Modern.az

Jurnalistlər Faiq Ağayev haqqında Modern.az saytına danışdılar

Jurnalistlər Faiq Ağayev haqqında Modern.az saytına danışdılar

16 Dekabr 2010, 16:55


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez ünsiyyətdə olan,  müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.

Modern.az saytı mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı layihəni davam etdirir.

Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə, İlhamə Quliyeva, Tünzalə Ağayeva və Xatirə İslamı xarakterizə edən yazarlar, indi də Faiq Ağavev haqqında fikir söylədilər.
Beləliklə, “Faiq Ağayev necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları...

“Ən xırda informasiyaya belə, reaksiya verir ”

Şahin Cavadsoy – “Trend” informasiya Agentliyinin əməkdaşı: 
“Azərbaycanın xalq artisti Faiq Ağayev üçün bu sözləri - F.A, “Cənab qızıl şlyager”i həmişə deyiblər. Faiq Ağayev Azərbaycanda keyfiyyət göstəricisi olan bir müğənnidir. Onun istər sənəti, istər səhnədə olduğu 22 il ərzində oxuduğu mahnılar sözün əsl mənasında slyagerə, hitə cevrilib. Bir media mənsubu kimi yox, bir dinləyici kimi deyirəm Faiq  Ağayevin musiqi sənətində öz yeri var. Səhnədə öz sözünü deyən, bu günün tələblərinə cavab verən  müğənnidir. Zarafat deyil, 22 il kecməsinə baxmayaraq, hələ də bir müğənni öz aktuallığını qoruyursa, ona tələbat varsa, demək qazanmış uğurlara layiq bir sənətçidir.

Amma bu ilin sonlarında  uğursuz bir  hadisə baş verdi. Bu xəbər onu sevən minlərlə pərəstişkarı sarsıtdı. Azərbaycan şou-biznesində ilk dəfə idi ki, hansısa tanınmış bir müğənnini öldürməyə cəhdi edilirdi. Bu hadisənin baş verməsi bütün diqqətləri Faiq Ağayevə yönəltdi. Sözsüz ki, Allah onu qorudu və onu ikinci dəfə anasına, bacısına, onu sevənlərə  bağışladı.

O, bıçaqlanandan sonra bir jurnalist olaraq xəstəxana ilə mütamadi əlaqə saxlayırdıq. Demək olar ki, günün böyük hissəsini 1 saylı Kilinik xəstəxananın həyətində kecirirdik. Mən özüm də şahidi oldum ki, incəsənət xadimlərindən tutmuş, adi pərəstişkarlara qədər onu nə qədər sevənlər var, hətta Faiqin küsülü olduğu müğənnilər belə onu ziyarətə gəlirdi.

Məncə Faiq yeganə insandı ki, müasir zəmanə ilə ayaqlaşan müğənnilərin sırasında ilk yeri tutur. Mətbuat elə bir dövr yaşayır ki, internet ön sırada gedir. Faiq internet istifadəcisidir, müxtəlif  sosial şəbəkələrdə də oturur. “Facebook” kimi şəbəkələrdə özü acıq yazışmalar aparır. Bildiyim qədər gününün iki saatını internetə həsr edir, bütün yazıları oxuyur. Özü haqqında ən xırda bir detala qədər məlumatlatları oxuyur və reaksiya göstərir. Tələbkar müəğənni olduğunu burada da göstərir.

Faiq Ağayevin uzun illərdir ki, mətbuat xidməti var və mətbuatla bilavasitə işləməyin yollarını çox yaxşı bilir. Mətbuat xidməti çox fəal işləyir. Media nümayəndələri istənilən vaxt ona yaxınlaşa və suallarına cavab ala bilər. Doğurdan da iki-üç müğənninin mətbuatı xidməti varsa, onlar arasında birinci yerdə elə Faiqin mətbuat xidməti durur.

Deyərdim ki, cox ağıllı və müdrik insandır. Hec bir sual onu qorxutmur, bütün suallara acıqdır. Hətta qalmaqallardan belə sual verəndə çox sakit və özünəməxsus bir təzdə cavab verir. Mən əminəm ki, Faiq Ağayev bundan sonra ən azı bir 20 il, bəlkə də deyərdim 30-40 il Azərbaycan səhnəsində öz sözünü deyəcək. Çünnki, sözün əsl mənasında o, F.A-dır”. 

“O, həm də yaxşı diplomatdır... ”

Cəvahir Səlimqızı - “Mərkəz” qəzetinin əməkdaşı:
”Faiq Ağayev ətrafında güclü komandası olan müğənnidir. Mətbuatla əlaqə qurmaq və təşkilatcılıq baxımından Faiqə çatan ikinci bir müğənni yoxdur. Faiqlə bağlı hər hansı bir informasiya almaq üçün hec bir problem olmur. Faiq özü jurnalistləri mətbuat katibi vasitəsilə informasiya ilə təmin edir.

Faiq Ağayev dilinə görə dilcəyi olan bir müğənnidir. Heydər Əliyev sarayında səhv etmirəmsə 6 günlük solo-konsert verdi, belə konsert verən ikinci bir müğənni hələki olmayıb. Üzərində çalışan və iş görən müğənnidir, eyni zamanda özünə qarşı tələbkar müğənnidir. Hesab edirəm ki, Faiq həm də yaxşı diplomatdır. Hətta rəqiblərinə qarşı da onun özünəməxsus taktikası var. Hesab edirəm ki, Azərbaycan sənət aləmində Faiqi özünə güclü rəqib sayan müğənnilər çoxdur.

Müğənni – jurnalist münasibətlərində, eləcə də ümumilikdə mədəni insandı, özünə hörmət etməyi və peşəkarları qiymətləndirməyi bacarır.

Faiq Ağayevdə xoşladığım xüsusiyyətlərdən biri də odur ki, o hec vaxt şəxsi həyatı ilə gündəmə gəlməyi xoşlamayıb. Ümumiyyətlə, qalmaqallarda, dedi-qodularda maraqlı olan bir müğənni deyil, çünki, onun səsi və sənəti var. Hətta onun şəxsi həyatı ilə bağlı məsələ gündəmə gələndə, Faiq bir dəfə də olsun efirdən və mətbuatdan eks-ailəsi ilə bağlı xoşagəlməz bir söz deməyib. Baxmayaraq ki, qarşı tərəf onun haqqında kəskin ittihamlar səsləndirmişdi. Bu da Faiqin çox mədəni insan olmasından xəbər verir.

Faiqin gözəl səs tembri var və repertuarı da çox zəngindir. Xalq artisti Əlibaba Məmmədovun ”Dəşti təsnifi”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnıları müasir gənclər tərəfindən məhz Faiq Ağayevin ifasında tanınıb və sevilib.

Öz təcrübəmdən deyə bilərəm ki, Faiq Ağayev mətbuata qarşı acıqdır, istənilən bir məsələni hətta  özü cavablandırıb. Faiq tənqidə qarşı dözümlü müğənnidir. Müğənni var ki, ünvanına hər hansı bir tənqid səslənəndə özündən çıxır, jurnalisti təhqir edir. Amma Faiq özü peşəkar olduğu üçün də peşəkar jurnalistə dəyər verməyi bacarır”.

“O qədər də ürəyi yumşaq deyil...”

Elşad Ümid – “Reytinq” qəzetinin əməkdaşı: 
“Mənə elə gəlir ki, Faiq Ağayev kişi müğənniləri arasında yenilik edən, bir çox maraqlı işlər görən sənətçidir. Ola bilər ki, Faiq əvvəlki kimi gündəmdə deyil, amm doğurdan da az iş görmür.

Jurnalistlərlə münasibəti normaldır. Şəxsən mən dəfələrlə onun haqqında  tənqidi yazılar yazmışam, amma onun tərəfindən özümə qarşı hər hansı bir reaksiya görməmişəm. Hesab edirəm ki, Faiq Ağayev çox siyasətcil müğənnidir. Hər şeyin yerini bilir. Həmkarları ilə münasibətdə görmək olar ki, o taktikanı saxlamağa çalışır. Ola bilsin kənarda nəsə baş versin, amma bəziləri kimi ictimaiyyətin gözü qarşısında bunu etmir.

