Modern.az

Jurnalistlər Manana haqqında Modern.az saytına danışdılar

Jurnalistlər Manana haqqında Modern.az saytına danışdılar

24 Dekabr 2010, 09:57


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez ünsiyyətdə olan,  müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Mədəniyyət yazarları Modern.az saytına tanınmış sənət adamlarını xarakterizə edirlər.
Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə, İlhamə, Tünzalə Ağayeva,  Xatirə İslam və Faiq Ağeyevi xarakterizə edən yazarlar indi də gürcü qızı Manana haqqında fikir söylədilər.
Beləliklə, “Manana necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları...

“Üzündə “Hollivud gülüşü” var”

Vüqar Vüqarlı - “Day.Az” portalının şöbə müdüri: “Manana çox qapalı insandır. Hər zaman onun sifətində “Hollivud gülüşü” var. Çalışır ki, bu xüsusiyyəti ilə hamını yola versin, heç kimlə konflikdə girməsin. Deyərdim ki, bu heç də pis taktika deyil. Çünki, indiyə kimi heç kim Manana haqqında heç bir kompromat söyləyə bilmir. Yəni orda-burda danışırlar, amma fakt olaraq heç nə görmürük: hansısa yazılar yazılsın, ittihan olunsun, belə şeylər yoxdu. Bu da onun məhz bir xüsusiyyətindən - hər zaman qapalı qalıb, gülərüz olmağından  irəli gəlir.

Toylara tez-tez gedir. Hər iki toydan birində demək olar ki, Manana var. Deməli, Mananaya toylarda tələbat var və çağırırlar. Bizdə də ki, müğənnilərin əsas biznesi toy biznesidir. Əgər toylarda ona tələbat varsa, deməli müğənni kimi özünü təsdiq edib. Tələbat yoxdusa, deməli müğənniliyi atıb, başqa işlə məşğul olmalıdı.

Heç kim deyə bilməz ki, Manananın pis səsi var, bunu ətrafdan eşitsəm də, yazılı sürətdə heç yerdə rast gəlməmişəm. Hansısa TV kanalından hansısa müğənni ona qarşı ittiham irəli sürsün , kimsə desin “bu nə səsdi, nə oxuyur...”, belə şeylər yoxdu.

Manana çalışır ki, heç bir jurnalistlə konflikdə girməsin.  Nədənsə narazı olanda da, narazılığını prodüsseri  bildirir. Manana heç vaxt deməyib ki, “mən bundan narazıyam”. Görürsən ki, telefonu qaldırmır, başa düşmək lazımdır ki, hansısa bir yazı xoşuna gəlməyib. Amma bunu heç vaxt özü bildirməyib, prodüsseri bildirir. Son 4-5 aydır prodüssersiz işlədiyi üçün, vəziyyət necədi, indi bilmirəm.

Jurnalistlərdən hansısa bir narazılığı olanda, telefonun dəstəyini qaldırmamaqla bildirir”.

“Manananın Azərbaycan səhnəsində öz yeri var”

Şahin Cavadsoy - “Trend” İnformasiya Agentliyinin əməkdaşı: “Manana Azərbaycanın əməkdar artistidir. Həqiqətən fitri istedadı var. Gürcü qızı olmağına baxmayaraq, Azərbaycana olan sevgisini hər zaman nümayiş etdirib, bir necə festivallarda da iştirak edib, Azərbaycanı mötəbər müsabiqələrdə təmsil edib.

Azərbaycanı çox sevir, bildiyim qədərilə artıq Azərbaycan vətəndaşıdır və bununla da fəxr hissi kecirir. Çox fərqli və ailəsinə bağlı bir xanımdır. Düzdü, övladı dünyaya gəldikdən sonra bir az səhnə yaradıcılığında durğunluq yaranıb, bu da başa düşüləndir. Amma çox işgüzardır və hər zaman yenilik axtarışındadır.

Heç bir qalmaqala qoşulmur, adı  söz-söhbətlərdə hallanmır. Manananın Azərbaycan səhnəsində istəsək də, istəməsək də öz yeri var. Sözün yaxşı mənasında başını aşağı salıb, işini görən müğənnilərdəndir. Anası Maqa xanım həmişə Mananaya dəstək olur, məncə prodüsserdən çox anasının dəstəyi onu gündəmə gətirir. Anasının məsləhəti ilə hərəkət edir. Düşünürəm ki, böyüyün məsləhətini almaq ona hər zaman uğur gətirir.

Manana ilə aramızda bir dəfə şəkil üstündə insident olub. Belə məsələlərdə çox həsasdır. Hətta göz yaşları ilə mənə zəng vurub xahiş etdi ki, bu düzgün deyil. Biz də onu başa düşdük. Etiraf edim ki, materialda bəzi düzəlişlər etdik.

Amma ümumilikdə jurnalistlərlə münasibəti yaxşıdır, istənilən suala açıqdır. Heç vaxt suallardan qaçmır. Bir şeyi də qeyd edim ki, onu çox istəməyimin bir səbəbi də Azərbaycana olan sevgisini Azərbaycan dilində danışmağı ilə göstərməsidir. Gürcü ləhcəsi ilə Azərbaycan dilində danışmaq, məncə bu çox heyranedicidir. Tamaşaçılar da bunu təsdiq edər. Düşünürəm ki, iki-üç ildən sonra, Manana xanım çox mükəmməl şəkildə Azərbaycan dilində danışa bilər. Məqsədinə çatmaq üçün bir az da çalışsa, bu istəynə nail ola bilər. Ona uğurlar arzu edirəm.

Bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycanın adından bu gün “Eurovision” kimi mötəbər bir səhnəyə çıxacaq beş müğənni varsa, onlardan biri də Mananadır. Hesab edirəm ki, Manana öz istedaı ilə Azərbaycanı Avropa səhnələrində layqincə təmsil edə bilər. Çünki artıq o, gürcü qızı yox, bizim öz qızımızdır”. 

“Manana bir qədər sənətdən uzaqlaşıb”

Cəvahir Səlimqızı - “Mərkəz ” qəzetinin əməkdaşı: “Manana həmkarlarından fərqli olaraq, hər zaman qalmaqallardan kənarda olub. Çalışır ki, öz sənəti ilə məşğul olsun. Üzərində işləyən müğənnidir. Repertuarı da maraqlıdır. Mananaya dırnaqarası müğənni kimi baxmaq olmaz.

Bəyəndiyim cəhətlərindən biri odur ki, gürcü qızı olmasına baxmaaraq, Azərbaycana gəldiyi vaxtdan  Azərbaycan dilini öyrənməyə çalışmasıdıb. Bu da bizim dilimizə hörmətdən irəli gəlir. Bunu yüksək qiymətləndirirəm. Bizim elə müğənnilər var ki, öz doğma dilində düzgün danışa bilmirlər, daha doğrusu, danışmağı özlərinə yaraşdırmırlar.

Manana ailə qurduqdan sonra bir qədər sənətdən uzaqlaşıb. Amma əvvəllər Manananın ətrafında hər zaman komandası olub, mətbuat katibi vasitəsilə jurnalistləri informasiya ilə təmin edirdi. Son vaxtlar demək olar ki, bu əlaqə qırılıb. Çox istərdim ki, jurnalistlərlə olan əlaqəsi bərpa olunsun.

Pozitiv enerjisi var, səmimi insandı, hər zaman çalışıb ki, sənəti ilə gündəmdə qalsın”.
 
“Manananın səsi bizim bəzi müğənnilərdən yaxşıdı”

Mətanət Şamilqızı – “Oxu məni” qəzetinin əməkdaşı: “Hesab edirəm ki, Manana çox ağıllı, mülayim və mehribandır. Səhnə davranışı və mədəniyyəti çox yüksək səviyyədədir. Onun efirdən danışığı və davranışı hamıya xoş gəlir. Səsi çox yaxşıdır. Mahnılarının demirəm hamısı yaxşıdır, amma  bir çox mahnıları var ki, yaxşıdır. Bizim indiki bəzi müğənnilərə baxanda, Manananın səsi daha yaxşıdır”.

“Bu xanımı dəstəkləyirəm”

Elşad Ümid – “Reytinq” qəzetinin əməkdaşı: “Manana həm estrada müğənnisi kimi, həm insan kimi, həm də davranışlarında ziyalı kimi özünü nümünəvi aparır. Baxmayaraq ki, Gürcüstandan gəlib, bizim müğənnilərin 90%-nə örnək ola bilər. Manananın adı bir dəfə də olsun qalmaqallarda hallanmayıb,  haqqında olmayan söz-söhbət eşidilməyib. Şəxsən mən bu xanımı dəstəkləyirəm.

Manana zirvəyə qalxan bir insan olmasına baxmayaraq, çox sadədir. Bəzi müğənnilər var ki, burunlarından o tərəfi görmürlər, amma Manana xanım hansısa tədbirə gələndə hər bir insanla ayrı-ayrılıqda salamlaşır. Hətta olur ki, özü jurnalistlərə yaxınlaşır. Məncə bunu başqa heç bir müğənni etməz. Manananın oxuduğu mahnılar da çox gözəldir.

Azərbaycan dilini öyrənir, son vaxtlar Azərbaycan dilində də müsahibələr verir. Amma Azərbaycanda yaşayan, burada doğulan bəziləri var ki, Azərbaycan dilində danışa bilmirlər. Buna görə şəxsən mənim bu xanıma hörmətim var.

Manana beynəlxalq müsabiqələrdə Azərbaycanın adı ilə çıxış  edib və böyük mükafatlarla, qran-prilərlə geri qayıdıb”.

“Uğurlu müğənni hesab edirəm  ”

Azər Nəsibov – “Space” TV-nin əməkdaşı: “Mənim Manana haqqında fikirlərim həmişə yüksək olub.

Manana xanım hər zaman Azərbaycanı müxtəlif müsabiqələrdə yüksək səviyyədə təmsil edib. Azərbaycana gəldiyi ilk gündən tamaşaçı rəğbəti qazanıb. Əgər belə olmasaydı, 13 ildir burada fəaliyyət göstərməzdi. Mən onu uğurlu müğənni sayıram və çox şadam ki, Azərbaycan səhnəsində Manana kimi müğənni var.

Mananadan insan kimi həmişə çox yaxşı münasibət görmüşəm. Eyni zamanda jurnalistlərə qarşı həmişə yaxşı münasibət göstərir və deyir ki, “jurnalistlərlə kənarda dostam, mətbuat konfranslarında dostluğu bir kənara qoyub, müğənni jurnalist münasibətində oluruq”. Jurnalistlərlə belə münasibətindən xoşum gəlir, hətta kəskin suallar versələr belə, o incimir”.

“Jurnalistlərlə o qədər də sıcaq münasibətdə deyil”

Tahirə Məmmədqızı – “Şərq” qəzetinin əməkdaşı: “Manana azərbaycanlı olmadığı üçün Azərbaycana gəldiyi ilk gündən  diqqət çəkə bildi. Bəlkə də onun tanınmasında bu nüans daha çox özünü göstədi. Azərbaycan xalqı hər zaman qonaqpərvərliyi ilə seçilib, gəlmə sənətçilərə xüsusi diqqət yetirməyə çalışıb. Bilmirəm bəlkə də bu xüsusiyyət bizim mentalitetdən irəli gəlir, yaxud tipik xüsusiyyətdir. Hər halda, biz yerli müğənnilərdən daha çox əcnəbilərə artıq hörmət göstərməyə çalışırıq. Və Manana Azərbaycana elə bir dövrdə gəldi ki, Azərbaycan şou-biznesi təzə-təzə yaranmağa başlayırdı. Bu boşluqda özünə yer tapmaq asan idi. Bəlkə də, Manana bu gün Azərbaycana gəlsəydi, indiki qədər tanına və populyar ola bilməzdi. Hesab edirəm ki, boşluq var idi deyə, eyni zamanda başqa ölkədən gəlmək, yeni sima olmaq kimi cəhətlər onun tanınmağında və karyerasında müsbət tərəf kimi özünü göstərə bildi.

Manananın güclü səs diopazonu var, repertuarını müəyyən mənada bəyənirəm. Amma bir məqam da var ki, Manana bütün uğurlarını Azərbaycanda əldə edib. Baxmayaraq ki, özü Gürcüstanda müsabiqələrdə iştirak edib. Amma onu Azərbaycanda tanıdılar və Azərbaycanda tanındı deyə, Gürcüstanda qəbul olundu. Nədənsə son vaxtlar Manana bunu çox az dilə gətirir, əvvəllər tez-tez dilə gətirirdi. Mənə elə gəlir bu günsə artıq sırf  gürcü qızı kimi özünü göstərən tərəfləri daha çoxdu.
Amma həmkarlarından onu fərqləndirən çəhət odur ki, bu müddət ərzində o, qalmaqallara getmədi. Manana özünə hörmət etməyi bacarır, səhnə adamı olduğunu heç vaxt unutmur. Onun bu xarekterini yüksək qiymətləndirirəm. Çox istərdim ki, Manana bundan sonra xarici ölkələrdə çıxışlar edəndə daha çox Azərbaycan adı ilə təqdim olunsun. Çünki Manana bu gün Azərbaycan sənətcisi kimi tanınır. Səhv etmirəmsə, son müsahibələrindən birində Gürcüstanla bağlı fikirlərini qeyd etmişdi. Əvvəllərlə müqayisədə, bu gün Azərbaycan sənətcisi kimi özünü daha az göstərir, nəinki gürcü müğənnisi kimi. Tez-tez dilindən “gürcüstanlıyam, Gürcüstanda uğurlarım oldu” fikirlərini eşidəndə bir az heyfsilənirəm.

Mədəni xanımdı, intriqalara qatılmadığı üçün o, hörməti saxlaya bilib. Son vaxtlar repertuarını bəyənmirəm, əvvəlki vaxtlarla müqayisədə sanki tənbəlləşib. İlkin dövrlərdəki Manana axtarışdaydı, son illər isə bunu görə bilmirəm. Ola bilsin bu onun ana almağı ilə bağlıdır. Amma düşünürəm ki, bu gün Azərbaycan şou-biznesində öz varlığını dilə gətirirsə, deməli o, tənbəlikləri kənara qoymalıdır. Bu cəhəti mənfi xüsusiyyət kimi qiymətləndirirəm.

Manana kifayət qədər jurnalistlərlə dostluq edir, isti münasibət qurur desəm, yalan olar. Müəyyən sərhədd var, ondan kənara çıxmır. Nə jurnalistləri özünə yaxın buraxır, nə də özü jurnalistlərə tərəf gedir. Təbii ki, mətbuat konfranslarında, təqdimat mərasimlərində jurnalistlərə hörmətlə yanaşır, hətta qalmaqallı, tənqidi suallara da çox səbrlə cavab verir. Hesab edirəm ki, bunun özü də bir taktikadır. Ola bilər ki, Manana düşünür ki, jurnalistləri çox yaxın buraxsa, tez-tez təmasda olsa, səbrini tükədə bilər, bunu  dəqiq deyə bilmərəm. Amma digər müğənnilərlə müqayisədə Manana jurnalistlərlə o qədər də sıcaq münasibətdə deyil. Konkret bir baryer qurub, o baryerin bir  qapısı var, təqdimat mərasimlərində, yaxud mətbuat konfransarında o qapını açır, qonaqlarını dəvət edir və bir saatlıq görüş olur. Ondan sonra yenidən qapı bağlanır və Manana qalır qapı arxasıda. Bəlkə də sənətçi kimi, gizli qalmaq əlverişlidir.

Manananın digər şou-biznes nümayəndələri tərəfindən qəbul olunub olunmamasını bir mənalı şəkildə demək düzgün olmazdı. Mananın Azərbaycan şou-biznesində olan sənətçilərin içində öz komandası var. Onları çıxsaq, digər sənət adamları tərəfindən o qədər də qəbul olunmur. Azərbaycanın kilassik, xalq müsiqisi, milli müsiqilərini ifa edən müğənnilər Manananı o qədər də ciddi qəbul etmirlər. Manana daha çox, modern uslubda oxuyan müğənnilər arasında çox sevilir. Müşahidə edəndə görmək olur ki, Azərbaycan şou-biznesində özünə yer tutan müğənnilər Manananı qəbul edirlər. Nəyə görə qəbul edirlər, bunu birmənalı şəkildə deyə bilmərəm. Amma ümumilikdə böyük kütlə tərəfindən qəbul olunur desək, yalan olar”.


Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir