Modern.az

Keyrəki vulkanı ətrafında evlərin "təmizlənməsi" davam etdiriləcək

Keyrəki vulkanı ətrafında evlərin "təmizlənməsi" davam etdiriləcək

1 Sentyabr 2009, 16:58

Sakinlər kompensasiya istəyir, cavabdehlər “YOX” deyir

Binəqədi rayonu ərazisindəki Keyrəki palçıq vulkanı ətrafındakı tikililər söküləcək. Bu ərazi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır və qoruq elan edilib. Söküntü işlərini isə Binəqədi rayon icra hakimiyyəti həyata keçirir. Artıq sakinlərə Binəqədi RİH başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən xəbərdarlıq kağızı da verilib. Sakinlər evlərinin söküləcəyi təqdirdə onlara ya ev verilməsini, ya da kompensasiya ödənilməsini tələb edirlər.

Laçın rayonunun məcburi köçkünü Xəyalə İsayeva Modern.az saytına bildirib ki, ərazi onlara bələdiyyə tərəfindən satılıb, həmin qurumdan sənəd də alıblar. Digər sakin Ümidvar Hüseynov isə Mülkiyyətçi servic MMC Daşınmaz Əmlak rəyi tərəfindən qiymətləndirmə sənədini göstərd: "Biz dövlətdən kompensasiya tələb edəcəyik". Sahilə Abdullayeva isə bildirdi ki, icra nümayəndəsi Mirzə adlı şəxs pullarını alıb və tikintiyə icazə verib: "Niyə vaxtında bizə bu ərazinin təhlükəli olduğu barədə xəbərdarlıq etmirdilər? İndi hamısı çəkilib durub kənarda. Evlərimiz söküləcəyi təqdirdə bizə konpensasiya verməlidirlər". 

Bizimlə söhbətində əslən Biləsuvar rayonundan olan Səadət Qasımova bunları bildirdi: “Evimin üstünə çadır vurub yaşayıram. İmkanım yoxdur. Bələdiyyə vaxtilə bizə bu yeri satıb, sənəd də verib. İndi neyləməliyəm?”

Şəhid ailəsi Şəvaqət Zeynalova: "Evimizi söksələr, bizi evlə təmin etməlidirlər".

Qeyd edək ki, ərazidəki evlər qaz, su və elektrik enerjisi ilə təmin olunub. Hal-hazırda da işlər davam etdirilir. Bu isə onu təsdiq edir ki, sakinlər bu ərazidə tikinti işləri apararkən müvafiq qurumlardan icazə alıblar.

 Binəqədi qəsəbə bələdiyyəsinin ümumi şöbəsinin müdiri  Rəfael Hüseyinov Modern.az-a bildirdi ki, vulkan dağının qoruğq elan olunması ilə bağlı Prezident  2007-ci il 15 avqustda sərəncam verib. Həmin sərəncamın icrasından irəli gələn vəzifələrin yerinə yetirilib-yetirilməməsi ilə bağlı əraziyə Fövqaladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin və bələdiyyənin iştirakı ilə baxış keçirilib. Palçıq vulkanı ətrafında vətəndaşlar tərəfindən özbaşına, qeyri-qanuni bir neçə ev tikilub. Hansı ki, bu evlər mühafizə zolağına daxildi, həmin evlər söküləcək. Qanunsuz tikilən evlərə isə dövlət tərəfindən təminat verilmir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun direktoru  Arzu Mustafayev də Modern.az-a qeyd edib ki, yalnız mühafizə zolağına düşən evlər söküləcək: “Kənar evlərin nə vulkana, nə də vulkanın onlara heç bir təsiri yoxdur. Yarımtikililər və tikilməkdə olan evlər artıq sökülüb. Yaşayış evləri isə qanunvericiliyə uyğun olaraq söküləcək. Altı yaşayış evində məskunlaşmış sakinə qarşı isə Binəqədi Rayon İcra Hakimiyyətində məsələ qaldırılıb. Burda tikilən evlər qeyri-qanuni olduğuna görə hec kimə kompensasiya verilməyəcək.

Qoruq rəhbəri bildirib ki, bu ərazi hələlik onlara təhvil verilməyib: “Söküntü işləri başa çatdıqdan sonra ərazi nazirliyin fonduna keçəcək". Qoruq ərazisinin çəpərlənməsinə gəlincə isə Arzu Mustafayev bildirib ki, bu məsələni növbəti mərhələlərdə həyata keçirəcəklər: “Fikrimcə, sakinlər qoruq ərazisinə qoyulan nişanlara, qadağalara əməl etsələr, buna ehtiyac da olmaz".

Arzu Mustafayev  onu da əlavə edib ki, Abşeron rayonu ərazisində yerləşən Qobu və Hökməli palçıq vulkanları ətrafında qeyri-qanuni tikilən evlərə qarşı da müvafiq tədbirlər görüləcək.

 

Günay Musayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...