Modern.az

Heç vaxt təkzib verməyən AzərTAc-da gördüklərimiz...

Heç vaxt təkzib verməyən AzərTAc-da gördüklərimiz...

Reportaj

28 Dekabr 2010, 19:35

Modern.az saytı “Redaksiyalardan reportaj” layihəsini bu dəfə dövlət agentliyindən hazırladı

Azərbaycan Dövlət Teleqraf Agentliyindən - AzərTAc-dan reportaj hazırlamaq tapşırığı alanda xeyli götür-qoy etdim. Sözün düzü, Azərbaycanın milli informasiya agentliyinin iş rejimi, işçiləri, şəraiti barədə yazmaq bir az mənə çətin gəldi. Gözümün önünə  bəzəkli kabinetlərdə əyləşən zəhmli redaktorlar, inzibati mühitin ab-havası duyulan bir şərait gəlirdi. Agentliyin baş direktoru Aslan Aslanovla danışıb razılığını aldıqdan sonra AzərTAc-ın şəhərin mərkəzindəki möhtəşəm binasının ağır qapılarını açıb binaya daxil olduq. Geniş foyedə diqqətimizi əvvəlcə mərhum dövlət başçısı Heydər Əliyevin ağ təbii mərmərdən yonulmuş abidəsi və onun Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən foto-stendi cəlb etdi.

 Agentlik binanın 1-ci, 2-ci, 4-cü və 6-cı mərtəbələrində qərar tutub

Paytaxtın maraqlı memarlıq abidələrindən biri olan bu binada quraşdırılmış müasir liftlə ikinci mərtəbəyə qalxırıq. Bələdçimiz - agentliyin bölmə müdiri Xətayi Əzizov xoş təbəssümlə “sizi mənə tapşırıblar” deyərək, bizi uzun dəhliz boyu baş direktorun kabinetinə tərəf aparır. Dəhlizin divarında səliqəli çərçivələrə salınmış portret fotoşəkillər diqqətimizi çəkir. Burada 90 il ərzində agentliyə rəhbərlik etmiş baş direktorların portretləri asılıb.

Portretlərin altındakı məlumatları gözdən keçirdikcə ağlıma gələn ilk fikir bu oldu: AzərTAc-da ənənəyə sədaqət, müasirliyə güclü meyl var. Bu fikrin təəssüratı ilə baş direktorun kabinetinə daxil oluruq. Səliqəli stolunun arxasından qalxaraq “xoş gəlmisiniz” deyən Aslan müəllimin üzündəki mülayimlik və təbəssüm görüşməzdən əvvəl təsəvvürümdə yaratdığım dövlət informasiyasına cavabdehlik daşıyan şəxsin zəhmli və quru obrazını darmadağın etdi…

İnformasiya işinin təşkili sahəsində böyük təcrübəsi olan Aslan müəllimlə söhbətimiz yetərincə maraqlı keçdi. 

Azərbaycan həqiqətlərini dünyada yayan agentlik

1920-ci ildə Azərbayan Xalq Cümhuriyyətinin rəsmi informasiya agentliyi kimi yaradılmış AzərTAc-ın bu günkü iş rejimi kifayət qədər çevikdir. AzərTAc hər gün 6 dildə informasiya istehsal edir. Azərbaycan, ingilis, alman, fransız, ərəb və rus dillərində informasiyalar yayılır. Aslan müəllim deyir ki, agentliyin informasiyalarının yayılma coğrafiyası demək olar ki, bütün dünyanı əhatə edir.
Hazırda AzərTAc yüzə yaxın ölkə ilə birbaşa informasiya mübadiləsi aparır.

Aslan müəllim deyir ki, dövlət başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dinamik sosial-iqtisadi yüksəliş yoluna çıxan müstəqil Azərbaycanın həyatının bütün sahələrində baş verən köklü dəyişikliklər AzərTAc-ın xəbərlərinin əsas mövzusudur.
“Demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən, özünün zəngin təbii resurslarını dünyaya açan və Avropanın enerji təhlükəsizliyinə töhfəsini əsirgəməyən ölkəmizin bütün bu sahələrdəki uğurları barədə informasiyalar AzərTAc-ın kanalları ilə təkcə respublika daxilində deyil, həm də xaricdə geniş yayılır”-deyə Aslan müəllim bildirdi.
Baş direktor dedi ki, müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, AzərTAc-ın xəbərlərində müntəzəm olaraq öz əksini tapmasın. Mövzular, janrlar, coğrafiya dəyişir, yalnız bir prinsip - hazırlanan informasiyanın əzəli və əbədi prinsipi dəyişməz qalır. Bu, faktların geniş ictimai əhəmiyyəti, doğru-düzgünlüyü, dəqiqliyi və xəbərlərin operativliyidir.

“Hazırda AzərTAc-ın xarici ölkələrdə, respublikanın bölgələrində 25 müxbir məntəqəsi fəaliyyət göstərir. Xarici ölkələrdəki  müxbir məntəqələrinin 5-i bu il açılıb. Xarici məmləkətlərdə ki, müxbirlərimiz təkcə həmin ölkələrin deyil, region dövlətlərinin də həyatında baş verən yenilikləri operativ surətdə Azərbaycan oxucusuna çatdırmağa çalışırlar. Onlar həm də Azərbaycan haqqında ən önəmli informasiyaları çalışdıqları ölkələrin yerli informasiya agentlikləri vasitəsilə əcnəbi oxuculara çatdırırlar”.

Aslan müəllim deyir ki, xaricdəki müxbir məntəqələrinə heç vaxt kənardan jurnalist dəvət etmirlər. Bu agentliyin ənənəsidir: “Belə postlar üçün namizəd kollektivin özündə yetişmiş jurnalistlərdən seçilir, hazırlanır və göndərilir. Odur ki, xaricdəki müxbir məntəqələrində çalışan müxbirlərin hamısı AzərTAc-da təcrübə keçmiş, informasiya işində puxtələşmiş jurnalistlərdi”, - deyə Aslan müəllim vurğuladı.

Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə 13-15 min giriş olur.

Bundan əlavə, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olub. Bunun sayəsində AzərTAc-ın informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 33 ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilib. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun (“AsiaPulse”) üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyin həyatında ən mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir. Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS və “Ukrinform”dan sonra EANA-ya qəbul edilmiє üçüncü informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olub.

Söhbətin bu yerində AzərTAc-ın son illərdə bir sıra beynəlxalq təşkilatların iclaslarına ev sahibliyi etdiyini də öyrənirik.

“2008-ci il aprelin 29-u mayın 3-də müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 85 illiyi ərəfəsində Bakıda Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu” mövzusunda VII iclası keçirilib.
İclasda bir sıra mühüm qərarlar qəbul edilib. Bizim təklifimizlə Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin adının dəyişdirilərək, Türkdilli Xəbər Agentlikləri Birliyi adlandırılması ilə bağlı məsələ müzakirələrdən sonra qəbul edilmişdir. Məhz bu qərarın qəbulundan sonra Rusiya Federasiyanın Tatarıstan və Başqırdıstan respublikalarının müvafiq olaraq “Tatar-inform” və “Başinform” agentlikləri, Ukraynanın Krım Muxtar Respublikasından “Krım xəbərləri” agentliyi Birliyə üzv qəbul olunub. Həmin iclasda TKA-nın Baş Məclisinə sədrlik AzərTAc-a verilib”-deyə Aslan müəllim qürurla bildirdi.

Baş direktor daha sonra əlavə etdi: “Həmin il sentyabrın 1-4-də Asiya  və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının - OANA-nın İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasına AzərTAc ev sahibliyi edib. İlk dəfə olaraq, 21 ölkənin milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycan paytaxtına gəlmişdilər. İclasda OANA-nın və üzv agentliklərin rəhbər və yüksək vəzifəli təmsilçiləri ilə yanaşı, AzərTAc-ın dəvəti ilə Avropa Xəbər Agentlikləri Alyansının - EANA-nın prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru,  Bolqarıstanın BTA agentliyinin baş direktoru, Fransanın Frans Press agentliyinin departament rəhbəri, habelə İordaniyanın PETRA agentliyinin nümayəndəsi də iştirak ediblər.
AzərTAc-ın ilk dəfə həyata keçirdiyi bu təcrübə iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, gələcəkdə bu təcrübədən istifadənin məqsədəuyğun olduğu bildirilmişdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin iclas iştirakçılarına təbrik məktubu göndərib sentyabrın 2-də onları qəbul edib. İclas çərçivəsində “Mədəniyyət”, “Təbiət” və “İdman” nominasiyalarında fotomüsabiqə keçirilib. Qaliblərə OANA-nın və AzərTAc-ın xüsusi diplomu və qiymətli hədiyyələri təqdim edilib. İclasın materialları Azərbaycan, ingilis və rus dillərində ayrıca kitab halında nəşr edilib.

“Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin 90 illik yubileyi də yüksək səviyyədə keçirilmişdir. Agentliyin 19 əməkdaşı fəxri adlara, orden və medallara layiq görülmüşlər. Bu, bizi daha məsuliyyətlə çalışmağa ruhlandırıb”-deyə Aslan Aslanov bildirdi.

Agentliyin iş prinsipi barədə danışmağı isə Aslan müəllim müavini Dağbəyi İsmayılova həvalə etdi.  

Bələdçimiz Xətayi Əzizov bizi müavinin otağına apardı. Dağbəyi müəllim də bizi gülərüzlə qarşıladı. Eşidəndə ki, agentlik fasiləsiz rejimdə işləyir, təəcübləndik. Sən demə dövlət agentliyi üçün “bayram” və “bazar günü” anlayışı həftənin digər günləri ilə heç nə ilə fərqlənmir. Deməli, bu uzun dəhlizlər gecə də boş qalmır.... Maraqldı...Sən demə, AzərTAc mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildən fasiləsiz iş rejimində sutkada 24 saat işləyir. Dağbəyi müəllim deyir ki, istəyir bayram günü olsun, istirahət günü olsun, dəxli yoxdu, agentlik tam fasiləsiz işləyir.

Ölkədə adi iş vaxtı qurtaranda, hamı evə getməyə tələsəndə AzərTAc-a “ikinci nəfəs” gəlir. Saat 23.00-dan informasiya “seli”ini gecə növbəsi qəbul edir.

Gecə növbəsinin baş redaktoru səhərə qədər informasiyaları qəbul edir və yayır.

Bəzən AzərTAc-ın xəbərləri “saat vakkumu”na da düєür. Dünyanın bir sıra öllkəri ilə Azərbaycan arasında olan saat fərqini nəzərdə tuturuq... Agentliyin xaricdəki müxbirləri gecənin bir aləmində informasiyalar göndərirlər. Bu xəbərləri Bakı vaxtı ilə çox gec alırlar. O zaman gecə növbəsi məlumatı  saytda yerləşdirir, eyni zamanda, əlaqəli olduqları unvanlara göndərir.

Xəbər + Dövlət siyasəti

Dövlət Agentliyi olmağın üstün cəhətlərindən biri, bizcə informasiya “dənizinə” yaxın olmaqdır. Çünki Dağbəyi müəllimin təbirincə desək, istər dövlət qurumları, istərsə də özəl qurumlar daim AzərTAc-la əlaqə saxlamaqda maraqlıdırlar... Əlbəttə, kim istəməz ki, bütün rəsmi idarələrdə baxılan bir saytda informasiyası getməsin.....Hamı bura dəvətnamələr göndərir, telefonla zəng edib tədbirlərdə iştirak etməyi xahiş edirlər. Odur ki, AzərTAc-ın xəbər itirməyini təsəvvür etmək bir az düz çıxmaz.. Xəbərin səni axtardığı bir məkanda heç xəbər itirmək olar? Amma Dağbəyi müəllim deyir ki, bu o demək deyil ki, nə gəldi xəbər adı ilə verilir. Qətiyyən... Bu məsələdə AzərTAc-ın necə deyərlər özünəməxsus “kapriz”ləri var. Agentlikdə  “xəbər” deyəndə ilk növbədə “dövlət siyasəti” yada düşür. Bəli, ola bilər başqa agentliklər “xəbər” adı ilə nə gəldi verə bilərlər.. Amma AzərTAc-da vəziyyət başqadır. Dağbəyi müəllim burada təəccüblü heç nə görmədiyini vurğulayır.  Onun sözlərinə görə, AzərTAc dövlət agentliyi olduğundan dövlətin informasiya siyasətini həyata keçirir.

“Elə informasiyalar var ki, onlar auditoriya, ictimayət, oxucu  üçün heç də maraqlı deyil. Belə  xəbərləri vermirik”-deyən direktor müavininin ağzından agentliyin strateji xəttini müəyyən edən kəlmələri qopara bilirik: “Ölkənin ictimai-siyasi nüfuzunu təmin edə bilən xəbərləri veririk”.
Bax belə.. 

AzərTAc-da işləyənlərə hər sözü xəbər kimi sırımaq olmur... Dağbəyi müəllim deyir ki, son dövrlərdə yaranan sosial şəbəkələrdə hər bir şəxsin fikirlərini ifadə etməsi, dialoq qurması,   müəyyən maraq qruplarını təmsil edən yazılar hələ informasiya demək deyil.
“Bu insanların özünün  şəxsi fikirləridi. İnformasiya jurnalistikanın tam formalaşmış, inkşaf eləmiş bir sahəsidir, özünün çərçivə qanunları var.  İnformasiya həmin tələbləri ödəməlidir, ödəmirsə, o informasiya deyil”-deyə Dağbəyi müəllim vurğulayır...

Agentliyin oxucu dairəsi genişdir. Dövlətin rəsmi informasiyaları bu agentliklə yayıldığına görə, hamı onları izləməyə bir növ məcburdur. Dağbəyi müəllim heç bunu inkar da etmir...

Deyir ki, Azərbaycanda geniş sıravi oxucu kütləsindən tutmuş, dövlət qurumları eyni zamanda Azərbaycanda olan xarici şirkətlər, səfirliklər, diplomatik korpusda olan əməkdaşlara qədər hamı AzərTAc-ı izləyir.

“Bəzən görürsən ki hər hansı bir informasiya agentliyinin  xəbərində yanlışlıq olur. Bu barədə ciddi bir etiraz -filan yaranmır. Amma AzərTAc-ın informasiyasında vergülün yeri düz qoyulmayanda ciddi irad eşidirik”-deyir Dağbəyi müəllim. Xüsusən də xarici ölkə səfirlikləri... Xəbərin nöqtəsinə kimi izləyirlər. Vergül səhv gedəndə belə, zəng edib səbəbini soruşurlar, ona düzəliş verməyi xahiş edirlər.

Direktor müavini fəxrlə bunu etibarlılıq məsələsi ilə izah edir. Amma bunun türklər demiş “alt yapısında” daha ciddi səbəb durur. Əlahəzrət dövlət! Agentlikdə etiraf edirlər ki, AzərTAc dövlətin informasiya agentliyi olduğu üçün onun məlumatları dövlətin sözü kimi qəbul olunur. Ona görə də hamı - səfir də, dövlət qulluqçusu da, biznesmen də bu məlumatlara belə həssalıqla yanaşırlar. Odur ki, AzərTAc-da xəbəri ərsəyə gətirib onu oxucuya çatdırmaq çox ağır bir prosesdir. Burda bir neçə mənbənin təsdiq etmədiyi informasiyanın qara qəpik qədər qiyməti yoxdur...

“Tezbazar” xəbər vermək agentliyin iş prinsipinə yaddır. Dağbəyi müəllim deyir ki, xəbəri eşitdiyin andan dərhal yaymağın tərəfdarı deyil. Düzdü, fövqaladə hallar, zəlzələ, uçqun baş verərsə, bunu ilkin məlumat olaraq yaymaq olar. Amma digər xəbərləri belə tonda yaymaq düzgün deyil...Çünki oxucu üçün birinci informasiya necə getdisə odu.   İlk oxuduğu məlumat yadda qalır.

Dağbəyi müəllim deyir ki, ölkədə onlarla rəqabət apara biləcək agentlik yoxdur. “Hər bir sahədə rəqabət var, amma mən şəxsən AzərTac-a rəqib görmürəm”-deyə o qeyd edir. Düzdü “həyat varsa, rəqabət də var” prinsipini də unutmurlar. Amma buna baxmayaraq AzərTAc-ın əməkdaşları digər informasiya agentliklərini daim izləyirlər. Söhbət əsnasında öyrənirik ki, agentlik fəaliyyəti dövründə təkzib verməyib. Axı bu necə ola bilər? “Bəli,bəli”deyə Dağbəyi müəllim gülür:
”İndi gördünüzmü məlumatın yoxlanması nə deməkdir? Odur ki, heç zaman AzərTAc təkzib verməyib”.

Təmir olunmuş bu binada gündə altı dildə 350-400 informasiya istehsal olunur. Bəli nə az nə çox!

Dağbəyi müəllim deyir ki, bura tərcümələr də aiddir. Azərbaycan dilində hazırlanan informasiya rus, ingilis dilinə tərcümə olunur, eyni zamanda ingilis dilindən Azərbaycan dilinə tərcümə olunur, ərəb dilindən Azərbaycan dilinə tərcümə olunur, bütün bunları üst-üstə götürəndə, gün ərzində 350-400 informasiya alınır. Üstəgəl  40-50 fotoinformasiya ...

AzərTAc yeniliyə də imza atıb. Baş direktorun təşəbbüsu ilə artıq AzərTAc-ın saytında səsli və görüntülü informasiyalar da yerləşdirilir. Bundan başqa, agentlikdə yeni bir multimediya şöbəsi yaradılıb. Həmçinin, infoqrafikadan geniş istifadə olunur.  Agentliyin işçiləri əmək haqlarından razıdırlar. Burada işçilər həm maaş alırlar, həm də qonarar...        

Dağbəyi müəllim deyir qonararın çox olması  işçilərin işindən asılıdır. Yaxşı işləyərsənsə, çox qazanırsan, az işləyərsənsə az.. Dərhal əlavə edir ki. AzərTAc-da az işləmək mümükün deyil. Burada işin qaydaları elədi ki, müxbir daim hərəkətdədi. 

AzərTAc-da hər gün əvvəldən tədbirlər cədvəli hazırlanır. həmin cədvəldə o tədbirlər qeyd olunur, tapşırıqlar verilir. Müxbir həmin cədvələ əsasən, tapşırığını alır və gün ərzində icra edir. Planlaşdırmada çox vaxt baş direktorun özünün tapşırıqları da olur. Baş direktor tapşırığı redaktorlara, redaktorlar da müxbirlərinə çatdırır. Beləliklə tabelik qaydasında yuxarıdan aşağıya qədər məsələlər daim nəzarətdə saxlanılır.  
Ayda bir dəfə baş direktorun yanında bütün redaksiyaların iştirakı ilə, hər şənbə günü isə hər bir redaksiya ayrılıqda operativ yığıncaqlar keçirilir.  Bu iclaslarda görülmüş işlər müzakirə olunur, nöqsanlar qeyd olunur, perspektiv vəzifələr müəyyənləşdirilir.

Dağbəyi müəllim deyir ki, agentliyin müxbirləri üçün hr cür şərait yaradılıb. Hər bir müxbirin  özünün fərdi kompüteri, diktafonunu, noutbuku, fotoaparatı var. Onlar internetlə təmin ediliblər. Bəzən çox böyük və əhəmiyyətli bir tədbir olanda onu 2-3 müxbir işıqlandırır.

AzərTAc-da işə qəbulun özünəməxsus qaydaları verir. AzərTAc-ın daxili komissiyası müraciət edən işçinin həm yaradıcı potensialını, dil bilmək bacarığını, texniki avadanlıqdan istifadə eləyə bilməyini, informasiyanı almaq,  göndərmək bacarığını yoxlayır. Agentliyin kollektivi əsasən gənclərdən ibarətdir. Dağbəyi müəllim deyir ki, yaşı müəyyən qədər ötmüş insanları ümümiyyətlə işə götürmürlər. Sovet dövründə işləyən kadrlardan burada heç kim qalmayıb.

“Hər yerindən duran dövlət tədbirlərindən informasiya hazırlaya bilməz”

Adətən Prezidentin səfərləri və çıxışarını AzərTAc yayır. Dağbəyi müəllim deyir ki, bu məlumatları yaymaq çox məsuliyyətli bir məsələdi. Bunun üçün agentlikdə “rəsmi tədbirlər qrupu” adlanan qrup yaradılıb. Bura həmin tədbirləri yazan və çəkən jurnalistlər daxildir. Həmin qrup fotomüxbirlərlə bir yerdə 17-18 nəfərdirlər. Yanlış başa düşülməsin. Bu jurnalistlər ancaq Prezidenti gözləmirlər. Həmin müxbirlər həmçinin ayrı-ayrı redaksiyalarda işləyirlər.

Bundan sonra gəlilrik söhbətin “duzlu” yerinə... Dağbəyi müəllimdən soruşuruq ki, dövlət tabeçiliyində olan informasiya agentliklərinə, qəzetlərə ehtiyac varmı? Baş direktorun müavini deyir ki, bütün ölkələrdə dövlətin informasiyasını yayan qurumlar var. Bununla bağlı Dağbəyi müəllim maraqlı paralellər də apardı. Onun fikrincə, dünyanın bütün ölkələrində dövlətin nəzarətində olan informasiya agentliyi, qəzet var. Onlar müxtəlif ad qoyurlar. Məsələn, bizdə deyirlər Azərbaycan Dövlət Teleqraf Agentliyi. Rusiyada İTAR-TASS agentliyinin sədri də parlament tərəfindən təsdiq olunur və onun maliyyə xərclərinin 80-90 faizini büdcədən dövlət maliyyələşdirir.

“Dövlətin  informasiya agentliyi olmasa, dövlət mətbuatı olmasa, bəs dövlətin informasiyasını kim yaymalıdı? Hər yerindən duran  adam onu edə bilməz”. Bu sözlərdən sonra Dağbəyi müəllim əlavə etdi ki, AzərTAc dövlətin informasiya siyasətini həyata keçirən qurumdu. AzərTAc-ın rəsmi informasiyaları digər agentliklər üçün istiqamətləndirici qaynaqdı.

“Sifarişli xəbərlər olurmu” sualından Dağbəyi müəllim sanki diksindi...“Xeyr biz sifarişli xəbər yaymırıq. Nə dövlət qurumları tərəfindən,  nə də ki, kənar yerlərdən sifarişli xəbərlər qəbul etmirik. Biz bütün o məsələlərdən çox kənardayıq”.....

“Mışdır, müşdür” lazım imiş!

Dağbəyi İsmayılovdan jurnaistlər arasında daim müzakirə olunan bir məsələni soruşmaqdan özümü saxlaya bilmədim. Agentlik “mışdır, müşdür” şəkilçilərindən niyə istifadə edir?

Dağbəyi müəllim sakit halda dedi ki, yazılı nitqin özünün qayda-qanunları var. Onlar da Azərbaycan dilinin qramatik qaydalarına əməl edirlər. “Biz çalışırıq ki, informasiyalarımızda  Azərbaycan dilinin qrammatiq qaydalarını gözləyək.  Mətbuatımızda getdikcə dilin qayda-qanunlarını gözləməmək meyli yaranır. Əgər cümlə üzvlərindən biri yerini dəyişirsə, onda üslub da pozulacaq”.

Dağbəyi müəllim deyir ki, rəhbərlik kollektivi idarə etmək üçün  də heç bir inzibatçılığa yol vermir.

“Mənim qapım gördüyünüz  kimi daima açıqdı. Bu qapını işçilər necə açırsa, baş direktorun qapısını da o cür açırlar. Mənim  direktor müavini kimi kollektivdən təcrid olunmaq ixtiyarım yoxdur.  Mən bu kollektivin üzvüyəm. Əgər işçilərlə məsafə saxlanılsa, o zaman onların potensialını necə müəyyənləşdirə, yaradıcılıq prosesini necə idarə edə biləcəyik?”.

“Ən yaddaqalan xəbərimiz qələbə xəbəri olacaq”

 “AzərTAc-ın ən yaddaqalan xəbəri hansı olub” sualımıza direktor müavinin cavabı maraqlı oldu:
“Agentliyin ən yaddaqalan xəbəri inşallah, Qarabağ müharibəsindəki  qələbə xəbəri olacaq. Biz o qələbəni gözləyirik. Qarabağın qələbə xəbərini biz birinci vermək istəyirik. Bu AzərTAc-ın yayacağı bir nömrəli xəbəri olacaq”.

Dövlət Agentliyinin işçiləri press-kartdan şəxsi məqsədləri üçün istifadə etmirlər. Dağbəyi müəllim deyir ki, elə bu günlərdə həkimə gedib və digər vətəndaşlar kimi 2 saat növbədə durub. “Şəxsən mən istifadə eləməmişəm. Mən əminəm ki, işçilərimiz də istifadə eləmir”.

Agentliyin 15 regional müxbiri var.  Həmin məntəqələrdə müxbirlərin özlərinin otağları, kompüterləri var, daim intensiv əlaqə saxlayırlar, burdakılardan fərqli olaraq onların danışıq xərcləri ödənilir.    

Uzun koridorlarda tələsən jurnalistlər...

Dağbəyi müəllimin yanından çıxıb redaksiyaları gəzməyə başladıq. Burda xeyli otaq varmış. Əllərində kağız olan jurnalistlər o otaqdan bu otağa girir, tələsik salamlaşıb uzaqlaşırdılar.  Xətayinin bizi apardığı uzun koridorunun başındakı ilk otaq rus redaksiyası oldu. Burada oturub səylə yazı üstündə işləyən Nigar Hüseynova çox danışan qıza oxşamırdı. Söhbətdən bəlli oldu ki, 7 ildi burada işləyir. Ən çox iqtisadiyyat xəbərlərini tərcümə edir. Amma onun tərcüməçilik karyerasının birməsinə az qalıb. Çünki Nigar gələn ildən AzərTAc-ı Baltik ölkələrində təmsil edəcək. Yeni açılmış müxbir məntəqəsi Nigara tapşırılıb. Bu elə onun ovqatında da hiss edilirdi. Rus demiş “çemodannoye nastorenie” ilə danışırdı...

60-cı illərin fransız filmlərinin ulduzu Jan Qabenə oxşayan Rafiq müəllim isə AzTV-dən bura “transfer” olunub. 43 il televiziyada işləyib. İndi burada xəbərləri rus dilindən bizim dilə çevirir. Deyir ki, onlarda  sadə xəbərlər olmur, hamısı mühüm sayılır. İşindən heç kim şikayətçi olmayıb.  “Başnı aşağı salıb işini görürsənsə, nə şikayət olar?” deyə müdrikcəsinə bildirdi.

Oradan çıxıb gəlirik informasiya redaksiyasının baş redaktoru Şahin Cəfərovun yanına... İstiqanlı təsir bağışlayan bu cavan oğlan 2003-cü ildən agentlikdə çalışır.
“İşim çox məsuliyyətlidi” söyləyir. Rəsmi informasiya mənbəyi Azər-Tac olduğu üçün  məsuliyyəti böyükdür. 

Baş redaktor kimi işçilərindən razılıq edən Şahinin sözlərinə görə,  agentlikdə əvvəllər yaşlılar çox olub. İndi rəhbərlik gənclərə üstünlük verir. Gənclərlə yaşlı nəslin nümayəndəsi eynilik təşkil edir. İşçilər AzərTAc-ın üslubunu tuturlar, bilirlər ki, hansı səviyədə və necə yazmaq lazımdır. Baş redaktor deyir ki, işin həcmi böyük olduğu üçün bir az çətindi, amma öhdəsindən gəlməyə çalışırlar. Odur ki, onun evə gec getməyinə də öyrəşiblər.  Şahin deyir ki, yeni texnologiyaları tətbiqindən sonra xəbərlərin operativliyi də artıb.

“Əvvəllər müxbirlərimiz gedirdilər tədbirə, gəlib burda yazırdılar. İndi biz müxbirlərin hər birinə noutbuk, data-kart  vermişik. İnformasiyanı tədbir yerində yazıb göndərirlər”. Baş redaktorun sözlərinə görə, onlarda hər sahənin özünün redaksiyası var və komanda şəklində işləyirlər.

Şahin də deyir ki, agentliyin vəsiqəsindən şəxsi məqsədləri üçün istifadə etməyib. Ehtiyac olmayıb...
“JEK-ə gedəndə vəsiqə çıxarmağın nə mənası”deyə gülə-gülə bildrir.

Oradan ayrılıb gəlirik agentliyin ictimai-siyasi xəbərlər redaksiyasına. İşgüzar ovqat təsiri bağışlayan otaqda buraxılış redaktoru Vüqar Ağayevlə söhbətləşirik. O, beş ildi agentlikdə işləyir. Deyir ki, onlarda redaktor təkcə göstəriş vermək və oturub məlumatları redaktə eləmək üçün deyil. AzərTAc-ın redaktorları həm də müxbir kimi fəaliyyət göstərirlər. Onun fikrincə, rəsmi səfərlərdən xəbər hazırlamaq  çətin və məsuliyətlidi. Onu hər adam bacarmaz.

Vüqar Ağayevlə bir otaqda oturan bölmə müdiri Xətayi Əzizov həm də AzərTAc-ın parlament müxbirdir. Milli Məclislə qurduğu münasibətlərindən razı görünən Xətayinin sözlərinə görə, AzərTac-ın parlament müxbiri olmaq ona yalnız qanun layihələrini birinci əldə etmək üstünlüyü verib.

“Milli Məclisdə təsdiq olunan qanun layihələrini ilkin olaraq bizə verirlər.  Bu ondan irəli gəlir ki, AzərTAc qanun layihələrini rəsmi sürətdə yayan agentlikdi. İstədiyim vaxtı istədiyim məsələyə aid sualıma cavab tapa bilmişəm, ciddi bir problemlə üzləşməmişəm. Bu təkcə  mənim üstünlüyüm yox, həm də işlədiyim  təşkilata olan münasibətdi”-deyə Xətayi vurğulayır.

Jurnalistin burada aldığı maaş onu qane edir. Xətayi deyir ki, şöbədə “rəis–müxbir” münasibəti yoxdur. Hamı can deyib, can eşidir.

Həmkarların sədri: “ Rəhbərliklə münasibətlər əladır”

Dəhlizdə agentliyin həmkarlar təşkilatının sədri ilə rastlaşırıq. Tələsə-tələsə danışan Ağaqulu müəllim deyir ki, burada rəhbər-işçi münasibəti çox yaxşı qurulub.

“Baş direktor Aslan müəllim bütün şəraiti bizə yaradıb.  Həmkarlar təşkilatı da çox razıdır. Rəhbərliklə həmkarlar sədri birgə işləyəndə orda mütləq uğur olur”-deyə müdrikcəsinə bildirir. Onun sözlərinə görə, AzərTAc-ın işçilərinin sosial təminatı yüksək səviyyədədir.
“Budur, dünəndən yolka biletlərini gətirmişəm. Təkilatın 200-dən çox  üzvü var. Elan vurdum ki, babalar, valideynlər 10 yaşına qədər nəvələri, uşaqları üçün bu biletləri götürə bilərlər. İşçiləri yolka bileti ilə hər il təmin edirik”. Bundan başqa, həmkarlar tərəfindən işçilərə yardımlar verilir.

“Şou-biznes”ə “yox” deyən mədəniyyət şöbəsi

Burada hətta agentliyin mədəniyyət, incəsənət, turizm xəbərləri redaksiyası özünün ciddiliyi ilə seçilir. Ağlınız digər qəzetlərin mədəniyyət şöbələrinə getməsin ha... Burada şou-biznes xəbərləri xəbər sayılmır. Bir az qaşqabaqlı və dalğın görünən buraxılış redaktoru Əhməd Məmmədov deyir ki, onlarda şou xəbərlərinə yol verilmir. Daha çox ciddi mədəniyyət, incəsənət, turizim  xəbərlərinə ustunluk verilir.

“Ən çox Azərbaycanı dünyada  təmsil edən mədəniyyət xəbərlərini yayırıq. AzərTAc şit, bayağı xəbərlərdən uzaqdı. Daha çox ciddi mədəniyət xəbərlərinə üstünlük veririk”-deyə asta səslə danışan Əhməd müəllim bildirdi ki, çalışırlar xəbərləri dövlət agentliyinin dəst-xəttinə uyğun olsun.
Bu şöbədə 8 nəfər işləyir.

Agenlikdə sorğu şöbəsi də fəaliyyət göstərir. Jurnalist hansı təşkilatın nə vaxt yaradıldığını, adını burada dəqiqləşdirə bilər. Şöbənin rəhbəri Sevil xanım deyir ki, jurnalistlər ən çox prezident sərəncamları və fərmanlarını dəqiqləşdirmək üçün bura müraciət edirlər.

Ərəblər, almanlar və fransızlar...

Buradan çıxıb agentliyin alman tərcumə şöbəsinə gəlirik. İşıqlı otaqda oturan tərcüməcilərlə söhbətimiz maraqlı alınır. Üz-gözündən də almanlara oxşayan Səlahət deyir ki, bura gələnə qədər 11 il AzTV-nin alman redaksiyasında rəhbər olub. Tərcümə etdiyi xəbərlərə gəlincə, deyir ki, almanlar əsasən onların iqtisadi xəbərlərinə maraq göstərirlər. Əsasən də neftlə bağlı xəbərlərə.

Digər tərcümçi Nəzrin mədəniyyət xəbərlərini tərcümə edir. Nəzrin xanım deyir ki, almanlar üçün bizim muğam böyük maraq doğurur.
“Məncə tərcümələrim almanları qane edir”-deyə Nəzrin gülür.

Oradan ərəb şöbəsinə keçirik. Burada Şərafət xanım bizi qarşılayır. Nikbin tonda danışan Şərafət xanım deyir ki, iş yaxşı gedir. Keyfiyyətli iş ortaya qoya bilirlər. Şərafət xanım deyir ki, jurnalist kimi ərəb dili tərcüməçiləri çox azdır. Bu şöbənin tərcümə elədiyi xəbərlər ərəb ölkələrində maraqla oxunur. Gündə 25-30 xəbər tərcümə edib yaya bilirlər. Ərəblər də almanlar kimi, bizim mədəniyyət və neftlə bağlı xəbərləri izləyirlər..

Agentliyin ingilis redaksiyası tünlük idi. Opertiv iş ovqatı təsiri bağışlayan bu otaqda qızğın iş gedirdi. Xəbər boldu. Bu sarıdan korluq çəkmirlər. Şöbənin rəhbəri Firudin  Ağazadə deyir ki, gün ərzində 80-120 informasiya tərcumə edərək yayırlar.

Fransız şöbəsi də yeni yaradılıb. Buraxılış redaktoru Hamlet Qocayevin sözlərinə görə, xəbərlərin tərcüməsində problemlər yoxdur. Fransızlar da həmçinin mədəniyyət və iqtisadi xəbərlərimizə üstünlük verirlər.

Sovet teletayplarının nostaljisi...

Baş mühəndis Cəvani Ağayev bizi texniki təminat və rabitə şöbəsinə gətirdi. Rejissor pultunu xatırladan, üst-üstə televizorların qoyulduğu bu otaqdan yerli və xarici telekanalar izlənir. Nəzərdən xəbər qaçmasın deyə... Studiyanın əsas işi agentliyin işinə texniki dəstəyi təmin etməkdir. Şöbədə 13 nəfər işçi var. Otaq heç vaxt boş olmur. “Daim işçi olur. Fakslar burada qəbul olunur”-deyə əlini uzadıb divar boyu düzülmüş faks apartalarını göstərir. Burada köhnə sovet teletayplarını da saxlayırlar. Anbara qoyulub. Agentliyin ehtiyat generatoru da var. Cəvani deyir ki, bütün Bakıda işıq sönsə, iki saat ərzində agentliyi fasiləsiz enerji ilə təmin edə bilərlər.

Yanvar ayında multmedia sisteminin tətbiqi ilə əlaqadar agentlik saytın vizual görünüşündə bəzi dəyişikliklər etməyi planlaşdırır.

6-cı mərtəbədə oturan iqtisadiyyatdan yazan jurnalistlər də işlərindən razı görünürdülər.   

Foto-informasiya redaksiyası agentliklə bir məkanda deyil. Mehdi Hüseynzadə küçəsindəki binada  yerləşən redaksiya yenicə təmirdən çıxıb. Baş redaktor Vüqar Əmrullayev bizimlə söhbətdə qeyd etdi ki, bu binada agentliyin arxivi və yeni yaradılmış studiyası yerləşir. Yenicə yaradılmış  studiyalar isə son texniki avadanlıqlara təmin edilib. Burada agentliyin səsli və görüntülü xəbərləri yazılır. Redaksiyanın arxivində  1993-cü ildən bu yana bütün fotoşəkillər saxlanılır. Ondan qabaqki arxiv isə Dövlət Arxivinə təhvil verilib. Baş redaktor deyir ki, saxlanılan bütün “plyonkaları” elektron variantına çevirmək barədə layihələri var. Redaksiyanın 6 fotoqrafı var. Onların bir sıra fotoşəkilləri beynəlxalq sərgilərdə nümayiş olunub. Redaksiya son model fotoaparatla təmin edilib. Arxivdən şəkillər yalnız xüsusi icazə ilə çıxarıla bilər.

Vüqar AzərTAc-ın sovetdən qalma foto texnikalarını da tullamayıb. Yadigar kimi saxlayır. Özü də deyir ki, avadanlıq saz vəziyyətdədir. Agentlik üçün yeni bina tikiləcək. Əməkdaşlar deyirlər ki, yeni bina bütün yeni texniki vəsait və imkanlarla zəngin olacaq.

...Agentliyi tərk edirik. Saata baxıram. Düz 4 saatdır ki, binanı “ələk-vələk” eləməklə məşğuluq. Bizcə zəhmətimiz hədər getməyib. Ən azı dövlət informasiyalarını “daşıyan” jurnalistlər və onların ağır işi barədə az da olsa təsəvvür yarada bilmişik. Düzünü oxucular bilər...

 

Hamı rəsmi məlumatları buradan gözləyir...

Heç kim unudlmur, heç nə yaddan çıxmır...

 

Aslan Aslanov: "Bizdə hazırlanan informasiyanın əzəli və əbədi prinsipi dəyişməz qalır". 

 

Baş direktor deyir ki, AzərTAc-da çalışanlar təcrübə keçmiş, informasiya işində puxtələşmiş jurnalistlərdi.

 

Dağbəyi İsmayılov: "Biz fasiləsiz iş rejimində çalışırıq".

 

"Özümüzə rəqib görmürük".

 

Zəhmətə dəyən mükafatlar ...

 

Agentliyin veb-redaksiyasında...

 

Şahin Cəfərov: "Evə gec gəlməyimə öyrəşiblər".

 

AzTV-dən AzərTAc-a "transfer" olan Rafiq müəllim...

 

Tərcümə ciddi işdi...

 

Agentliyi Baltik ölkələrində Nigar təmsil edəcək.

 

Vüqar Ağayev: "Həm redaktoruq, həm də müxbir".

 

Rus redaksiyasının rəhbəri Tamilla xanım işindən razıdı.

 

Parlament müxbiri Xətayi Əzizovun deputatlarla problemi olmur.

 

Həmkarların sədri: "Yolka biletlərini gətirmişik".

 

Mədəniyyət şöbəsinin qaşqabaqlı müdiri: "Bizdə şou xəbərələrinə qəti yer yoxdu".

 

İş çox olur...

 

Alman dili tərcüməçisi Nəzrin: "Ümid edirəm almanlar xəbərlərimi bəyənirlər".

 

Alman dili tərcüməçisi Səlahət elə üz-gözündən də almanlara oxşayır.

 

Şərafət xanım: " Ərəb dilini bilən jurnalistlər çox azdı...".

 

İbad Bağırov: "Gündə 25-30 informasiya yayırıq...".

 

"Bizdən də yazacaqsınız...?".

 

Sorğu şöbəsinin rəhbəri Sevil xanım: "Kimi istəsələr, tapıb verirəm".

 

Firudin Ağazadə: "İngilis dili çox vacibdi".

 

Tərcüməçilər - "fransızlar" daim axtarışdadır.

 

Fransız redaksiyasının rəhbəri Hamlet Qocayev: "Heç bir çətinlik yoxdur".

 

Cəvani Ağayev: "Sovet teletayplarını da saxlayırıq".

 

Diqqət, iş gedir..!

 

Alman redaksiyasının rəhbəri nikbindi...

 

Burda jurnalistlər üçün hər bir şərait yaradılıb.

 

Xəbər burada özü jurnalistləri tapır.

 

"Telefonda "AzərTAc-danam" demək kifayətdi".

 

Agentliyin "beyni" olan veb-redaksiya.

 

İnternetin sürəti əladır.

 

Kitabxananın rəhbəri: "Kitab oxumaq üçün hər cür şərait var".

 

"Uşaqlar, deyəsən təzə xəbər var...".

 

Kitablar jurnalistləri gözləyir...


Xaqani Səfəroğlu
Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub