Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun kasasiya şikayətinə baxılıb.
Modern.az xəbər verir ki, bu haqda məlumat verən hərəkatın üzvü Natiq Cəfərli İ.Məmmədovun məhkəmədə iştirak etmədiyini bildirib.
O “Ali Məhkəmənin önündəyik, zal tam doldu, gələnlərin böyük əksəriyyətini içəri buraxmadılar. İlqar məhkəməyə gətirilməyib, proses davam edir, xoş xəbər gözləyirik” deyib.
N.Cəfərli daha sonra “İlqar həbsdə qaldı” açıqlamasını verib. Beləliklə hər iki şxəsin kassasiya şikayəti təmin olunmayıb.
İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib.
Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kasasiya şikayəti verib.
İ.Məmmədovdan fərqli olaraq T.Yaqublu bu ilin martında verilən əfv sərəncamı ilə azad olunub.
Gülşən RAUFQIZI