Modern.az

Deputatdan media və QHT-lərə ÇAĞIRIŞ

Deputatdan media və QHT-lərə ÇAĞIRIŞ

24 Mart 2016, 11:04

“Cənab prezidentin təsdiqlədiyi “Korrupsiyaya Qarşı Mübarizə ilə bağlı Dövlət Proqramı"na uyğun olaraq korrupsiya qarşı mübarizə ilə tədbirlər planı da qəbul edilib. Bütün müvafiq qurumlarda daxili təhlükəsizlik bölmələri yaradılıb".

Bu sözləri Modern.az-a açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, deputat Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, faktlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi cinayət təqibini həyata keçirir, istintaq işlərini aparır.  

"İnzibati qaydada bu məsələlərə baxılır. Ən böyük mübarizəni biz lazımi qaydada aparırıq. Bir-birini təkrar edən qurumların ləğv edilməsi, onların birləşdirilməsi, şəffaflığın artırılması vacibdir. Burada ən böyük nümunə ASAN Xidmətin yaradılması və miqyasının genişləndirilməsi, funksiyalarının artırılması, elektron xidmət portalının yaradılması və onun funksiyalarının genişləndirilməsi götürülə bilər.  

Bu gün bir çox nazirliklər və qurumlar üzrə vətəndaş istənilən arayışı elektron xidmətlərdən istifadə edərək elektron imza və ya qeydiyyatdan keçməklə ala bilər. Bu tədbirlər korrupsiyaya qarşı mübarizəni şəffaflaşdırır. Amma burada ən böyük məsələlərdən biri ictimai iştirakçılıq və ictimai nəzarətdir".

Deputat hesab edir ki, medianın üzərinə böyük məsuliyyət düşür.

"Obyektiv araşdırmalar, təhlillər aparmaq, harada neqativ hallar varsa, korrupsiya yol aça biləcək hallar müşahidə edilirsə, onların analitik təhliləri verilməlidir. QHT-lər öz araşdırmalarını aparmalıdırlar ki, dövlət də komissiya da həmin nəticələri əsas götürərək tədbirlər planında nəzərdə tutulan işləri daha uğurla həyata keçirsinlər, effektliyini artırsınlar.  

Biz bununla mübarizə aparmaqla yanaşı, ölkəyə çirkli pulların yuyulması üçün sərmayə altında daxil olan maliyyə vasitələrini də nəzarətdə saxlayırıq. Bu dünyada gedən maliyyə, iqtisadi böhran şəraitində olduqca təhlükəli tendensiyadır. Azərbaycan iqtisadi cəhətdən stabil ölkədir, inkişaf edir və çirkli pulların yuyulması üçün bura müəyyən sərmayə adı altında müxtəlif şirkətlər vasitəsilə daxilolmalar ola bilər.

Dövlət bunu da ciddi nəzarətdə saxlayır. Amma vətəndaşlar tərəfindən korrupsiya qarşı dözümlülük həddini gücləndirmək, maarifləndirmə işlərini aparmaq lazımdır. İnsanlar öz hüquqlarını bilməlidirlər".  

Aytən Zəhra

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir