Modern.az

Şotlandiya Xocalı soyqırımını tanımağa bir az da yaxınlaşdı

Şotlandiya Xocalı soyqırımını tanımağa bir az da yaxınlaşdı

4 Mart 2016, 09:52

Xocalı Soyqırımının 24-cü ildönümü çərçivəsində həyata keçirilmiş diplomatik səylər nəticəsində Böyük Britaniya Parlamentində ayrı-ayrılıqda "Early Day Motion" (EDM) adlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb.

Parlamentin Azərbaycan Qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülmüş təşəbbüsdə Xocalı soyqırımının 24-cü ildönümünü qeyd edən Azərbaycan xalqının kədərinə şərik olunduğu bildirilib, Böyük Britaniya hökumətinə Ermənistan və Azərbaycan arasındakı münaqişənin beynəlxalq təşkilatların qətnamələri, xüsusilə də BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində daha fəal rol oynamağa çağırış edilib. Həmçinin, Şotlandiya Milli Partiyasının parlamentdə təmsil olunan üzvü Petrik Qreydi tərəfindən Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar ayrıca qanunvericilik təşəbbüsü irəli sürülüb (//www.parliament.uk/edm/2015-16/1149 ).

Şotlandiyadakı azərbaycanlı icması ilə birgə əlaqələndirilmiş şəkildə 1 mart tarixində Şotlandiya regional parlamentində də Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsü irəli sürülüb (//www.scottish.parliament.uk/parliamentarybusiness/28877.aspx?SearchType=Advance&ReferenceNumbers=S4M-15784&ResultsPerPage=10 ). Şotlandiya Millətçi Partiyasının millət vəkili Sandra Vayt (Sandra White) tərəfindən irəli sürülmüş təşəbbüsdə Xocalı soyqırımı zamanı həlak olanların ailələrinə başsağlığı verilmiş, Ermənistan qoşunlarına Azərbaycan ərazilərini işğalına son qoymağa çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyi qeyd edilmiş, son vaxtlar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahatlıq ifadə edilmiş və bu faciənin ildönümünə diqqət çəkməklə uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə davamlı həllinin tapılmasına yönəlmiş beynəlxalq səylərin artırılacağına dair ümid ifadə olunub.

Şotlandiyada Xocalı soyqırımının tanınmasında böyük rol oynayan siyasətçi Fuad Ələkbərovun Modern.az-a bildirdiyinə görə, “Xocalı soyqırımının Şotlandiya parlamentində tanınması zaman məsələsidir. Mən deputatlar Sandra Uayt, Patrik Qreydi, Azərbaycanın Britaniyadakı səfirliyinə və "Xocalıya Ədalət" kampaniyasını Şotlandiyada dəstəkləyən təşkilatlara təşşəkkürümü bildirirəm”.

Artıq bu ildən başlayaraq, "Scotland Welcomes Refugees" kampaniyası çərçivəsində, Şotlandiyanın bəzi məktəblərində Xocalı soyqırımına aid güclü təbliğat işləri aparılır.

“Azərbaycan ilə Şotlandiya arasında münasibətlər hər iki ölkə üçün çox əhəmiyyətlidir və onları bundan sonra da inkişaf etdirmək lazımdır”.

Şotlandiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin həmsədri Nərgiz Morisson da bu hadisə ilə əlaqədar öz fikirlərini bölüşüb.

“Biz bu müvəffəqiyyətlə fəxr edirik və Şotlandiya parlamentdə Xocalı soyqırımının tanınması istiqamətində çalışırıq. Bundan əlavə, biz Şotlandiyada diaspor təşkilatının yaranması üzərində işləyirik. Bizim məqsədimiz Şotlandiyada Azərbaycan mədəniyyətini təşviq etməkdir”.

Xocalı Soyqırımı həftəsi ərəfəsində Şotlandiyanın Aberdin və Edinburq şəhərlərindəki azərbaycanlı icması və xüsusilə azərbaycanlı tələbələrin təşəbbüsü ilə səfirliklə əlaqələndirilmiş şəkildə anma və məlumatlandırma tədbirləri keçirilib. Tədbirlər zamanı ictimaiyyətin diqqətini bu faciəyə çəkmək məqsədilə Xocalı Soyqırımının mahiyyətini əks etdirən çoxsaylı təbliğat materialları paylanılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir