Millət vəkili Qənirə Paşayeva hökuməti əlillərin problemlərinin həlli istiqamətində daha surətli addımlar atmağa və mənzil növbəsində gözləyən 5000 nəfərdən artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlillinin mənzil probleminin daha surətli həllini 2017 –ci ilin büdcəsində nəzərdə tutmağa çağırıb. Modern.az saytı xəbər verir ki, millət vəkili hökumətə şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin mənzil probleminin həllini sürətləndirməyi təklif edib. Q.Paşayeva 2017-cü ilin dövlət və icmal büdcəsi layihəsinin bu gün Milli Məclisdə müzakirəsi zamanı bildirib ki, hər il Prezidentin göstərişi ilə ehtiyat fonddan bu istiqamətdə vəsait ayrılır və mənzillər tikilir: “Amma ağır mənzil problemləri ilə üzləşən və növbədə olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sayının çoxluğunu nəzərə alaraq büdcədə onların mənzil probleminin daha surətli həlli istiqamətində vəsaiti nəzərdə tutmaq lazımdır. Prezidentin imzaladığı sənədlə 2018-ci ilə qədər mənzil növbəsində olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı həyata keçirilməldir. Bu gün növbədə gözləyən şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinin sayı 5000 nəfərdən çoxdur və həmin zamana qədər bu problemin həlli istiqamətində büdcədə vəsaitləri artırmaq lazımdır. Mən idman obyektlərinin tikilməsinin əlehinə deyiləm. Amma əgər büdcədə bu istiqamətə vəsaiti artırmaq imkanlar yoxdursa, o zaman idman obyektləri tikintisinə ayrılan pulun bir hissəsinin azaldaraq onu şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatına yönəltmək çox vacibdir. Çünki mənzil problemi ağır olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sayı çoxdur və Prezidentin də hər zaman vurğuladığı kimi onların həyat şəraitinin yaxşılaşdırılması ən vacib məsələlərdəndir və bu istiqamətində işlər daha da sürətləndirilməlidir”.
Millət vəkili bildirib ki, ünvanlı sosial yardımın təyini zamanı ailədəki 1-ci qrup əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsi yaxşı olardı: “Bu istiqamətdə əlillərdən mütəmadi təkliflər alırıq. Bu çox önəmli məsələdir ki, dövlətimiz yoxsul, kasıb ailələrə dəstək göstərmək üçün onlara ünvanlı sosial yardım verir. Çox təəssüf ki, əlillərin aldığı əlillik müavinətləri ailənin qazancına daxil edilir, bu da bir sıra kasıb ailələrin ünvanlı sosial yardım əldə edə bilməməsinə yol açır. Nəzərə almalıyıq ki, dövlətimiz əlillərə müavinəti onların dərman və müəyyən ehtiyaclarını ödəmək üçün verir və həmin vəsait əlillərin özlərinin ehtiyaclarını ödəməyə ancaq yetir. Ona görə də onların əlillik müavinətlərinin ünvanlı sosial yardımın verilməsi üçün ailə qazanclarının üzərinə hesablanmasını ləğv etmək vacibdir. Özəlliklə ilk öncə I qrup əlillər üçün, belə ki onların problemləri daha çoxdur. İlk olaraq I qrup əlillərin ailələrindən başlayaraq bu addımı atmamız çox önəmlidir. Hesab edirəm ki, bu ölkənin yürütdüyü sosial siyasətə də uyğun olaraq humanist bir addım olardı. Bu səbəbdən hökumət üzvlərini və aidiyyəti qurumları ünvanlı sosial yardıma ehtiyacı olan və ailələrində əlil olan insanlar üçün əlillərin aldığı müavinətin ailə qazancları içərisinə daxil edilməməsi məsələsini həll etməyə çağırıram”.
Q.Paşayeva ali məktəblərdə ödənişli təhsil alan 1-ci qrup əlillərin təhsil haqqını ödəməkdə çətinlik çəkməsi və həmin vəsaitin dövlət tərəfindən ödənilməsinə dəstək göstərilməsi ilə bağlı Milli Məclisdə qaldırılan məsələyə həssas münasibət göstərərək həmin şəxslərin təhsil haqlarının nazirlik tərəfindən ödənəcəyi ilə bağlı vəd verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova təşəkkür edib: “Bu ali təhsil almaq istəyən fiziki imkanları məhdud gənclər üçün də böyük stimul olacaq və çox vacib bir addımdır. Əlillərin işlə təminatı və məşğulluğu sahəsində də həllini gözləyən ciddi məsələlər var. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslər, əlillər daha çox işlə təmin olunsunlar. Çox təssüf ki bizdə Heydər Əliyev Fondundan başqa sosial məsuliyyət prizmasından fəaliyyətlərini quran qeyri-dövlət və özəl qurumlar yox dərəcəsindədir. Əslində mobil rabitə ilə bağlı şirkətlərdə, xüsusən “Azərsell”, “Baksell” və bir çox digər şirkətlərdə görmə qabiliyyətini itirmiş şəxslərin, əlil arabasında olan fiziki imkanları məhdud şəxslərin işləməsi üçün geniş imkanlar var. Sağlam insanlar hər yerdə işləyə bilər, amma əlil insanların işləyə bilməsi üçün müvafiq işlər var və yaxşı olar ki həmin yerlərdə məhz onlar işlə təmin olunması artsın. Lazım olarsa nazirliyin dəstəyi ilə həmin işlərin öyrənilməsi istiqamətində kurslar da təşkil edilə bilər. Bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var”.
Modern.az