Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu Bakıda görüş keçirdikdən sonra media nümayəndələri qarşısına çıxıblar.
Modern.az xəbər verir ki, nazirlər keçirdikləri mətbuat konfransında Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsi və regional məsələləri müzakirə etdiyini bildirib.
“Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri (Sergey Lavrov) Türkiyədə olarkən onunla Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirə olunduğunu dedi. Biz həmçinin ATƏT-in Hamburqda keçiriləcək sammiti ilə bağlı da müzakirə apardıq”-deyə o əlavə edib.
Nazirinin sözlərinə görə, həmkarı ilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP ilə bağlı da fikir mübadisələsi aparıb.
E. Məmmədyarov bildirib ki, NATO-nun Əfqanıstanda sülhyaratma prosesi ilə bağlı 2017-ci ildə "İstanbul prosesi"nə Azərbaycan rəhbərlik edəcək.
“Əfqanıstan üzrə regional əməkdaşlığın “İstanbul prosesi” ilə bağlı xəbərdarsınız. Hər bir ölkə üzərinə müəyyən öhdəlik götürüb. Bizz qərara aldıq ki, 2017-ci ildə bu proses çərçivəsində görüşlər Azərbaycanda keçirilsin".
Aqşin Kərimov