Modern.az

Yardımlının bu kəndlərində içməli su problemi həll olundu

Yardımlının bu kəndlərində içməli su problemi həll olundu

14 Noyabr 2016, 16:29

Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.

 

Kəndlərə içməli suyun verilməsi mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

Millət vəkili Musa Qasımlı mürəkkəb relyef şəraitində yerləşən kəndlərin içməli su probleminin həll edilməsini mühüm hadisə adlandıraraq belə layihələrin sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olduğunu vurğulayıb.

 

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Yolocaq və Horoni  kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 km  magistral su xətti çəkilib, 50 kubmetr tutumu olan su anbarı quraşdırılmış, hər bir ev təsərrüfatına birləşmə  verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdılıb”.

 

Tədbirdə çıxış edən kənd sakinləri bildirmişlər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.  

 

Ümumilikdə layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli  su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi  seçilib.  Su mənbəyində sugötürücü qurğu inşa edilmiş, buradan yaşayış məntəqələrinə qədər 30,6 km uzunluğunda magistral kəmər çəkilmiş, su anbarları tikilmişdir. 2015-ci ildə  Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilmiş, ümumilikdə 8000-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi