Modern.az

Abşeronda torpaqlar kəndlılərin əlindən alınır

Abşeronda torpaqlar kəndlılərin əlindən alınır

1 Sentyabr 2009, 16:16

“Abşeron rayon İcra Hakimiyyəti ərazidə fəaliyyət göstərən bələdiyyələri idarə edir. Halbuki bələdiyyələr yerlərdə seçkili idarəetmə orqanlarıdır”. Bunları “Bakı Dirçəliş “ İctimai Birliyinin sədri Abbasağa Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, 1991-ci ildən yaranan fermer təsərrüfatlarını indi Abşeron rayon İcra başçısı dağıdır: “Yerli hakimiyyət orqanlarının birbaşa göstərişi ilə kənd və qəsəbə bələdiyyələri tərəfindən təsərrüfat üçün yararlı olan torpaq sahələri qeyri-qanuni yollarla fermerlərin əlindən alınaraq ayrı-ayrı şəxslərə, o cümlədən əcnəbilərə satılır. Bu təsərrüfatlar insanların zəhməti, maddi resursları hesabına yaradılıb. İndi isə rayon icra başçısı fermer təsərrüfatı üçün ayrılmış torpaqları, əsasən də dənizkənarı turizmə yararlı əraziləri satışa çıxarırlar. Həmişə Bakı ətrafı kəndlərin sakinləri əkdikləri kənd təsərrüfatı məhsullarını bazara çıxarırdılar. Ona görə də Bakıda kənd təsərrüfatı məhsulları həmişə ucuz olub. Artıq onların torpaqları satılıb. Baş verən qanunsuzluqlara qarşı lazımi ölçü götürmək üçün dəfələrlə aidiyyatı dövlət orqanlarına yazılı və şifahi formada müraciət etsələr də, hələ heç bir nəticə əldə olunmayıb. Bakı kəndlərindən olan fermerlər problemi ictimaiyyətləşdirməklə vəziyyətdən çıxış yolu tapmaq istəyirlər”.

 

Tədbirdə çıxış edən Fatmayi kənd sakini Əfrasiyab Quliyev dedi ki, 1990-cı ildə vərəsəlik hüququ qorunmaqla verilən aktı indi yenidən təsdiq etdirə bilmirlər: “Bələdiyyə deyir bu torpaqlar bizim, İcra hakimiyyəti isə deyir ki, bizim fondumuza aiddir. Heç kəs səsimizi eşitmir. Nə məhkəmə, nə də hansısa bir rəsmi dövlət orqanının qərarı olmadan İcra hakimiyyətinin nümayəndələri Bakı ətrafı kəndlərdə icazəsiz torpaqlarımızı əlimizdən alırlar”.

 

Sonda “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov mövcud problemin ədalətli həlli üçün bundan sonra da hüquq müstəvisində ardıcıl mübarizə aparacaqlarını dedi.

Kəmalə Tofiqqızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...