“Müsavat Partiyasının hörmətli başqanı Arif Hacılı 10 gün öncə bizim ofisimizi ziyarət etdi. Arif bəylə referendumdan sonra ölkədəki siyasi vəziyyəti, dövləti, ölkəni gözləyə biləcək ciddi təhlükələrlə bağlı ciddi müzakirələr apardıq”.
Bunu Modern.az-a açıqlamasında REAL (Respublika Alternativ Hərəkatı) icraçı katibi Natiq Cəfərli deyib.
“Qərara gəldik ki, seçkilərdə bir-birimizə maneə olmayaq...”
REAL rəsmisi bu günlərdə Müsavat Partiyası ilə funksional əməkdaşlıqla bağlı əldə olunmuş razılığın detallarını açıqlayıb:
“Belə görüşlərin mütəmadi olaraq keçirilməsinə qərar verdik. Təmasların, fikir mübadiləsinin daimi olması razılığına gəldik. Amma hər hansı əməkdaşlıqla bağlı sazişin bağlanması, formatın yaradılması ilə bağlı qərar olmayıb. Ümumiyyətlə, Müsavatla hər hansı bir saziş bağlamaq haqqında danışmaq belə tezdir.
Yaxın gələcəkdə ölkədə növbədənkənar parlament yaxud prezident seçkiləri keçirilsə, bu seçkilər zamanı hər hansı birgə addımlar atıla bilər. Ən azından parlament seçkiləri olsa, bir- birimizə maneə olmamaq və güclü namizədlərin mübarizə aparılmasına şərait yaratmaq kimi məsələlər müzakirə olunub”.
“REAL Milli Şura ilə bir yerdə ola bilmədi”
N.Cəfərli hələ ki heç bir siyasi partiya ilə birgə hansısa sazişin olmadığını deyib:
“Bizim ənənəvi müxalifətlə dəfələrlə görüşlərimiz olub. REAL yeganə təşkilat idi ki, Milli Şura yaranan zaman 7 dəfə bu təşkilatla danışıqlar apardı. Amma sonradan özümüzü bu təşkilatda görə bilmədiyimiz üçün Milli Şura ilə bir yerdə olmadıq. Sonrakı siyasi proseslər bizim haqlı olduğumuzu göstərdi.
Ölkədə siyasi qüvvələrin bir-biri ilə mədəni siyasi dialoq şəraitində olması çox müsbət haldır. Buna hətta iqtidar partiyasının özü də maraqlı olmalıdır. Təəssüf ki, hakim partiya bunda maraqlı deyil.
REAL-ın öz yolu və prinsipləri var. Düşünmürəm ki, yaxın gələcəkdə hansısa siyasi partiya ilə ciddi bir saziş imzalayaq. Hələ ki gündəliyimizdə belə məsələ yoxdur”.
“AXCP- Müsavat parçalanması ideoloji deyil... Şəxslər dil tapa bilmir...”
REAL-ın icra katibi söyləyib ki, Müsavatla ACXP hər zaman bir-birini yersiz suçlayıb:
“Müsavatla bağlı belə bir fikir formalaşmışdı ki, bu partiya ilə danışıqlara gedəcək. 2015-ci ildə Cəmil bHəsənli dəfələrlə bizim ofisimizdə olub. Hətta bu günlərdə Arif bəydən qabaq Cəmil bəy də bizi ziyarət etdi. Amma bu görüş Cümhuriyyət məktəbi çərçivəsində mühazirəyə dəvət zamanı olunmuşdu.
Tək Müsavatla deyil, digər ciddi siyasi partiyalarla müzakirələrimiz daim olub. Sadəcə olaraq, birlik modellərini şəxslər üzərində deyil, ümumi ideya və hədəflər üzərində qurulmağın tərəfdarıyıq. Bu gün də fikrimizdə qalırıq.
AXCP ilə Müsavatın bir araya gəlməsi hər iki siyasi partiyanın razılığı əsasında olmalıdır. Görünən odur ki, bu partiyalar arasında ciddi fikir ayrılığı hələ də var. Fikir ayrılıqları ideoloji problemlərdən qaynaqlanmır. Bu düşüncə parçalanmaları şəxslərin problemlərindən qaynaqlanır
Keçmiş təcrübə göstərir ki, AXCP Müsavatın uğurlu fəaliyyət göstərməsi əldə olunmadı. Hər dəfə bir araya gəldikdən sonra bir birilərini suçlamağa başladılar”.
“REAL AXCP və Müsavatla bir yerdə ola bilməz...”
Natiq Cəfərli REAL-ın siyasi bloklara qoşulmağa meyilli olmadığını bildirib:
“REAL –ın bu iki siyasi partiyanın bir araya gəlməsinə töhfə verməsi yersiz olar.
Konkret prinsipial, ölkənin, dövlətin gələcəyi ilə bağlı məsələlərdə təbii ki, bir yerdə danışıqlar mümkündür. Amma hər hansı şəkildə REAL-AXCP-Müsavatın birlik modeli çərçivəsində fəaliyyət göstərməyini lüzumsuz görürəm. Bu kimi birlik modelləri artıq cəmiyyəti yorub. 90-cı illərdən bu günə qədər müxalifətin 11 birlik modeli olub. Bunların da hamısı uğursuz olub. Nəticədə bu da əhalidə xəyal qırıqlığı yaradıb.
Bizim seçicilərimiz də, tərəfdar hədəflərimiz də fərqlidir. REAL-ın öz tərəfdar kütləsi var ki, həmin kəsim bu tipli birliklərə heç də isti münasibət göstərmir. Hətta dəfələrlə sıravi üzvlərimizdən də bununla bağlı təpkilər də almışıq”.
Ağa AKİFOĞLU