2010-cu ilin
19-30 aprel aralığında Bakı şəhərində gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və "Fortepiano Qara Qarayev yaradıcılığında" I beynəlxalq elmi - ifaçılıq konfransı keçiriləcək. Müsabiqə və konfrans üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik və orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunacaq.
Bu barədə
Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqə iki mərhələdən ibarət olacaq və 10-25 yaşadək musiqiçilər iştirak edəcək. Konfransda isə yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bütöv bir mərhələdə keçiriləcək.
Elmi-ifaçılıq konfrans-müsabiqəsinin keçirilməsində əsas məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır.
Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcək.