Modern.az

“İkinci yolumuz yoxdur” - Deputatlar Qarabağ məsələsinin həll yollarından DANIŞDILAR

“İkinci yolumuz yoxdur” - Deputatlar Qarabağ məsələsinin həll yollarından DANIŞDILAR

16 Mart 2016, 13:49

Dağlıq Qarabağ münaqişəsi 25 ilə yaxındır ki, hələ də öz həllini gözləyir. Ötən müddət ərzində münaqişənin həlli istiqamətində nə beynəlxalq təşkilatlar və nə də ki, söz sahibi olan böyük dövlətlər hansısa mövqe ortaya qoyublar. Elə buna görə də münaqişənin həlli istiqamətində heç bir ümid yoxdur...

Azərbaycan Milli Məclisinin deputatları bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını necə görürlər?

Modern. az saytı bəzi deputatların bu barədəki yanaşmalarını təqdim edir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, ABŞ və Rusiya razılığa gəlməsə, münaqişə həll olunmayacaq:

“Hesab edirəm ki, 2016-cı ildə maksimum dərəcədə çalışmaq lazımdır ki ,Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Burada həmsədrlərin və hər iki tərəfin siyasi iradəsi, rolu çox vacibdir. Nə qədər ki, Amerika və Rusiya arasında bu məsələyə dair razılıq əldə olunmayacaq, münaqişə dondurulacaq. Ermənistan tərəfindən mütəmadi olaraq çalışılır ki, münaqişə dondurulmuş qalsın. Məncə, hər hansı bir hərbi addım atmaq, təxribata getmək olmaz. Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək səviyyədə muxtariyyət hüququnun verilməsinə biz razıyıq. Amma təəssüflər olsun ki, erməni tərəfi bu məsələyə hələ də hazır deyil.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə Dağlıq Qarabağ probleminin müharibə variantı ilə həllini düşünür :

“Mən düşünürəm ki, əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsa, bu, hərbi yolla baş verəcək. Çünki ATƏT-in Minsk qrupu demək olar ki, bu münqişənin həllində tamamilə fəaliyyətsizdir. Məsələ ondadır ki, Ermənistan tərəfi artıq ağalarının zəiflədiyinin fərqindədir. Azərbaycan bu gün hərbi gücü işlədə də bilər, işlətməyə də. Amma hərbi güc göstərilməlidir. Azərbaycan münaqaişəni daxili imkanları hesabına həll edə bilər. Diplomatik yollar bizə heç bir vəd vermir. Rusiya bizə heç vaxt kömək etməyəcək. Çünki problemi yaradan Rusiya özüdür.
Azərbaycan müttəfiqləri ilə artıq kifayət qədər münasibətləri genişləndirib, imkanları artırıb. Bizim düşmənlərimiz azalmaqda davam edir. Rusiyanın isə artıq heç bir müttəfiqi qalmayıb. Aydındır ki, Ermənistan Rusiyadan bəhrələnir. Amma Rusiya Suriyada belə, qala bilmədi. Rusiya Şərqi Avropada bütün mövqelərini itirib. Öz müttəfiqlərini satmaqda Rusiya ad qazanmış ölkədir. İnanmıram ki, Rusiya Ermənistanın arxasında axıra kimi dayansın. Dayansa belə, Azərbaycan öz müttəfiqlərinin köməyinə arxalanmaqla məsələni müharibə yolu ilə həll edə bilər”. 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib ki, Qarabağ münaqişəsi Rusiyanın yaxından iştirakı ilə həllini tapa bilər:

Məhşur Siseron Sezar haqqında deyib ki, “biz Sezarın, Sezar isə vəziyyətin quludur”. Fikrimcə, geosiyasi reallığın qiymətləndirilməsi baxımından bu, olduqca maraqlı fikirdir. Bu fəlsəfəni Qarabağ probleminin həlli ilə bağlı mövcud siyasi reallığa transfer etməyə çalşsaq, təqribən belə alınacaq: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi müasir beynəlxalq münasibətlər sistemində münasib vəziyyət yarandığı halda Rusiyanın yaxından iştirakı ilə həll edilə bilər”.

Tarixçi professor, deputat Musa Qasımlı düşünür ki, Ermənistanın arxasında bəzi güclər dayanmasa, münaqişə həllini tapmış olar:

 "Ermənistanın hərbi təcavüzü və davakar separatizm nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi kompleks yanaşma tələb edir. Bizim ərazilərimizi Ermənistan təkbaşına deyil, xarici qüvvələrin yardımı ilə işğal edib. İşğalı həyata keçirmək üçün bu ölkənin imkanları və potensialı yoxdur. Ona görə də Azərbaycan dövləti daxili və beynəlxalq amillərin məcmusu nəzərə alınmalıdır. İlk növbədə Azərbaycan Respublikası daha da güclənməli, ölkədə sabitlik davamlı olmalıdır. Xalqımız hakimiyyətin yanında olmalıdır. Bütün beynəlxalq şərait diqqətə alınmalıdır. Diplomatiya gücə arxalanmalıdır. Hərbi təcavüzə və işğala son qoyulması prosesində güc tətbiq etmək lazım gələrkən diplomatiyadan istifadə etmək, diplomatiyadan istifadə etmək lazım gələrkən güc tətbiq etmək, təzyiq tətbiq etmək lazım gələrkən güc və diplomatiyadan istifadə etmək fayda verməz. Dövlətimizin bütün daxili və beynəlxalq konyukturanı nəzərə almaqla ərazilərimizi işğaldan azad edəcəyinə inanıram".


Deputat
Adil Əliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində nazirlər və onların yaxın qohumları pul xəcləməlidirlər:

“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız gücümüzü birləşdirib, müharibə etməkdən keçir. Başqa ikinci yolumuz yoxdur. 24 ildə hamısını gördük... Sadəcə, imkanlı adamlarımızın hamısı, imkanlarını vətənpərvərlik ruhunun yüksəltmək üçün xərcləməlidir...

Hələlik bunu görmürəm... Nazirlər və onların yaxınları bu istiqamətdə pul xərcləmirlər... Amma əslində xərcləməlidirlər”.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir