Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsinin giriş qapısında yaranan sıxlığa münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, Komitənin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində nisbi sıxlıq müşahidə olunub:
“Sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.
Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.
Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq”.
Modern.az