Qeyri-səmimiliyi varsa da, o qədər də çox deyil. Ola bilər ki, kinlidir. Amma bu hər bir adamda var, yəni dəymə mənə, dəyməyim sənə. Ola bilər ki. Faiq Ağayev haqqında kimsə kəskin ifadələr işlətsin, o da təbii ki, bunları cavabsız qoymasın. Bəlkə də çox ürəyiyumşaq insan deyil. Amma kəskin addım atmağı da yersiz ola bilməz”.

“Həmkarlarının çoxu onu qısqanir”

Tahirə Məmmədqızı - “Şərq” qəzetinin əməkdaşı:
“Zaman – zaman olub ki, Faiq Ağayev haqqında tənqidi yazılar yazmışam, iradlarımı bildirmişəm, amma bu, dostluğumuza xələl gətirməyib və aramızda hec bir inciklik olmayib. Bəlkə də buna görədir ki, dostluğumuz bu günə qədər davam edir. Demək olar ki, Faiqlə 10 ildən artıqdır ki, dostuq. Bütün bunları qoyuram bir kənara, bir mətbuat işcisi və dinləyici kimi fikirlərimi bildirməyə borclu olduğumu düşünürəm. 

Faiq Ağayev Azərbaycan estrada səhnəsinə gəldiyi ilk günlərdən demək olar ki, fərqlilik gətirdi, səhnəyə dinamika qatdı, onun səhnə plastikası o dönəmlərdə xüsusi ilə secilirdi. Faiq Ağayev tanınmaq, sevilmək və yadda qalmağın çətin olduğu dünəmlərdə Azərbaycan estradasına qədəm qoymuşdu. Çünki o vaxtlar, bu günlə müqayisədə tamaşacılar qarşısında daha şox məsuliyyətlilik tələb olunurdu. Hesab edirəm ki, bu günki tamaşacılara təsir etmək daha asandı.
Sovet tamaşacısının düşüncə tərzi fərqli idi və o düşüncə tərzinə yenilik təqdim etmək müəyyən mənada risk tələb edirdi. Bunları nəzərə alsaq, Faiq böyük bir riskə girmişdi və bu riskdən uğurla çıxdı. Zaman – zaman onun da səhnə görünüşünə, ifa tərzinə irad bildirənlər olub, amma ən maraqlısı budur ki, Faiq hec vaxt dayanmadı. Adətən elə müğənnilərimiz olur ki, irad bildirəndə ya çəkinirlər, ya da istiqamətlərini dəyişirlər. Yəqin ki, bu onun xarakterindən irəli gəlir. Tənqidlər onu qorxutmadı.

Çox iradəlidir və çox məntiqlidir, yazılarımda da bu xüsusiyyətini hər zaman  qeyd edirəm. Azərbaycan sənət aləmində onu diplomatik  bir müğənni kimi qəbul edirəm,  kifayət qədər diplomatik manevrləri var ki, bu da ona ən cətin məqamlarında kömək edir. Onu da etiraf edək ki, Faiqi sevənlər qədər,  sevməyənlər də var. Bir cox həmkarları həmişə ona qısqanclıqla yanaşırlar və bəlkə də qalmaqallara getməsinin, adının hallanmasının birmənalı şəkildə səbələrindən biri də budur. Faiq Ağavevı ya qısqanırlar, ya cəkinirlər,  ya da onun səhnədə varlığından kimlərsə narahat olur.

Bəlkədə onu qısqanmağa, ondan ehtiyat etməyə haqlıdırlar. Çünki müğənni var ki, onun yaxşı səsi var,  xarizmatik deyil, səhnəyə və tamaşaçılara baxışı fərqlidir. Düşündcə tərzi bir qədər geridə qalır. Amma Faiq o müğənnilərdəndir ki, səsi ilə yanaşı, müasir tempi tuta,  dinləyicinin istəyini nəzərə ala bilir.

Çox səbrlidir, onun bu qədər səbrli olması çox müğənnilər üçün bəlkə də örnək olmalıdır. Ən çətin məqamlarda belə, onun səbri köməyinə gələ bilər.

Elə bir insan yoxdur ki, onun qüsuru olmasın. Müəyyən vaxtlarda onun da səhvləri olur. Amma böyük mənada qüsurlarının olmadığına əminəm.  Əsasən həmkarları ilə qalmaqala getmir. Nədənsə həmişə onu hədəf götürürlər, son illər xüsusilə adları gec- gec hallanan və ya səhnədə olmayan müğənnilər daha çox Faiqin adından istifadə edir, onun bostanına daş atmaqla gündəmə gəlməyə çalışırlar. Bütün bunların  hamının gözü qarşısında baş verdiyi hec kimə sirr deyil.

Mən bəzi gənc müğənnilrə Faiq kimi səhnədə iradəli olmağı arzulayıram. Elə son dönəmdə baş verən hadisə ilə bağlı müxtəlif fikirlər səsləndi. Fikirlərdən biri də o idi ki, bu sifarişli cinayətdir, əgər belədirsə, düşünürəm ki, yəqin Faiq yenidən kimlərinsə yerini dar edir, onun varlığı kimlərisə narahat edir. Ona yaradıcılığında da, şəxsi həyatında da uğurlar diləyirəm. Düşünürəm ki, tutduğu mövqeyi belə saxlasa yaxşıdı. Əgər müəyyən problemləri varsa, ilin sonudu, bu ildə qalsın, gələn ildə daha böyük addımlarla addımlasın. 

Faiq nə yaxşılığı, nə pisliyi, nə obyektivliyi, nə qeyri-obyektivliyi unudan müğənnidir. Əgər ona qarşı yazılan tənqidi yazıda obyektivlik varsa, o hec kimdən incimir. Tənqidləri qəbul etməyi bacarır. Məncə Azərbaycan səhnəsində bu gün tənqidə normal yanaşmağı bacaran müğənnilərin sayı barmaqla sayılacaq qədər azdır. Müğənnilər bəzən o qədər cızığından cıxırlar ki, sənət aləmində olduqlarını şüar edib,   mətbuat nümayəndələrini hədələyirlər, şantaj, hətta təhqir də edirlər. Faiq o müğənnilərdəndir ki, hər hansı iradı olanda kimlərinsə vasitəsilə deyil, birbaşa jurnalistin özü ilə əlaqə saxlayır və məsələyə aydınlıq gətirməyə çalışır.

Bax bu xarekterini bəyənirəm,  obyektiv olmağı bacarır. Amma onun haqqında yalan yazılanda sərt reaksiya göstərir.

Qələminə hörmət etdiyi və inandığı jurnalistlərə qarşı normal münasibət göstərməyi bacaran sənətkardı. Mən onu sənətci yox, həmişə sənətkar  kimi qəbul edirəm. Həm bu sahədə ali təhsili var, həm də  kifayət qədər təcrübəsi var. Səhnədə olduğu illər ərzində gənclərin rəğbətini qazanıbsa, səhnədə qalmağı bacarırsa, deməli bu onun peşəkarlığından xəbər verir. Burada mətbuatın da rolu müəyyən mənada var. Çünki  mətbuat həmişə yaxşıları görməyi və onları qiymətləndirməyi bacarır. Baxmayaraq ki, mətbuatda Faiq haqqında yazılır, amma böyük mənada hec bir mətbuat orqanı ilə qalmaqalı olmayıb. Tənqidi qəbul etməyi bacaran insandı”.

“Jurnalistlərlə münasibətində öz mövqeyi var ”

Vüqar Vüqarlı- “Day. Az ” portalının şöbə müdiri:
Faiq Ağayev dostları üçün şox yaxşı insandı. Çünki bir necə dəfə dostlarına qarşı necə münasibət bəslədiyinin şahidi olmuşam və doğurdan da bu təqdirəlayiqdir. Digərləri ilə münasibəti necədi, bunu deyə bilmərəm. Çünki son hadisələr buna bariz nümunədir. Hesab edirəm ki, burada artıq şərhə ehtiyac yoxdu.

Düşünürəm ki, müğənni kimi pis olsaydı, xalq artisti adına layiq görülməzdi və hazırda ən bahalı toy “stavkaları”na sahib olmazdı. Əgər Faiq Ağayevi bu qiymətə çağırmasalar, o da bu qiyməti qoymazdı..

Faiq Ağayev həmişə çalışır ki, onun jurnalistlərlə münasibəti yaxşı olsun.  Bu nə dərəcə də alınır, məsələnin başqa bir tərəfidir.

Şəxsi münasibətlərimiz haqqında deyə bilərəm ki, son 5 ildə yəqin ki, 5-6 dəfə mübahisələrimiz olub. Lakin sonda o da başa düşür ki, mən öz işimi görürəm. Mən də anlayıram ki, onun jurnalistlərlə münasibətində hansısa bir mövqeyi var və o mövqeyə mən də anlayışla yanaşıram”.

“Səhnədə atılıb – düşməyini bəyənmirəm”

Zakirə Zakirqızı – “ATV maqazin ” jurnalının redaktoru:
“Faiq Ağayevin həddindən artıq gözəl insani keyfiyyətləri var. Faiqin gözəl dünyagörüşü var və savadlı insandı. Həta deyərdim ki, Faiqdə yaxşı redaktə etmək bacarığı da var.

Sadəcə, səhnədə atılıb-düşməyi xoşuma gəlmir. Bu iradımı özünə də bildirmişəm.

Faiq çox da səmimi insan deyil. Hətta mənim onun haqqında bildiyim fakt da var, 97- 98-ci illərdə bu fakt yayılmışdı. İki il bundan qabaq istədim ki, o faktı  təsdiq edim. Faiqə dedim ki, müsahibə alım, bu sual mənim ürəymdə qalıb. Faiq bildirdi ki, anasına söz verdiyi üçün bu haqda danışmaq istəmir. Hesab edirəm ki, belə bir şey varsa, o, acıqlama gətirməli idi. Bəlkə də şəxsi məsələ olduğu üçün bu barədə danışmaq istəmədi. Amma bir jurnalist kimi mənim borcum idi ki, o vaxt onun haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirim. Bəlkə də bu baxımdan mən onu qeyri-səmimi adlandırıram.

Faiqin həddindən artıq gözəl yaddaşı var.

Bəlkə də jurnalistlərlə də qeyri-səmimiliyi var. Faiq öz dünyası olan bir insandı. Düzdü, jurnalistlərə imkan verir ki, onun dünyasına daxil olsun. Belə bir söz var, deyirlər hər bir insanın ürəyinin 40 qapısı var. Onun 39-u həmişə acıq olur, ancaq 40-cı həmişə insanın özünə aid olur. Faiqdə o qapıların 20-si acıqdır, qalan 20- si isə özünə aiddir.   Ümumiyyətlə, elə şeylər var ki, Faiq imkan vermir ki, jurnalistər ona toxunsun. Juranlistlərlə münasibəti elə saxlayır ki, hər kəs öz həddini bilir, amma bütün bunlar etika çərçivəsində baş verir.
Faiq çalışır ki, insanların xətrinə dəyməsin. Onda belə bir xüsusiyyət var, jurnalist ona sual verəndə əgər kiminsə haqqınnda tənqid bildirmək istəmirsə, sualdan qaçır, “sonrakı sual” deyə soruşur. Tənqidi münasibətləri bildirməkdən çəkinir. Hesab edirəm ki, tənqidi fikirləri bildirsə, pis olmaz”.

“Zahiri görünüşünü bəyənmirəm...”

Tərənə Məhərrəmova - “Kaspi” qəzetinin əməkdaşı:
”Hər kəsin bir zövqü var, ola bilsin ki, Faiq Ağayev kiminsə zövqünə uğun müğənnidir, kiminsə yox. Məncə onun zahiri görüşündən yararlanan bir şeydi, bilmirəm demək nə dərəcədə doğrudu, mən onu xoşlamıram. Bəlkə də bu onun sənətinə olan münasibətimdə də rol oynayır. Amma hazırki estrada müğənnilərindən hec də pis ifa etmir, fərqli ifa tərzi var. Sadəcə, mən onun özünü xoşlamıram, onun zahiri görünüşünü, imicini dəyişdirməsini, özünü kiməsə bənzətməyə çalışmasını bəyənmirəm.

Şəxsi keyfiyyətləri və jurnalistlərlə münasibəti haqqında bir söz deyə bilmərəm. Şəxsi münasibətim yoxdur”.

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir