Modern.az

Azərbaycanın “Ukraynası"-Cəlilabad: gəncləri karxanda işləyir, yaşlıları qaz gözləyir

Azərbaycanın “Ukraynası"-Cəlilabad: gəncləri karxanda işləyir, yaşlıları qaz gözləyir

15 Dekabr 2010, 16:50

Cəlilabadlı jurnalistlər rayonları barədə danışdılar


Modern.az
saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” projesini davam etdirir. Bu həftə Cəlilabad rayonundan olan jurnalistlər doğulduqları bölgənin iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti və s. haqqında bizə danışıblar.

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli bildirib ki, Azərbaycanın bütün bölgələrində vəziyyət eyni olduğundan onları fərqləndirmək çətindir.
“Hamısında problemlər eynidir: işsizlik, sosial baxımdan gerilik, yol, qaz, işıq problemi. Bütün rayonlarda olduğu kimi, Cəlilabadda da bu məsələlər aktualdır. Düzdür, nə isə eləməyə çalışırlar. Tutaq ki, seçki ilə bağlı rayonda da bir az fəallıq oldu, yolları rənglədilər, ağacların divarını əhənglədilər, yəni kosmetik təmir sarıdan nələrsə oldu. Amma ümumi götürəndə, Cəlilabadı   şəhər ilə müqayisə eləmək olmaz. Hətta belə deyək, Gəncə və ya Lənkəranla müqayisə eləmək mümkün deyil”.

F.Cəfərli qeyd edib ki, Cəlilabadda gerilik müşahidə olunur. “Camaat işsiz-gücsüz, dükanlarda borc dəftərləri dolu qalaqlanıb. Mətbuatda yazanda mən həmişə xüsusi qeyd edirəm ki, bu gün rayonlarda natural təsərrüfatın elementləri var. Tutaq ki, on yumurta verir, iki sabun alır. Bunu təkcə bir rayonun üstünə yıxmaq olmaz,  bu, Azərbaycanın bəlasıdır. Amma  hər rayonun spesifik cəhətləri də var. Cəlilabad İranla həmsərhədd olduğu üçün orada dolanışıq nisbətən yaxşıdır. Adamlar xırda ticarətlə məşğul olur. O baxımından Cəlilabad rayonunun bəxti gətirib”.

Həmkarımız deyir ki, rayonda zavod, fabrik yox, kənd təsərrüfatı, aqrar sektor tamam dağılıb. “Cəlilabad vaxtı ilə böyük üzümçülük, şərabçılıq rayonu olub. Sovet dönəmində Azərbaycanın yaxşı yaşayan 10 rayonundan ilk üçlükdə olub. Həmin vaxtlar rayon əhalisi yaxşı dolanırdı. İndi isə üzümlüklər dağıdılıb. Üzüm sahələri yenidən, təzə fərdi təsərrüfatlar şəklində salınır. Bunun da camaata heç bir aidiyyatı yoxdur. Maldarlıq batıb gedir, taxılçılıq sərf eləmir” deyə Famil bəy əlavə edib.  

Famil Cəfərli Cəlilabadda təhsil, səhiyyə sahələrində də problemlərin olduğunu vurğulayıb. “Cəlilabadın əksər kəndləri dağ kəndləridir. Aran tərəfdə kənd azdır. Bir faktı qeyd edim, Cəlilabadın kəndlərindən birinin məktəbinin qapısına vurulan qıfıl paslanıb qopub düşmüşdü. Yəni təsəvvür edin kəndlərdə təhsil hansı səviyyədədir. Mən oxuduğum məktəbdə bədən tərbiyə müəllimi indi kimyadan dərs deyir. Məktəblər, xüsusilə kənd məktəbləri bomboşdur, dərs keçilmir.
Mənim oxuduğum məktəbdə sovet dövründə hər il aşağısı 30-40 nəfər keçmiş SSRİ-nin ali məktəblərinə imtahan verir və daxil olurdu. İndi kənddə 3-4 uşaq ali məktəbə girəndə sevinirlər ki, universitetə daxil olub. Kəndlərdə xəstəxanalar yoxdur. Birinin əli kəsilirsə, gərək 20 km uzaqda yerləşən rayon mərkəzinə getsin”.

Həmkərımız rayonda qazla bağlı problemlərin də olduğunu qeyd edib. “Mənim doğulduğum Günəşli kəndi rayonun ən böyük kəndidir, 10 mindən çox əhalisi var. Amma kənddə qaz yoxdur. Axırıncı dəfə Elçibəyin dövründə camaat qaz görüb. 93-cü ildə YAP hakimiyyətə gələn kimi, qazı kəsdilər. Amma düzünü deyim, kəndlərdə işıq var”.

Famil Cəfərli əhali ilə rayon İcra Hakimiyyətinin münasibətləri barədə məlumatsız olduğunu qeyd edib. “Hazırda rayonda yaşamadığım üçün bir o qədər məlumatım yoxdur. Ümumi götürəndə, Yevlaxın icra başçısı ilə əhalinin münasibəti nə dərəcədə güclüdür? Vətəndaş nə dərəcədə icra başçısının yanına gedib problemini deyə bilir? Yəqin Cəlilabadda da elədir.  Əhali icra başçısının yanına keçib nə deyəcək, nə istəyəcək? İşi-gücü yox, deyəcək mənə pul ver? Qaldı ki, məmur özbaşınalığı, polis özbaşınalığı, o hər yerdə var. Seçkidə bir neçəsini döydülər qanı da batdı, səsi də batdı, çıxıb getdi…”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Cəlilabad rayonu ilə mütəmadi əlaqə saxladığını və rayonda abadlıq işlərinin aparıldığını bildirib. “Bölgələrdə aparılan abadlıq işləri təbii ki, digər rayonlar kimi Cəlilabadın da simasını dəyişib. Rayon mərkəzinə gedən yolun hər iki tərəfi genişləndirilib, yol kənarlarına hasarlar çəkilib. Mərkəzdə “Heydər Əliyev prospekti” deyilən yolda tökmə metaldan hazırlanmış fanarlar quraşdırılıb. Rayon İcra Hakimiyyətinin yaxınlığında olan binalarının böyük əksəriyyətinin fasadə rənglənib. Cəlilabadda rayon mərkəzində insanların  rahat istirahəti üçün 5-6 hektar ərazini əhatə edən  Heydər Əliyev seyrəngahı tikiblər. Mən  deyərdim ki, Bakının rayonlarının heç birində belə bir seyrəngah yoxdur. Həmin seyrəngahın ətarfında süni göl yaradılıb.  Hər il prezident cənub bölgəsinə səfərləri çərçivəsində Cəlilabadda da olur və aparılan sosial-iqtisadi inkişafla bağlı öz razılığını bildirir. Rayonda dövlət proqramı çərçivəsində Olimpiya kompleksi tikilir ki, o da hələ tam hazır deyil, tikintisi davam edir. Yeni Diaqnostika Mərkəzi tikilb istifadəyə verilib və onun açılışında cənab prezident də iştirak edib”.

Niyaz Niftiyev qeyd edib ki, Cəlilabad kənd təsərrüfatı rayonudur. “Hardasa 70-ci illlərə qədər rayon daha çox üzümçülüklə şöhrət tapmışdı.  Həta o vaxt belə bir fakir də vardı ki, təkcə Cəlilabad bu sahədə Ermənistanı qabaqlayırdı. Amma müstəqillikdən  sonra üzüm sahələrinin hamısı dağıdıldı. İndi Cəlilabadda daha çox şəxsi təsərrüfatlar- fermer təsərrüfatı, taxılçılıq inkişaf  etməyə başlayıb. Cəlilabadın yolqırağı ərazilərində ötən dörd il ərzində üzümçülük yenidən bərpa olunur. Amma əvvəlki illərdən fərqli olaraq, həmin üzüm sahələri şəxsi təsərrüfat olduğundan orada daha çox süfrə üzümləri yetişdirilir. Eyni zamanda kartofçuluq da Cəlilabadın təsərrüfat həyatında böyük rol oynadığı üçün bu sahədə də müəyyən irəliləyişlər nəzərə çarpır. Məhsulların saxlanması üçün anbar tikilir, amma onun tikintisi hələ başa çatmayıb”.

N.Niftiyev uğurlarla yanaşı, hər bir rayonda olduğu kimi, Cəlilabadda da problemlərin mövcudluğunu qeyd edib. “Rayon mərkəzi istisna olmaqla, Cəlilabdın kəndlərində mavi yanacaq demək olar ki,  yoxdur. Sovet dövründən qalma yeraltı qaz xətlərinin dəyişdirilməsi problemi bu gün də var. Kəndlərin bəzilərində qaz xətləri var, bəzilərində isə yoxdur. Mənim anadan olduğum Təzəkənd kəndi Bakı-Astara yolunun 5-6 km-də yerləşir, sovet dövründə orda qaz olsa da, indi qəti olaraq mavi yanacaq yoxdur.
Problemlərin ən başlıçası kəndarası yolların bərbad vəziyyətdə olmasıdır. Rayon mərkəzi istisna olmaqla, kənd yollarında təmir işləri aparılmayıb. Yalnız iki kəndində yollar bərba olunub. Onlardan biri Alar kəndi sabiq  iqtisadi inkişaf naziri Fərhad Əliyevin kəndidir. Digəri isə Şəhriyar kəndi Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kəndidir. Bizdə belə bir ifadə var ki, gərək nazir olasan ki, öz kəndinin bütün problemlərini həll edəsən, yollar, məktəblər təmir olunsun, kəndə qaz, işıq daim verilsin Həmin iki kənddə heç bir problem yoxdur. Digər kəndlərdə bu problemlər qalmaqdadır. Məsələn, Bakıdan Cəlilabada iki saat yarıma çatıram, amma bizim kəndə olan 5-6 km yolu bir saata gedirəm. 1930-cu ildən yaradılan rayonun 170 min əhalisi var ki, bunun da 40-50 mini rayon mərkəzində yaşayırsa, qalanları kəndlərdə yaşayır. Kəndlərdə problemlər  olduqca çoxdur. Yol, qaz sovet dövründə çəkilib. Yolun da istismar müddəti var, 10-15 ilə dağılır”.

“Nə rayon İcra Hakimiyyəti, nə də bələdiyyələr bu kimi problemlərin həllində hansısa addımlar  atırlar. Rayon mərkəzi istisna olmaqla kəndlərdə işıq fasilələrlə verilir. Bu da insanların haqlı narazılığına səbəb olur. Qış aylarında, küləkli havalarda demək olar ki, elektrik enerjisi verilmir. Cəlilabadda olan artezian quyuları davamlı olaraq təmirsizdir, ancaq insanların öz öhdəliklərinə buraxıblar ki, onlar da öz aralarında pul yığıb təmir elətdirməyə çalışırlar. Bu problemlərin fonunda, təkcə Cəlilabadda deyil, digər rayonlarda da əsas rayon mərkəzinin təmirinə fikir verirlər”-deyə N.Niftiyev əlavə edib.
N.Niftiyev onu da vurğulayıb ki,  rayon mərkəzinə fikir verməklə yanaşı, kəndlərin də problemləri ilə də maraqlansalar, yaxşı olardı.

Həmkarımız qeyd edib ki, rayon əhalisinin əsas dolanışıq mənbəyi  kənd təsərrüfatı sahəsidir. “Əhali taxılçılıqla məşğul olur. Kimin pulu çoxdusa, üzüm plantasiyaları salır, tərəvəz məhsullarından istifadə edir, şəkər çuğundurunun əkini və heyvandarlıqla məşğul olur. İş yerləri bunlardır, əhali ya həyətyanı səhələrində əkib-becərməklə məşğuldur, ya da Bakıya gəlib burada tikintidə işləyir. Kəndlərdə konkret istehsal müəssisələri yoxdur. Rayonda olan müəssisələrdə isə  onların sahibi öz qohum-əqrabalarını ətrafına toplayır. Yəni o insanın ki, qohumunun müəssisəsi yoxdursa, demək onun işləməyə də yeri yoxdur”.

Niyaz Niftiyev onu da vurğulayıb ki,  Cəlilabadda təhsilin səviyəsi heç də qənaətbəxş sayıla bilməz. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hesabatına hər dəfə baxanda rayonda təhsilin heç də ürəkaçan səviyyədə olmadığını görürəm. Bir fakrı qeyd edim ki, 2007-2008-ci illərdə Cəlilabad rayonunda 2365 şagird attestat alıb. Onlardan 591 nəfər ali məktəblərə sənəd verib. Sənəd verənlərdən 98 məzun tələbə adını qazanıb. Bunların çox az faizi ancaq dövlət ali məktəblərinə, o da ödənişli fakültələrə qəbul olunub. Digərləri isə özəl universitetlərə və ya hansısa ali məktəbin filialına, kolleclərə daxil olub. 2008-2009-cu illərdə rayon üzrə 2000 şagird orta məktəbi bitirib, onlardan 688 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib və sənəd verənlərdən 132 nəfəri tələbə adını qazanıb. 132 tələbədən hardasa, 100-ü kolleclərə daxil olub. 2009-2010-cu tədris ilində 1279 nəfər attestat alıb, 623 nəfər qəbul imtahanlarında iştirak edib, onun da 131 nəfəri tələbə adını qazanıb. Yəni bu kimi faktlar Cəlilabadda təhsilin “inkişaf dinamıkasını” göstərir”.

Cəlilabadlı journalist deyir ki, rayon məktəblərində vəziyyət bir qədər yaxşıdır, amma kənd məktəblərində təhsil bərbad vəziyyətdir. “Müəlim çatışmazlığı var. Fikiza müəllimi ədəbiyyatdan da dərs deyir. İxtisas seçimi məsələlərində müəllimlər bir-birini tamamlamırlar. Fənn ilə müəllimin ixtisası arasında yerlə göy qədər fərq var”.
Həmkarımız qeyd edib ki, icra başçısı ilə əhali arasında münasibətlər o səviyyədə yaxşı olur ki, rayon İcra Hakimiyyəti rayon ərazisində yaşayan hər bir vətəndaşın qayğılarının, problemlərinin önündə dursun. 
“Bizdə rayon İcra Hakimiyyətinin problemlərin qarşısında  nə səviyyədə durduğunu  rayonda yaşamadığım üçün bilmirəm. Amma əhalinin məşğulluq səviyyəsi, təhsil səviyyəsi, səhiyyə xidmətlərinin göstərilməsində problemlər  onu deməyə əsas verir ki,  vəziyyət o qədər də qənaətbəxş deyil.

Xəstəxanalar çox pisdir. Rayon mərkəzindəki xəstəxanalar elə bir vəziyyətdədir ki, insan qorxur ki, orda sağalmaq əvəzinə, hansısa virusa, epidemiyaya yoluxar. O ki qaldı məmur özbaşınalığına, Azərbaycanın hər yerində olduğu kimi, Cəlilabadda da əhali ilə məmurlar arsında narahatçılıq bu gündə hökm sürməkdədir”.

“Azəri-press” İnformasiya Agentliyinin (APA) əməkdaşı Pərvin Abbasov da bildirib ki, Cəlilabad rayonu ölkənin digər rayonlarından heç də fərqlənmir.
“Fərqlilik olsa da, cuzi ola bilər. Cəlilabadda  üzümçülük sahələri məhv edilmişdi, amma son illər yenidən bərpa olunub, bunun da əhalinin işlə təmin olunmasında müəyyən qədər rolu var. Əhali əsasən mövsümü işlərlə-üzümçülük, kartofçuluqla məşğuldur. Yəni rayon əhalisi konkret sahibkarlıq işi ilə məşğuldur. Cəlilabadda qazla bağlı problem var. Mən uşaq olandan, təxminən  90-cı illərdən rayon kəndlərinə qaz gəlmir. Amma indi qaz xətləri çəkməyə başlayıblar. Ümumilikdə Cəlilabad digər rayonlardan nə iləsə fərqlənmir. Bildiyim qədər enerjinin verilməsində də problemlər var. Yay aylarında işığın kəsilməsində fasilə daha az hiss olunur, amma qışda fasilələrin böyük olur, çoxalır”.

“Bizim kənddə belə bir yazılmamış qayda var. Oğlanlar 18 yaşına çatıb əsgərliyə gedib gələndən, evlənəndən sonra, evlənməsə belə, o dərhal Qaradağ daş karxanansında işləməyə gedir. Orda maşınlara daş yükləyir, onunla pul qazanır. Rayon mərkəzində 90-cı illərdən qalma İran bazarı var ki, əhalinin bir qismi orda, bir qismi isə Bakıda alver edir. Yəni kiçik bizneslə məşğuldur. Digər bir qisim isə mövsümü işlərlə məşğuldurlar” - deyə Pərvin Abbasov əlavə edib.

P.Abbasov deyib ki, Cəlilabadın rayon və kəndlərində təhsilin səviyyəsi də digər bölgələrdən fərqlənmir. “Rayonda təhsil də nə iləsə xüsusi fərqlənmir. Yaxşı müəllimlər var, özüm də orada təhsil almışam. Məktəblərdə adətən istilik problemi olur, istilik  problemi olandan sonra dərs problemi yaranır”.

P.Abbasov icra başçısı ilə əhali arasındakı münasibətlərlə bağlı heç nə eşitmədiyini qeyd edib. “Eşitməmişəm ki, rayonun icra başçısı əhalinin problemləri ilə maraqlanır və ya maraqlanmır. Bununla bağlı xüsusi nədənsə xəbərim olmayıb”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli  bildirib ki, Azərbaycanın digər rayonlarında olduğu kimi, Cəlilabadda da yüksək inkişaf hiss olunmaqdadır.
“2004-2008-ci illər üçün  qəbul edilmiş “Regionların social-iqtisadi inkişaf” Dövlət Proqramı çərçivəsində rayonda bir sıra abadlıq-qruculuq işləri görülüb. Bütün bu yenilikləri rayona gələn hər bir kəs müşahidə edə bilər. Xüsusən də icra başçısı Əziz Əzizovun gəlişindən sonra rayonda müsbət istiqamətdə ciddi dəyişikliklər oldu. Cəlilabadda müasir tipli Diaqnostika Mərkəzi, yeni Avtovağzal tikilərək əhalinin istifadısinə verilib. Ümumilikdə son 4-5 ildə Cəlilabadda böyük dəyişikliklər baş verib. Bunları danmaq olmaz. Deyə bilərəm ki, Cəlilabada daxil olan zaman hər bir kəs bu inkişafı görə bilər”.

Rayonun problemlərindən danışan M.Ələsgərli vurğulayıb ki, Əziz Əzizovun rayona gəlişindən sonra bir çox problemlər demək olar ki, həll edilib. “Lakin indi bəzi problemlər hələ də həll edilməmiş qalmaqdadır. Hansılar ki, onların həlli rayonun imkanları xaricindədir. Bildiyimiz kimi Cəlilabad dağlıq ərazidir. Rayonun mərkəzindən fərqli olaraq kəndə gedən yollarda problemlər mövcuddur. Bu xüsusi bir problemdir. Relyefinə görə, yollar bir neçə dəfə təmir edilsə də, yenidən bərbad vəziyyətə düşür. Mən düşünürəm ki, bu tək rayon miqyasında həll olunası məsələ deyil, ölkə miqyasında işlər aparılmalıdır. Hətta bu haqda Dövlət Proqramında da qeyd edilib ki, Cəlilabadın dağ kəndlərinin yolları yenidən qurulsun. Amma hələlik heç bir iş nəzərə çarpmır. Əgər bu yol problemi həll edilərsə, hesab edirəm ki, Cəlilabadın inkişafını tamamlanmış saymaq olar”.

M.Ələsgərli rayon əhalisinin məşğuliyyətindən danışıb.  “Əhali müxtəlif təsərrüfatla məşğuldur. Əsasən, rayonda torpaqların özəlləşməsindən sonra, əhali daha çox  kənd təsərrüfatı ilə məşğul olur. Cəlilabad aqrar rayondur. Kənd yerlərində əkinçilik və maldarlıqla məşğul olurlar. Hətta taxıl istehsalına görə, Cəlilabadı Ukrayna ilə müqayisə edirlər. Son zamanlar yeni tikilən kənd təsərrüfatı obyektlərinin sayı sürətlə artmaqdadır. Rayonda Xalça fabriki açılıb, Beton zavodu  tikilib istifadəyə verilib. Bundan başqa, bir sıra yüngül sənaye müəssisələrinin tikilməsi və s. işlər nəticəsində işsizliyin səviyyəsi qismən də olsa azalıb”.

Cəlilabadın qazlaşdırılmasının başa çatmadığını söyləyən M.Ələsgərli bildirib: “Bəzi problemlər var ki, onlar təkcə Cəlilabadda deyil, bütün rayonlarda mövcuddur. Cəlilabadda da qaz problemi var. Xüsusən də dağ kəndlərinin qazla təminatında ciddi çatışmazlıqlar mövcuddur. Mən bildiyim qədər rayonun mərkəzində qazın verilişi normaldır. Elektrik sahəsində son iki ildə çox ciddi  irəliləyişlər olub. Demək olar ki, elektrik təminatı bir neçə il əvvəllə müayisədə fasiləsiz olaraq verilir”.

“Paritet” qəzetinin əməkdaşı Fuad Hüseynzadə bildirib ki, Cəlilabad rayonunda  dövlət proqrami çərçivəsində görülən işlər rayonun daha da inkişaf etməsinə səbəb olur.

“Bildidiyimiz kimi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının yerinə yetirilməsinin nəticəsi olaraq Cəlilabadın kəndlərinə elektrik enerjisinin məhdudiyyətsiz verilməsi, yararsız transformatorların, naqillərin və dirəklərin dəyişdirilməsi, kənddaxili yolların təmir edilməsi, bəzi təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün yeni binaların tikilməsi, kəndlərin qazlaşdırılması işləri uğurla həyata keçirilib.
Dövlət Proqramının ikinci mərhələsinin (2009-2013-cü illər) də uğurla icra olunması məqsədilə rayonda yaradılan işçi qrupu yerli resursları bir daha diqqətlə nəzərdən keçirərək yeni sosial-iqtisadi inkişaf proqramını tərtib edib. Proqram çərçivəsində 2010-cu ildən başlayaraq yeni yarımstansiyanın inşa edilməsi yararsız elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, yolların çəkilməsi və s. nəzərdə tutulub.
Hazırda rayonda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir”.

F.Hüseynzadə son illər aparılan genişmiqyaslı quruculuq işlərinin Cəlilabad şəhərinin də simasını dəyişdiyini qeyd edib.  “Şəhərə daxil olarkən Heydər Əliyev prospektindən bunu duymamaq mümkün deyil. Belə ki, şəhərin mərkəzinə gedən yolun hər iki tərəfi genişləndirilib, prospekt boyu tökmə metaldan hazırlanmış fanarlar quraşdırılıb. Çoxlu sayda gül kolları, bəzək ağacları əkilib. Mərkəzdə isə tamam başqa bir aləm yaşanır. Rayon İcra Hakimiyyətinin, onun yaxınlığındakı obyektlərin fasadları da xüsusi zövqlə yenilənib. Rayon mərkəzindəki Heydər Əliyev seyrəngahı isə, sözün həqiqi mənasında, özgə bir aləmdir. Bura cəlilabadlılar üçün artıq bir görüş, rahatlıq, istirahət yeridir. Hətta bir çox yeni evlənənlər üçün bura bir əhdi-peyman, xatirə yerinə çevilib. Mən özüm rayonda olarkən bir neçə dəfə burada bəylə gəlinin gəlib xatirə şəkli çəkdirməsinin şahidi olmuşam.

Fuad Hüseynzadə deyib ki, Cəlilabada gələn qonaqları həm xarici görünüşü, həm də ziyarətçilərinin sayı ilə heyrətə gətirən daha bir tikili Heydər Əliyevin xatirə muzeyidir. “Özünün qeyri-adi görkəmi ilə seçilən nəhəng bina açıq kitab şəklində inşa edilib”-deyə o, vurğulayıb.

Həmkarımız bildirib ki,  rayonun mərkəzinə yaxınlaşanda daha böyük abadlıq-quruculuq işləri göz önündə sərgilənir.

“Prezident İlham Əliyev Cəlilabada gələrkən rayonun sosial-iqtisadi inkişafından razılığını bildirib. Dövlətimizin başçısı deyib ki, Cəlilabadın simasında Azərbaycanda son illərdə gedən işlərin nəticələri görünür. 
 Bu il Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin açılışı oldu. Bundan başqa, rayonda yeni Tarix-diyarşünaslıq Muzeyi tikilib istifadəyə verilib”.

Fuad Hüseynzadə bildirib ki,  Cəlilabadda əhalinin işsizlik göstəricisinin sürətlə azalır. “Cəlilabad rayonu özünün artıq unudulmuş şöhrətini bərpa etməkdədir. Rayon ərazisində bir zamanlar fəaliyyət göstərən zavodlar və fabriklər daha müasir və dünya standartlarına cavab verəcək şəkildə bərpa edilir. Əhali arasındakı işsizlik göstəricisi sürətlə azalır. Şübhə yoxdur ki, bütün bunların həyata keçirilməsi Cəlilabadın sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, yerlərdəki mövcud problemlərin həllinə də müsbət təsir göstərəcək”.

F.Hüseynzadə Cəlilabad əhalisinin əksəriyətinin kənd təsərüfatı ilə məşğul olduğunu qeyd edib. “Bu cənub rayonunda 180 minə yaxın əhali yaşayır. Sakinlərin çox hissəsi kənd təsərrüfatında çalışır. Rayonun ən önəmli təsərrüfat sahəsi üzümçülükdür. Həmçinin, taxılçılıq, kartofçuluq və heyvandarlıq da əhalinin məşğulluğunda mühüm yer tutur.

Cəlilabadda üzüm bağlarının salınması mən dünyaya gəlməmişdən qabaq olub. Mənim ağlımın kəsən vaxtları rayonumuzun demək olar ki, hər yanı üzüm sahələri ilə örtülmüşdü. Üzümlük Cəlilabadı elə sarmışdı ki, ilk vaxtlar mən elə bilirdim ki, üzümün vətəni elə Cəlilabaddır... O vaxtlar  cəlilabadlıların əsas məşğuliyyəti üzümçülük idi. İnsanlar da  əsl kolxoz təsərrüfatının tələb etdiyi həyatı yaşayırdı. Rayonda elə ailələr var idi ki, hamsı üzüm təsərrüfatında çalışırdı. Ümümuyyətlə, üzüm cəlilabadlıların əksəriyyətinin çörək ağacına çevirilmişdi. Lakin Sovet hakimiyyətinin son illərində başlanan alqokola qarşı kampaniya Cəlilabadın iqtisadiyyatına böyük zərbə vurdu, üzümlüklərin çox hissəsi məhv edildi. Amma son illər rayonda yeni üzümlüklər salınmağa başlanıb. Bir neçə il bundan əvvəl Fransadan gələn mütəxəssislər Cəlilabadın torpaq sahələrini gəzdikdən sonra öz heyrətlərini gizlətmədilər. Buradakı şabalıdı torpağa, iqlim şəraitinə valeh olmuşdular.

2007-ci ilin mart ayında rayonda "Cəlilabad Şərab - 2" ASC yaradılıb. 290 hektar sahədə salınmış üzüm bağlarında yetişdirilmiş məhsulu emal etmək üçün Qarazəncir kəndində dünya standartlarına cavab verən zavod tikilib. Hazırda Regionların inkişafı Dövlət Proqramına (2004-2008) uyğun olaraq Cəlilabadda 1500 hektardan çox üzüm bağları salınıb ki, onun da 600 hektarı məhsuldardır. Dövlət Proqramı çərçivəsində bu il üzümçülüyün də inkişafı təmin edilib. Üzümlüklərin ilbəil genişləndirilməsi yeni iş yerlərinin açılmasına, ailələrin gün-güzəranının yaxşılaşmasına müsbət təsir göstərir. Üzüm bağlarında ilboyu 1200 nəfərdən çox işçi çalışır”.
 
Fuad Hüseynzadə Cəlilabadda son illər elm, təhsil, səhiyyə, elə cə də qaz, işıq sahəsindəki problemlərində həll olunduğunu bildirib. “Cəlilabad rayonunun rəhbərliyi təhsilin inkişafına kömək etməyi daim diqqətdə saxlayır. Burada yeni məktəb və sinif otaqlarının tikintisi, mövcud təhsil ocaqlarının təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi prioritet vəzifə sayılır. Son beş ildə regional inkişaf proqramı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu sahədə əhəmiyyətli işlər görülüb. Əgər 1980-2002-ci illərdə Cəlilabadda cəmi 8 məktəb inşa edilmişdisə, 2003-cü ildən sonrakı illərdə 25-dən çox məktəb tikilib. İndi Cəlilabadda ümumi təhsil sistemi şəbəkəsində yeni informasiya mühiti formalaşıb. Bəzi müəllimlər dövlət mükafatlarına və fəxri adlara layiq görülüb.
Əhalinin işıq, qaz və su təchizatı, rabitə xidmətinin səviyyəsi də yüksəlib. Hazırda Cəlilabad şəhər ATS-i tam elektronlaşdırılıb. Bələdiyyələrlə iş təkmilləşib, onlar kəndlərin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq və yerli əhəmiyyətli digər məsələlərin həllində fəallıq göstəriblər. Kənd yollarının təmiri, su xətlərinin çəkilməsi sahəsində bələdiyyələr işgüzarlıqlarını artırıblar”.

Fuad Hüseynzadə sonda “ümumiyyətlə, görülən işlər rayonda həyatın canlanmasına, yeni iş yerlərinin yaradılmasına, infrastrukturun genişlənməsinə, camaatın güzəranının daha da yaxşılaşmasına səbəb olan başlıca amilə çevrilib” deyə vurğulayıb.

Aytən Əliyeva
Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir