Afət Telmanqızı
Üşüyürəm! Sənsiz çox darıxıram! Nə səsim yetir, nə əlim çatır! 23 ildir yolları, izləri itirmişəm. Ziyarətinə gələ bilmirəm sənin. 23 ildir görmürəm səni. Bağışla məni. Əgər bağışlamaq mümkündürsə.... Bakıda dünyaya gəlsəm də, burda boya-başa çatsam da, qəlbimdə hər zaman Zəngilan sevgisi, beynimdə tətil başlasaydı Zəngilana gedərdim fikri oldu!
Beləcə 14 il yay ayları valideynlərimlə Zəngilana yol aldım. Bu yolun isə 14-də bitəcəyini heç ağlıma gıtirmıdim . Bir soyuq payız günü onu itirəcəyimizi hardan bilərdim ki... O gün heç yadımdan çıxmayacaq. Qardaşımın Türkiyə Universitetlərindən birinə mənim isə Bakı Dövlət Universitetinə qəbul olunma xəbərinin sevincini gözüdolusu yaşamaq həvəsimiz bir anda yarıda qaldı. O acı xəbər gəldi. Anamın hönkürtüsü, otaqda var-gəl etməsi bu gün də gözlərimdə donub qalıb. Axı hər kəsimiz o tayda qalmışdı. Torpağımıza düşmən ayağı dəymişdi.
Zəngilan mühasirədə idi. Zəngilan reanimasiyada olan xəstə kimiydi. Hamı əlin üzmüşdü ondan! Qonşu rayonlar işğal olunmuşdu. Zəngilan tək qalmışdı. Araz çayı yeganə çıxış yolu idi. İran tərəfi ilə aparılan danışıqlar nəticəsində çay üzərindəki bənddə suyun bağlanması 30 mindən çox insanın qurtuluşu oldu.
Zəngilan son anadək savaşdi. 188 şehid verdi. Zəngilan işğal edilən sonuncu rayon oldu. Mən o gün tək Ana-Ata yurdumu itirmədim. Orda məzarı olan əzizlərimin ziyarət haqqını itirdim. Atamın,babamın, nənəmin, əmimin məzarlarını yad etmək haqqını itirdim. Onlar üçün çox darıxıram. Atamla dərdləşmək istəyirəm, bunu edə bilmirəm. Qəlbim sızlayır. Nə vaxtadək yuxuda atamın qəbrinin uçurulduğunu görüb hiçqırtı ilə yuxudan ayılacam.
23 il çox oldu axı. Bağışla məni Ata! Bağışla məni Ata Yurdum!