Modern.az

ARABO Terror Dəstəsi- Qaradağlı və Xocalı cinayətkarlarının izi ilə...

 ARABO Terror Dəstəsi- Qaradağlı və Xocalı cinayətkarlarının izi ilə...

Ölkə

27 Fevral 2016, 20:13

 

Müharibə, o cümlədən işğal tarixilərinə aid predmetləri araşdırarkən, bəzi araşdırmaçılar dezinformasiya və şişirtmə xarkterli məlumatlar tirajlayır. Lakin, həqiqətən də, Azərbaycan əsgərinin şücaət və qəhrəmanlığına şişirtmələr qoşmağa ehtiyac yoxdur. Çox zaman bu dezinformasiyalar edilən qəhrəmanlıqlara kölgə salır ki, qarşı tərəf də bundan məharətlə istifadə edir. Araşdırma materiallarına əsaslanan bu yazı, Qaradağlı və Xocalı soyqırımlarında birbaş iştirak edən Arabo Terror Dəstəsinin ətrafında yaranan məsələlərə bir dəfəlik son qoymaq hədəfindədir. 

Belə ki, Qarabağ müharibəsi zamanı Ermənistan, qüvvələrimizə qarşı “Arabo” adı altında Naxçıvanda, o cümlədən Qarabağda terror-təxribat və işğal əməliyyatları aparmaq üçün eyni adlı iki terror dəstəsi formalaşdırıb. Birinci dəstə, 1988-ci ildə Dəvəli (Ararat) şəhərində yaradılıb. Hərbi Şuraya malik olan bu dəstənin bazası əsasında 1992-ci ildə rayonun motoatıcı taborunun ikinci bölüyü formalaşdırılıb. Naxçıvana  doğru istiqamətlənən dəstə 1989-94-cü illər ərzində Sədərək rayonunun Kərki kəndində, Ermənistanın Vedi rayonunun (Ararat rayonu) Arazdəyən, Arazdəryən hündürlüklərində (Yerasx, Yerasx hündürlükləri), Keşişkənd (Yeğeknadzor) rayonunun  Xaçik kəndində, Soylan (Vayki) rayonunun Sultanbəy (Bardzruni) kəndində, Meğri rayonunun Nüvədi kəndində, o cümlədən Qarabağda keçmiş Ağdərə rayonunun Çapar kəndində, Laçın rayonunda terror-təxribat və işğal əməliyyatlarında iştirak edib. Qeyd etdiyim dəstənin komandiri A.Sarkisyan, hərbi şuranın rəhbəri isə Q.Xaçaduryan olub. Birinci yaradılan dəstə yuxarıda göstərildiyi kimi, əsas əməliyyatlarını Naxçıvan ərazisində aparıb. Əsasən, Qarabağın dağlıq hissəsində fəaliyyət göstərəcək ikinci Arabo terror dəstəsi birincidən bir il sonra, yəni 1989-cu ildə Livan, Fələstin, Suriya və  Fransadan göndərilən terrorçuların, həmçinin Sovet İttifaqı silahlı qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb. Qərərgaha, hərbi nişana, bayrağa və formaya malik olan təşkilata “Ded” ayaması ilə tanınan Simon Açikgözyan, Manvel Yeğiazaryan və qərərgah rəisi M.Mirzoyan rəhbərlik edib.

Dəstənin yaradılması ilə bağlı Manvel Yeğiazaryan xatırlayır: “...Dəstə 1989 cu ildə təşkil ediləndə, Qarabağ hərəkatı artıq başlamışdı. Buna qədər olan nümayişlər və etirazlar mübarizəmizə az fayda verirdi, daha doğrusu heç kiçik fayda belə vermirdi...Lakin həmçinin anlayırdıq ki, Sovet İttifaqı dağılır və müharibənin yaxında olması görünürdü...Biz bütün hər şeyi çox yaxşı başa düşürdük və bilirdik ki, bizə yenidən xəyanət edəcəklər. Silahın ucundan bərk tutmaq lazım idi...”

Terror dəstəsini yaratmazdan öncə, Manvel təxribatçı şəxslərlə birgə bir neçə dəfə Gorus, Cermuk və Naxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərzilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə, 1989-cu il oktyabrın 4-də Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə, Keşişkənd rayonunun (Yeğeknadzor) Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada Arabo dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni terrorçuların gəlməsi ilə dəstənin sıraları dolmağa başlayıb. Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayıb. Oktyabrın 9-da dəstənin şəxsi heyəti 4, 19-da 24 nəfər idisə, artıq yanvarda dəstəyə təşkilatlanmış 10, 15, 20 nəfərdən ibarət qruplar gəlməyə başlayıb. Yuxarıda qeyd edildiyi kimi, dəstəyə əsasən Yaxın Şərqdə döyüş təcrübəsi olan, vaxtilə ESƏD (Daşnaksütyuna bağlı terror təşkilatı) və ASALA kimi beynəlxalq terror təşkilatlarında fəaliyyət göstərən terrorçular cəlb edilib. Bununla yanaşı, dəstəyə SSRİ silahlı qüvvələrində xidmət görmüş hərbçilər də qatılıb. Nəticədə ilkin yaradılan kiçik qrup sürətlə mütəşəkkil dəstəyə çevrilə bilib. Terror dəstəsinin adı ilk öncə “Qaregin Nijde” olub. Lakin, digər erməni dəstələri daxilində də “Qaregin Nijde” adlı dəstələrin ortaya çıxması, dəstənin adının “Arabo” adı (XIX əsrdə tüklərə qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryanın “Arabo” təxəllüsü) ilə əvəzlənməsinə səbəb olub.

Terror dəstəsi ilkin fəaliyyətini Azərbaycan-Ermənistan sərhəd xətti boyunca aparıb.

• 1989-90-cı illər. Keşişkənd (Yeğeknadzor) rayonu, Xaçik kəndi, Soylan (Vayki) rayonu Sultanbəy (Bardzruni), Karvansaray (İcevan):

• 1990-cı il. Barana (Noyamberyan) rayonu, Əskipara (Voskepar):

Dəstənin ilkin fəaliyyətinin hansı sferada olmasını Markar Melikonyanın “Mənim qardaşımın yolu” adlı kitabından daha yaxşı anlayarıq. Kitabda “Keçəl” ləqəbli erməni döyüşçüsü Sergeyin (Arabo döyüşçüsü, bəzi mənbələrdə Aramo döyüşçüsü kimi qeyd edilir)) vəhşilikləri təsvir olunub:

“...1990-cı ilin noyabrında Keçəl, sərhəddə yerləşən kənddən Azərbaycan Xalq Cəbhəsinin bir gənc fəalını oğurladı. Səid adlı azərbaycanlı gənc, bir aya yaxın Yerevan yaxınlığında yerləşən bir bağ evində divara zəncirlənmiş vəziyyətdə qaldı. İlin sonunda (1991-ci il ərəfəsində) Keçəl, bir neçə yoldaşı ilə və dostluq etdiyi yerli polis Ardaqla birgə öz əsirlərini (Səidi) Yeraplura yüksəkliyində yerləşən qəbiristanlığa gətirdilər (Yerevan yaxınlığında). Orada onlar Səidi, onların ölmüş dostu Xarut adlı döyüşçünün, böyük ağacın altında yerləşən qəbrinin qarşısında təpiklə diz üstə çökdürdülər. Sonra üç uşaq atası olan Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı. Əvvəl Səid qışqırırdı, lakin sonra qışqırıq inilti və quruldamaqla əvəz olundu. Nəhayət Ardaq buna qulaq asa bilməyərək, bıçağı Səidin sinəsinə vuraraq buna son qoydu. Onlar Səidin bütün qanını dostlarının (Xarutun) məzarına axıtdıqdan sonra oradan getdilər”.

Bir müddət sərhəd rayonlarında təxribatlar aparan dəstə, 1990-91-ci illərdə öz cinayətkar fəaliyyət istiqamətini Göy-Göl rayonu, Çaykənd-Qarabulaq (Qetaşen-Martunaşen) bölgəsinə daşıyıb. Məqsəd getdikcə yüksələn erməni təxribatlarına dəstək vermək olub. Dəstənin formalaşmasında Manvel Yeğiazaryanla yanaşı, “elmi işçi” adı altında xüsusi fəaliyyəti ilə seçilən Simon Açikgözyan adlı şəxs də mühüm rol oynayıb. Belə ki, Açikgözyan qısa bir müddət ərzində yeni yaradımağa başlayan dəstənin komandirlərindən birinə, hətta başlıca fiquruna çevrilməyi bacara bilib. 1989-cu ildə oğlu Hovanneslə birlikdə (Martunaşendə Arabo dəstəsinə komandanlıq etməyə başladıqda ata və oğulun yolları ayrılıb) Daşnaksütyuna bağlı Arabo terror dəstəsinə üzv olub. Simon Açikgözyanın 1989-cu ildə Erməni Ümummilli Hərəkatı Xarici Əlaqələr Komitəsinə üzv seçilməsi və bununla yanaşı Daşnaksütyun partiyasının üzvü olması, onun yeni yaradılan dəstəyə Yaxın Şərq və Avropadan yeni terroçu şəxslərin gətirilməsini daha da asanlaşdırıb. 1990-cı ildə Açikgözyan İrəvan şəhər şurasının nümayəndəsi seçilib. Daşnak liderlerinin köməyi ilə daha da irəlləyən “elmi işçi” SSRİ Ali Soveti ekologiya komissiyası tərkibində iştirak edir. Həm ekologiya komissiyası tərkibində, həm də səngərlərdə görünən terrorçu Keşişkənd (Yeğeknadzor) rayonunun Qnişik, Arazdəyən (Yerasx), Arpa (Areni), Xaçik, Barana (Noyamberyan) rayonunun Əskipara (Voskepar) və digər sərhədə yaxın kəndlərdə terror-təxribat əməliyyatlarında iştirak edib.

1991-ci il martın 17-də Goranboy-Göygöl istiqamətinə gedən Açikgözyan, aprelin 19-dan etibarən Qarabulaqda (Martunaşen) Arabo dəstəsinin komandanlığını öz üzərinə götürməklə (müxtəlif məlumatlara görə, dəstənin komandanlığı Tatul Krpeyanın döyüş işləri üzrə müavini olan Artur Karapetyandan təhvil alıb) təxribat əməliyyatlarına rəhbərlik etməyə başlayıb. 1991- ci ilin əvvəllərində gərginliyin tədricən bu nöqtədə yüksək səviyyəyə çatması ilə silahlı qarşıdurma qaçılmaz oldu.

Simon Açikgözyan 6 fevral 1839-cu ildə, Rumıniyanın Qalata şəhərində vaxtilə erməni hadisələrindən qaçaraq, Osmanlı imperiyasından Ruminiya krallığına gələn Hovhannes və Siranuşun ailəsində anadan olub.

Təsadüfi deyil ki, müharibə zamanı o şovinistcə deyirdi: “Ölümdən qorxmuram yalnız, türklərin mundar əlləri cəsədimə toxunmasın.”

1946-cı ildə ailəsi ilə birlikdə Ermənistan SSRİ-ə repatriasiya edilən Açikgözyan, İrəvan şəhəri 24 saylı orta məktəbdə təhsil adığı müddətdə də radikallığı ilə digər şagirdlərdən seçilib. 1955-ci ildə İrəvan Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub və 1960-cı ildə həmin universiteti mühəndis-geoloq ixtisası ilə bitirib.

Bəs Simon nədən mühəndis-geoloq ixtisasına yönləndirilib?!

Belə ki, 1970-ci ildə Moskvada dissertasiyanın müdafiəsindən sonra tezliklə, 1984-cü ildə baş tədqiqatçı adına layiq görülüb. Fəaliyyətini daha da genişləndirərək, 1960-1991-ci illərdə SSRİ Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutuna qədər irəlləyə bilib. Qərbi Azərbaycana aid, geologiya və faydalı qazıntılar üzrə bu gün də geoloqlar tərəfindən istifadə olunan 70-dən çox elmi əsərinin, tərcümə fəaliyyətlərinin müəllifi olub. 11 il ərzində İrəvan Dövlət Universitetində mühazirə deyib. Faydalı qazanıntılar şöbəsinin baş elmi işçisi kimi, vacib mədən rayonlarında fəaliyyət göstərib və Ermənistanın əlvan və qiymətli metal yataqlarının gələcək perspektivlərinin öyrənilməsi ilə məşğul olub.

Araşdırmalara görə, Açikgözyan təxminən 20 il ərzində Zəngəzur yataqlarını tədqiq edib. Dostları ilə bir sıra rayonların qızıl yataqlarının geoloji və proqnozlaşdırılmış  xəritələrini tərtib edib. Elmi işçi olmaqla yanaşı, o incəsənət və idmanla məşğul olub, uzun illər Xorvirab monastırında “Narek” kişi xorunda oxuyub.

Düşünürəm ki, Açikgözyanın“elmi” fəaliyəti Qarabağda göstərdiyi təxribat əməliyyatlarından daha çox tədqiq edilməlidir. Qərbi Azərbaycana məxsus qiymətli yataların (qızıl,mis və s) örgənilməsi, o cümlədən onun gələcək perspektivlərini müəyyən etmək daha təhlükəlidir. Simonun seçilən və sürətlə yüksələn həyatına baxdıqda hər zaman yüksək rəhbərlikdən dəstək almasını görürük. Təsadüfi deyil ki, Simon 1988- ci il Spitak zəlzələsindən sonra, fəlakət zonasında ölkə heyətlərinin beynəlxalq dəstəsinə rəhbərlik edib. Terrorçunun bu cür elmi fəaliyyəti isə heç kimi çaşdırmasın.

Belə ki, beynəlxalq ASALA terrorçusu Monte Melkonyanın Yaponiyaya  təhsil üçün göndərilməsi, Yaponiyanın nüfuzlu Tokio Kamata məktəbinə dəvət olunması, 20 yaşında Kaliforniya Berkli Universitetinin arxeologiya bölməsinə (məzuniyyət dissertasiyasını “Van qaya məzarlarının öyrənilməsi” olub (1978 ci ildə müdafiə edib)) daxil olması, daha sonra Oksford universitetinə qəbul olması, yenidən Yaponiyanın Osaka şəhərində yüksək məktəbi bitirməsi və artıq 22 yaşında türk, fransız, ispan, italyan , ingilis, fars, yapon dillərindən xəbərdar olmasına nəzər salarsaq, o zaman Açikgözyanın elmi fəaliyyəti də bizim üçün çaşdırıcı olmamalıdır.

Anlamaq lazımdır ki, düşmən qarşımıza tam professional, torpağın altını da, üstünü də bilən şəxsləri çıxardırdı. 

Nəticədə, Simon Açikgözyan 30 aprel 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyi qüvvələrinin dəstəyi ilə Azərbaycan XTMD-i tərəfindən keçirilən “Halqa” əməliyyatı zamanı Qarabulaqda (Martunaşen) zərərsizləşdirilib.

Nəzərinizə çatdırım ki, ermənilərin mühüm bazasna çevrilmiş həmin nöqtədə Açikgözyanla birgə, Erməni təxribat qruplarına və “Daşnaktsakanner” dəstəsinə rəhbərlik edən Tatul Krpeyan ( Ermənistan milli qəhrəmanı Tatul Krpeyan Qarabağ müharibəsi zamanı 1990-cı ilin sentyabrından 1991-ci ilin may ayına qədər Çaykənd-Qarabulaq bölgəsinin terror-təxribat dəstələrinə ümumi komandirliyi edib) da məhv edilib. Belə ki, Çaykənddə Tatul, Qarabulaqda isə Simon komandir olub. Mayın 2-də zirehli vasitələrlə Çaykənddən Şaumyana oradan da helikopterlə İrəvana zərərsizləşdirilən beş terrorçunun- Tatul Krpeyan, Artur Karapetyan, Simon Açikgözyan, Hraç Danielyan və Valeri Nazaretyanın cəsədi köçürülüb. Açikgözyanın cəsədi İrəvan şəhərinin Kanaker-Zeytun inzibati ərazisinin qəbristanlığında dəfn edilib. Nor Zeytun bölgəsinin 1946-1948 ci illərdə Livan, Suriya, Misir, İran, İraq və Yunanıstandan gəlmiş erməni miqrantları tərəfindən salınmasına diqqət edərsək , onun hansı səbəblə Yerablurda dəfn edilmədiyini anlayarıq.

Ümumiyyətlə, Qarabağ müharibəsi zamanı Arabo terror dəstəsinə üç dəfə güclü zərbə vurulub. Düşmənə birinci zərbə “Halqa” əməliyyatı zamanı, ikinci zərbə Goranboy-Ağdərə əməliyyatını zamanı , üçüncü son zərbə isə, Həsənqaya əməliyyatında vurulub. Sadalanan hər üç əməliyyat Qarabağ müharibəsi tarixində dönüş yaratmış əməliyyatlar sırasındadır. 

Açikgözyanın məhvindən sonra terror dəstəsinin əsasını qoyan Manvel Yeğiazaryan rəhbərliyi təmamilə ələ keçirib. Manvel Yeğiazaryan 1989-94-cü illərdə Keşişkənd (Yeğeknadzor) rayonunun Xaçik, Arpa (Areni), Qafan, Basarkeçər (Vardenis), Goranboyun Buzluq, Erkəç, Mənəşli, Çaykənd bölgəsində, Xocalı, Malıbəyli, Ağdərənin Qızıloba (Karmiravan), Şıxarx (Marağa), Şıxarx qəsəbəsi (Leninavan-Marquşevan), Çardaqlı (Mağavuz), Madagiz, Talış kəndlərində, o cümlədən Laçın ( Laçın dəhlizi), Şuşa, Kəlbəcər (Ömər aşırımı) rayonlarında terror-təxribat və işğal əməliyyatlarında iştirak edib. Qaradağlı və Xocalıda soyqırım əməliyyatlarına rəhbərlik edən Manvel Yeğiazaryan törətdiyi soyqırım aktlarını Ermənistan rəhbərliyi və erməni xüsusi xidmət orqanlarının birbaşa göstərişi ilə icra edib.

Belə ki, Çaykənd-Qarabulaq istiqamətlərində möhkəmlənə bilməyən Arabo dəstəsinin bir hissəsi “Yeğnikner” (Marallar) dəstəsi tərkibinə daxil olaraq, həmin dəstəsinin komandiri Şahen Meğryanın (1990 cı ildən Daşnaksütyun partiyasının üzvü olub) başçılığı altında Goranboy rayonunun dağlıq hissəsində (Şaumyan) möhkəmlənməyə başladı. Dəstə 1991-ci ildən etibarən Buzluq, Mənəşli (Manaşid), Erkəç, Gülüstan kəndlərində aparılan əməliyyatlarda iştirak edib. Halqa əməliyyatının dayandırılması isə baza rayonlarının tam olaraq aradan qaldırılmasına imkan vermədi.

Buna baxmayaraq, 1991-ci il iyul ayında Azərbaycan XTMD-i müstəqil şəkildə Goranboy rayonunun içərilərinə doğru irəllədi. Döyüşlərdən sonra Manaşid, Buzluq, Erkəç kəndləri düşməndən azad edildi. 1991-ci il yaz-yay əməliyyatından sonra ermənilər geri çəkilsə də, elə həmin ildə Şahen Meğryan öz dəstəsi ilə sentyabrın 11-13-də yenidən Manaşid, Buzluq və Erkəçi, noyabrın 29-da isə Todan kəndini işğal etdi .

1991-c i ilin sentyabr ayından başlayaraq,  münaqişənin sülh yolu ilə həlli barədə danışıqlar başlandı. Sentyabr ayının 23-də Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü baş tutdu. Razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladı. Nəticədə, bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı.

Noyabrın 20-də isə Qarakənd səmasında sülh danışıqları üçün Qarabağa gedən və içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın hökümət nümayəndələrinin olduğu helikopter vuruldu. Buna cavab olaraq, noyabrın 20-də artıq müstəqil olan Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtar statusunu ləğv etdi və Stepanakert şəhərinin adını öz qədim adına- Xankəndinə dəyişdirdi.

1992-ci il yanvarın 26-da yeni təşkil olunan Azərbaycan ordusu Şuşa yaxınlığında keçirilən Daşaltı əməliyyatında uğursuzluğa düçar olur. Fevral ayında ermənilər 366-cı alayın qüvvələri ilə birgə hücuma keçərək bir neçə kəndi tutdular. Müharibənin aktiv fazaya keçməsi ilə Arabo, o cümlədən Aramo terror dəstələri də öz əməliyyatlarını genişləndirir. Nəticədə, fevralın 17-də Qaradağlını, 26-da isə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı soyqırım aktı törədilir... 9 mayda Şuşa, 18 mayda isə Laçın şəhərini işğal edilir.    

Şahin Qocayev  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?