Modern.az

“Nə qədər şərəfsiz olmalı, alçalmalısan ki, düşməndən imdad diləyəsən"

“Nə qədər şərəfsiz olmalı, alçalmalısan ki, düşməndən imdad diləyəsən"

1 Mart 2016, 12:24

Qəbələdən olan 25 sakinin Ağdama gələrək, Ermənistanın işğalı altındakı bölgəyə keçmək cəhdi cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Müharibə vəziyyətində sakinlərin düşmən tərəfə keçməsi və qarşı tərəfin bu məlumatı sevincək şəkildə tirajlaması ölkəmizin nüfuzuna xələl gətirən məqamlardır.

Qarabağdan olan, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov Modern.az saytına açıqlamasında bu barədə danışıb.

Milli Məclis üzvü qeyd edib ki, əgər vətəndaş ölkəsində hər hansı sıxıntı, çətinlik, haqsızlığa görə düşmən tərəfə keçmək istəyirsə, o cür adamları Azərbaycanda saxlamağa ehtiyac yoxdur.

“Belədirsə, onlar lap elə Ermənistana da keçsin, oradan da o biri tərəfə... Bütün cəmiyyətlərdə, bütün ölkələrdə vətəndaşa qarşı hansısa hadisələr olur. Hər şey müsbət istiqamətdə cərəyan etmir ki... Həyatda çətinliklər, uğursuzluqlar da var. Yerli məmurların, bəzi vəzifə daşıyanların vətəndaşlara qarşı yarıtmaz mövqeyi var. Cənab Prezidentin milyon dəfələrlə buna qarşı çıxmasına baxmayaraq, hələ də yerlərdə irili-xırdalı belə vəzifə daşıyanlarımız var.

Onların qonşuları, bələdiyyə sədrləri, icra nümayəndələri və başqaları ilə münasibətdə anormallıq, çətinlik ola bilər. Lakin vətəndaşın buna görə doğulduğu ölkədən gedib, düşmən dövlətin ərazisində yaşamağa üstünlük verməsi kimi ləyaqətsiz hərəkət fikirləşmirəm”.

E.Məmmədov qeyd edib ki, vətəndaş çətinlik qarşısında acizlik etməməlidir.

“Sən öz hüquqlarını müdafiə etmək üçün dövlət rəhbərinə, hüquq-mühafizə orqanlarına, səni incidən məmurdan daha yüksəkdə olan vəzifəli şəxsə müraciət et. Ən son həddə qədər get, mübariz ol, mübarizə apar.

Yoxsa hansısa vəzifəli adamın və ya bələdiyyə sədri, icra nümayəndəsinin sənə qarşı haqsızlığına görə, durub  düşmən ölkəyə yaşamağa getmək başadüşülən deyil. Onda vətəndaşlığın, torpağa bağlılığın nə yerdə qaldı? Sən indidən mövqeyini bildirirsən. Mən hətta bu məsələdə təxribat elementləri də görürəm. Ermənistan mediası bu məsələni trendə çevirib.

Normal fikirləşən adam, vətəndaş buna nifrət etməli və qarşı çıxmalıdır. O qədər alçalmısan ki, düşməndən imdad diləyirsən?!”

Qeyd edək ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Bildirilir ki, həmin 25 nəfər Qəbələdə onlara qarşı Nuriyevlər nəslinin nümayəndələri tərəfindən edilən haqsızlıqlardan dolayı bu addımı atıblar.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?