynadırdı. Bu süjet və onun qəhrəmanları o vaxtdan beynimdə ilişib qalıb. Hər dəfə Salatın Əsgərovanın adını eşidəndə, istər-istəməz o kadrlar da yadıma düşür... 
...İndi efiridən onu tez-tez görürlər və təkcə “Salatın Əsgərovanın oğlu” kimi deyil, həm də televiziya əməkdaşı kimi tanıyırlar. Düzdür, Ceyhun Əsgərov özünü efirdə apardığı verilişlərin səviyyəsi ilə tanıda bilib. Amma Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın adı həmişə üstündədir.

Modern.az-ın əməkdaşı hazırda ANS telekompaniyasında çalışan jurnalist Ceyhun Əsgərovla müsahibədə onunla anasından, jurnalistikadan, sosial vəziyyətindən - bir sözlə hər şeydən danışıb.

- Mümkünsə jurnalistikaya gəlməniz haqda məlumat verərdiniz?

- Azərbaycan Beynəlxalq Universitetinin tibbi biologiya fakültəsini bitirmişəm. 2000-ci ildə İngiltərədə təhsil almağa başlamışam. 2002-ci il dekabrın 27-də təsadüf nəticəsində ANS-ə gəldim. Mənə o vaxt müxbir işini təklif elədilər. 10 gün stajirovka keçdim və o zamandan ANS-də işləyirəm. Müxbir, reportyor, redaktor, aparıcı müxbir vəzifələrində işləmişəm. “Xəbərçi”-də çalışmışam. İki il müddətində “Hesabat” və “Əhatə dairəsi”  verilişlərində çalışmışam, analitik informasiya verilişinin müəllif və aparıcısı olmuşam. Sonra ilyarım hardasa ANS ÇM radiostansiyasında həfətdə 4 dəfə  siyasi tok-şou aparmışam. İndi yenə də Xəbərlər departamentində aparıcı müxbir vəzifəsində işləyirəm.

- Bir neçə kəlmə ananız haqqında soruşmaq istərdik. Onu ümumiyyətlə xatırlaya bilirsiniz?

- Bir çox hadisələr yadımdadır. Yadımdadır ki, o zaman “Molodyoj Azerbaydjana” qəzetində işləyəndə mənə deyirdi “sən bir nağıl fikirləş, mən yazacam”. O vaxt  yadıma gəlir ki, bir neçə nağıl da qəzetdə çıxmışdı. İki və üç nağıl idi. Mənə diktofon almışdı. Harasa gəzməyə gedəndə deyirdi ki, “get insanlardan müsahibə al”. Mən də balaca uşaq qaça-qaça gedib camaata suallar verirdim. Onlar gülürdülər mənə... Balaca uşağın yaxınlaşıb müsahibə götürmək istəməsi onlara qəribə gəlirdi. Anam uşaqlıqdan çalışırdı bu peşənin incəliklərini öyrənim.

- Səhv eləmirəmsə Salatın xanım ixtisasca jurnalist olmayıb?

- Xeyr olmayıb. Anam indiki Neft Akademyasını bitirib.  

- Sizə ümumiyyətlə qohumlar danışmayıblar ki,  ananız necə olub jurnalistikaya gəlib?

- Bu haqda dəqiq məlumatım yoxdur. Mənim fikrimcə, 1988-89-cu illərdə ölkədə baş verən ictimai-siyasi hadisələr onu jurnalistikaya gətirib. Məncə bu səbəbdən... Az müddət olsa da fəaliyyət göstərib bu sahədə.

- Ananızın arxivi varmı: foto, video çəkilişləri, yazıları? Mənim yadıma gəlir ki, Azərbaycan televiziyasında Salatın Əsgərova haqqında veriliş getmişdi. Sizi də qucağında tutub danışırdı.

- O, çəkiliş səhv eləmirəmsə Qazaxstandan olan bir qadın jurnalistin süjeti idi. O gəlib evimizdə çəkliş aparmışdı. Təəssüflər olsun ki, həmin kadrlar it-bata düşdü. Mənim özümdə həmin süjetin bir neçə saniyəlik  kadrları var. AzTV-də, ANS-də də həmin kadrlar var.

- Salatın xanımım yazıları dururmu?

- Bir-iki yazısı olmalıdır. Axundov kitabxanasında var. Ancaq evdə yoxdur.

- Ananızın iş yoldaşlarını tanıyırsınızmı, əlaqə saxlayırsınızmı onlarla?

- Bir iş yoldaşını tanıyıram Səhiyyə Nazirliyinin orqanı olan “Tibb qəzeti”nin baş redaktorudur. O zaman “Molodiyoj Azerbaydjana” qəzetində bir yerdə işləyiblər.

- Azərbaycanda Mili qəhramanlarla bağlı indiki durum sizi qane edirmi?

- Mən başqalarının yerinə danışa bilmərəm. Ancaq öz yerimə danışa bilərəm.

- Milli Qəhrəmanın oğlu kimi siz necə yaşayırsınız?

- Vallah, anama Milli Qəhrəman adının  verilməsi haqqında fərman və ordeni var. Amma mən Milli qəhrəmanlara aid olan güzəştlərdən istifadə edə bilmirəm. Həmçinin Milli qəhrəmanlara verilən prezident təqaüdünü də almıram. Heç şəhid ailəsi olduğum üçün müavinət də verilmir.

- Bunun səbəbi nədir? Bu güzəştlər niyə sizə şamil edilmir?

- Belə deyək: qanunda olan boşluqlar üzündən... Anam rəhmətə gedəndə atamla boşanmışdılar. Qanunda göstərilir ki, anamın valideynləri də rəhmətə getdiyindən, mən isə həddi-buluğa çatdığıma görə Milli Qəhrəman ailəsinə şamil olunan imtiyazlar və hər hansı təqaüd mənə düşmür.

-  Milli Qəhrəman aliələrinin imtiyazları bir qədər ciddi məsələdir...

- Mən nə deyim. Qanunu yazan mən deyiləm. Bununla bağlı Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinə müraciət etmişəm. Onun sədri ilə danışmışam. O da bildirib ki, əgər 18 yaşım tamam olmasaydı,  Milli qəhəmanlara verilən təqaüdü ala bilərdim. Mən bunu dəqiqləşdirmişəm. Hardasa, 11 belə Milli Qəhraman ailəsi var ki, mənim kimi təqaüd ala bilmirlər. Çalışıram öz  gücümə yaşayım. Amma Milli qəhrəmanlara verilən 600 manat təqaüd kifayət qədər normal məbləğdi. 

- Bilirsinizmi Şuşada sizin ananızın adına kənd var?

- Bilirəm. O hadisələrin baş verdiyi ərazidə Salatınkənddir.

- Ceyhun evlisiz yəqin ki?

- Evliyəm. Bir oğlum var. Adı Amidəhməddir.

- Siz jurnalistikaya necə baxırsınız, başqa sahəyə getmək üçün tramplin kimi? Yoxsa bu sahədə fəaliyyətinizi davam etdirəcəksiniz?

- Bilirsiniz, mən Gürcüstandakı hadisələri, dövlət çevrilişinə cəhdi, Qırğızıstandakı inqilabı,  İsrailin Fələstinə qarşı əməliyyatını işıqlandırmışam. Dəfələrlə prezidenti müşayət etmişəm. Amerikada media kurslarında olmuşam. Amma indi görürəm ki, gələcək perspektivdə gərək öz sənətimə müraciət edim. Tibb sahəsinə. Belə görürəm mediada perspektivim dumanlı görünür.

- Jurnalistika ilə bağlı bir qədər pessimist görünürsünüz?

- Bu mənim subyektiv fikrim ola bilər. Son zamanlar hesab edirəm ki, gərək mən öz sənətimə müraciət edim.

- Sizi jurnalistika fəaliyyətindən çəkindirən səbəblər hansılardır belə?

- Yox. Məni bu sahədən çəkindirən səbəb yoxdur. Hər şey ancaq maddi vəziyyətlə bağlıdır.

- Ümumiyyətlə TV jurnalistikası ilə bağlı cəmiyyətdə deyirlər ki, xəbər kasaddır və yaxud xəbərin birtərəfli verilməsi kimi ittihamlar olur. Siz necə düşünürsünüz, cəmiyyət xəbəri tam şəkildə ala bilirmi?

- Bilirsiniz, son zamanlar deyirlər ki, çap jurnalistikası və televiziya jurnalitikası ümumiyyətlə məhv olmaq təhlükəsi üzrədir. Bu da internetin imkanlarının inkişafı ilə bağlıdır. Azərbaycanı Gürcüstanla, Rusiya ilə müqayisə eləyəndə, belə görünür ki, biz hələ o səviyyədə inkişaf etməmişik. Hələ o kuliminasiyaya çatmamışıq. Mən Azərbaycan üçün bu təhlükəni görmürəm. Qərəzsizlik məsələsinə gəldikdə mən həmişə belə bir misal gətirirəm. Amerika deyir ki, “dünyada ən demokratik ölkə bizik. Demokratiyanın beşiyi bizik”. Amma İsrail Qəzzaya hücum edəndə Ağ Evin jurnalist klubunun ən qocaman jurnalisti İsraili pislədiyinə görə onu işdən çıxartdılar.  Yəni hamı öz prizmasından yanaşır. İdeal bir şey yoxdur ki, hamı tərəfindən qəbul edilsin.

- Müxtəlif ölkələrdə olmusunuz. Xarici ölkələrin jurnalistlərinin yaşayış və iş prinsipində  hansı fərqləri və oxşarlığı müşahidə eləmisiniz?

- Fərq odur ki, onlar daha az işləyirlər. Onlarda bir sistemlilik var. Azərbaycanda bir sıra problemlər var. Mən şəxsən fikirləşirəm ki, televiziya jurnalistlərinin 70-80 %-i yazılı mətbuatdan gələnlərdir. Bu müəyyən stereotiplərin formalaşmasına, sonra qırılmasına gətirib çıxarır və bəzi problemlər yaradır. Çünki televiziya və yazılı mətbuat tamam fərqlidir. Yazılıda əsas sözdür. Televiziyada əsas görüntüdür. Azərbaycanda televiziya jurnalistikasında kadr problemi olduğundan, məcbur olub yazılı mətbuata müraciət edirlər.

- Avropa ölkələrində TV-lərinin aparıcı simaları olur.  Onlara görə verilişlər reytinq qazanır. Televiziyalar bəzən onlarla görə tanınır. Fikrinizcə, bizdə nə üçün belə jurnalistlər yoxdur?

- Mən şəxsi subyektiv fikrimi deyə bilərəm. Həmin o dediyiniz şəxslər formalaşmış insanlardır. Bizdə bir sıra problemlər var. Məsələn, maliyyə problemi. Onların maaşlarına, gəlirlərinə baxsaq, görərik ki, bu rəqəmlər altırəqəmlidir.  Heç uzağa getməyək. Rusiyanı götürək. Lap qonşuluqda olan Gürcüstandakı bəzi televiziya jurnalistlərini götürək. Onlar artıq peşəkar cəhətdən formalaşmış insanlardır. Yadınızdadırsa, NTV yarananda xəbər aparıcıları, redaktorlar birindən o birsinə getdilər. Tamaşaçıları da özləri ilə apardılar.

- Sizin özünüz üçün nümünə saydığınız belə jurnalist varmı?

- Sırf peşəkarlıq baxımından mənim daha çox RTR-də işləyən Sergey Brilliyovdan xoşum gəlir. Düzdür, deyirlər hakimiyyətyönlüdür. Amma işinin peşəkaradır. Azərbaycanda indi kimsə ona çatar desək, yanılarıq. Bəlkə iki, üç ilə bu mümkün olsun.

- Jurnalistin azadlığı onun formalaşması üçün mühümdür, yoxsa yox?

- Bilirsiniz necədir? Jurnalist yazardır. Azərbaycanda saray şairləri də olub. Onlar hansısa şahı  vəsf eləyiblər. Amma poeziyada, şeir sənətində misilisiz xidmətlər göstəriblər. İndi onlara demək olar ki, o pis şair olub? Yox. İndi yazdığı bir sıra ideoloji məzmunlu poemalarına görə Səməd Vurğunu da qınayırlar. Demək olmaz ki, o pis şair olub. Əsla. Azadlıq başqa şeydir, yaradıcılıq başqa. Jurnalistikada da belədir. Jurnalist olmaq üçün inkişaf etmək lazımdır.

- Sizin üçün necə tanınmaq maraqlıdır? Milli Qəhrəman Salatın Əsgərovanın oğlu kimi, yoxsa jurnalist Ceyhun Əsgərov kimi?

- Milli Qəhrəman Salatın Əsgərovanın oğlu kimi, onun nəslinin davamçısı kimi tanınmaq istərdim. Onun bir övladı var. Onun nəslinin davamçısıyam mən... Anamın adı yaşayır. Ola bilsin anamın adı xalqın yadına ayda bir dəfə düşür. Amma onun nəvəsinin, oğlunun yadına hər saat, hər dəqiqə düşür.  Mən vallah, o qədər şöhrətpərəst deyiləm. Başıaşağı, sakit adamam. 8 ildir mən dayanmadam efirə çıxıram. Amma xoşalamıram tanınmağı...

-  Ananızın qəbri üstünə tez-tez gedirsiniz?

- Əlbəttə. Tez-tez.

- Orada ilk olaraq fikrinzidən nə keçir?

- Mən Şəhidlər xiyabanına, anamın qəbri üstə gedəndə bir mənəvi rahatlıq tapıram. Daxilən rahatlanıram.

- Milli qəhrəmanlarla bağlı tədbirlərə dəvət olunursunuzmu?

- Yox. Heç bir yerə dəvət almıram.

- Necə yaşayırsınız? Həyatınızdan razısınız?

- Şükür Allaha, yaşayırıq. Ailə vəziyyətimlə bağlı mənzil problemim var. Birotaqlı evdə yaşayırıq. Bilirsiniz də bir otaqlı evdə yaşamaq çox çətindir.

- Hazırda ANS-dəsiz. İş yerini dəyişmək fikriniz yoxdur ki?

- Yox hələ belə bir planım yoxdur. İş yerimi dəyişsəm, yəqin ki, öz sahəmə, həkimliyə gedəcəm.

- Bacararsınızmı bundan sonra həkim işləməyi?

- Bizdə nəsillikcə hamı həkim olub. Ona görə, mən hər zaman yeni kitablar mütaliə edirəm.



Xaqani SƏFƏROĞLU
Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi