Modern.az

Bakının məşhur qonaqları: Tanınmış səyyahın Azərbaycanda “sirr” axtarışı - LAYİHƏ

Bakının məşhur qonaqları: Tanınmış səyyahın Azərbaycanda “sirr” axtarışı - LAYİHƏ

Reportaj

13 Mart 2016, 09:01

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən azərbaycanlılar qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının keçmişində, insanların xatirələrində silinməz izlər qoyub…

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə tanınmış norveçli səyyah, məşhur etnoqraf və alim-antropoloq Tur Heyerdal haqqında danışacağıq.


Tur Heyerdal 1914-cü ilin 6 okyabrında Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olub. Atası pivə zavodunun sahibi, anası təbiətşünas olub. Lap uşaqlıq illərindən heyvanlar və bitkilər aləminə maraq göstərən Tur Heyerdal kiçik yaşlarında öz malikanələrində müxtəlif muzeylər yaradıb. Səyyahın ilk ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olub. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçib. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirib. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edib, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkib. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın vikinklər tərəfindən kəşfi və məskunlaşması ideyasını irəli sürüb. Heyerdal 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntıları ilə də məşhurdur.

Məşhur səyyahın olduğu ölkələr arasında Azərbaycan da var. Tur Heyerdal 1980-2000-ci illər arasında bir neçə dəfə Azərbaycana səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olub. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək, Qobustanı “açıq səma altındakı muzey” adlandırıb.

1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırıb. “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından da qədimdir”.
Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləyib, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görüb.

Tur Heyerdal kitabların birində Azərbaycanla bağlı görüşlərini, xatirələrini qələmə alıb. O yazırdı: "Mən ilk dəfə Azərbaycanda olanda SSRİ Ali Sovetinin üzvlərindən biri, lakin rus millətinə mənsub olmayan Heydər Əliyevlə görüşdüm. Həmin görüşə qədər mən Azərbaycan Elmlər Akademiyasının akademiki Həsən Əliyevlə bir həftə respublikanı gəzdim. Həsən Əliyev Heydər Əliyevlə doğma qardaş olduğunu mənə deməmişdi. O, məni Azərbaycana dəvət etmişdi ki, dünyada ən qədim tarixə malik olan qayaüstü gəmi təsvirlərini mənə göstərsin".

Tanınmış jurnalist Flora Xəlilzadə qeyd edir ki, hələ 1960-cı ildə akademik Həsən Əliyev Tur Heyerdalı Azərbaycana dəvət edərək, qədim yaşayış məskənlərimizi ona göstərmək istəyirmiş.


Tur Heyerdal Qobustanda...

“Nəhayət, 1981-ci ilin avqust ayında məşhur norveçli alim Bakıya gəldi. Qobustan qayaları onu həqiqətən çox heyrətləndirdi. Tur Heyerdal qayalar üzərindəki rəsmlərə baxaraq qeydlər edir və dinib danışmırdı. Çox gərgin işləyirdi. Nəhayət, uzun iş prosesindən sonra ilk dəfə dediyi söz bu olub. “Bunlar qamışdan düzəldilən qayıqların təsviridir. Yaxın Şərqdə baxdığım qayıqlara çox oxşayır. Hələlik fərqi onda görürəm ki, həmin qayıqlarda Günəşi disk, yaxud adam şəklində göstəriblər. Qobustan qayalıqlarında isə Günəş tamamilə təbii şəkildə, özü də qayığın başında həkk olunub””.

Bakını Neapola bənzədən Tur Heyerdal Azərbaycan haqqında gözəl fikirlər qələmə alıb. Onu ən çox da heyrətləndirən yurdumuzun özünəməxsusluğu, adət-ənənəsi, xüsusilə də xalqımızın qonaqpərvərliyi olub. Flora Xəlilzadənin sözlərinə görə, dünyanı başdan-başa səyahət edən bu məşhur alimi heyrətə gətirən məhz  Azərbaycanda gördüyü səmimi münasibət və qonaqpərvərlik olub. Onun Qobustanda apardığı tədqiqatlar çox uğurlu olub. Heyerdal bu qayalıqları Azərbaycan xalqının keçmişi adlandırıb.

“Məşhur səyyah Dəvəçi şəhərində də olub, orta əsrlərə aid Şabran şəhərinin qazıntılarına baxıb. Heydər Əliyevlə görüşən Tur Heyerdal Azərbaycanla bağlı təəssüratlarını, axtarış və ekspedisiyalarının nəticələri haqqında mülahizələrini ona bildirib. Elə o vaxt da vəd edib ki, imkan tapan kimi bir də Qobustana gələcək”.

Jurnalistin sözlərinə görə, səyyahın növbəti səfərində Azərbaycan artıq dövlət müstəqilliyini bərpa etmişdi.
“1994-cü ilin payızında Tur Heyerdal yenidən Bakıda oldu və Heydər Əliyevlə görüşdü. Heydər Əliyevlə Tur Heyerdal arasında yaranan səmimi ünsiyyət böyük dostluğa çevrildi”.

Azərbaycan norveçli səyyahı sanki maqnit kimi çəkirdi. 1999-cu ilin yazında AMEA-da məşhur səyyah-alim Tur Heyerdalla görüş keçirilib. Azərbaycana əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də eyni səmimiyyət və qonaqpərvərliklə qarşılanan Tur Heyerdal həmin görüşdə bildirib ki, ölkəmizə ilk gəlişində burada başqa bir ictimai sistem mövcud idi.

“O zaman Qobustandakı qayaüstü təsvirlərlə tanış oldum. Mən burada qayalar üzərində çox qədim dövrlərə aid gəmi təsvirlərinin olduğunu eşitmişdim. Qobustandakı qayaüstü təsvirləri görəndə hiss etdim ki, onlar Norveçdə aşkar olunmuş qayaüstü təsvirlərdən əsla fərqlənmir".

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirib. O, bir sıra fərziyyələr irəli sürərək, Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışıb. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf edib. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gediblər. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirib ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olub, özü də sivilizasiyanın mərkəzində dayanıb.


Tur Heyerdal Şəkidə...

Azərbaycana olan məhəbbəti Tur Heyerdalı dördüncü - sonuncu dəfə 2000-ci ilin payızında bu yurda gətirib. Respublikamıza böyük maraq göstərən məşhur səyyah Azərbaycanda olmaqdan həmişə məmnunluq duyub. Bakıda Heydər Əliyev köhnə dostunu mehribanlıqla qarşılayaraq deyib: "Xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcək”.

Tur Heyerdal isə cavab olaraq qeyd edib ki, Azərbaycana dəfələrlə ziyarətləri sayəsində belə qənaətə gəlib ki, ölkələrimiz arasında çay sistemləri vasitəsilə - Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmaq lazımdı.

Tur Heyerdalın ölkə alimləri ilə yaxınlığı da davam edib. Azərbaycana səfər zamanı Şəkiyə gedərək, məşhur Kiş kəndində aparılan qazıntı işləri, tədqiqatlar və buradakı IX əsrə məxsus Alban abidəsi, eləcə də Şəki Xan sarayı ilə yaxından tanış olub.

“Məşhur səyyahın bir fikri də maraqlı idi. O böyük ürəklə deyib ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, özümüzü antropoloji quruluş nöqteyi-nəzərindən "Qafqaz tipi" adlandırırıq. Biz fəxr edirik ki, bu qədər qədim, zəngin mədəniyyətə malik bir regiona, xüsusilə Azərbaycana bağlıyıq. Həmişə böyük məhəbbətlə etiraf edirdi ki, Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Ən böyük arzusu o idi ki, Azərbaycanı qarış-qarış gəzib xüsusi tədqiq etsin. İstəyirdi ki, Gəmiqaya rəsmləri ilə Norveç qayaüstü təsvirlərinin, daş abidələrinin oxşarlığını, qohumluğunu, eləcə də ümumi cəhətlərini tədqiqə çəksin. O, Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edirdi”, - deyə F.Xəlilzadə xatirələrində qeyd edir.

Tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı da Modern.az-a Tur Heyerdalın Bakı səfəri haqda danışıb:

“1981-ci ildə Qobustana səfəri zamanı onu müşayiət etdim. Qobustanda qayaüstü gəmi təsvirlərinə baxdı və bildirdi ki, “bu, dünyanın qədim gəmi şəkilləridir. Bu gəmiləri xüsusi qamışdan düzəldiblər. Bu şəkillər varsa, həmin qamış növü də burada olmalıdır. Qədim misirlilər də buna oxşar qamış növündən gəmilər düzəldiblər”.
Xəzərboyu - Xaçmaz rayonunun Yalama şəhərindən tutmuş cənuba doğru yavaş-yavaş bütün Azərbaycanı gəzdik və Salyandan cənubda o qamışı tapdılar. Onunla birlikdə müxtəlif ölkələrdən səyyahlar gəlmişdi. Qamış növü tapılandan sonra əmin oldu ki, Azərbaycanda gəmilərin təkcə şəkilləri deyil, eyni zamanda onların hazırlanması üçün xammal da var”.



Q.Qoşarlının sözlərinə görə, səyyah dəfələrlə Azərbaycana gəlib və Heydər Əliyevlə görüşüb.

“Onun bir ideyası var idi. Deyirdi ki, Skandinaviyanın əhalisi çox güman ki Qafqazdan gedib. Bu nəzəriyyənin tərəfdarları elmdə çoxdur. Tur Heyerdalın Azərbaycana səfərləri əsasən Norveç xalqının köklərini ölkəmixdə axtarmaqla bağlı idi. O dövrdə Azərbaycana sərmayə qoyan nəhəng neft şirkətlərindən biri də “Statoyl” idi. Norveç şirkəti də Tur Heyerdalın Azərbaycana gəlməsinə çox dəstək verirdi”.

Alimin sözlərinə görə, Tur Heyerdal Azərbaycan musiqisinə heyran idi və onda Norveç musiqinin əlamətlərini tapırdı:

“Tur Heyerdal Azərbaycan musiqisinə xüsusi diqqət göstərirdi. Deyirdi ki, bizim musiqimizdə Norveç xalq mahnısının elementlərini tapır. Onun üçün təşkil olunan ziyafətlərin birində Brilyant Dadaşova Azərbaycan xalq mahnılarını ifa edirdi. Norveçli müğənni kollektivi deyirdi ki, onlara bu musiqi üslübu çox yaxındır. Bakıda elə yer yoxdur ki, ora Tur Heyerdalı aparmayaq. Atəşgaha, Çıraqqalaya da aparmışıq, Şamaxıda da olub. Dövlət tərəfindən bütün imkanlar yaradılırdı, muzeylərə gedirdi, arxeoloji sənədlərlə tanış olurdu. Azərbaycan yeməklərini sevirdi və deyirdi ki, ləzzətlidir. Böyük alim olmağına baxmayaraq, həyatda sadə adam idi. Onunla ünsiyyətdə olmaq insanı incitmirdi”.

Tur Heyerdal çox arzulayırdı ki, Yenidən Azərbaycana gəlsin, Naxçıvana gedərək Gəmiqaya rəsmlərini gözləri ilə görsün. Lakin bu arzusu gerçəkləşmədi . 2002-ci ilin aprelində məşhur səyyah vəfat etdi...



Aytən ZƏHRA

***
Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü
//modern.az/articles/42791/1/


Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış
//modern.az/articles/38993/1/


Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” //modern.az/articles/37268/1/


Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi
//modern.az/articles/84688/1/

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” //modern.az/articles/85561/1/

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş
//modern.az/articles/86485/1/

Bakının məşhur qonaqları - General Şarl de Qollun Azərbaycanda nə işi vardı?
//modern.az/articles/87046/1/

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi
//modern.az/articles/88189/1/


Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı  
//modern.az/articles/88791/1/
 

Bakının məşhur qonaqları - Çingiz Aytmatovu Azərbaycanla bağlı nə qorxutmuşdu?..
//modern.az/articles/89838/1/
 

Bakının məşhur qonaqları: “KQB”nin izlətdiyi Nazim Hikmət Bakıda ağlamışdı.. //modern.az/articles/92522/1/

Bakının məşhur qonaqları: Orxan Pamuk bakılı yazıçıyla şərt kəsdi...
//modern.az/articles/95157/1/
 

Bakının məşhur qonaqları: Xalq artisi Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi  //modern.az/articles/96745/1/  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir