Modern.az

Komitə sədri nazirləri “topa tutdu”

Komitə sədri nazirləri “topa tutdu”

23 Fevral 2016, 13:08

 

Milli Məclisin bugünkü iclasında dövlət büdcəyə dəyişiklik layihəsi ətrafında geniş müzakirələr aparılır. 

Modern.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. O iqtisadi bloku əhatə edən nazirlərin heç birinin iclasa gəlməməsinə etiraz edib.

“Burada dövlət büdcəsi müzakirə olunur. Bu, təkcə Maliyyə Nazirliyi və ya Mərkəzi Banka aid məsələ deyil ki! Amma iqtisadi blokdan olanlar yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. yoxdur. Növbəti iclasda hökumətin hesabatı veriləcək. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır”.

Deputat eyni zamanda baş nazirin 6 müavinin iclasda olmadığına da diqqət çəkib:

"Onlara ünvanlanacaq suallara kimlər cavab verməlidir? Baş nazir iclasda yoxdur. Onun ki müavinləri var. Millət vəkillərinin suallarına cavab verə bilərlər. Bu cür yanaşma ölkə başçısının qarşıya qoyduğu məqsədə uyğun deyil. Hər bir struktur rəhbəri deputatlar tərəfindən qaldırılan suallara cavab verməlidir. İki nəfər onların suallarına cavab verməyəcək. Milli Məclisə bu cür yanaşmaq tərzi düz deyil. Bu, onların diqqətinə çatdırılmalıdır”.

Spiker Oqtay Əsədov deputatın fikri ilə razı olduğunu bildirib.

“Nazirlər Kabineti haqqında dediklərində haqlısan. Bu onlara çatdırılacaq. Amma nazirlərimizin bir çoxu prezidentlə birlikdə İrana gedib. Burada onların müavinləri təmsil olunur. Lakin Baş nazir olmasa da, müavinləri burada olmalı idi”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI