Modern.az

Vəfa Quluzadə: “Türkiyədən siyasi sığınacaq istədim, vermədilər” - MÜSAHİBƏ

Vəfa Quluzadə: “Türkiyədən siyasi sığınacaq istədim, vermədilər” - MÜSAHİBƏ

2 May 2015, 23:44

Bu müsahibə Vəfa Quluzaədnin 70 illik yubiley günündə alınıb...


70 yaşlı tanınmış diplomat deyir ki, hələ heç vaxt ad günü keçirməyib

Bu gün Azərbaycanın tanınmış dövlət xadimi, politoloq Vəfa Quluzadənin 70 yaşı tamam olur. Onu xüsusi təqdim eləməyə ehtiyac yoxdur. Çağdaş Azərbaycanın xarici siyasətinin təməl daşlarını qoyanlardan olan Vəfa Quluzadə özündə ictimai missiya daşıyan bir şəxsiyyət olub. Modern.az-a müsahibəsində V.Quluzadə həyatından, diplomatik işindən, bilmədiyimiz hadisələrdən danışdı....

- Siz uzun müddət diplomatiya sahəsində çalışmısız. Bu illər ərzində sizin diplomatiya ilə bağlı hansı qənaətləriniz oldu?

- Diplomatiya olduqca mürəkkəb bir peşədir. Diplomatiya ölkələr arasında əlaqələrə və dövlətin öz milli maraqlarını qorumağa, həyata keçirməyə həsr olunur. Amma diplomatiya işi olduqca incədir. Diplomatiyanı avtomatlar yox, insanlar həyata keçirir. Ona görə, diplomatik işdə bir çox obyektivliklə bərabər, subyektiv məsələlər də olur. Məsələn, mən Misirdə çalışarkən olduqca böyük şəxsiyyət və diplomat, SSRİ xarici işlər nazirinin I müavini Vladimir Vinoqradov orada səfir idi. Xarici işlər naziri Qramıko Vladimr Vinoqradovdan canını qurtarmaq üçün onu ora göndərmişdi. Vinoqradov da istəyirdi orda bir az işləyib təzədən qayıtsın öz yerinə və Qramıkonun yerini tutsun. İndi görün bu siyasətdə özünü necə büruzə verdi. Məsələn, Vinoqradov Misirdən Mosvkaya Siyasi Büroya yalnış informasiya verirdi. O, istəyirdi ki, elə göstərsin ki, Misir Sovet İttifaqına sadiqdir və yeni gəlmiş prezident Ənvər Sadat sovetləri sevir.

Amma əslində bu tamam əksinə idi. Misirlilər SSRİ-ni sevmirdilər. Sovet ittifaqı Allahsız bir dövlət idi. Ona görə, dindar Misir cəmiyyəti Sovet İttifaqını sevə bilməzdi. Orda “müsəlman qardaşları” güclü təşkilat idi və həmişə sovetlərin əksinə çıxış edirdi. Üstəlik Ənvər Sadat da yaxşı başa düşürdü ki, SSRİ İsrailə qələbə çalmağa kömək etməyəcək. Ona görə, siyasəti dəyişib Amerika ilə əlaqələri gücləndirməyə çalışırdı və gizli danışıqlar aparırdı.

Səfirlə danışıqlarda mən də iştirak edirdim. Danışıqlar zamanı tərcüməni mən edirdim. Ə.Sadat deyirdi ki, Misirlə Sovet İttifaqı arasında yeni bir səhifə açılacaq. Məni gülmək tuturdu. Çünki, o yalan danışırdı. Mən səfirə deyəndə ki, nəyə görə, biz öz rəyimizi yazmırıq. Vinoqradov mənə dedi ki, o belə deyibsə, sən də yaz. Sonradan Yevgeni Primakov Misirə gəldi və sübut etdi ki, səfir düzgün mövqedə deyil. Primakov onda Kermlə yaxın dairələri təmsil edirdi. Dövlət başçısı üçün nitqlər yazmaqla məşğul idi. Güclü analitik olan Primakov eyni zamanda KQB-ni təmsil edirdi.

Primakov situasiyanı araşdırdı və Vinoqradova düzgün mövqedə olmadığını bildirdi.

Bildirdi ki, siz öz məlumatlarınızla Siyasi Büronu aldadırsınız. Vinoqradov isə israr edirdi ki, o, Misir prezidentinin dediklərini yazır. Vinoqradovun marağı onda idi ki, Misirdən gedəndə elə təsəvvür yaransın ki, o, Misiri Sovet İttifaqına yaxın bir dövlət halına salıb. Düzdür, onun burda günahı yoxdur ki, Misir başqa yolla gedirdi.

O, bilirdi ki, Misirdə çox qalsa, bu məsələlər faş olacaq. Elə də oldu. 1973-cü il müharibəsindən sonra  Ənvər Sadatın qərbyönlü  siyasəti tamamilə aşkar oldu. Buna görə Vinoqradovun Moskvaya qayıtmaq arzusu alınmadı. Onu əvvəl İsveçrəyə sovet nümayndə heyətinə səfir göndərdilər. Ondan sonra da İrana səfir yolladılar. İslam inqilabı dövründə orda oldu.

Yadımdadı ki, SSRİ səfirliyi darmadağın ediləndən sonra o, gəmi ilə Bakıya gəlmişdi. Mən onu qarşıladım və Heydər Əliyevlə tanış etdim.
Görürsünüzmü, diplomatiya necədir... Diplomatiyada aqressivlik də var, subyektivlik də. Ona görə çox çətin bir sənətdir.

- Vəfa müəllim, diplomatiyaya gəlmək sizə çətin olub, yoxsa asan?

- Mənim bu sistemə düşməyim çox qəribə idi. Nəyə görə? Çünki, qohumlarım vaxtı ilə KQB tərəfindən, sovet hakimiyyəti tərəfindən təqib olunmuşdu. Odur ki, mənim nəinki diplomatiyaya hətta Azərbaycana rəhbər partiyaya yolum belə bağlanmışdı.

Ancaq Sovet İttifaqı 60-cı illərdə eksponsianizim siyasətinə keçməsi ilə əlaqadar səfrlikləri gücləndirmək, siyasi işi artırmaq və ondan sonra amerikalıları Yaxın Şərqdən vurub çıxartmaq siyasəti yeridirdi. Odur ki, bu işdə onların savadlı ərəbşünaslara və ümumiyyətlə, şərqşünaslara böyük ehtiyacı yaranmışdı.

O zaman Moskvadan Azərbaycana SSRİ XİN-in Yaxın Şərq üzrə kadrların rəisi gəlmişdi. Azərbaycanda bütün şərqşünasları çağırıb söhbət eləmişdilər. Onların içərisindən ancaq məni seçdilər. Çünki, mən ərəb və rus dillərini mükəmməl bilirdim. Ona görə, Moskva üçün yararlı idim. Odur ki, keçmişdə olan hadisələrin üstündən keçmək qərarına gəldilər. Bax bu cür yolla mənim diplomatik xidmətə yolum açıldı. Mənə dəvət gəldi ki, siz artıq Sovet İttifaqının Xarici İşlər Nazirliyinin işçisisiz. Gözlərimə inanmadım. İndiyə qədər həmin adamın adını yadımda saxlamışam. Adı Pyotr, familiyası Uzlov idi.

-Sovet diplomatiyasında azərbaycanlılara münasibət necə idi? Sizi öz aralarına birdən-dirə qəbul elədilər yoxsa ?

- Xarici İşlər Nazirliyində milli azlıqların çox az sayda nümayəndələrinə işləmək imkan verirdilər. Çox az. Ələxsus da müsəlmanlara. Ona görə, KQB-də, Xarici İşlər Nazirliyində mən gedəndə görürdüm ki, bu idarələrdə çoxlu erməni çalışır. Bizlərdən orada heç kim yox idi. Mən gedəndən sonra iki-üç nəfər gəldi...

- Niyə ərəb dilini seçdiniz? O vaxtı üçün daha cazibədar yerlər olub...

- Mənim atam şərqşünas idi. Ailə ənənələrindən gəlir.. Ərəb kafedrası onda təzə açılmışdı. Dəbdə olan fakültə idi. Atam da mənə məsləhət gördü  ki, get ora. Birinci kursdan tələbələr arasında  mən birinci şəxs idim. Birinci inşa yazısında bütün qrup “2” aldı mən isə “5”. Bizə məntiq və beyin qabiliyyətinə aid tapşırıqlar verilirdi. Unversitetdə yarım il oxuyandan sonra azərbaycanlı ərəbşünas Ələsgər Məmmədov qış sessiyasında dedi ki, ərəb dilində nə qədər söz öyrənmişiksə, həmin sözlərdən inşa yazmaq lazımdır. Ərəb dili də çox çətin dildi. Biz yarım ildə hardasa 10-15 dənə söz və bir də qramatika öyrənə bilərdik. Məndən başqa, heç kim bunu yaza bilmədi. Universiteti bitirdikdən sonra yoldaşlarım hamısı getdi ərəb ölkələrinə. Məni isə qoymadılar. KQB tərəfindən sənədlərdə edilən qeydlərə görə. Sonra Moskvada aspiranturada oxuyanda məndən xahiş olundu ki, bir-iki KQB-çiyə ərəb dilində dərs deyim.  

Mən də bunlarla çalışanda Azərbaycandan olan gözəl bir şəxsiyyət, KQB-nin sədrinin müavini Aydın Bünyatov mənə dedi “narahat olma, mən bu məsələdə sənə kömək eləyərəm”. Kömək də etdi. Moskvada əvvəlcə dissertasiyanı müdafiə etdim. Ondan sonra elmi fəaliyyətə başlaya bilmədim. Çünki, Xarici İşlər Nazirliyində çalışırdım. Burada stajirovka keçəndən sonra diplomatik karyeram başladı.

- Vəfa  müəllim sizin gəncliyiniz SSRİ-nin 60-cı illərinə düşür. Xruşşov “ilıqlaşması”, həmin dövrün Bakısı indi bir qədər nostalji ilə xatırlanır. O zamanı necə xatırlayırsız, gəncliyiniz necə olub?

- Məndə keçmiş Bakıya ikili münasibət vardı. Bir tərəfdən Bakı olduqca kompakt şəhər idi. Amma eyni zamanda mən bir şeyi görürdüm. Görürdüm ki, Bakı azərbaycanlı şəhəri deyil. Bakının mərkəzində sovetlər tərəfindən aparılan siyasət nəticəsində ruslar, ermənilər və bir də azərbaycanlıların yalnız müəyyən ziyalıları yaşayardı. Bakıda hamı rus dilində danışırdı. Azərbaycan dilində danışanlara da xor baxırdılar. Bax belə idi. Bəli, dediyiniz kimi caz vardı. Ancaq Azərbaycan xalqı caza qulaq asmırdı. Cazı bilmirdi nədir.

­Məsələn, mən beynəlmiləl bir həyətdə böyümüşəm. O zaman kommunal evlərdə yaşayırdıq. Atam 1946 –cı ildə cəbhədən qayıdanda bizim Bakıda evimiz yox idi. Evimizi zəbt etmişdilər. Komunal mənzillərdə yaşayardıq. Həyətdə olanların hamısı rus idi, bəlkə də üçdə biri azərbaycanlı olardı. Mən şəhərin mərkəzində olan Şors küçəsində yaşamışam. Rus dilini yaşadığımız həyətdə mükəmməl öyrəndim. Xarici dillərə mənim təbii qabliyyətim var idi. Bununla bərabər, mən orda olan problemləri başa düşürdüm. Düşünürdüm nəyə görə, Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini hökmən erməni olmalıdır? Onlar yeni evlər  paylananda həmişə danışa bilirdilər. Odur ki, fəhlə olsun, milli ruhlu şair olsun onu ömründə şəhərə buraxmazdılar. Bu kəsim “Kubinkada”, şəhər kənarlarında yaşayardı. Şəhərin mərkəzinə yalnız ziyalıları buraxırdılar. Mənim atamın da bioqrafiyası tərtəmiz idi. Ona görə, şəhərin mərkəzində bir otaq almağa atamın imkanı oldu.

- O zamanlar kimlərlə dostluq edirdiniz ? Dostlarınızın arasında ermənilər var idimi?

-Dostluq etdiyim uşaqlar arasında bir gürcü oğlan var idi. İndi o İsraildə yaşayır. Yəhudi qızı ilə evənib 90-cı ildən sonra İsrailə gedib. Bir dostum da azərbaycanlı idi. O, da indiyə qədər Bakıda yaşayır. Mühəndisdir. Həm də gözəl musiqiçidir. Həmişə univesitetdə yaxşı caz konsertləri olurdu. Dostum da orda  iştirak edirdi. Bir dənə də erməni  var idi. Atası da KQB-də işləyirdi. Bax belə... O vaxtlar, 60-cı illərdə  milli problem  tamamıilə yerin altına girmişdi. Amma  deməzdim problem yox idi. Məsələn, mənim nənəm həmişə deyərdi ki, erməniləri yaxın buraxma. Onlar xaindirlər.

-Siz nənənizə inanırdınız, belə deyəndə?

-Axı əsrin əvvəllərində ermənilər gəlib Azərbaycanda qırğınlar ediblər. Mən inanırdım bu məsələlərə. Ona görə, mənim evimə erməni gəlməzdi. Belə baxanda həyatda dostum idi. Bulvara gəzməyə çıxırdıq arada.

-Vəfa müəllim 60-cı illərin yaradıcı qrupları ilə əlaqələriniz vardımı? Onlara 60-cı illərin nəsli deyirdilər, bu nəsildən yazıçılar Anar, Elçin və başqaların göstərə bilərik. Siz bu qruplarda iştirak edirdiniz.

- Mən bu qruplarda iştirak etmirdim. Çünki şərqşünaslıq başqadır, əbədi mühit başqadır. Amma əbədi mühitdən xəbərim var idi. Çünki mənim xalam Mirvari Dilbazi, anam Yaqut Dilbazi, ikisi də yazıçı idi. Atam da Səməd Vurğunla və başqaları ilə dost idi. Ədəbi mühitdən xəbərim olsa da, əlaqəm yox idi. Bilrisinz məsələ nədən ibarət idi. Mən daha çox rusdilli idim.

-Siz Azərbaycanın tarixində olan iki şəxslə işləmisiz. Heydər Əliyev və Əbülfəz Elçibəyin hər ikisinin sizə çox böyük simpatiyası var idi. Sizin Heydər Əliyevlə əməkdaşlığınız nə vaxtdan başlayıb?

- Misirdə çalışanda 73-cü ildə Heydər Əliyev sovet nümayəndə heyətinin başında ora gəldi. Onun çətin misiyası var idi. Çünki, Misirdə antisovet əhval-ruhiyə inkişaf edirdi. Əsas məsələ bunun qarısını almaq idi. Mən bu işdə ona kömək etdim. Onda biz tanış olduq. Heydər Əliyev məni rəsmən Bakıya işə çağırdı. Mən dedim ki, diplomatik işimi davam etdirmək istəyirəm. Bir müddət sonra Moskvada mən çalışanda mənin ikinci övladım dünyaya gəldi. Ailə ilə Moskvada yaşamaq çox çətin idi. Ona görə, müvəqqəti Bakıya qayıtdım.
87-ci ilə qədər Bakıda qaldım. Sonra yenidən diplomatik işə  qayıtdım. Azərbaycanda mərkəzi komitədə Heydər Əliyevlə çalışdım. Sovet İttifaqı zamanı axırıncı olaraq Əlcəzairdə çalışmışam. Əlcəzairdə də vətəndaş müharibəsi yaxınlaşırdı. 90-cı ildə orda işimi bitirib vətənə qayıtmaq fikrim vardı. Mənə təklif olundu ki, Kremldə Qorboçovun komandasında işləyim. Kremldə yaxşı dostum var idi. Rafiq Nişanov. Məni yaxşı tanıyırdı. Uzun müddət Türkiyədə olmuşuq onunla. Məni dəvət elədi Kremlə... Mən də dedim vətənə qayıtmaq istəyirəm. Düzü Qorboçova nifrət edirdim. Onunla işləyə bilməzdim.Azərbaycan xalqının qanını tökən adamla çalışa bilməzdim. Ona görə, Nişanova dedim ki, Azərbaycanda nə iş verirsiz verin. Ayaz Mütəllibova zəng etdilər. Bakıya gələndə Mütəllibov məndən soruşdu “harda işləmək istəyirsən?. Mərkəzi Komitədə,  yoxsa indi prezidentlik sistemi yaradıram, orada?”. Mən prezidentlik strukturunda müşavir oldum.

- Memuarlarınızı oxumaq maraqlı olardı...

- O dövrlər haqda çox yaxşı xatirələrim var. Amma ki, yazmıram. Çünki, belə bir arzum yoxdur. Mən tarixçi deyiləm, mən aktiv diplomatam. Bir dəfə Heydər Əliyevə Amerika Senatının üzvü Sem Braunberq bir sual verdi. Üçümüz axşam nahar edirdik. Heydər Əliyev də bu cür naharlarda tərcümə etmək üçün təcüməçi çağırmazdı, məni çağırardı. Demək olardı ki, bütün belə görüşləri mən tərcümə edirdim. Sem Braunberq Heydər Əliyevdən soruşdu ki, “sizin bu cür zəngin təcübəniz var. KQB-də nə qədər xatirələriniz var. İndi də müstəqil Azərbaycanın prezidentisiz. Siz bu təcrübəniz barədə memuar yazmaq istəməzsiniz?”.
Heydər Əliyev də dedi ki, “mənim işim o qədər gərgindir ki, memuar yazmağa vaxtım yoxdur”. Mən də belə qeyd elədim ki, ən yaxşı kitab yazılamamış olandır.

- Diplomatik danışıqlarda bizə bəlli olmayan kuryoz hadisələr olurdumu?

- Belə kuryoz hadisə olub. Mən sizə danışım. Bu kuryoz hadisə Misirdə olub. Çox vaxt cavan diplomatlar mərkəzə uydurma məlumatlar çatdırırdı. Niyə görə? Çünki mərkəz tələb edirdi ki, hər bir diplomat 20 nəfərlə kontakt tapıb onun haqda yazmalı idi. Axı gənc diplomat bunu hardan tapa bilərdi. Mən bunu edə bilərdim. Çünki, mən daima səfirlə işlədiyimə görə

həm Nazirlər Kabinetində, həm Prezident Aparatında tanışlarım var idi. Dilim də mükəmməl idi. Amma elə diplomat var idi ki, ümumiyyətlə danışığı yox idi. Belə bir diplomat mərkəzə bir uydurma məlumat göndərmişdi. Deyəsən Moskvada onun yazdıqlarına inanmamışdılar. Göstəriş gəldi ki, bu axmaq yalanları araşdırın görək bu nə məsələdir. Həmin diplomat yazmışdı ki, hansısa görüşlərdə Misirin milli təhlükəsizlik naziri ilə görüşüb söhbət edib. Sədr onu sıxışdıranda məlum oldu ki, yalandan yazıb bunları. O, bildirdi ki, bazardan gələndə yükləri hambala veribmiş. Hamballa yolda apardığı danışdıqlarını götürüb nazirin adından veribmiş.  Bununla əlaqədar bizdə Yeni il şənliyində əyləncəli səhnələr olurdu və orda bu faktı səhnələşdirmişdilər

- Azərbaycanda milli hərəkatın rəhbəri olmuş Əbülfəz Elçibəylə də möhkəm dostluğunuz olub....

- Elçibəylə biz dost olmuşuq, mehriban olmuşuq. Unversitetdə bir yerdə oxumuşuq. 80-ci illərdə  Elçibəyin adı çəkilməyə başlayanda mən xaricdə işləyirdim. Əlcəzairdə yüksək vəzifədə çalışırdım. Mən eşidəndə Azərbaycanda milli hərəkatın başında mənin dostum dayanıb, mən buna çox sevindim. Ölkəyə qayıdandan sonra mən onunla əlaqə yaratdım. Mən bu əlaqəni kəşfiyyatçılara xas olan tərzdə qurdum. Çünki, bilirdim ki, Elçibəyi izləyirlər.

Ona Əlcəzairdən danışmaq istəyirdim. Mən orda SSRİ əleyhinə gizli və güclü fəaliyyət göstərmişəm. Orada yerli hakim partiyaya SSRİ-nin Azərbaycan xalqına divan tutması haqda danışmışam. Mən Əlczairdən, sonra da Türkiyədən də sığınacaq istəmişdim ki, Sovet İttifaqının əleyhinə açıq çıxış edə bilim. Bu mümkün olmadı. Əlcəzair bunu edə bilmədi. Onlar silah baxımından SSRİ-dən asılı vəziyyətdə idilər. Türkiyə də Qorbaçovu dəstəkləyirdi. Odur ki, siyasi sığınacaq məsələsinə gedə bilmədilər. Mənim başqa adla SSRİ əleyhinə, onların Azərbaycan xalqının başına açdıqları müsibətlərlə bağlı ərəb mətbuatlarında çıxışlarım olurdu. Bunun üçün Əlcəzair hakimiyyəti mənə imkan yaradırdı. Onlar deyirdilər “sən bizim partiyanın təbliğat şöbəsi ilə işləyərək istədiyini deyə bilərsən”. Mən də bunların hamısını etmişdim. Həmin qəzetləri də gətirib Elçibəyə vermişdim ki, oxusun baxsın ki, mən orda nə qədər iş görmüşəm. O zaman mənin xalam Mirvari Dilbazinin Elçibəylə yaxşı münasibəti var idi.  Xalama dedim sən Elçibəyi nahara dəvət elə, amma mənim haqqımda biz söz demə. Xalam Əbülfəz bəyi evinə dəvət etdi. Mən isə saat 11-də xalamgildə idim. Elçibəy də gizlənə-gizlənə gəldi xalamgilə bir yerdə nahar etdik, söhbət etdik. Elçibəylə orda geniş söhbət etdik.

­- Elçibəy prezident olan zaman onunla işlədiniz?

- Bəli, onda o mənə xüsusi bir təşəkkür etmişdi. O zaman mənim fəaliyyətimin əsas kökü Qərblə münasibətlərin qurulması idi. Mən Azərbaycanı Qərbə yaxınlaşdırmağa çalışırdışdım. İlk növbədə ABŞ-la. Elçibəy mənə təşəkkür edib dedi ki, “sən Amerika ilə əlaqələrin inkişaf etdirilməsinə görə çox böyük işlər görmüsən”.

- Doqquz il Azərbaycanın xarici siyasətində kurasiya edənlərdən olmusunuz. Arzu etdiyiniz hədəflərə çatmaq mümkün oldumu?

- Çox hədəflərə çatdıq. İndi Azərbaycanda Azərbaycan dili hakimdir. Azərbaycan dilində danışmaq artıq qəbahət deyil. Amma bizim vaxtda bu qəbahət sayılırdı. Ölkəmiz artıq latın əlifbasına keçib. Bu böyük bir hadisədir. Rusiya buna etiraz edirdi. İstəmirdi latına keçməyimizi...İran da o tərəfdən etiraz edirdi. Azərbycanda azad mətbuat yarandı. Kimsə buna yarımazad, kimisi azad deyir, amma fakt odur ki, müstəqil mətbuat mövcuddur. Sərhədlər açıldı. Azərbaycanlılar dünyanın hər bir yerinə gedirlər. Gördüklərini gətirirlər Azərbaycana. Bakı nə qədər dəyişib, nə qədər abadlaşıb. Demək istəyirəm ki, mənfiləri görəndə, müsbətləri də görməyə çalışmalıyıq. Mən Azərbaycanın Qərbyönlü siyasətini həmişə irəli çəkmişəm. Ona görə Heydər Əliyev mənə tam əmin idi. Azərbaycan-Amerika əlaqələrini mən aparırdım. Prezidentin yanına gələn nümayəndə heyətlərini ondan sonra mən qəbul edirdim. Bəzilərini isə onun tapşırığı ilə onsuz qəbul edirdim.

- Müstəqil Azərbaycan üçün diplomatik böhranlardan xatırinizdə ən çox hansı hadisə iz qoyub?

- Çox şeylər olub. Bunları danışmağa bir söhbətdə imkan yoxdur. Məsələn, mən demək istəyirəm Rusiya yenidən Azərbaycanda öz əsgəri bölüyünü bərpa etmək istəyirdi. Bununla əlaqədar böhranlar olub. Azərbaycanın neft-qaz  kontraktlarının imzalanması ilə bağlı ciddi böhran yadımdadır. “Əsrin müqaviləsi” imzalanan günün səhərisi Rusiya elan etdi ki, imzalanmış müqaviləni tanımır...Xəzərin statusunun təyin olunmaması və.s məsələlərlə bağlı böhranlar olub. Çox çətin vəziyyətlərimiz olub.

- Qarabağla bağlı mövqeyiniz birmənalıdır...

- Bəli. Ona görə ki, Ermənistan Rusiya tərəfindən idarə olunan bir quberniyadır. Emənistanın heç bir siyasi iradəsi yoxdur. Və ermənilərlə ruslar birlikdə Azərbaycan torpaqlarını zəbt edib. Rusiya olmasaydı, Ermənistan bunu heç vaxt bacara bilməzdi. Ona görə, mən Rusiyanın çökməsini gözləyirəm. Mən istəyirəm Rusiyada elə bir hakimiyyət olsun ki, rus xalqı xoşbəxt olsun. Rus xalqını ölümə göndərən hakimiyyətlər olmasın. Çeçenistanda, Dağıstanda nə qədər rus qırıldı. Hər yerdə eyni vəziyyət olmur. Qafqaz xalqları dağda yaşayan xalqlardır. Rus xalqı daim həyatlarını fəda ediblər, amma əvəzlərində də heç bir şey almayıblar. Mən hesab edirəm ki, rus xalqı yaxşı həyat yaşamağa layiqdir. Məsələ ondan ibarətdir ki, rus xalqı bilmir vəziyyət necədir. Rus imperiyası tərkibində olan bütün xalqları müflis edib. Torpaqlarını dağıdıb. Çörəklərini də yeyibdir. Qırğızın nə işi var Moskvada? 70 il qırğız öz malını Rusiyaya verib. Bəs azərbaycanlının Mosvkada nə işi var? 70 il Azərbaycanın barını Rusiya yeyib. Azərbaycan Rusiyaya 1 mlrd. 500 mln. ton neft verib. İmperiyanın tərkibində olduğu vaxt. Təsəvvür edirsinizmi? İndi talan olunmuş bütün xalqlar gedib Rusiyada çörək axtarırlar.

- Vəfa müəllim, indi necə yaşayırsız, hardasa işləyirsizmi?

- İndiki fəalliyyətim media ilə, mətbuatla əlaqələrimdir. Ondan sonra səfirliklərlə, diplomatlatla, xarici nümayəndələrlə görüşürəm. Sizə açığın deyim ki, mən heç bir  görüşdə özüm  istəməmişəm, onlar məni axtarırlar. Məni xaricə konfranslara dəvət edirlər. İndi səhhətim o qədər də güclü deyil. Amma ki, hərdən gedirəm belə tədbirlərə...

- İstefaya gedəndən sonra vəzifəyə dəvət olunmusunuzmu?

- Vəzifəyə dəvət olunmamışam. Belə arzum da yoxdur.

- Müəllimlik edirsiniz?

-Bəli. Qafqaz Universitetində mənim mühazirələrim olur. Bütün kurslardan gəlirlər ora. Bundan sonra Xarici Dillər Universitetində bir il əvvəl mühazirələrim olubdu.

- Müşahidələriniz necədir? Sizcə, indiki nəsil oxuyurmu?

- Oxuyur. Çalışır irəliyə gedir. Həm Xarici Dillər Universitetində, həm də Qafqaz Universitetində tələbələrin səviyyəsindən razıyam. Dünyadan xəbərdar olmalarından, siyasətə, Qarabağ probleminə münasibətlərindən razıyam. Çox gözüaçıq tələbələrimiz var. Ümidimiz onadır ki, bu gənclik Azərbaycanı xoşbəxt gələcəyə aparacaq.

- Diplomatlarımıza münasibətimiz necədir?

- Hamısı tələbələrimdir. Mən bəzən Dilpomatiya Akdemiyasına gedirəm. Ondan sonra Siyasi Araşdırmalar Mərkəzində çıxışlarım olur. Bir dəfə televiziyada bir sensasiyon çıxışım oldu. Tədbirə Fransa senatoru gəlmişdi. Mən Fransanın Azərbaycana qarşı qeyri-səmimi siyasətini ona sübut etdim. O, da razı oldu. Dedi ki, bütün məsələlərdə siz hqalısız. Mən bunu etiraf edirəm. Bütün cəmiyyət bunu bildi. Bundan sonra  yüzlərlə zəng oldu mənə. Həm Prezident Aparatından, parlamentdən, adi unsanlardan... Təşəkkür edirdilər.

- Ailədə sizin sənətinizi davam etdirən varmı?

-Mənim diplomatik işdə, parlamentdə, hüquq-mühfizə orqanlarımda heç bir qohumum, yaxınım çalışmır.

- Bu gün ad gününüzdür. İlk təbriki kimdən gözləyirdiniz?

- Ailə üzvlərimdən. Ümumiyyətlə, ad günləri bizim müsəlmançılığın adəti deyil. Sovet dövrü bizi məcbur edirdi dinlə əlaqəmizi kəsək. Amma mən ömrüm boyu heç vaxtı dinlə əlaqəmi kəsməmişəm. Allaha inanıram. Özüm də müsəlmanam. Mən heç vaxt ad günü keçirməmişəm. Nə 50 iliyimi qeyd etmişəm, nə 60 illiyimi....70 illiyimi də yubiley eləməyə hazırlaşmıram.

- Bu nə ilə bağlıdır?

- İstəmirəm. Bilirsizmi, neçə illər Moskvada yaşamışam, Xarici İşlər Nazirliyində çalışmışam.. Manqurtlaşmaq bağqa şeydir. Mən manqurt olmamışam. Mən bizim milli adət ənənələrin hamısını sevirəm. Bu ad günü ənənəmiz deyil.

- Bəs, ailəniz, dostlarınız israr etmir ki?

- Qohum-əqrəba xasiyyətimi bilir, tanıyırlar məni.

- Ad günlərinizdə Heydər Əliyevdən təbrik alırdınız?

- Almışam. Heydər Əliyev həmişə mənə telefon açıb təbrik edərdi. Bizim onunla ciddi məsələlərimiz olub. Mən istefa verəndən sonra da əlaqələrimiz kəsilmyib. Heydər Əliyev harasa getmək istəyəndə mənimlə məsləhətləşərdi. Bir dəfə də məni apardı İranın milli günündə “Gülüstan”dakı ziyafətə... Telereportyorların qarşısında dedi ki, “səni Prezident Aparatına dəvət edirəm, gəl söhbət edək”. Ondan başqa telefon əlaqəsi saxlayırdı mənimlə. Məsələn, məni 2001-ci ildə parlamentə Qarabağ mövzusu ilə bağlı çıxış etməyə Heydər Əliyev dəvət eləmişdi. Çıxışdan sonra mənə dedi ki, ən gözəl çıxış sənin çıxışın odu.

- Sevdiyiniz bayram varmı? Hansı bayramı sevirsiz?

- Bütün bayramlar özünəməxsusdur. Noruzda yaxşıdır, Yeni il də yaxşıdır. Ancaq Sovet İttifaqında Yeni il bayramı öz dini mahiyyətini itirmişdi.  Xristian aləmi qışda qarşılayır Yeni ili, müsəlman aləmi isə yazda qarşılayır.

- Musiqi dinləyirsiniz yəqin. Sevdiyiniz mügənnilər varmı?

- Mən musiqini sevirəm, qulaq asıram. Muğama, caz musiqisinə də qulaq asıram. Ümumiyyətlə mən çox şadam ki, bizdə milli musiqi yarandı.

- Dünyanın bir çox ölkələrində olmusuz. Mətbəxlərin görmüsüz. Azərbaycan mətbəxini sevirsinizmi?

- Azərbaycan mətbəxi bir nömrəli mətbəxdir. Çox təəssüf ki, sovet dövründə bu mətbəxtin çoxu itib batdı. Azərbaycanın rayonlarına gedəndə elə qəribə xörəklər yeyirsən ki... Məsələn, plovumuz dünyada nömrə birdir. Onun hər rayonda öz növləri var. Dağ rayonlarında olan plov başqa olur. Bakıda çoxunun heç bundan xəbəri yoxdur. Bizim floramız, faunamız o qədər zəngindir. Mən Azərbaycan mətbəxini bir nömrəli hesab edirəm. Balıq yeməyi də sevirəm. Dünyada ən gözəl mətbəx fransız mətbəxi hesab olunur. Amma mən sizə deyim ki, əsl fransız mətbəxini dadmağa insanların pulu çatmaz. Çox bahalıdır. Bir dəfə Hiltonda Heydər Əliyevlə biz nahar edirdik. Orda verilən xörək dana “qlandalarından” bişmiş bir xörək idi. Mən belə dadda yemək yeməmişdim. Heydər Əliyev adətən sammitdən, hər hansı rəsmi görüş zamanı özünə yaxın olan bir-iki adamla nahar edərdi. Mən bu insanların içində idim həmişə. Heydər Əliyevlə Lissabonda da, Madriddə də bütün hansı ölkələrdə olmuşuq, orda gedib nahar etmişik. Nahar zamanı da zarafatlar, lətifələr də öz yerində.

- Vəfa müəllim, nəsə yığırsınızmı, kolleksiyanız var?

- Yox heç nə yığmıram... Quranda yazılıb hamımız Allahdanıq və hamımız Allaha qayıdacayıq.

- Azərbaycan mediası haqda fikirləriniz necədir?

- Mən hesab edirəm ki, bizim media çox inkişaf edib. Sözsüz ki, səviyyəsinin qalxmasına böyük ehtiyac var. Hələki səviyyə yüksək deyil.

- Sonda sizi təbrik edirik bütün kollektivimiz adından. Sizə uzun ömür, can sağlığı arzulayırıq.

Xaqani SƏFƏROĞLU
Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir