Modern.az

Zərdüşt Əlizadə: “Xalq bəyəm ölüb ki..?” (MÜSAHİBƏ)

Zərdüşt Əlizadə: “Xalq bəyəm ölüb ki..?” (MÜSAHİBƏ)

Müsahibə

14 Dekabr 2010, 12:36

Politoloqun proqnozu: “Ola bilsin ki, İsa Qəmbərin yerinə Arif Hacılı gəlsin”

90-cı illərdə Zərdüşt Əlizadə verdiyi siyasi proqnozları ilə daim diqqət mərkəzində olurdu. Siyasi proseslərə dair verdiyi təxminlər maraqla qarşılanrıdı. Lakin uzun müddətdir ki, Zərdüşt bəy siyasətdən kənara çəkilib. Özünün dediyi kimi, təlimlərlə gənc nəsildə demokratik təfəkkürün formalaşması üçün çalışır.
Modern.az politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir. O, ölkənin siyasi həyatına münasibətini açıqlayıb, geopoliyik siyasətin bir sıra amillərinə toxunub. 

- Son dövrlərdə müxalifət düşərigəsində baş verən proseslər sadə vətəndaş üçün o qədər aydın deyil. Sizin fikrinizcə, hazırda müxalifət düşərigəsində quruplaşma və müxtəlif qütbləşmə nə ilə bağlıdı?

- Sözün düzü müxalifət düşərigəsində gedən proseslərlə o qədər də maraqlanmıram. Çunki hesab edirəm ki,  hazırda bu düşərgədə baş verənlər qeyri-ciddi proseslərdi və Azərbaycanın siyasi həyatına heç bir təsir etmir. İndi siyasi həyata daha çox Azərbaycanın hakim zümrəsinin daxilində gedən quruplaşmalar böyük təsir göstərir. Fikrimcə, ölkədə hazırda vəziyətin dəyişməsi üçün katalizator rolunu oynayacaq mənbə hakim qruplaşmaların bir-biri ilə ali məqam uğrunda mübarizəsi ola bilər. Müxalifət isə halsızdı, gücsüzdü, potensialı yoxdur. Bu qüvvələr pulsuzdu, informasiya resusları çox məhdudur, üstəgəl xalq arasında dayağı da çox zəifdi.  Belə bir şəraitdə onların nə isə ciddi addım atmağa imkanları olmayacaq.

- Bəs bir sıra müşahidəçilər hesab edirlər ki, AXCP ilə Müsavatın birləşməsi yeni bir güc mərkəzi kimi siyasi arenanı dəyişmək gücündədi?

- Əvvəla bu çox zəif ehtimaldı. Bu partiyaların birləşməsi hazırkı vəziyyəti dəyişməyə qadir deyil.

- Siz AXCP ilə Müsavatın birləşmə perispektivini necə dəyərləndirirsiz? Onların birləşmə imkanları varmı?

- Mən bu qüvvələrin birləşmə ehtimalını zəif sayıram. Amma birləşsələr belə, düşünmürəm ki, orada hansısa bir ciddi potensial üzə çıxsın.

- Bir sıra ekspertlərin fikrincə, ölkəmizdə Avropa tipli müxalifət partiyalarının küncə sıxışdırılması Azərbaycanın siyasi perspektivi üçün yaxşı heç nə vəd etmir..

- Mən Azərbaycanda Avropa tipli müxalifət partiyasının olmasına inanmıram. Avropa tipli müxalifət partiyası qanuna və hansısa Avropa dəyərlərinə hörmət edə bilər.

- Bəs, ümumiyyətlə iqtidarla müxalifət arasındakı bu siyasi gərginlik nə vəd edir?

- Məncə onların arasında heç bir gərginlik yoxdur. Gücü olmayan müxalifətlə dövlətin bütün güclərini səfərbər eləyib müxalifəti əzməyə çalışan hakimiyyət arasında hansı gərginlik ola bilər? Bir zamanlar Azərbaycan müxalifətinin gücü var idi. Bu o zaman idi ki, müxalifətin arxasında xalq və müəyyən mənada sovet partiya mafiyası dururdu.

- Bəs indi xalq müxalifətin arxasında durmur?

- Xeyr xalq da, partiya mafiyası da bu gün müxalifət partiyalarını dəstəkləmir. Xalq heç hakimiyyətin də arxasında durmur. Sadəcə hakimiyyət  dəyənək gücünə, xalqa qalib gəlib.. Gücsüz müxalifət heç bir gərginlik yarada bilməz.

- AXCP-Müsavat güc mərkəzinin yaranması üçün yeni bir tezis irəli sürüb. “Rəsulzadə-Elçibəy” ideologiyasına xidmət edən qüvvələrin birləşməsi. Sizcə, bu ideologoiyanın perspektivi var?

 -  Bu artıq köhnəlmiş ideologiyadır. Müasir zamana uyğun olmayan tezislərdir. Əbülfəz Elçibəyin ideologiyası nə idi? Onun məqsədi mərhum Heydər Əliyevi hakimiyyətə gətirmək idi. Ucuz millətçiliklə heç bir dövlət uğurla idarə olunmur. O zaman bütün ölkələrdə demək olar ki, belə hallar baş verdi. Millətçi Qamsaxurdiya Gürcüstanın başına daş saldı. Millətçi Ter-Petrosyan Ermənistanı bəlaya saldı. Millətçi Elçibəy də Azərbaycan üçün xeyli problem yaratdı.

- Siz bu ideologiyanı uğursuz  sayırsınız?

- Tamamilə uğursuz bir şeydir. Ümumiyyətlə, Azərbaycanın partiya spektri böhran halını yaşayır. Partiyaların böhranı göz qabağındadır. Hakimiyyətin böhranını isə neftdən sel kimi gələn pullar örtür. İngilislər nefti çıxarır, satır, 80% gəliri verirlər bizim hakimiyyətə. Əgər Azərbaycan iqtisadiyyatından neft amilini çıxarsaq, Azərbaycan iqtisadiyyatının vəziyyəti Ermənistan və Gürcüstandan daha acınacaqlı ola bilər. Bu böhran Azərbaycan vətəndaşının öz dövlətinə inamsızlığını göstərdi. Bu özü böyük bir böhrandır. Azərbaycan dövlətinin Qarabağ məsələsini həll etmək  gücünün olmaması böhran əlamətidir

- Müşahidəçilər dünyəvi müxalifətin belə sıxışdırılması nəticəsində ortaya yeni bir radikal dini müxalifətin çıxma təhlükəsindən danışırlar. Belə bir təhlükə varmı?

- Ölkədə dini amil güclənir. Bu faktdır. Bu ona görədir ki, ölkədə bir çox ədalətsizliklər var və onların həll edilməməsi insanları radikallığa aparır. Bu bir aksiomadır. Bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da bu baş verir və davam edəcək. Azərbaycanda hansısa İslam təmayülünün güclənməsinin səbəbi yalnız bizim hakimiyyətdədir. Burada heç bir xarici faktorun  rolu yoxdur.

- Axı ciddi müşahidlər üçün dini radikalizmin kənardan idarə edilməsi təəssüratı yaranır. Məsələn, İranın bu məsələlərə yön verməsinə artıq heç kim şübhə etmir..

- İranın dini amilin güclənməsində heç bir rolu yoxdur. Məgər İran bizim məmurları məcbur edir ki, rüşvət alsınlar? Hakimləri məcbur edir ki, ədalətsiz hökmlər çıxarsınlar?

- Məsələn, bizim siyasətçilərimiz birağızdan deyir ki, dinin siyasi çalarlar almasına qarşıdırlar və buna imkan vermək olmaz...

- Din peyğəmbərimiz Məhəmməd Əleyhisəllama Allah tərəfindən verilib. Quran 1400 ildən artıqdır mövcuddur. Bunun İrana nə dəxli var? Quranı Xomneyi yazıb ya Əhmədinejat? Quran var. Çap olunur, camaat oxuyur. Görür ki, müqəddəs kitabda nə deyilir. Oxuyanlar Allahın dedikləri ilə yaşadıqları cəmiyyətin həyatını müqayisə edirlər. Dünya ilə müqayisə edirlər. Dönüb olurlar radikal islamçı. Bu təkcə bizdə deyil, Avropada da, Amerikada da bu proses gedir. Əgər istəyirlərsə ki, radikallığın qarşısı alınsın, o zaman  çalışmaq lazımdır qanunun aliliyinə riayət edilsin. İnsaf deyilən bir şey var, onar riayət eləsinlər.

- Belə çıxır ki, dünyəvilik tərəfdarları olan qüvvələr ciddi ideologiyasızlıq böhranı yaşayırlar?

- Bəli. Mən sizinlə müəyyən mənada razıyam. Hazırda ideologiyası olan yeganə qüvvə islamçılardır. İndi Azərbaycanda İslama inananların sayı durmadan artır. Ancaq fikrimcə, İslam siyasi təşkilat kimi Azərbaycanda hələ çox zəifdi.

- Bəs Azərbaycanda dini ideologiyalı bir partiya və liderin ortaya çıxma etimalı varmı?

 - Yox, hələlik belə bir siyasi qüvvə yoxdur. Bu barədə 100% rahat olmaq olar.

-  Belə çıxır ki, Azərbaycanın siyasi həyatında ciddi boşluqlar var?

- Bu boşluqlar tədricən dolur. Xalq ölməyib ki... Əlhəmdülillah, xalq sağdır. Xalq hələ yetişir, bunu dərk eləmir. Əsas xalqı yatırdan amil büdcənin neft pullarıdır.

- 90-cı illərin əvvəllərində belə bir şüarınız vardı: “Demokratiya  azad və savadlı xalqın hakimiyyətidir”. Şüarınız bu gün də aktualdırmı?

- Xalq azad və hələ savadlı da deyil. Mən indi təlimlərlə məşğul oluram. Məqalələr yazıram, kitab yazıram, müsahibə verirəm.

- Yazdıqlarınızın bir nəticəsi varmı?

- Mən təkcə onu deyə bilərəm ki, xalqın inandığı bir çox mövhumat fikirlər artıq tarixin zibilliyinə atılıb. Məsələn millətçilik kimi zəhər artıq tarixin zibilliyinə atılıb. Bu ideyalar xalqı səfərbər edən idealar deyil. Ancaq narahatam. Çünki müstəqilliyin də dəyəri itib. Vaxt vardı üçrəngli bayraq hamıda ülvi hisslər doğururdu. İndi üçrəngli bayrağa baxanda polislərin zopaları, saxta seçkilər və uğursuz Qarabağ siyasəti yada düşür. Və bir də ki, Azərbaycandan qaçan 2 milyon miqrant... .

-  “Weakliks” saytının açıqlamalarına sizin münasibətiniz necədir?

 - Bu çox sadə bir məsələdir. Bir amerikan həbçisi hökumətdən narazı imiş, onun imkanı olub ki, belə bir sirli məlumatla tanış olsun. Sirli məlumatla tanış olub. Onu qəşəng öyrənib. Və sonra onu da götürüb yayıb.

- Sizcə, məsələnin kökü bu qədər bəsitdir?

- Mən 100% inanıram ki, bu belə olub. İndi həmin adamı tutublar. İstintaq gedir. Məncə üzdə olan budur. Bəziləri deyir ki, bunu Amerika eləyib. Əslində Amerika diplomatları pis vəziyyətdə qalıblar ki, bu məxfi söhbətlər zamanı gedən söhbələri qoruya bilməyiblər. Məsələn ərəb ölkələri “Veakliks”lə bağlı heç bir məlumat vermirlər. Hökümətləri bu açıqlamalardan narahatdırlar. Bir “Əl -cəzirə” kanalından başqa, bir ərəb kanalı, ərəb qəzeti bu barədə bir dənə də məlumat yaymayıb. Türkiyə, Rusiya Amerikanın hörmətli qəzetləri bu barədə yazdılar, göstərməyə çalışdırlar ki, bu əsla Amerikanın təşəbbüsü deyil, bu bir təsadüfdir. Sadəcə sirri qoruya bilməyiblər.

- Azərbaycanda müxalifətinin formalaşması 90-cı illərin sonlarında Qarabağ hadisələri ilə başlayıb. Amma son illər partiya liderləri aktiv siyasəti tərk etməyə başlayıblar. Məsələn, siz Sosial Demokrat Partiyasından getdiniz, Etibar Məmmədov AMİP-dən getdi. İndi də İsa Qəmbər Müsavatın başqanlığından gedir.  Zərdüşt bəy, nə baş verir? Bu “yarpaq tökümü” nə ilə bağlıdır?

- Xalq Cəbhəsini yaradanda mən Qarabağı və demokratiyanı müdafiə edirdim. Sonra gördüm ki, Xalq Cəbhəsi tayfabazların və millətçilərin əlinə keçdi. Oradan getdim. ASDP-dan ona görə getdim ki, sosial demokratiya sahəsində olan fikirlərimi, o cümlədən Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi sahəsində olan fikirlərimi əksər partiya üzvləri anlamırdı. Ona görə, mən ordan da uzaqlaşdım. Amma indi də öz fəaliyyətimi davam elətdirirəm. Deputat olmaq istəmirəm, ad-san qazanmaq da istəmirəm. Hətta bəzi telekanallar məni zəng edib verilişlərinə dəvət edirlər, mən qəbul eləmirəm. Çünki mənə şöhrət lazım deyil.
Siyasi partiya rəhbərləri ona görə gedir ki, çünki hərəsi öz işini bitirib. AMİP-i deyirsiniz... Etibar Məmmədovun birinci məqsədi Heydər Əliyevi hakimiyyətə gətirmək, ikinci məqsədi özünün hakimiyyətədə olması idi. Məqsədinə nail olmadı. İndi şəxsi bizneslə məşğuldu. İsa Qəmbər siyasətə ona görə gəlmişdi ki, prezident olsun, alınmadı o, da çıxıb gedir.

- Partiyalarda siyasi varislik problemi yaşayır. Gedənlərin yerinə gələnlər yoxdu axı?

- Var. Niyə yoxdur? Ola bilsin ki, İsa Qəmbərin yerinə Arif Hacılı gəlsin.

- Arif bəy populyarlıq baxımından İsa Qəmbərə uduzur...

- Məncə populyarlığı qazanmaq olar. Arif Hacılı indi İsa Qəmbərin kölgəsindədir. Bəlkə kölgədən çıxandan sonra məlum olacaq ki, bu çox görkəmli adamdır. Türkiyədə, məsələn, Kılıcdaroğlu Baykalın kölgəsində idi. Baykal getməyə məcbur olandan sonra məlum oldu ki,  Kılıcdaroğlu çox uğurlu bir siyasətçidir. Bizim tarixə baxın: 1989-cu ildə xalq kimi sevdi? Etibar Məmmədovu. Həmin xalq 90-cı illərdə az-çox Ayaz Mütəllibovu, 91-92-ci illərdə Elçibəyi, 93-cü ildə Heydər Əliyevi sevdi. 1998-ci ildə xalq üçün Etbar Məmmədov yenidən sevimli oldu, 2003-cü ildə İsa Qəmbəri sevdi. Nəhayət 2008-ci idə xalq İlham Əliyevi sevdi.  Odur ki, xalqın sevgisi müəyyən istiqamətdə olan bir şeydir.

- Siz eks-prezident Ayaz Mütəllibovu xatırlatdınız. Onunla əlaqələriniz varmı?

- Xeyr, heç əlaqəm yoxdur. Onun işi qutardı, getdi. Bir adamın başına tale quşu bir dəfə qonar, nadir halda iki dəfə qonar. Daha üçüncü dəfə qonmaz.

Xaqani SƏFƏROĞLU
Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi