Ömrünün müdrik çağında – 57 yaşında Qafqaza səyahətə çıxan məşhur fransız yazıçısı, dramaturq və səyyahı Aleksandr Düma 1859-cu ildə Azərbaycanın qədim yurd yerləri olan Dərbənd və Qubanı keçdikdən sonra axşama yaxın çatdığı yer barədə yazırdı: “Biz hər tərəfi qumsallıq olan, az-çox üzümlük sahələri gözə dəyən Sumqayıt poçt stansiyasına çatdıqda hava qaralmağa başlamışdı. Orada gecələməli olduq. Dəniz o qədər yaxın, göy üzü o qədər aydın və ətraf o qədər sakitlik idi ki, biz sahilə çırpılan dalğaların, coşan ləpələrin səsini aydınca eşidrdik. Gecədən xeyli keçmiş Ay işığı və dəniz ləpələrinin sədaları altında yuxuya getdik”.
Əlbəttə ki, geniş ərazisinin yarıdan da çoxu qərbdən Atlantik okeanı ilə, cənub-şərqdən isə Aralıq dənizi ilə əhatə olunan bir ölkədə - Fransada yaşamış bir yazıçı üçün dəniz dalğalarının, ləpələrinin səsindən doğma, romantik nə ola bilərdi ki? O, Xəzərin səsinə, onun gecə “nəğmələrinə” biganə qala bilərdimi?
O vaxt - 150 ildən də əvvəl bu yerlərə səyahət etmiş dahi yazıçının təsəvvürünə belə gəlməzdi ki, illər keçəcək, “Sumqayıt poçt stansiyası”nın yerində böyük bir şəhər salınacaqdır. Belə bir reallığa inanacaq olsa da belə, vətəninin Paris kimi gözəl, cazibədar şəhərindən sonra heç nə ilə təəccübləndirmək mümkün olmayan A.Düma yəqin düşünməzdi ki, cəmi bir il ərzində Sumqayıt yalnız xəyalda təsəvvür ediləcək dərəcədə yüksək sürətlə inkişaf edəcək, yenidən qurularaq, daha gözəl və müasir bir şəhərə - XXI əsr şəhərinə çevriləcək.
...Ötən həftə Bakıdan, Gəncədən, Mingəçevir və Oğuzdan Sumqayıta tədbirə gəlmiş qonaqlarımız şəhəri və onun yeni salınmış dənizkənarı Bulvarını gəzərkən heyranlıqlarını gizlədə bilmir, hər tərəfdə müasirliyi ilə seçilən yeni sosial obyektləri, göz oxşayan infrastrukturu, gül-çiçəyə qərq olmuş parkları və bağları görərkən bütün bunların bir ildə yaradıldığına inana bilmirdilər. Onları qınamaq da olmazdı. Axı, əslində şəhəri həmişə 20-30 il əvvəlki kimi görməyə alışmış sumqayıtlılar özləri də hələ gördüklərinə heyranlıqla, vurğunluqla, az qala nağılvari möcüzə kimi baxırlar.
Yəqin çoxlarının yadındadır ki, Sumqayıtla qardaşlaşmış şəhərlər olan Lüdviqshafendən, Piteştidən, Mogilyovdan, Genuyadan, Aktaudan, Çerkassıdan, Rustavidən və digər şəhərlərdən gələn qonaqlara göstərilib, öyünməli yerlər vaxtilə o qədər az idi ki, “boşluğu doldurmaq” üçün onları Bakı ilə, Quba və Gəncə, Şəki ilə də tanış etmək lazım gəlirdi. Düzdür, bu, Azərbaycanı tanıtmaq baxımından yaxşı olsa da, digər tərəfdən Sumqayıt üçün “üzqaralığı” idi. Çünki nə alman qonaqları guya onların şərəfinə yaradılmış, əslində səliqə-sahmansız, xaotik səpələnmiş ticarət-iaşə ocaqlarının yerləşdiyi “Lüdviqshafen parkı”na, nə də digər qonaqları heç olmasa Xəzərin qoynuna, dənizkənarı parka aparmaq, orada istirahət etmək mümkün olurdu. Şəhərin ən görməli yerləri yalnız Sumqayıtın Tarix muzeyi, şəhərin bir-iki müəssisəsi və “Yaşıl bina”nın yaşıl örtüyü idi ki, o da sonradan baxımsızlıq, laqeydlik üzündən quruyub məhv oldu...
Sumqayıtın yetirməsi olan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən cəmi bir il əvvəl – ötən ilin 2 sentyabrında şəhərin yeni İcra başçısı təyin edilən Zakir Fərəcov elə ilk gündən verdiyi qərarlar, gördüyü tədbirlərlə özünə doğma olan sumqayıtlılarla əks qütblərdə yox, onlarla eyni cərgədə dayandığını praktik olaraq təsdiq etmiş oldu. Sadə zəhmət adamlarına həmişə maneələr, qoruq-qadağa yaratmağa, özlərinin “seçilmişlər”dən olduqlarını hər vəchlə göstərməyə çalışanlardan fərqli olaraq, bir sumqayıtlı kimi şəhər sakinlərinin ovqatını, arzu-istəyini yaxşı bilən yeni başçı elə ilk qərarı ilə - İcra hakimiyyəti qarşısındakı, bütün avtonəqliyyat üçün gediş-gəlişi qadağan olunaraq, bağlanmış mərkəzi yolu açdırması ilə, dahi Nizaminin adını daşıyan kinoteatrın qarşısını kəsərək, “alınmaz qala”ya çevrilmiş obyektləri dərhal sökdürməsi ilə sumqayıtlıların rəğbətini qazana bildi. Hamı başa düşdü ki, yeni İcra başçısı sumqayıtlıların “yolunu” bağlayanlara qarşı barışmaz olacaq, imkanlı azlığın yox, zəhmətkeş çoxluğun mənafeyini müdafiə edəcək, Sumqayıtın və onun sakinlərinin qayğısına qalacaq, şəhərin sosial-iqtisadi inkişafı naminə çalışaraq, onu respulikada abadlığı və gözəllyi ilə seçilən bir şəhərə çevirəcək.
Elə də oldu. Vaxt itirilmədən şəhərdə “bütün cəbhə boyu” kompleks işlərə başlanıldı. İlk növbədə məktəblərin, uşaq baxçalarının, yaşayış və ictimai binaların sıradan çıxmış dam örtükləri yeniləndi, çoxmərtəbəli binaların liftləri bütünlüklə təzələndi, ucqar mikrorayonlardan başlayaraq bütün yararsız, kələ-kötür yollar başdan-ayağa asfaltlandı, bağ massivlərinə gedən yollara da asfalt örtük çəkildi. Bütünlükdə şəhər geniş tikinti-abadlıq meydanına çevrildi. Çox qısa bir müddətdə yeni yaradılmış möhtəşəm Heydər Əliyev mərkəz-kompleksi, yeni Şahmat məktəbi, Musiqi məktəbi, Əli Kərim adına Poeziya klubu və digər obyektlər bu gün şəhərin memarlıq görkəmini daha da zənginləşdirmiş, gözəlləşdirmişdir.
Bütün şəhər sakinlərini narahat edən mühüm bir məsələ də yeni rəhbərliyin diqqətindən yayınmadı. Belə ki, İcra hakimiyyətinin qarşısındakı Bayraq meydanına döşənmiş daşların ara boşluqları çox olduğundan oradan keçmək nəinki incədaban ayaqqabıda olan qadınlar, hətta kişilər üçün də problemə çevrilmişdi. Hamı meydanı “o günə” qoyanları gizli və ya aşkar şəkildə lənətləməli olurdu. Artıq bir müdətdir ki, həmin meydan hamar, ornamentli daşlar düzülməklə yenidən qurulmuşdur. Orada böyük çarhovuzlu yeni fontan komplekslərinin, klassik formada düzəldilmiş bürünc dirəklər üzərində yeni işıqlandırma sisteminin yaradılması meydanı daha da yaraşıqlı etmişdir.
Mədəniyyətə və incəsənətə, əhalinin mədəni-kütləvi istirahətinə xüsusi diqqət yetirən şəhər rəhbərliyinin təşəbbüsü ilə sumqayıtlıların ən sevimli mədəniyyət ocaqlarından olan, Azərbaycanın böyük səhnə fədaisi Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı şəkildə, həm də çox qısa bir müddətdə təmir olunması, tamaşa zalında möhtəşəm, unikal çilçırağın qurulması və teatr kollektivi, incəsənət adamları üçün görüşlər, diskussiyalar və ziyafətlər üçün yeni mebellərlə təmin edilmiş geniş, müasir bir zalın yaradılması da rəğbətlə qarşılanmışdır.
Şəhərin yeni rəhbərliyinin ən böyük uğuru, nailiyyəti isə, əlbəttə ki, sumqayıtlıların on illərdir ki arzusunda olduğu Sumqayıt Bulvarının yaradılmasıdır. 5 kilometrə qədər bir ərazidə başlanılmış kompleks işlər hələ bu gün də davam etdirilsə də, bura artıq sakinlərin səhər-axşam ailəlikcə gəlib dincəldikləri gözəl bir istirahət məkanına çevrilmişdir. Yeni quraşdırılmış attraksionlar, müxtəlif oyuncaq-qurğular, obrazlı heykəllər və s. uşaqlarda böyük maraq və sevinc doğurur. Əvvəllər axşam vaxtları büsbütün qorxunc qaranlığa qərq olan dəniz sahili indi gecələr işıq selində üzür və burada gəzib-istirahət etmək, Xəzərin təmiz və sərin havasını udmaq təkcə gənclər üçün deyil, yaşlı adamlar üçün də xoş və maraqlı olmaqla böyük zövq verir. Yaxın vaxtlarda şəhərə sumqayıtlıları dəniz səyahətinə çıxaracaq gəmi və katerlərin gətiriləcəyi xəbəri isə sumqayıtlılarda öz doğma şəhərlərinə sevgini, sabaha olan xoş ümidləri daha da artırır, böyük qürur hissi doğurur.
Bugünlərdə bir jurnalist dostumun Bakıdan şəhərimizə köçməyə qərar verməsi də Sumqayıtın həqiqətən yüksək inkişafından, şəhər rəhbərliyinin cəmi bir il ərzində gördüyü işlərin, gərgin və hərtərəfli səmərəli fəaliyyətin çox mühüm və əhəmiyyətli olmasından, böyük uğurundan irəli gəlir. İndiyədək paytaxtın “Neftçilər” stansiyası yaxınlığında yaşamış dostum deyir ki, dəniz üzü görməməsi bir yana, ordan redaksiyaya işə gedib-qayıtmaq üçün gündə ən azı 3 saat yarım vaxt itirirdi – o da tıxaclar olmasa. Sumqayıtdan isə iş yerinə indi daha tez çata bilir.
…150 ildən də əvvəl Azərbaycandan ayrılarkən A.Düma buna təəssüflənərək yazmışdı: “nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı”. Əgər bu, doğrudan da indi mümkün olsaydı, o böyük, dahi fransız yazıçısı gördüklərini fantaziya hesab edər, Sumqayıta böyük məftunluqla vurular və dincəlmək üçün bəlkə də tez-tez Sumqayıta gələr, onun yeni bulvarında gəzər, bir vaxtlar gecə ikən dayandığı, lakin indi öz gözəlliyi ilə çox tanınmaz olmuş yerdən vurğunu olduğu dəniz dalğalarının səsinə qulaq asmaqdan doymazdı...
Bilmək olmaz – bəlkə indi o dahi adamın ruhu gecələr bu yerlərdə - Xəzərin sahilində dolaşır və uca göylərdən işıq selinə, gözəlliklərə qərq olmuş Sumqayıta boylanaraq sevinir, fərəhlənir...
Rəhman ORXAN
Fotolar Xəqani Əzizovun və Elşən Tağıyevindir