Modern.az

Elm.... Elm.... Elm

Elm.... Elm.... Elm

1 Dekabr 2016, 20:51

Bizim kimi cəmiyyətlərdə bir şeyi yerinə qoymayana qədər düzgün, yaxud yanlış formada istənilən münasibətlər lağlağı və anormal şəkildə tüğyan edir. Elə ki, zaman işə qarışır, onda söz-söhbətlər qurtarmasa da, hər bir kəs məcburən öz içində ani olsa da harda olduğunu anlamış olur. Ancaq nə edək ki, yaşadığımız coğrafi məkanda zaman da bizlərə çox nadir hallarda öz varlığını göstərir.

 

Bu tablonu xatırlatmağıma səbəb Əvəz Zeynallının günümüzdə “Qaynar qazan”ında vaxtilə Avropada səfir kimi fəaliyyət göstərmiş, hazırda müxalifət kimi yoluna davam edən Arif Məmmədovla müsahibəsi oldu. Müsahibəyə baxanda yanılmıramsa, jurnalist Əvəz Zeynallı siyasi baxımdan daha iddialı, daha güvəncli görünürdü,  nəinki Arif Məmmədov. Halbuki cəmiyyət güvəncin arxasında hərəkət edir. Yəqin izaha ehtiyac olmadığı kimi şərhə də söz ola bilməz.

 

İlk növbədə, Əvəz Zeynallını tanıdığım üçün onun bu yanaşmasına bir söz deyə bilmərəm, çünki Əvəz təbiətən həyatda bütün varlıqlara yaxşı mənada qucaq açan birisidir. Bunun nəticəsidir ki, onun qazanında qaynayan hər bir fikrin istənilən formada olmasıdır. Bu bir tərəfdən normal cəmiyyət üçün yerində seçilmiş format olsa da, digər tərəfdən bugünkü həyatımız üçün çox da “qənaətbəxş” sayıla bilməz.

 

Çünki ictimai həyatımızda seçim xüsusiyyətləri o qədər bərbad vəziyyətdədir ki, insanlar “qazanda qaynayan” hər bir şeyi düşünmədən, məhəl qoymadan necə gəldi həzmi-rabiədən keçirməyə, onun qulu olmağa kütləvi şəkildə növbəyə dayanırlar. Çünki cəmiyyətdə təhsil, sağlamlıq və bunların məcmusu olan mədəniyyət çağdaş dünyaya baxanda deqradasiyaya uğrayıb. Bunun nəticəsidir ki, heç bir istedadı olmayan, kimlərinsə hesabına o zirvələrə qalxan zəiflər cəmiyyətdə özlərini çoxbilmiş, işığa aparan bir varlıq kimi göstərir, nəticədə onları o zirvələrə qaldıranların yoxluqları ortaya çıxanda çaşbaş qalaraq bilmirlər ki, hansı formada hərəkət etsinlər. Nəticə isə göz qabağındadır.

 

Bax, bu bizim cəmiyyətimizin bugünki tablosudur.Tarix boyu bu tablolardan qaçmadığımız üçün təkrarən bu günləri yaşamışıq, yaşayırıq və yaşayacayıq. Çünki cəmiyyətin bu hərəkətsiz, süst vəziyyətində bacarıqsız, “işbaz” adamlar istənilən formada özlərini cəmiyyətə xilaskar kimi göstərib, özlərinin düşüncələrinə uyğun hər cür addımlar atırlar, nəticədə cəmiyyət qaldığı yerdən tərpənmir, daha da geri getməli olur.

 

Səbəb cəmiyyətin aparıcı insanlarının daxilən azad olmaması, dəyərlərə qiymət verməməsi və yaxud verə bilməməsidir. Onun olması üçün ilk növbədə təhsilə nəzər salınmalıdır. Yoxsa dünən altmış yaşına kimi traktorçu birdən ayılıb molla olursa, yaxud dünənə kimi hökümətin yanında olub, səhərdən axşama kimi hökümətə mədhiyyə deyən bu günsə sosial ədalətin çarçısı olursa, yaxud iki misal həll edəndən sonra təhsilin xilaskarı kimi meydana çıxardılırsa, yaşadığımız həyat tərzi bundan artıq ola bilməz. Bu, aksiomadır. Aksiomalar heç vaxt müzakirəyə gəlmir. Olsa-olsa onun ətrafında lazımsız gedişlər edilir ki, ondan da heç vaxt biz korluq çəkməmişik.

 

Unutmamalıyıq ki, millətin daxili potensialını hərəkətə gətirmək üçün, ona özünə uyğun formada yanaşma tərzini bilməlisən. Bilməyəndə bu cür insanlar özlərini qabağa verib, cənnəti-məkan mələkləri kimi hərəkətə keçirlər. Bu cənnəti-məkan mələklərini bir şeylə uzaqlaşdırmaq olar: yenə də elm, yenə də təhsil. Çünki onlar elm və təhsildən ilanın papiros tüstüsündən qorxduğu kimi qorxurlar.

 

Söylədiklərimiz heç bir şey dəyişdirmədiyinə görə yenə də zamanın bizixatırlamısını gözləməli olacağıq.

 

İsgəndərli İbrahim

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu