Modern.az

“Məmurlar bu işə hazır deyillər” - Deputat yeni qanun layihəsini ŞƏRH ETDİ

“Məmurlar bu işə hazır deyillər” - Deputat yeni qanun layihəsini ŞƏRH ETDİ

16 Fevral 2016, 19:08


“Son dövrlər baş verən hadisələr “İctimai nəzarə haqqında” qanun layihəsini daha çox aktuallaşdırıb. Prezident də çıxışında bildirib ki, ictimai nəzarət güclənməlidir və korrupsiyanın azalması, müəyyən dərəcədə insanların iqtisadi böhran şəraitində məmurlar tərəfindən sıxışdırılmasının minumuma endirilməsi istiqamətində cəmiyyətin dəstək verməsinə ehtiyac var”.

Bu sözləri Modern.az-a açıqlamasında deputat Fazil Mustafa “İctimai nəzarət haqqında” qanun layihəsini şərh edərkən deyib. O bildirib ki, bundan əvvəl qəbul olunan “İctimai iştirakçılıq haqqında” Qanun effektli həyata keçirilmədi və bir çox yerlərdə ictimai şuralar yaradılmadı.

“Bu da onu göstərdi ki, məmurların böyük əksəriyyəti bu işə hazır deyillər. Əmək və əhalıinin sosial müdafiəsi naziri Səlim Müslümov bu işi yüksək səviyyədə həyata keçirdi, hətta yanında otaq da ayırdı, QHT-ləri yığıb müzakirələr apardı, şəffaflığın təmin olunması istiqamətində addımlar atdı. Bu çox yüksək yanaşma idi. Amma digər nazirliklərdə bu müşahidə edilmədi.  “İctimai nəzarət haqqında” qanun layihəsi “İctimai iştirakçılıq haqqında” Qanundan fərqli olaraq, ayrı-ayrı sahəvi funksional məsələləri yerinə yetirən nazirliklərin, icra orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyi nəzərdə tutur. Burada ictimai nəzarət artıq həmin qurumların təşəbbüsü ilə yaradılmır, ictimaiyyətin özünün təşəbbüsü ilə yaradılır. Konkret olaraq nazirliklər, idarələrin üzərinə müəyyən öhdəliklər qoyulur. Ümumiyyətlə, bu qanunun əsas funksiyası şəffaflığın təmin edilməsi olacaq və hüquqazidd fəaliyyətlərin müəyyən dərəcədə ictimaiyyətə çatdırılması xarakteri daşayacaq”.

Deputat bildirib ki, qanun layihəsinin effektivliyi ictimaiyyətin özündən asılıdır.

“İctimaiyyət əgər bu məsələdə fəal iştirak edəcəksə, öz funskiyalarına uyğun işlər görəcəksə, onun müəyyən məsələləri qaydaya salınması imkanları olacaq. Əks halda, çox çətinlik olacaq, qanunun işlənməsi məsələsində problemlər qalacaq. Açığı, qanunun qəbul olunması ilə ideal vəziyyətin yaradılcağını təsəvvür etmirəm. Çünki “İctimai iştirakçılıq haqqında” Qanun icra hakimiyyətinə, müvafiq qurumlara imkan yaradır ki, ictimai şuraları  özləri yaratsın və özlərinə uyğun QHT-ləri seçsinlər.
Yeni qanun layihəsində isə ictimaiyyətin təşəbbüskarlığı önəmlidir. Vətəndaşlar, ictimai təşkilatlar, QHT-lər birləşərək qurum yaradırlar və konkret vətəndaşlıq borcunu yerinə yetirirlər. Onlar daha tələbkar olacaq və icra qurumlarından asılı olmayan fəaliyyətlə məşğul olacaqlar. Bu da müəyyən dərəcədə maraqların toqquşması prinsipinə əsaslanacaq. Ona görə yeni qanunun işləmə mexnaizmi o biri qanundan daha böyükdür”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub