Modern.az

Azərbaycanlı alimin olduğu qrup tükənməz enerji mənbəyi əldə etməyə yaxınlaşdı

Azərbaycanlı alimin olduğu qrup tükənməz enerji mənbəyi əldə etməyə yaxınlaşdı

5 Mart 2016, 14:50

Beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar gələcəkdə Günəş işığı və suyun köməyi ilə praktiki olaraq tükənməz enerji mənbəyi yaratmağa imkan verəcək. Modern.az xəbər verir ki, bu yaxınlarda çox nüfuzlu, impak fatoru 47 olan, Chemical Reviews jurnalında bu haqda məlumat dərc olunub. Sevindirici məqamlardan biri də odur ki, bu tədqiqatı həyata keçirən beynəlxalq alimlər qrupunda bizim həmyerlimiz, görkəmli biofizik, Prof.Dr. Süleyman Allahverdiyevin də adı var.

Süleyman Allahverdiyev Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiya İnstitutunun (Moskva) İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəridir. O, həm də REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professorudur.
Həmyerlimiz Koreya Respublikasındakı Daegu Gyeongbuk Elm və Texnologiya İnstitutunun (DGIST) Yeni Biologiya kafedrasına dəvət olunmuş adyunkt-professordur.

S.Allahverdiyev Qərbi Azərbaycanın (Qaraqoyunly / Dilican dərəsi) Çaykənd kənindəndir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib. 1984-cü ildə Biofizika İnstitutunda (Puşino) fizika-riyaziyyat elmləri üzrə elmlər namizədi, 2002-ci ildə isə Bitki Fiziologiyası İnstitutunda (Moskva) Bitki Fiziologiyası və Fotobiokimya üzrə doktorluq dissertasiyaları müdafiə edib.
1988-1990-cu illərdə S.Allahverdiyev Kvebek Universitetinin Kimya-biologiya fakültəsində (prof. Robert Carpentier ilə) (Trois Rivières, Kvebek, Kanada), 1990-2007 illər ərzində Fundamental Biologiya Milli İnstitutunda (prof. Norio Murata ilə, Okazaki, Aichi, Yaponiya) çalışıb.

S.Allahverdiyev 30-dan çox beynəlxalq elmi (peer-reviewed) jurnalın dəvət edilmiş qonaq (guest editor) redaktoru olub. Hazırda o, 15-dən çox beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür. Alim “SOAJ NanoPhotoBioSciences” jurnalının baş redaktoru, “International Journal of Hydrogen Energy” jurnalının assosativ redaktoru, “BBA Bioenergetics” jurnalının bölmə redaktoru, eləcə də ixtisası üzrə çoxlu beynəlxalq jurnalların və qrant layihələrinin rəyçisidir.

S.Allahverdiyev 350-dən çox elmi məqalənin və 7 kitabın müəllifidir. O, fotosintez üzrə 10-dan çox beynəlxalq konfransın təşkilatçısı olub. Onun tədqiqat maraqlarına aşağıdakılar daxildir:
Fotosistem II-nin quruluşu və funksiyaları, fotosistem II su-oksidləşdirici kompleksi, süni fotosintez, hidrogenin fotoistehsalı, günəş enerjisinin katalitik çevrilməsi, ətraf mühitin stressi altında bitkilər və fotoreseptorlarda siqnal mübadiləsi və s.

Chemical Reviews jurnalının məlumatına görə, beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatın müəllifləri göstəriblər ki, fotosintez prosesində suyun oksidləşməsi üçün ən effektli katalizator rolunu təbiətdə geniş yayılmış manqan kompleksi oynaya bilər. Təbii fotosintez vasitəsilə işıq enerjisinin kimyəvi enerjiyə çevrilmə əmsalı 90% -dən yüksəkdir; günəş batareyalarında bu əmsal orta hesabla 16% təşkil edir və deməli, təbii üsul süni üsuldan 6 dəfə effektlidir. Lakin süni fotosintez sistemləri yaratmaq üçün təbii fotosintez proseslərin incəliklərini molekulyar səviyyədə anlamaq və süni fotosintetik elementlər (cells) quraşdırmaq lazımdır. Fotosintezin mərhələlərindən biri – suyun parçalanma prosesidir və bu proses təbii katalizatorlar vasitəsilə tənzimlənir (bu proses hər yerdə – bitkilərdə, yosunlarda, sianbakteriyalarında – eyni bir katalik kompleksin köməyi ilə reallaşır). Müəlliflər dəfələrlə müxtəlif komplekslər sintez edib və onların effekliyini təbii manqan klasterinin işi ilə müqayisə ediblər. Aparılan tədqiqatlar və bu sahədə başqa müəlliflərin də işlərinin analizi nəticəsində müəlliflər qərara gəliblər ki, ən yaxşı katalizator, elə təbiətin özünün seçdiyi – manqan katalizatorudur.

Beləliklə, süni fotosintez kompleksləri gələcəkdə günəş işığı və sudan əldə edilən, faktiki tükənməz enerji mənbələri ola bilər.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər