Kommunal xidmət haqlarının bahalaşması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) müraciət edənlərin sayına təsir edib. Bunu Modern.az-a qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov deyib.
Onun sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların, həmkarlar ittifaqı üzvlərinin Konfederasiyaya müraciət etməsi gündəlik olan haldır:
“Bu müraciətlər iqtisadi vəziyyətin necəliyindən asılı olmayaraq həmişə olur. Həmin insanlar Konfederasiyanın qəbul şöbəsinə yazılı və şifahi surətdə müraciət edir. Müraciət qeydiyyata alınaraq nəzarətə götürülür. Konfederasiyanın təşkilat şöbəsi vasitəsilə aidiyyatı qurumlara yaxud birbaşa sədrə göndərilir.
Xarakter etibarilə, müraciətlər indiki gündə, indiki saatda daha çox kommunal xərclərin artırılması ilə bağlıdır. Bundan əlavə insanlar gündəlik həyatlarında rastlaşdıqları problemlərlə bağlı yenə də Konfederasiyaya müraciət edirlər və müvafiq olaraq aidiyyatı qurumlara çatdırılır”.
N.Ağamirov bildirib ki, bunların arasında aztəminatlı ailələr, müharibə veteranları var:
“Müraciət edənlər müxtəlif təbəqələrdən olan insanlardır. Kimisi işlətdiyi sexlə, kimisi obyektilə, kimisi istixanası ilə bağlı yaranan problemlərdən dolayı kömək istəyir. Xüsusilə aztəminatlı ailələr, müharibə veteranları və müxtəlif təbəqədən olan insanların müraciəti daim diqqət mərkəzində saxlanılır".
Gülşən RAUFQIZI